Bu medallar V Beynəlxalq Layihə Olimpiadasında
qazanılıb
Xəbər
verdiyimiz kimi, aprelin 8-9-da Bakı şəhərində
ekologiya və təbiəti mühafizə problemlərinə həsr
olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi
V Beynəlxalq Layihə Olimpiadası keçirilib.
Olimpiada Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin dəstəyi, "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin və "İNEPO- AVRASİYA" Ekologiya
İctimai Birliyinin təşkilatçılığı ilə aparılıb.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr
olunan builki olimpiadada 35 ölkədən 300-dək
iştirakçı biliklərini nümayiş etdirib.
Olimpiadanın əsas məqsədi ekoloji problemlərin
həlli və ətraf mühitin mühafizəsi istiqamətində
gənc nəsli məlumatlandırmaq, onlarda ətraf
mühitə qarşı həssas münasibət formalaşdırmaq,
təbii, mədəni və tarixi dəyərlərin qorunması
ruhunu yaratmaq olub. Dörd kateqoriya - enerji,
ətraf mühit, mühəndislik və sosial elmlər üzrə
keçirilən beynəlxalq layihə olimpiadasında
Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş və 14
bürünc medal qazanıblar. Bu yüksək mükafatçılar
arasında Bakıdakı akademik Zərifə Əliyeva adına
məktəbin şagirdləri də vardır. Bu günlərdə həmin
məktəbdə olduq. Qalib şagirdlərlə, onlara
rəhbərlik etmiş müəllimləri ilə görüşdük.
Uğurları necə qazandıqları ilə maraqlandıq.
Təqdim etdikləri layihələri ilə tanış olduq...
Yüksək mükafat qazandıran layihə
Həmin
gün bizi qızıl medal qazanmış komandanın üzvləri
ilə məktəbin direktoru Məhəbbət Vəliyeva tanış
etdi. İnformatika müəllimi, layihənin rəhbəri,
İKT profili üzrə direktor müavini Aygün Əzizova,
XI sinif şagirdi Səbinə İsayeva və X sinif
şagirdi Gülnar Rəhimzadə ilə birlikdə müəllimlər
otağına getdik. Elə burada məktəbin gümüş medal
qazanmış komanda üzvləri - fizika müəllimi,
fizika-riyaziyyat elmləri namizədi, layihənin
rəhbəri Kamran Rəhimov, XI sinif şagirdləri
İlkin Hüseynzadə və Lalə Əhmədova ilə də tanış
olduq.
Əvvəlcə "İNEPO-AVRASİYA" Layihə Olimpiadasının
qızıl medalını qazanmış komandanın rəhbəri Aygün
Əzizovanı dinlədik. O bildirdi ki, beynəlxalq
layihə olimpiadasına təqdim etdiyimiz mövzu
"İqlim dəyişikliyini proqnozlaşdıran modellərin
qurulması" adlanır. Bu layihənin əsas məqsədi
iqlim dəyişikliyini proqnozlaşdırmaq imkanı
verən modellərin yaradılmasıdır. Dünyada
istifadə olunan enerjinin artımını, müxtəlif
qəzaları, kütləvi yanğınları və artan tələbləri
nəzərə alsaq yaxın gələcəkdə havaya buraxılan
qazların daha sürətlə artacağını görmək çətin
deyil. Bu isə qlobal istiləşmə prosesini
sürətləndirəcək. Ümumiyyətlə, qazların qlobal
istiləşməyə təsirinin öyrənilməsi və müvafiq
tədbirlər görülməsi günümüz üçün xüsusilə
aktualdır, çünki gələcək 20 ildə atmosferə
buraxılan qazların miqdarı son 200 ildə
buraxılandan çox ola bilər, bu isə qlobal
istiləşməni sürətləndirə bilər. Yaponiyada
zəlzələ və Fukusimo Atom Elektrik Stansiyasında
qəza dünyada da atom enerjisinə məhdudiyyətlərə
gətirib çıxaracaq, bu isə, öz növbəsində,
neft-qaz enerjisinə olan tələbatı artıracaq.
Yəni qlobal istiləşmə daha da artacaq.
Məqsədəuyğun olaraq qlobal istiləşməyə təsir
edən faktorları öyrənmək üçün 6 model
hazırlanmışdır. Təsadüfi deyildir ki, ilk dəfə
olaraq 3 qazın (CO2, CH4 və N2O) birgə qlobal
istiləşməyə təsiri modeli qurulmuşdur. Layihəni
gələcəkdə də davam etdirərək, qlobal istiləşməyə
digər qazların və aerozolların təsirinin
öyrənilməsi nəzərdə tutulur, çünki bizim
məktəbimizin digər şagirdləri də bunun ardıcıl
araşdırılmasında çox maraqlıdırlar. Bax elə bu
baxımdan beynəlxalq layihə olimpiadasına təqdim
etdiyimiz layihənin orijinallığı böyükdür. İlk
dəfə olaraq məktəblilər tərəfindən belə qlobal
istiləşməni proqnozlaşdıran modellər tərtib
olunmuşdur. Həmin modellər məktəblərdə və ya
universitetlərdə ekologiya dərsləri zamanı
qlobal istiləşməni proqnozlaşdırmaq üçün
istifadə oluna bilər. Qısaca bəhs etdiyim bu
layihənin beynəlxalq əhəmiyyəti böyük olduğuna
görə də bizim komanda birinci yeri tutdu və ən
yüksək mükafata - qızıl medala layiq görüldü.
"Bizə qızıl medalı təhsil naziri təqdim etdi"
Səbinə İsayevanın dediklərindən:
-
Əvvəlcə Aygün müəllimimin dediklərinə onu da
əlavə edim ki, bu layihəni işləyərkən bizə kimya
elmləri namizədi Rüfət Əzizov, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşları
yaxından köməklik göstəriblər. Eyni zamanda
ABŞ-ın Kolorado ştatındakı National Oceanic and
Atmospheric Administration Universitetində
işləyən həmyerlimiz Rəvan Əhmədovla da
əməkdaşlıq edib ondan aldığımız statistik
məlumatları, modellər üçün əmsalları ora əlavə
etdik. Həmin məlumatlar üzrə biz modellər
yaradıb qrafik qurduq. Bizim bu modellər müasir
elmin nəticələrini məktəbə gətirməyə yardım
edir. Modellərimizin sadə olmasına baxmayaraq,
həm də çox dəqiqdir. Onu da deyim ki, bu
qrafikləri məktəbimizin kompüter mərkəzində
DELPHİ proqramlaşdırma dilində qurmuşuq. O ki
qaldı bizim layihənin qızıl medala layiq
görülməsinə, o günü heç vaxt unuda bilmərəm.
Aprelin 8-də olimpiadanın açılışı oldu. Başqa
iştirakçılar kimi Gülnarla birlikdə layihəmizi
nümayiş etdirdik. Münsiflər heyəti layihəmizi
diqqətlə nəzərdən keçirdi. Bizə layihəmiz barədə
verilən sualları ətraflı cavablandırdıq. Aprelin
9-da isə Bakı Əl Oyunları İdman Sarayında
beynəlxalq olimpiadanın qaliblərinin
mükafatlandırılması mərasimi oldu. Komandamızın
birinci yer tutduğu və qızıl medala layiq
görüldüyü elan olunanda bizimlə birlikdə
mərasimdə iştirak edən direktorumuz, müavinlər
və sinif yoldaşlarımız bizi sevinc dolu
alqışlara, gül-çiçəyə qərq etdilər. Çox keçmədi
ki, təhsil naziri Misir Mərdanov həm mənə, həm
də Gülnara qızıl medalları təqdim edərək bizi və
layihə rəhbərimiz Aygün müəllimi qazandığımız bu
yüksək mükafata görə təbrik etdi. Onu da deyim
ki, elə səhəri gün məktəbimizdə də bu
münasibətlə təntənəli yığıncaq keçirildi. Bizi
məktəbimizin müəllim və şagird kollektivi
səmimi-qəlbdən təbrik etdi, gələcək işlərimizdə
uğurlar dilədi.
"Gümüş medal qazanmağımız bizi yeni layihələr
üzərində işləməyə ruhlandırır"
Biz həmin gün "İNEPO-AVRASİYA" Layihə
Olimpiadasının gümüş medalına layiq görülmüş
komandanın rəhbəri, fizika müəllimi Kamran
Rəhimovla da qazandıqları uğurlar barədə söhbət
etdik. O dedi:
-
Bizim olimpiadaya təqdim etdiyimiz layihə
"Radioaktiv şüa zədələnmələrində zəfəran
ekstraktının qoruyucu müalicəvi təsirinin
öyrənilməsi" adlanır. Layihəni Azərbaycan
MEA-nın Radiasiya Problemləri İnstitutu ilə
birgə həyata keçirmişik. Bu layihənin
işlənməsinə hələ ötən ilin noyabrından
başlamışıq. Bildiyimiz kimi, radiasiyanın ətraf
mühitə təsiri son dövrlərin aktual
problemlərindən biridir. Bu səbəbdən də belə
qərara gəldik ki, tədqiqat sahəsi kimi bu
mövzunu seçək. Onu da qeyd edim ki, mən bir
müddət Elmlər Akademiyasının Radiasiya
Problemləri İnstitutunda çalışmışam. Mövzunun
aktual olduğu mənə yaxşı aydın idi. Elə buna
görə də belə bir mövzunu seçmək qərarına gəldik.
Danılmaz faktdır ki, radiasiya insan
sağlamlığına öldürücü təsir etməklə böyük
təhlükə törədir. Buna görə də orqanizmlərin
xarici mühitin (o cümlədən radiasiyanın) zərərli
təsirinə qarşı davamlılığının artırılması üçün
sintetik və təbii mənşəli preparatların
axtarılıb tapılması ətraf mühiti və onun
komponentlərinin mühafizəsi üçün mühüm praktiki
əhəmiyyət kəsb edir. Siçovullar üzərində
apardığımız təcrübələrin nəticələri isə göstərdi
ki, yoxlanılmış zəfəran ekstraktı heyvanlarda
effektiv şüalanma dozasını azaldaraq
modifikasiyaedici təsir göstərir. Beləliklə,
aparılmış təcrübə Zəfəran (Crocus sativus)
ekstraktının şüalanmadan əvvəl qoruyucu və
şüalanmadan sonra effektiv müalicəvi təsir
göstərməsini sübut edir. Əlbəttə, beynəlxalq
layihə olimpiadasında ikinci yer tutaraq gümüş
medala layiq görülməyimiz bizi yeni belə mühüm
layihələr üzərində işləməyə ruhlandırır. Sonda
bilirəm soruşacaqsınız kı, təcrübə aparmaq
məqsədilə nə üçün məhz zəfəran bitkisini
seçmisiniz. İstəyirəm ki, bu barədə gümüş
medallı şagirdlərimdən biri olan İlkin məlumat
versin.
İlkin Hüseynzadənin dediklərindən:
-
Zəfəran Azərbaycan üçün xarakterik olan
bitkidir. Qədim zamanlardan zəfərandan xalq
təbabətində geniş istifadə olunub. Onun
dişiciklərində olan maddələr xərçəng xəstəliyinə
birbaşa təsir edir. Radioaktiv şüalanma bir çox
hallarda xərçəng xəstəliyi əmələ gətirdiyindən
fikirləşdik ki, zəfəran radioaktiv
zədələnmələrin təsirini zəiflədə bilər. Elmlər
Akademiyasının laboratoriyasında, Bakının Bilgəh
kəndindəki təsərrüfatlardan topladığımız zəfəran
tükcüklərindən ekstrakt hazırladıq. Bunu təcrübə
üçün siçovulların qarın boşluğuna müəyyən dozada
yeritdik. 30 gün ərzində apardığımız müşahidələr
öz müsbət nəticəsini verdi. Təcrübənin
nəticələrini İnternet
vasitəsilə-www.inepo-euroasia.com saytına
göndərdik. Cavab aldıq ki, layihəmiz qəbul
olunub. Nəhayət, aprelin 9-da layihəmizin ikinci
yerə layiq görüldüyü elan olundu və sinif
yoldaşım Lalə ilə mən isə dümüş medalla təltif
olunduq. Bu mükafat bizi sevimli müəllimimiz
Kamran Rəhimovla yeni-yeni layihələr üzərində
işləməyə ruhlandırır...
Biz də sonda akademik Zərifə Əliyeva adına
məktəbin beynəlxalq layihə olimpiadasında bir
qızıl və bir gümüş medal qazanmış komanda
üzvlərinə uğurlar diləyib onlardan ayrıldıq.
Ədalət DAŞDƏMİRLİ |
|