Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - 15

 

Dünya universitetləri

 

Sent-Luis Vaşinqton Universiteti

 
  Yerləşir: ABŞ, Missuri ştatı,  Sent-Luis şəhəri  
Yaranma tarixi: 1853-cü il
Tipi: Özəl
İşçi heyətinin ümumi sayı: 3415 nəfər
Tələbələrin ümumi sayı: 14000 nəfər
İllik gəlirləri: 2129951000 ABŞ dolları
İllik xərcləri: 1981401000 ABŞ dolları
Rəsmi saytı: www.wustl.edu
 

 

Sent-Luis Vaşinqton Universiteti (Washington University in St. Louis) ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində yerləşir və ölkənin nüfuzlu özəl ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sent-Luis Vaşinqton Universiteti 100 ən yaxşı ali məktəb arasında Nanyanq Texnoloji Universiteti ilə birgə 73-cü yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Sent-Luis Vaşinqton Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 38-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 75-ci yerdə qərarlaşıb. 

Tarixi 

XVII əsrdə Midvest (ABŞ-ın Mərkəzi-Qərbi coğrafi regionu) ərazisində yerləşən Sent-Luis şəhərinin iş adamları, siyasətçiləri, dini liderləri və b. burada ali məktəbin olmamağından narahat idilər. 1853-cü ildə Sent-Luis şəhərində yeni universitet yaradılır, bu, Missuri ştatının senatoru Veyman Krounun və Unitarianizm kilsəsinin başçısı Uilyam Qrinflin Eliotun səyi nəticəsində (şair Tomas Stern Eliotun babası) baş tutur. Universitetin ilk kansleri Cozef Gibson Hoyt təyin edilir. U.Q.Eliot yerli işgüzar şəxslərdən, eləcə də Sent-Luisin ən varlı insanlarından olan Con OTfallondan maddi yardım istəyir, lakin onun səyi nəticəsiz qalır.

Sent-Luis Vaşinqton Universiteti digər ali məktəblərdən ianə yardımı almamağı ilə fərqlənir. Hətta yaranmasından xeyli il keçdikdən sonra da universitet məhz bu səbəbdən müəyyən çətinliklərlə qarşılaşır.

Yarandığı gündən üç il ərzində universitetin adı üç dəfə dəyişir. İlkin olaraq ali məktəb "Eliot Seminariyası" adlandırılır. Lakin Uilyam Eliot bununla razılaşmır və universiteti təkcə xristianlığa deyil, dünyanın bütün dinlərinə hörmətlə yanaşmağı çağırır. 1854-cü ildə Qəyyumlar Şurası ölkənin ilk prezidenti olmuş Corc Vaşinqtonun şərəfinə ali məktəbi Vaşinqton İnstitutu adlandırır. Vətəndaş müharibəsinə 7 il qalmış ali məktəbin bu adla adlandırılması təsadüfi deyil. O zaman amerikalılar Vaşinqtonu milli birlik simvolu və atası hesab edirdilər. Qəyyumlar Şurasının universiteti bu adla adlandırmasında məqsəd Missuri ştatında birliyə nail olmaq idi.  1856-cı ildə institut Vaşinqton Universiteti adlandırılır. Yalnız 1976-cı ildə bu ali məktəbi onlarca eyniadlı universitetlərdən seçmək məqsədilə Qəyyumlar Şurasının səsverməsi nəticəsində universitetin adının qarşısına "Sent-Luis" artırılır.

1854-cü ildən başlayaraq universitetdə axşam məktəbləri açılır. Həmin vaxtdan burada yeni-yeni məktəb və fakültələr fəaliyyətə başlayır. 1867-ci ildə universitetdə Missisipi çayının qərbində bütün dinləri birləşdirən ilk Hüquq Məktəbi yaradılır. Artıq 1882-ci ildə universitet genişlənərək bütün Sent-Luis ərazisində fəaliyyət göstərir. 1891-ci ildə Sent-Luis Tibb Kolleci universitetin tibb bölməsi kimi fəaliyyətə başlayır. Kollec 1899-cu ildə Missuri Tibb Kolleci ilə birləşdirilir. Həmin ildə universitet yeni kampusun tikintisinə başlayır. Kampus tikintisi ilə bağlı elan edilən müsabiqədə Filadelfiyanın məşhur "Kop & Stewardson" tikinti şirkəti qalib gəlir. Oksford və Kembric universitetlərinin kampuslarından ilhamlanan şirkət oxşar olaraq Sent-Luis Vaşinqton Universitetinin Denfort kampusunun tikintisinə başlayır. Kampusun ilk binası 1900-cü ildə tikilmiş Brukinqs Holl olur. 1915-ci ildə universitetin tibb kompleksinin tikintisi başa çatır. Üç il sonra universitet ilk qız tələbəsini qəbul edir.

1922-ci ildə Sent-Luis Vaşinqton Universitetinin gənc professoru Artur Holli Kompton İds Holl binasının zirzəmisində bir sıra təcrübələrdən sonra elektromaqnit şüalanma anlayışını daşıyan hissəcikləri nümayiş etdirir. Beləcə, 1927-ci ildə "Kompton effekti"nin kəşfinə görə A.Kompton fizika üzrə Nobel mükafatına layiq görülür. Bir müddət Çikaqo Universitetində çalışan Kompton 1946-cı ildə Sent-Luisə qayıdır və Sent-Luis Vaşinqton Universitetinin 9-cu kansleri vəzifəsini icra etməyə başlayır. 1947-ci ildə universitetin tibb məktəbinin professoru Certi Kori fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülən ilk amerikalı qadın olur. 1949-cu ildə universitetin Zənci Tələbələrin Qəbulu üzrə Komitə tam irqi inteqrasiya uğrunda kampaniyaya başlayır.

XIX əsrin ikinci yarısında Sent-Luis Vaşinqton Universiteti nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir. 1957-ci ildə Saut-40 müasir yataqxana kompleksinin tikintisinə başlanılır. 1971-ci ildə Qəyyumlar Şurası Uilyam Henri Danfortu universitetin kansleri seçir. 24 il sürən kanslerliyi dövründə universitetin Tibb Məktəbi sürətlə inkişaf edir, 70 yeni kafedra açılır, tələbələrin təqaüdləri üç dəfəyə qədər çoxalır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunun sabiq rektoru Mark Vriqton Sent-Luis Vaşinqton Universitetinin kansleri seçilir. Həmin ildən universitetə 190 yeni professor işə qəbul olunur, incəsənət və dəqiq elmlər üzrə proqramlara düzəlişlər edilir, ali məktəbin 30 yeni binası istifadəyə verilir. Ali məktəb 1983-1987-ci illər ərzində "Sent-Luis Vaşinqton Universiteti üçün alyans" adlı kampaniya həyata keçirərək 630500000 ABŞ dolları, 1998-2004-cü illərdə təşkil olunmuş "Sent-Luis Vaşinqton Universiteti üçün kampaniya" çərçivəsində isə 1,55 milyard dollar vəsait toplayır. Həmin vəsait işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılmasına, yeni elmi tədqiqatların aparılmasına sərf olunur.  

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində Sent-Luis Vaşinqton Universitetinin illik gəlirləri 2129951000 ABŞ dolları olub. Bu məbləğin 272055000-ni təhsil haqqı və digər yığımlar,  225066000-ni ianə fondu, 539760000-ni qrant və sazişlər, 724022000-ni universitet xəstəxanalarından əldə olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər təşkil edib. 

Həmin tədris ilində universitetin xərcləri 1981401000 ABŞ dolları olub. Vəsaitin 472493000-ni tədqiqat, 142317000-ni akademik xidmət, 64731000-ni tələbələrə göstərilən xidmətlər, 91487000-ni əlavə müəssisələrə xərclənən vəsaitlər, qalanlarını isə digər məsrəflər təşkil edir.

2010-2011-ci tədris ilində Sent-Luis Vaşinqton Universitetində təhsil haqqı 39400 ABŞ dolları təşkil edib. Ümumiyyətlə, universitetin kollec və məktəblərində təhsil haqqı fərqlidir - İncəsənət və Dəqiq Elmlər Ali Məktəbində 40950, Braun İctimai Fəaliyyət Məktəbində 32760, Olin Biznes Məktəbində 46000, Tibb Məktəbində 48800 ABŞ dolları və s.

Tələbələr yataqxanada qalmaq üçün 7982-8828, qidalanmaq üçün isə 3498-4788 ABŞ dolları ödəyirlər. Ümumilikdə təhsil haqqı, yataqxana, qidalanma, nəqliyyat, kitab və dərs ləvazimatları, geyim və digər xərclər daxil olmaqla tələbəyə 62000 ABŞ dollarına yaxın məbləğ lazım gəlir. 

Universitet bu gün 

Sent-Luis şəhəri ABŞ-ın 18-ci ən böyük paytaxt şəhəridir. Müxtəlif dövrlərdə buraya köçmüş immiqrant və macəraçıların hesabına hazırda şəhər əhalisinin sayı 3 milyondan çoxdur. Sent-Luis şəhəri rütubətli kontinental və rütubətli subtropik iqlimə malikdir. Şəhərin ən məşhur abidəsi böyük Qapı Arkasıdır. Həmçinin, Sent-Luisdə yerləşən Baş kilsə, Sent-Luis bədii muzeyləri, simfonik orkestri, Opera, Edison teatrları, MUNY Meşə Parkı, Missuri botanika bağı və sairdir. Şəhərdə təşkil olunmuş festival və sərgilər buraya turist axınına səbəb olur.

Sent-Luis Vaşinqton Universitetinin kampusları Sent-Luis şəhərinin müxtəlif  hissələrində yerləşir və ümumilikdə 1 milyon   ərazini əhatə edir. Universitet Denfort, Tibb, Qərbi, Şimali kampuslardan, Teyson Tədqiqat Mərkəzindən, 560 nömrəli Musiqi, Luis mərkəzlərindən ibarətdir.

Denfort kampusu 169 akr (0,7 km²) ərazidə salınıb və şərqdən Meşə Parkı ilə əhatə olunub. Kampus ensiklopedik qotik üslubda inşa edilib və onun binaları Tarixi Yerlərin Milli Registrinə daxildir. Əvvəlki adı Hilltop olan kampus 2006-cı ilin sentyabrında rəsmi olaraq həkim Uilyam Denfortun şərəfinə Denfort adlandırılıb. Bu kampusda universitetin inzibati binası Brukinqs Holl, İncəsənət və Dəqiq Elmlər Kollecinin, Sem Foks Dizayn və İncəsənət, Olin Biznes, Hüquq, Corc Uorren Braun İctimai Fəaliyyət məktəblərinin, Tələbə Təşkilatının binaları, eləcə də tələbə yataqxanaları və böyük idman kompleksləri yerləşir. Denfort kampusu universitetin başqa kampusları ilə Siti-Biq-Bend Universitet və Skinker metro stansiyaları ilə birləşir. 

Tibb kampusu 164 akr (0,77 km²) ərazidə yerləşir. Kampusda Vaşinqton Tibb Məktəbi, Barns-Yəhudi, Sent-Luis Uşaq xəstəxanaları, Karlar üçün Mərkəzi İnstitut, Sent-Luis Reabilitasiya İnstitutu, Onkoloji, Həkimlərin İxtisasartırma, Erik Nyuman Təhsil mərkəzləri fəaliyyət göstərir. Kampusda yerləşən binaların əksəriyyəti bir-biri ilə koridor və körpülərlə birləşir. Kampusdakı Spenser Olinin şərəfinə adlandırılmış Olin Holl yataqxana kompleksi 200-dən çox tələbə tutumuna malikdir. Tibb kampusundan Mərkəzi Uest-İnd metro xətti keçir.

Şimali kampus Sent-Luis şəhərində Delmar Lup istirahət mərkəzinin yaxınlığındadır. Bu ərazi universitet tərəfindən 2004-cü ildə əldə olunub.

Hazırda kampusda universitetin bir neçə bölməsi, Təsviri İncəsənət Departamenti, maliyyə, nəqliyyat, texniki xidmətləri, Quadranql yataqxana kompleksi, tələbələri qida ilə təchiz edən Bon Appetit İdarəetmə Kompaniyası yerləşir. Kampusda yenidənqurma işləri davam etməkdədir.

Qərbi kampus Denfort kampusundan qərbdə Kleyton ərazisindədir. 1990-cı ilədək univermaq kimi fəaliyyət göstərən və sonradan universitet tərəfindən alınan binada hazırda kitabxana, arxiv və konfrans mərkəzləri mövcuddur. Bu kampusda informasiya texnologiyalarının tətbiqi (CAIT) üzrə işlər aparılır. Qərbi və Şimali kampuslar daha çox inzibati məqsədlər üçün istifadə olunur. Hər iki kampusdan Sent-Luis, Delmar Lup və Forsayt metro xətləri keçir, bu da tələbələrin şəhər və kampuslararası hərəkətini təmin edir.

Teyson Tədqiqat Mərkəzi 2000 akr (8 km²) ərazini əhatə edir. İkinci Dünya müharibəsi dövründə hərbi sursat saxlanan ərazi 1968-ci ildə universitet tərəfindən əldə olunub və həmin ərazidə Teyson Tədqiqat Mərkəzi yaradılıb. Bu mərkəzdə universitetin tələbə və müəllimləri ekoloji tədqiqatlar aparır, eləcə də mərkəzdə fasiləsiz təhsil üzrə kurs və proqramlar təşkil olunur. Kampusda Vəhşi Kanid Yaşama və Elmi-Tədqiqat Mərkəzi (Canavar İbadətgahı), Missuri Mikoloji Cəmiyyəti, Ümumdünya Quş Sığınacağı yerləşir. 

Sent-Luis Vaşinqton Universitetində bakalavr, magistr və doktorluq səviyyələri üzrə 300-dən çox proqram və 1900-dən çox kurs təklif edən İncəsənət və dəqiq elmlər fakültəsi, Corc Uorren Braun İctimai Fəaliyyət, Mühəndislik və Tətbiqi Elmlər, Sem Foks Dizayn və Vizual İncəsənət, Hüquq, Tibb, Olin Biznes məktəbləri fəaliyyət göstərir.

İncəsənət və dəqiq elmlər fakültəsi Sent-Luis Vaşinqton Universitetinin ən böyük müəssisəsidir və üç hissədən - İncəsənət və Dəqiq Elmlər, İncəsənət və Dəqiq Elmlər Ali, Universitet kolleclərindən ibarətdir. İncəsənət və Dəqiq Elmlər Kolleci humanitar, ictimai, dəqiq elmlər üzrə proqramlar, dünyanın 15-dən çox dilində kurslar təklif edir. İncəsənət və Dəqiq Elmlər Ali Kolleci magistrant və doktorantların hazırlığı üçün nəzərdə tutulub və 29 departamentdən ibarətdir. Universitet Kolleci təhsilin davam etdirilməsi və fasiləsiz təhsil verir. Bu kollecdə daha çox Sent-Luisdən olan müəllim və mütəxəssislər təhsil alırlar. Kollecdə gecə və yay məktəbləri mövcuddur.

Sent-Luis Vaşinqton Universitetinin kitabxana sistemi universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçılar, müstəqil alimlər, ümumi cəmiyyət üçün zəngin məlumat mənbəyi funksiyasını daşıyır. Universitetin kitabxana sisteminə Con Olin (Əsas), İncəsənət və Memarlıq, Bernard Beker Tibb, Biznes, Kimya, Rəqəmsal, Yer və Planetar Elmlər, Şərqi Asiya, Hüquq, Musiqi, Fizika, İctimai Fəaliyyət, Xüsusi Kolleksiya və Arxivlər, Qərbi Kampus kitabxanaları daxildir. Bu kitabxanaların 12-si Denfort, 1-i Tibb, 1-i isə Qərbi kampusda yerləşir. Universitetin kitabxana sistemi ümumilikdə 4281213 cild kitab və digər materiallara malikdir və hər il bu rəqəm artmaqdadır. 2009-2010-cu tədris ilində kitabxananın ümumi xərcləri 28230503 ABŞ dolları təşkil edib.  Bu xərclərin böyük hissəsi kitab, jurnal və digər materialların əldə olunmasına sərf edilib. Sent-Luis Vaşinqton Universitetinin kitabxana sistemi Elmi Kitabxanalar Assosiasiyasının, Elmi-Texniki Kitabxanalar Mərkəzinin, Böyük Qərbi Kitabxana Alyansının və digər təşkilatların üzvüdür.  

Sent-Luis Vaşinqton Universitetinin kansleri akademik Mark Vriqton, rektoru isə professor Edvard Masiasdır. Ali məktəbin əməkdaşları arasında bu günədək 23 Nobel mükafatı laureatı çalışıb, onlardan 9-u hazırda bu ali məktəbdə novator elmi tədqiqatlar həyata keçirməkdədir. Universitetin işçiləri arasında çoxlu sayda digər mükafatların laureatları da vardır. Universitetdə çalışan professor-müəllim heyətinin ümumi sayı 3415 nəfərdir. Professorlardan 23 nəfəri Milli Elmlər Akademiyasının, 29 nəfəri Tibb İnstitutunun, 29-u Amerika İncəsənət və Elmlər Akademiyasının, 72-si Amerika Qabaqcıl Elmlər Assosiasiyasının, 18-i Elektrik və Elektronika Mühəndisliyi İnstitutunun, 13 nəfəri Amerika Hüquq İnstitutunun, 3 nəfəri isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvüdür.  

Universitetdə 14000-ə qədər tələbə təhsil alır. Ali məktəbdə əyani təhsil alan tələbələrin ümumi sayı 11834, qiyabi oxuyanların sayı isə 2100 nəfərdir. Burada dünyanın 110 ölkəsindən minlərlə tələbə oxuyur. 2010-2011-ci tədris ilində universitetə sənəd verən 24939 abituriyentdən 1632 nəfəri qəbul edilib. Dünya üzrə universitetin 125334 nəfər məzunu müxtəlif peşə sahələrində fəaliyyət göstərir.

Sent-Luis Vaşinqton Universitetində tələbələrin 75%-i yataqxanalarda qalır. Universitetin ən böyük tələbə yataqxanası Denfort kampusunun cənubunda yerləşən və 160000 ərazini əhatə edən Saut-40 yataqxana kompleksidir. Saut-40 kompleksinə Robert Brukinqs, Veyman Krou, Tomas Eliot, Lee, Ligget, Park Mudd, Uilyam Qrinlif Eliot və s. yataqxana-kolleclər aiddir. Bu ərazidə eyni zamanda tibb mərkəzləri, idman kompleksləri, bank və digər xidmətlər mövcuddur. Denfort kampusunun şimal-qərb hissəsində Nort-Sayd tələbə kəndi tələbələrin məskunlaşmaları üçün çox əlverişli kompleksdir. Tələbə kəndində kampus daxilində yerləşən 325 nəfərlik Villic Haus, Lopata Haus və Haus 6 binaları, şərqdə 440 yerlik Millbrok, eləcə də kampusdan kənar 450 yerlik Terras, Rousdeyl, Qrinvey, Voterman Kart binaları tələbələrin istifadəsinə verilir.

Sent-Luis Vaşinqton Universitetində 200-ə qədər tələbə təşkilatı fəaliyyət göstərir. Təşkilata üzv olmaq tələbələrə yataqxana ilə təmin olunmaqda, asudə vaxtın səmərəli təşkilində böyük köməklik göstərir. Universitetdə idmana xüsusi yer ayrılır. Tələbələrdən ibarət universitet komandası "Ayılar" adlanır. "Ayılar" 2008-ci ildə oğlanlar arasında tennis üzrə keçirilən yarışlarda, 1998, 2001, 2010-cu illərdə basketbol üzrə, 1989, 1991-1996, 2003, 2007, 2009-cu illərdə qadınlar arasında voleybol üzrə keçirilmiş yarışlarda birincilik əldə edib. Universitetin idman klubu tələbə təşkilatı tərəfindən maliyyələşir. Universitetin Frensis meydançası 1904-cü ildə keçirilmiş Olimpiya yay oyunlarına sahiblik edib. Frensis meydançası ali məktəbin futbol və yüngül atletika üzrə komandalarının məşq yeridir. 

Sent-Luis Vaşinqton Universiteti dəyişən, multi-mədəni cəmiyyətdə yeni bilik və dərin anlayış axtarışında olan müasir elmi tədqiqat mərkəzidir. Sent-Luis şəhərinin, eləcə də ABŞ-ın inkişafında Sent-Luis Vaşinqton Universitetinin danılmaz xidmətləri var. Bu ali təhsil ocağının məqsədi mədəniyyət, incəsənət, yaradıcılıq, elm və digər sahələr üzrə əldə olunmuş nəticələrin üzərinə yeni əlavələr etmək, səhiyyənin inkişafında əhəmiyyətli nailiyyətlər qazanmaq və cəmiyyətə layiqli xidmət göstərməkdir.

Universitetin məşhur məzunları 

  Klark Klifford ABŞ-ın sabiq müdafiə naziri  
  Devid Frensis ABŞ-ın sabiq daxili işlər naziri  
  Uilliam Vebste ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 14-cü, Federal Təhlükəsizlik Bürosunun 6-cı direktoru  
  Luis Susman  ABŞ-ın Böyük Britaniyadakı səfiri  
  Sem Foks ABŞ-ın Belçikadakı sabiq səfiri  
  Edvard Kranç Eliot   Amerika Hüquqşünaslar Assosiasiyasının sabiq prezidenti  
  Fibi Kouzins ABŞ-ın ilk qadın marşalı  
  Yasna Matik  Serbiya Telekommunikasiya və İnformasiya Cəmiyyətinin sabiq naziri  
  Henri Kolfrid Missuri ştatının sabiq qubernatoru  
  Aleksandr Monro Missuri ştatının sabiq qubernatoru  
  Çen Zanqlianq Çinin Quansi ərazisinin vitse-qubernatoru  

           Universitetin Nobel mükafatı laureatları

  Artur Kompton fizika üzrə Nobel mükafatı laureatı  
  Luis Leloir kimya üzrə Nobel mükafatı laureatı  
  Pol Berq kimya üzrə Nobel mükafatı laureatı  
  Aaron Ciechanover kimya üzrə Nobel mükafatı laureatı  
  Duqlas Nort  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Edvard Doysi   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Jozef Erlanger   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Herbert Gesser   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Karl Kori   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Certi Kori  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Artur Kornberq  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Severo Oçoa  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Alfred Herşi  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Earl Saterlend   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Kristian de Duve  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Deniyel Natans  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Hamilton Smit tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Corc Snell tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Stenli Koen  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Edvin Krebs tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Robert Furchgott tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov