Qubada "Müasir texnologiyaların təhsildə
tətbiqi" mövzusunda regional konfrans keçirilib.
Təhsil
Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi tərəfindən
təşkil olunmuş konfransda Xaçmaz, Quba, Qusar,
Şabran, Siyəzən və Xızı rayonlarının məktəb
direktorları, təhsil şöbələrinin işçiləri,
müəllimlər, eləcə də "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq
edən "Mədəd", AZEDUNET və "Ultra" şirkətlərinin
nümayəndələri iştirak ediblər. Konfransa
həmçinin Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi sayəsində əldə
olunmuş müsbət təcrübəni bölüşmək üçün Bakıdakı
məktəblərdə çalışan İKT-nin tətbiqi üzrə aparıcı
müəllimlər də qatılıblar.
Konfransın açılış mərasimində çıxış edən Quba
Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov
təhsilin həyatımızdakı vacib rolunu və müasir
texnologiyaların tətbiqi vasitəsi ilə tədrisin
daha yüksək səviyyədə təşkilinin mümkünlüyünü
vurğulayıb. Onun sözlərinə görə, Quba rayonunda
təhsildə İKT-nin tətbiqinə xüsusi diqqət
yetirilir.
Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir
Məmmədov öz çıxışında Dövlət Proqramının
komponentləri və bu sahədə görülmüş işlər
haqqında ətraflı məlumat verib. O qeyd edib ki,
bu istiqamətdə həyata keçirilən çoxşaxəli
tədbirlər təhsildə İKT-nin sistemli tətbiqinin
təmin edilməsinə yönəlib. Reallaşdırılan
tədbirlərin məhz kadr potensialının inkişafına
xidmət etdiyini bildirən S.Məmmədov ölkəmizdə
təhsil sisteminin informasiyalaşdırılması
məsələsinə xüsusi diqqət yetirildiyini
vurğulayıb. S.Məmmədov müasir texnologiyaların
tədris prosesində tətbiqi ilə bağlı məlumatların
təhsil işçilərinə daha dolğun çatdırılması üçün
digər regionlarda da belə konfransların
keçiriləcəyini nəzərə çatdırıb.
"Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən
istifadə" mövzusunda təqdimatla çıxış edən
"Mədəd" təşkilatının direktoru Elbrus Zərbəliyev
Dövlət Proqramı çərçivəsində müəllimlərin cəlb
olunduğu təlimlərə toxunub. E.Zərbəliyev Bakı,
Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və
33 rayon üzrə 100-ə yaxın təlim mərkəzinin
yaradıldığını bildirib. O, 250 təlimçinin
apardığı bu təlimlərdə 55980 pedaqoji işçi və
inzibati idarəetmə heyətinə treninqlər
keçildiyini qeyd edib.
Konfrans çərçivəsində "İnternet tədris vəsaiti
kimi", "Təhsildə elektron resurslar", "Elektron
təhsil resurslarının yaradılması", "Elektron
məktəb" layihəsi", "Tədrisdə baş verən
dəyişikliklər və öyrənmə imkanları" mövzularında
seminarlar keçirilib. |