Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

"Uçitelskaya qazeta"dan xəbərlər  

 

Səkkiz ali məktəb əlavə qəbul sınaqları keçirəcək 

Rusiya hökuməti 2011-ci ildə hazırlığın ayrı-ayrı istiqamətləri üzrə profil istiqamətli əlavə qəbul sınaqları keçirəcək ali məktəblərin siyahısını təsdiq edib. Siyahıda cəmi səkkiz təhsil müəssisəsinin adı  yer alıb. Bunlar O.E.Kutarin adına Moskva Dövlət Hüquq Akademiyası ("Hüquqşünaslıq" ixtisası), Moskva Dövlət Linqvistika Universiteti ("Linqvistika", "Reklam və ictimaiyyətlə əlaqə"), Rusiya Dövlət Humanitar Universiteti ("Linqvistika"), Moskva Dövlət Pedaqoji Universiteti ("Linqvistika", "Psixologiya" və "Sosiologiya"), N.A.Dobrolyubov adına Nijni-Novqorod Dövlət Linqvistika Universiteti ("Linqvistika"), Milli Tədqiqat Universiteti - Ali İqtisad Məktəbi ("Tətbiqi riyaziyyat və informatika", "Beynəlxalq münasibətlər", "Biznes-informatika"), Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti ("Mexatronika və robot texnikası") və Sankt-Peterburq Dövlət İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetidir ("İnformatika və hesablama texnikası").

Xatırladaq ki, hökumət əlavə sınaqlar keçirmək hüququ alan ali məktəblərin siyahısını hər il təsdiq edir. Seçim zamanı əsas kriteriya vahid dövlət imtahanı üzrə yüksək ballı abituriyentlərin miqdarıdır.

2009-cu ildə belə ali təhsil müəssisələrinin sayı 24, 2010-cu ildə isə 11 olub. 

Yaxşı ənənə 

Şimali Osetiyanın paytaxtında "İnsan tərbiyə etmək" II Ümumrusiya müsabiqəsinin finalı keçirilib. Altı nominasiyada  qələbə uğrunda ölkənin 42 regionundan 58 müəllim mübarizə aparıb. Yeni müsabiqənin premyerası Vladiqafqazda iki ildən bir qədər əvvəl təşkil olunub. Hələ onda həm iştirakçılar, həm də təşkilatçılar növbəti müsabiqənin də Şimali Osetiyada keçirilməsini təklif etmişdilər.

Bu dəfə finaldan əvvəlki qiyabi turda 52 regiondan 200-dən çox təhsil işçisi iştirak edib. Ən yaxşı işlərin müəllifləri Vladiqafqaza dəvət olunub.

Respublika Uşaq Yaradıcılıq Sarayına toplaşanları RF Təhsil və Elm Nazirliyi tərbiyə və uşaqların ictimailəşdirilməsi Departamentinin direktoru Alina Levitskaya və Şimali Osetiya-Alaniya Respublikası hökuməti sədrinin müavini Sergey Tabolov salamlayıb.

Pedaqoqlar 6 nominasiya - "Məktəbəqədər müəssisə tərbiyəçisi", "Uşaq evi, məktəb-internat, günüuzadılmış qrup tərbiyəçisi", "Sinif rəhbəri", "Direktorun tərbiyə işləri üzrə müavini", "Sosial pedaqoq", "Baş rəhbər" - üzrə yarışıblar. Hər müsabiqə iştirakçısı 3 tapşırıq yerinə yetirib: özünütəqdimetmə, öz pedaqoji ustalığını açıb göstərmə, təklif olunan problemin qeyri-standart həllini tapma.

Müxtəlif regionlardan olan həmkarlar təkcə bir-birləri ilə yarışmayıb, həm də bir-birindən öyrəniblər. Onlar ustad dərslərində olub, açıq mühazirələr dinləyiblər.

Sonda müsabiqəyə yekun vurulub. Bütün iştirakçılar xatirə prizləri, qaliblər isə qiymətli hədiyyələr alıblar.

Müsabiqənin təşkilatçıları RF Təhsil və Elm Nazirliyi, Rusiya Təhsil Akademiyası, Təhsilin İnkişafı Federal İnstitutu, Təhsil İşçilərinin İxtisasının Artırılması və Yenidənhazırlanması Akademiyası, "Tərbiyə prosesinin təşkilatçıları Birliyi" Regionlararası İctimai Təşkilatıdır.           

I Ümumrusiya elm festivalı start götürüb 

Bu il fevralın 8-də Moskvada Politexnik muzeydə I Ümumrusiya elm festivalı start götürüb. Onun tədbirləri fevraldan oktyabradək ölkənin bütün ərazisində keçiriləcək.

Xatırladaq ki, əvvəllər Lomonosov adına MDU-da keçirilən elm festivalı artıq 6 illik tarixə malikdir. Lakin o, ümumrusiya miqyasında ilk dəfə keçirilir.

100-ə qədər universitet, 50 muzey, ən yeni elmi işləmələrini nümayiş etdirmək istəyən yüzlərlə innovativ şirkət özünün festivalda iştirakını elan edib. Festival iştirakçılarını apreldə Kazan, mayda isə Novosibirsk qəbul edəcək. Sentyabr-oktyabrda festival tədbirləri ənənəyə uyğun olaraq Moskvada keçiriləcək.

Festival çərçivəsində rəngarəng proqram planlaşdırılıb. Məsələn, yuxarı siniflərin şagirdləri üçün bir sıra fənlər üzrə "Gələcəyin alimi" mövzusunda elmi layihələrin müsabiqəsi nəzərdə tutulub. Festivalda iştirak üçün MDB məkanında yerləşən çoxlu sayda müəssisə və universitet də dəvət olunacaq. Digər bir sıra müsabiqələr "Beynəlxalq Kimya İli" çərçivəsində Mixail Lomonosovun 300 illiyinə həsr olunan bayramda keçiriləcək.  

Müasir müəllim - tədqiqatçı, tərbiyəçi, məsləhətçi, təşkilatçı 

Moskva vilayəti hökumətinin təhsil naziri Lidiya Antonovanın "Uçitelskaya qazeta"nın 15 mart 2011-ci il tarixli 11-ci nömrəsində dərc edilmiş məqaləsinin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb qısa ixtisarla dərc edirik.

Bu gün biz XXI əsrin ikinci onilliyi astanasındayıq və  başa düşürük ki, postsənaye, informasiyalı cəmiyyət əsri müasir müəllimdən yeni keyfiyyətlər tələb edir. Maraqlı bir fakta diqqət yetirək. Bir qədər əvvəl alimlər Yer planetində qorunub saxlanılan bütün informasiyaların həcmini hesablamağı qərara alıblar. Məlum  olub ki, yalnız son 20 il ərzində informasiyaların həcmi təxminən 100 dəfə artıb və hazırda 296 eksabayt (295 milyard gigabayt) təşkil edir. Şagirdlərlə  bu nəhəng informasiya okeanı arasında müəllim vasitəçi kimi çıxış edir.

Başlıca fiqur 

Lakin müəllim təkcə biliklər vermir, eyni zamanda mədəni vərdişlər, emosiyalar, mənəviyyat anlayışlarını şagirdlərə çatdırır. Məhz buna görə də müasir təhsildə müəllimin yeri və rolu ictimaiyyətin diqqət mərkəzindədir. Müəllim müasir məktəbin başlıca fiqurudur, belə ki, təhsilin keyfiyyəti bu mühitdə çalışan müəllimin keyfiyyətindən yüksək ola bilməz.   Müasir müəllim kimdir?

Aydındır ki, yeni nəsil müəllim - bu, hər gün öz peşəkarlığını inkişaf etdirən və dövrün çağırışlarına cavab verən peşəkardır. Ənənəvi müəllim (zəruri biliklərin interpretasiyası və ötürülməsində monopolist) səhnəni tərk edir, artıq yeni tip pedaqoq tələb olunur: tədqiqatçı, tərbiyəçi, məsləhətçi, təşkilatçı, layihə rəhbəri. Təhsilin milli modelinə keçidin baş verdiyi bir şəraitdə müasir məktəbin yeni tip müəllimə - yaradıcı surətdə düşünən, müasir təlim metodlarına və təhsil texnologiyalarına, psixoloji-pedaqoji diaqnostik priyomlara yiyələnmiş, konkret praktik şəraitdə pedaqoji prosesləri quran, peşəkar fəaliyyət reflekslərinə malik və təhsilin mümkün inkişaf istiqamətlərini proqnozlaşdırmağı bacaran müəllimə ehtiyacı vardır.      

Müəllimin müasir siması təkcə şagirdlərin düşüncəsində ideal müəllim modeli qismində keyfiyyət göstəriciləri  toplusu ilə deyil, eyni zamanda  pedaqoqun yeni kommunikativ imici ilə müəyyən olunur.

Təlim-tərbiyə prosesinin müsbət nəticələri təkcə təhsil standartları, tədris planları, proqramları və vəsaitlərlə  deyil,  daha çox pedaqoq və onun ümumi səviyyəsi və peşəkarlıq mədəniyyəti, onun qlobal sosial dəyişikliklər əsrində səmərəli fəaliyyətə hazır olması ilə müəyyən olunur.  

Müəllim mobilliyi 

Müəllimin peşəkarlığı üçün aktual cəhət onun mədəni, peşə, pedaqoji mobilliyidir.

Pedaqoqun mədəni mobilliyi,  bu, ilk növbədə, hadisələri müstəqil və azad surətdə düşünmək və qiymətləndirmək qabiliyyəti, tədris proqramları və təklif olunan informasiyanı yaradıcılıqla mənimsəmə, tənqidi düşüncəyə, yeni situasiyalarda qeyri-standart qərarların tapılmasına qabil, həm öyrənilən sahədə, həm də ictimai inkişafda dəyişikliklərin gedişini və xarakterini qabaqcadan görmək qabiliyyəti deməkdir. 

Pedaqoqun peşə mobilliyi sosial mobilliyin tərkib hissəsi kimi karyeranın qurulmasında, vertikal  və üfiqi formada özünü göstərə bilər. Vertikal pedaqoji mobillik pedaqoqun çeviklik, divergentlik (psixoloji inkişaf prosesində rəngarəngliyin artırılması), konvergentlik (seçicilik qabiliyyətinin güclənməsi), müzakirə etmək qabiliyyəti,  fəal sosial-mədəni mövqe tutmaq kimi keyfiyyətlərə malik olmasını nəzərdə tutur. Vertikal mobillik - bu, təhsil sahəsində inzibati nərdivan üzrə hərəkətdir. Məsələn, müəllim-direktor müavini-direktor-təhsil şöbəsi müdiri. Pedaqoji mobillik - bu, pedaqoqun təhsil prosesinin digər subyektləri (şagirdlər, onların valideynləri, həmkarları, müdiriyyət) ilə təhsilin müasir konsepsiyalarının məqsəd və vəzifələri, dünya, milli və regional mədəni dəyərlərə müvafiq olaraq birgə fəaliyyət qurmaq bacarıqlarını, özünün sosial-mədəni və sosial-peşə səriştəsini realizə etməsini nəzərdə tutur.  

Xarakterli insan 

Pedaqoji əməyin psixologiyasında müəllim şəxsiyyətinin xüsusiyyətlərini, fəaliyyətini və pedaqoji ünsiyyət formalarını ayırd etmək qəbul olunub. Müəllim şəxsiyyətinin  psixoloji analizi zamanı, ilk növbədə, pedaqoq peşəsinin tələblərinə cavab verən, hərtərəfli, uğurlu pedaqoji fəaliyyəti təmin edən cəhətləri, xüsusiyyətləri qeyd edirlər.  Müəllim şəxsiyyətinin əhəmiyyətli keyfiyyət strukturunda 4 başlıca strukturaltı bloku ayırd edirlər:

1) İdeya-əxlaqi, mənəvi sima, 2) Pedaqoji istiqamətlilik, 3) Pedaqoji - ümumi və xüsusi qabiliyyət, 4) Pedaqoji bacarıq və vərdişlər.

Müəllimin peşəkarlığı özünü aşağıdakılarda göstərir:

- tədris materialını şagirdlər üçün daha əlçatan etməsində;

- müəllimin şagirdi anlamasında;

- peşəkar fəaliyyətinə yaradıcı münasibətində;

- uşaqların müşayiət olunması və onlara psixoloji-pedaqoji dəstək göstərməsində.

Pedaqoji proses məntiqindən çıxış edərək müəllimin vacib  peşəkarlıq xüsusiyyətlərini və onun pedaqoji keyfiyyətlərini belə qruplaşdırmaq olar:

a) pedaqoji erudisiya;

b) pedaqoji texnologiyaya malik olma;

c) pedaqoji diaqnostikanı bilmək;

d) pedaqogika üzrə elmi-tədqiqat işi.

Yeni nəsil müəllim bir sıra  kompetensiyalara da malik olmalıdır:

- koqnitivlik (peşə-pedaqoji erudisiya);

- psixoloji (emosional mədəniyyət və pedaqoji kamillik);

- kommunikativ (pedaqoji takt və ünsiyyət mədəniyyəti);

- ritorik (peşəkar mədəni nitq);

- peşə-texniki (müasir texnologiyalar və onların tətbiq olunması metodları);

- peşə-informasiya (monitorinq və diaqnostika).

Səriştəli müəllim əsas psixoloji-pedaqoji biliklərə yiyələnmiş, peşəkar vərdiş və bacarıqlara sahib, nəinki öz fəaliyyətini planlaşdıra bilən, həm də pedaqoji prosesləri idarə edə bilən, təhsil prosesindəki istənilən dəyişikliklərə çevik münasibət bildirən mütəxəssisdir. Səriştəlilik nöqteyi-nəzərindən müəllimin şəxsiyyəti onun daxili  bütövlüyü, peşəkarlığı ilə sıx olan dəyərlər sistemi ilə bağlıdır.  Müəllim cəmiyyətdə müəyyən sosial-əxlaqi funksiyaların könüllü həyata keçirilməsinə meyil göstərən və bir fərd olaraq  özünün bütün imkan və qabiliyyətlərini bu işə  sərf edən bir insan kimi çıxış edir. 

Daim axtarışda 

Müəllim axtarış rejimindədir və o, özünün fəaliyyətini peşəkarlıq nöqteyi-nəzərdən daim təhlil edir, gözdən keçirir, qiymətləndirir, pedaqoji fəaliyyətinin keyfiyyətini artırmağa çalışır.

Peşə-təhsil nöqteyi-nəzərdən müəllim:

- Peşəkar və şəxsi  özünütəhsili həyata keçirməyə, gələcək peşə karyerasını və gələcək təhsil yolunu layihələşdirməyə qabildir;

- Müxtəlif təhsil müəssisələrinin müxtəlif təhsil səviyyələrində təhsil prosesinin təşkili və həyata keçirilməsində müasir metod və texnologiyaları tətbiq etməyə qabildir;

- Müasir diaqnostik texnologiyaları tətbiq etməyə və təhsil prosesinin keyfiyyətini qiymətləndirməyə hazırdır;

- Təhsil mühitini formalaşdırmağa və innovativ təhsil siyasətinin vəzifələrinin reallaşdırılmasında öz qabiliyyətindən istifadə etməyə qabildir;

- Şagirdlərin tədqiqat işlərinə rəhbərlik etməyə qadirdir.

Elmi-tədqiqat fəaliyyəti sahəsində müəllim elmi tədqiqatların nəticələrini təhlil etməyi və onları konkret  təhsil və tədqiqat məsələlərinin həllində tətbiq etməyi bacarmalıdır. Müəllim tədqiqat məsələlərinin  orijinal həllində fərdi kreativ qabiliyyətlərdən istifadə etməyə, müasir elmi metodlardan istifadə etməklə müstəqil surətdə elmi tədqiqat işlərini həyata keçirməyə hazır olmalıdır.

Ümummədəni nöqteyi-nəzərdən müəllim özünün ümumi intellektual və ümumi mədəni səviyyəsini təkmilləşdirməli və inkişaf etdirməlidir. Təhsil və peşə məsələlərinin  həllində elm və təhsilin müasir problemlərinə dair biliklərdən istifadə etməlidir.  Yeni tədqiqat metodlarını müstəqil surətdə mənimsəyə, özünün peşəkar fəaliyyətinin elmi yönümünü dəyişdirə, peşə vəzifələrinin həlli üçün resurs-informasiya bazası yaratmaqla informasiya texnologiyalarının köməyi ilə müstəqil surətdə praktiki fəaliyyətdə yeni bilik və bacarıqlar əldə edə və onlardan geniş istifadə edə bilər.

İdarəçilik mövqeyindən o, idarə olunan sistemin inkişafının ümumi və spesifik qanunauyğunluqlarına uyğun olaraq menecmentin innovativ texnologiyalarından istifadə etməklə idarəetmə prosesinin reallaşdırılmasını tədqiq etməyə, layihələndirməyə, təşkil etməyə və qiymətləndirməyə hazırdır.

Müəllim informasiya texnologiyaları və xarici təcrübə əsasında təhsilin keyfiyyətinə nəzarətin forma və metodları, eləcə də nəzarət-ölçü materiallarının müxtəlif növlərini, təhsilin  məzmununu, texnologiyasını və konkret təhsil metodikasını layihələndirməyə hazırdır.

Yeni məktəbin müəllimi təhsil mühitinin qiymətləndirilməsi üzrə monitorinq həyata keçirir. Monitorinq strateji və taktiki qərarların qəbulu üçün informasiya təqdim edir. Bundan başqa, monitorinq müəllimin peşəkar fəaliyyətində onun özü üçün də əsas iş forması və metoduna çevrilir. Monitorinqin subyektlərinin fəaliyyəti analitik və toplayıcı xarakter daşıyır. Monitorinqin məzmunu müəllimin, pedaqoqun peşəkarlıq səviyyəsini əks etdirir. Bu və ya digər strategiyanın işlənib hazırlanması məktəbin hazırda hansı mövzu üzərində işləməsi ilə bağlıdır. 

Müəllim imkanlarının genişlənməsi 

Müəllimin özünütəhsili (əgər bu təkcə dar didaktik məqsədlə bağlı deyil və mütəxəssisin şəxsiyyət kimi hərtərəfli inkişafı ideyasından qaynaqlanırsa) çox vacibdir.  Əgər müəllim informasiyalardan özünün şəxsiyyətinin inkişafı üçün nə qədər fəal istifadə edirsə, onun pedaqoji fəallığı bir o qədər artır. Və daha çox informasiya pedaqoqun təhsil vermə alətinə çevrilir.  Pedaqoji özünütəhsil - bu, ali məktəbdə əldə olunmuş biliklərin genişləndirilməsi deməkdir. Müəllimin peşəkarlığının təşəkkülünün müxtəlif  mərhələlərində özünütəhsil məzmun və metodologiyasına görə çox əhəmiyyətlidir.

Peşə mobilliyinin inkişafının vacib stimulu kimi vahid pedaqoji ideologiyaya malik yaradıcı qrupların yaradılmasını göstərmək olar. Yeni müəllim obrazı  elmi tədqiqat, yaradıcı fəaliyyətdə onun iştirak etmək qabiliyyəti olmadan mümkün deyil.  Buna görə də müəllimin hələ tələbəlik illərindən elmi tədqiqat fəaliyyətinə cəlb olunması müasir pedaqoq peşəsinin obyektiv tələbidir. 

Ənənəvi institutların yeni vəzifələri 

Yeni sosial-iqtisadi şəraitdə pedaqoji kadrların peşəkar  fəaliyyətə hazırlığı pedaqoji ali məktəblər qarşısında peşəkar pedaqoji hazırlığın əsaslarının, praktik yönümlülüyünün, inteqrativliyin və varisliyin güclənməsi kimi yeni vəzifələr qoyur:

- informasiya və digər müasir texnologiyaların reallaşdırılması, tələbələrin kompüter biliklərinin yüksəldilməsi;

- pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanma sisteminin daha da inkişaf etdirilməsi.

Pedaqoji təhsilin modernləşdirilməsinin əsas istiqamətlərindən biri müasir müəllim hazırlığının məzmun və strukturunun təkmilləşdirilməsidir. Müasir şəraitdə pedaqoji kadr hazırlığı proqramları aşağıdakı əsasda qurulmalıdır:

- Səriştəli yanaşma;

- Təhsilin çoxpilləliyi;

- Təhsil proqramlarının varisliyi və variativliyi;

- Elm və təhsil prosesinin inteqrasiyası, tələbələrin fəal surətdə elmi tədqiqatlara cəlb olunması;

- Müasir təhsil texnologiyalarından istifadə olunması;

- Təlim-tərbiyə prosesinin təşkilinin yeni formaları və təhsilin keyfiyyətinin qiymətləndirilməsinin dünya birliyi tərəfindən qəbul olunmuş prinsiplərinin təmin olunması.

Müasir məktəblər üçün yeni müəllim hazırlığının vacib istiqamətlərindən biri psixoloji-pedaqoji hazırlıqdır ki, bu da özündə müasir məktəb qarşısında duran vəzifələri həll edə biləcək pedaqoqun formalaşdırılmasını nəzərdə tutur.

Müasir müəllim necə olmalıdır məsələsinə biz pedaqoji təhsilin vəzifəsi kimi, pedaqoq peşəsinin nüfuzunun, onun keyfiyyətinin, rəqabətqabiliyyətinin yüksəldilməsi kimi baxırıq.  

hazırladı: Yusif ƏLİYEV
 
Tərcümə etdi: Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov