Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - 16 

 

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib

 

Prezident İlham Əliyev yığıncaqda iştirak edib 

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu.

Akademiyanın prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülmüş, binalar təmir olunmuş, geniş yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi.

Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxdı.

Bildirildi ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi.

Yığıncağı AMEA-nın prezidenti Mahmud KƏRİMOV giriş sözü ilə açaraq dedi:

- Möhtərəm cənab Prezident!

Sizin Bakı şəhərinin unikal memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər Akademiyası binasının əsaslı təmir və yenidən qurulmasından sonra onun açılış mərasimində iştirakınız, həmçinin əlamətdar hadisə olan akademiyanın illik ümumi yığıncağına gəlişiniz ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində görkəmli memar, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş bu binada yerləşir. Bu bina uzun illər ölkəmizin elm məbədgahı funksiyasını yerinə yetirmişdir. Sizin xüsusi tapşırığınıza əsasən bu möhtəşəm binada 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Budur, artıq bu bina klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirən möhtəşəm bir sənət abidəsi kimi yenidən alimlərin ixtiyarına verilir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, son illərdə akademiyanın elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, binalarının əsaslı təmiri və yenidən qurulması intensiv hal almışdır. Sizin birbaşa göstərişiniz əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əsaslı təmirini misal gətirmək olar. Buna görə mən akademiyanın çoxsaylı kollektivi, bütövlükdə, respublikamızın elmi ictimaiyyəti və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Ümummilli liderimiz Heydər Əliyevin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin inkişafı sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Cənab Prezident!

Siz digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirir, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edirsiniz. Sizin akademiya işçilərinin maddi rifah halının yaxşılaşdırılmasına, onun strukturunun təkmilləşdirilməsinə, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan istifadəyə yönəlmiş sərəncamlarınız bunun bariz nümunəsidir.

Siz Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu, həmçinin akademiya əməkdaşlarının yaradıcı əməyini qiymətləndirərək onların bir çoxunu müstəqil Azərbaycanın orden, medal və fəxri adları ilə təltif etmisiniz.

Cənab Prezident!

Hazırda respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri Sizin xüsusi sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Siz yubiley tədbirlərinin həyata keçirilməsi üçün digər dövlət orqanları ilə bərabər akademiyanı da tədbirlərin icrası üzrə məsul təşkilat kimi müəyyənləşdirmisiniz. Bunu Sizin tərəfinizdən akademiyaya göstərilən böyük etimad hesab edirik.

Sizin akademiyaya xüsusi diqqət və qayğınız, bu sahədə həyata keçirdiyiniz siyasət, bu siyasətin göstəricisi olan əməli addımlarınız akademiyanın çoxsaylı kollektivi qarşısında yeni vəzifələr qoyur. Hazırda Azərbaycan elmi Sizin sərəncamınızla təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident!

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu il aprelin 29-da keçirilmiş illik ümumi yığıncağından sonra akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir.

Bunlar akademik Fuad Qasımzadə, akademik Toğrul Şahtaxtinski, akademik Musa Musayev, akademik Cəmil Quliyev, akademik Məhəmməd Emin Şahtaxtinski, akademiyanın müxbir üzvü Səlim Musayev, akademiyanın müxbir üzvü Zemfira Verdiyevadır. Xahiş edirəm, akademiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

M.Kərimov sözünə davam edərək dedi ki, bu gün biz bu salona Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatı müzakirə etmək üçün toplaşmışıq.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 53 həqiqi üzvdən (akademik) və 106 müxbir üzvdən ibarətdir. İclasda 49 akademik və 95 müxbir üzv iştirak edir. Bu, o deməkdir ki, yetərsay vardır. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.

Ümumi iclasın gündəliyində bir məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat.

Gündəlik səsə qoyuldu və qəbul olundu, reqlament müəyyənləşdirildi.

Akademiyanın prezidenti sözünə davam edərək bildirmişdir ki, 2011-ci il olduqca əlamətdar bir ildir. Məhz bu ildə bizim dövlət müstəqilliyinin bərpasının 20 ili tamam olur. Bu 20 ilə nəzər salaraq, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü Elmlər Akademiyasında keçirilmişdir. Əgər hakimiyyət Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti sayırdısa, akademiya da daim Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi qorumağa çalışırdı.

Biz müxtəlif formatda cənab Prezidentlə elmin problemlərini müzakirə etmişik. Prezidentimiz Milli Elmlər Akademiyasının illik yığıncağında iştirak edir.

İcazə verin, hamınızın adından ali qonağı bir daha salamlayım və onu çıxış üçün tribunaya dəvət edim.

Prezident İlham Əliyev yığıncaqda giriş nitqi söylədi.

-Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, məni akademiyaya dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün akademiyanın ümumi illik yığıncağı keçirilir. Əminəm ki, yığıncaq çox uğurlu keçəcəkdir və Azərbaycan elminin gələcək inkişafı üçün burada çox dəyərli fikirlər səslənəcəkdir. Akademiyanın əsas binasında çox gözəl təmir işləri aparılmışdır. Qısa müddət ərzində çox gözəl işlər görülmüşdür və bildiyimə görə, akademiyanın digər binalarında da təmir işləri aparılır. Burada yaradılan şərait artıq ən yüksək səviyyəyə cavab verir. Bütövlükdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın bütün ehtiyacları təmin olunsun və maddi-texniki bazası daha da gücləndirilsin.

Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər akademiya böyük və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Burada səsləndi və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz akademiyada olmuşdur.

Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə davam etdirilir, o cümlədən dövlətin elmə olan münasibətində də özünü göstərir. Təsadüfi deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir. Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atılır.

2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq.

Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir.

Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə, elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.

Azərbaycan alimləri, bir də demək istəyirəm ki, müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir.

Əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi. Bir daha demək istəyirəm ki, bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda siyasi müstəqillik də lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək illərdə bu sahədə əlavə tədbirlər görülməlidir. Bu gün maliyyə resurslarımız belə imkanlar yaradır. Elə etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində Azərbaycan dünya enerji bazarında öz rolunu daha da artırsın və milli maraqlarımız tam şəkildə təmin edilsin.

Hesab edirəm ki, bütövlükdə Xəzər dənizinin tədqiqi ilə bağlı əlavə addımlar atılmalıdır. Bu istiqamətdə böyük işlər görülüb, ancaq biz hələ də Xəzər dənizini istədiyimiz qədər bilmirik, tanımırıq. Ona görə, elmi sahədə bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır. Bu gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə biz Azərbaycan elmini də cəlb edək.

Bu gün ölkə qarşısında duran vəzifələr prioritetlər əsasında müəyyən edilib. Elm qarşısında duran məsələ də eyni qaydada həll olunmalıdır. Yenə də demək istəyirəm ki, ilk növbədə enerji təhlükəsizliyi məsələləri gündəlikdə durmuşdur. Bu məsələlər öz həllini tapıbdır və hazırda biz ölkəmizin hərtərəfli inkişafı ilə bağlı siyasətimizi aparırıq. İqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılıbdır. Konkret proqramlar icra edilir. Bu proqramlar öz bəhrəsini verməkdədir.

Son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, bunların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq reytinqləri artır. Hətta böhranlı 2009-2010-cu illərdə bu göstəricilər ən yüksək səviyyədədir. Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz sözünü deməlidirlər. Biz hökumətlə bərabər, dövlət strukturları ilə birgə bu fəaliyyəti gücləndirməliyik. Ona görə bu sahədə aparılan işlərə xüsusi diqqət göstərilməlidir.

Biz hazırda ərzaq təhlükəsizlik məsələləri ilə çox ciddi məşğuluq. Bildiyiniz kimi, sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi. Bu məsələlər sovet hökuməti tərəfindən tənzimlənirdi. Müstəqillik dövründə, xüsusilə bəzi hallarda təbii fəlakətlər nəticəsində ərzaqla bağlı yaranan çətinliklərlə üzləşərək biz ərzaq təhlükəsizliyi məsələlərimizi daxili imkanlar hesabına təmin etməliyik. Bu istiqamətdə işlər aparılır.

Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, kreditlərin verilməsi, özəl sektorun inkişafı - bütün bu məsələlər bir məqsədi güdür ki, biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və bununla bərabər, çox güclü ixrac potensialımızı da yaratmalıyıq. Ona görə, aqrar elmlərin inkişafı və iqtisadi inkişafla uzlaşması xüsusi məna daşıyıb. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmalıdır.

Vaxt itirmədən bu bölmə yaradılmalıdır və fəal işə başlamalıdır. Beləliklə, əgər bu məsələlər öz həllini taparsa hesab edirəm ki, bu, Azərbaycan elminin inkişafına güclü təkan olacaq, sifarişlər veriləcəkdir. Dövlət qurumları və özəl sektor tərəfindən sifarişlər verilməlidir. Alimlərimiz bu sifarişlər əsasında işləyəcəklər. Nəzərə alsaq ki, Azərbaycan dövləti bundan sonra da elmin inkişafı üçün maliyyə dəstəyini verəcək, beləliklə, biz elmin inkişafına uğurla nail ola bilərik.

Ölkəmizdə hazırda müasirləşmə siyasəti aparılır. Bu siyasət özünü bütün istiqamətlərdə göstərməkdədir. Xüsusilə, elmi-texniki tərəqqi ilə bağlı addımlarımız gələcəyə yönəldilib. Bəlkə biz gənc müstəqil ölkə üçün xas olmayan təşəbbüslərlə çıxış edirik. Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Mən əminəm ki, bu proses sürətlə gedəcəkdir. Bu, bizim dövlət siyasətimizdir. Hesab edirəm ki, birinci telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra bu sahəyə daha da böyük təkan veriləcəkdir. Azərbaycanda çox güclü kosmik sənaye yaradılacaqdır. Azərbaycan elmi də bu təşəbbüslərə öz dəstəyini verməlidir. Burada əlbəttə ki, beynəlxalq əlaqələr öz rolunu oynamalıdır. Dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq səviyyəsi daha da güclü olmalıdır. Çünki bu sahədə bizdə olan potensial hesab edirəm ki, hələ istədiyimizə cavab vermir. Bütövlükdə beynəlxalq elmi mərkəzlər ilə əməkdaşlıq daha da geniş olmalıdır.

İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun. Dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir. İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir. Ona görə hesab edirəm ki, akademiyada bu istiqamətdə daha da ciddi addımlar atılmalıdır.

Biz hərbi sənaye kompleksini yaradırıq. Qısa müddət ərzində demək olar ki, yaratmışıq. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır. Gələcəkdə bu məhsulların sayı daha da çoxalacaqdır.

Bununla bərabər, tanınmış beynəlxalq şirkətlərlə birgə fəaliyyətimiz genişlənir, yeni texnologiyalar gətirilir və hazırda Azərbaycanda istehsal olunan məhsullar dünya səviyyəsindədir. Nəzərə alsaq ki, biz hərbi gücümüzü daim möhkəmləndirməliyik və ordu quruculuğu prosesi Azərbaycanda sürətlə gedir, buna böyük ehtiyac vardır. Biz müharibə şəraitində yaşayırıq və dövlətin bu məsələlərə çox böyük diqqəti və maliyyə təminatı vardır. Hesab edirəm ki, Azərbaycan alimləri bu istiqamətdə də öz sözünü deməlidirlər. Dövlət qurumları ilə, xüsusilə Müdafiə Sənayesi Nazirliyi ilə işlər daha da yüksək səviyyədə aparılmalıdır. Bu işlər aparılır. Ancaq bu, çox perspektivli istiqamətdir və daim diqqət mərkəzində olmalıdır.

Bir sözlə, iqtisadi inkişafımızla, sənaye inkişafımızla bağlı çox konkret proqramlar vardır. Azərbaycan elmi bu istiqamətdə öz sözünü deməlidir. Hazırda Azərbaycanda böyük texnoparklar və çox böyük sənaye potensialı yaradılır. Əlbəttə ki, bu təşəbbüslər gözəl nəticələrini verəcək və qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmaq üçün öz təsirini göstərəcəkdir. Bu halda Azərbaycan elmi də burada ön sıralarda olmalıdır.

Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

Ədəbiyyat üzrə araşdırmalar davam etdirilir. Burada da fəaliyyət üçün çox geniş meydan vardır. Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.

Arxeoloji qazıntıların aparılmasına dəstək verilir, vəsait ayrılır. Bu da çox vacib sahədir. Biz keçmişimizi bilirik, daha da dərindən öyrənməliyik və bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir. Arxeoloji qazıntılar bizə yeni bilgilər, yeni məlumatlar verir. Beləliklə, tariximiz haqqında bizdə və dünyada daha da dolğun təsəvvür yaranacaqdır.

Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar, bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır.

Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.

Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də.

Mən yenə də deyirəm, bu sahədəki işlərlə bağlı təşəbbüslər reallaşır. Bu, çox müsbət haldır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir. Biz həm bu məsələnin elmi tərəfindən, həm də təbliğatımızda bu amildən daha da geniş şəkildə istifadə etməliyik.

Mən bu gün ölkəmizin və elmimizin inkişafı ilə bağlı bəzi fikirlərimi ifadə etdim. Mən əminəm ki, hörmətli alimlər, siz bütün bu məsələləri yaxşı bilirsiniz. Sizin təklifləriniz əlbəttə ki, nəzərə alınacaqdır. Hazırda qeyd etdiyim təşəbbüslər Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət Proqramının qəbul edilməsi də alimlər tərəfindən verilmiş təşəbbüslər idi.

Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin.

Mən sizi bir daha ürəkdən salamlayıram. Dəvətinizə görə minnətdaram. Sizə və akademiyanın bütün üzvlərinə yeni uğurlar arzulayıram.

Sağ olun.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov