Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli
məktəb-liseydə xalq şairi Fikrət Qoca ilə görüş
keçirildi.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin Yasamal rayonu
üzrə məsləhətçisi Fəttah Quluyevin, tanınmış
şair Əjdər Olun, "Müəllim sözü" qəzetinin baş
redaktoru, şair Vahid Aslanın, valideyn,
professor Şahbaz Muradovun, məktəbin müəllim və
şagirdlərinin iştirak etdiyi tədbiri Azərbaycan
dili və ədəbiyyat müəllimi Aytəkin Xəlilova
açaraq bildirdi ki, bu gün bizim məktəbimiz üçün
əlamətdar bir gündür. Azərbaycanın xalq şairi, "Şöhrət"
ordenli, əməkdar incəsənət xadimi, Yazıçılar
Birliyinin birinci katibi, Rəsul Rza Fondunun
sədri və nəhayət, Prezident təqaüdçüsü Fikrət
Qoca məktəbimizin qonağıdır. Bu gün biz Fikrət
Qoca poeziyasının işığına toplaşmışıq...
Sonra məktəbin direktoru, Azərbaycan
Respublikasının əməkdar müəllimi Sabir Məmişov
çıxış edərək dedi ki, məktəbimizdə xalq şairi,
şeirlərinin vurğunu olduğum Fikrət Qoca ilə ilk
dəfədir ki, görüş keçirilir. Mən onun şeirlərinə
bəstələnmiş mahnıları hələ uşaq yaşlarımdan
eşitmişəm. Onun son zamanlar yazdığı
vətənpərvərlik ruhlu şeirləri bugünkü
gənclərimizə lazım olan şeirlərdir. Həmin
şeirlər gənclərimizə Vətəni sevməyi öyrədir.
Onun "Gəl ey səhər", "Ana" şeirlərinə yazılmış
mahnılar insanı duyğulandırır. Fikrət müəllimlə
belə görüşlərimiz hələ çox olacaq.
Tədbirdə çıxış edən şair Əjdər Ol isə bildirdi
ki, Fikrət Qoca sözün həqiqi mənasında
Azərbaycan xalqının, bizim millətimizin böyük
ruh daşıyıcılarından biridir. Fikrət Qocanın
şeirləri göstərir ki, insanın ən böyük dayağı
onun mənəviyyatıdır. İnsanın mənəviyyatı güclü
olanda hər şeyə qarşı yenilməz olur. Azərbaycan
ədəbiyyatında müdrik şairlərdən biri kimi onun
şeirlərində bir dirilik var, bir saflıq var,
mübarizlik var...
Sonra məktəbin şagirdləri şairin ulu öndərimiz
Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi "Gərək
bu günləri görəydin" poemasını və "Ata" şeirini
ifa etdilər. Qarabağda gedən döyüşlər,
ermənilərin işğal etdiyi torpaqlardan didərgin
düşmüş dinc əhalinin ağrılarından bəhs edən "Bayraq
tutan oğullar", "Cənnətdən qovulmuşlar", "Şəhidlər
xiyabanı" poemalarından hissələr səsləndi,
şairin yumor hissi daha çox olan bir sıra
şeirləri əsasında şagirdlərin hazırladıqları
səhnəciklər isə görüş iştirakçılarının diqqətinə
hakim kəsildi.
Çıxışlar bitdikdən sonra xalq şairi Fikrət Qoca
səhnəyə dəvət edildi. O, bu maraqlı görüşü
təşkil etdikləri üçün məktəb rəhbərliyinə və bu
işdə əməyi olan bütün insanlara minnətdarlığını
bildirdi. Sonra da şagirdlərə tövsiyə etdi ki,
əgər siz də qocalmaq istəmirsinizsə, iki şeyi
yadda saxlamalısınız. Onun biri yalan danışmamaq,
o birisi isə oğurluq etməməkdir.
Sonda məktəbin müəllim və şagirdləri xalq şairi
Fikrət Qoca ilə xatirə şəkilləri çəkdirdilər.
Ədalət DAŞDƏMİRLİ |
|