Aprelin 24-də akademik Zərifə Əliyeva adına
məktəbdə ulu öndər Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibəti ilə
ümumtəhsil məktəblərinin şagirdləri arasında
təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi
keçirildi.
Müsabiqədən
öncə keçirilən açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov,
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra
katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, təhsil nazirinin müavinləri, Təhsil
Nazirliyinin müvafiq şöbəsinin əməkdaşları və
KİV nümayəndələri iştirak edirdilər.
Tədbirin keçirildiyi zalda ümummilli lider
Heydər Əliyevə həsr edilmiş fotostendlər, kitab
sərgisi hazırlanmış, onun müdrik kəlamları
yazılmış lövhələr asılmışdı. Müsabiqə
iştirakçılarına üzərində ulu öndərimiz Heydər
Əliyevin şəkli olan döş nişanları və eksklüziv
nümunədə qızlar və oğlanlar üçün fərqli
rənglərdə hazırlanmış dəftər və qələm təqdim
edilmişdi. Mərasimi açaraq iştirakçıları
salamlayan təhsil naziri Misir Mərdanov ulu
öndərin anadan olmasının ildönümlərinə həsr
edilmiş inşa müsabiqəsinin Azərbaycanda həyata
keçirilən ən kütləvi tədbir olduğunu qeyd etdi.
Təhsil naziri diqqətə çatdırdı ki, bu
müsabiqənin keçirilməsinə 2007-ci ildən etibarən
başlanmış və o zamandan da ölkə ictimaiyyətinin
dərin rəğbətlə qarşıladığı nəcib niyyətli bir
ənənəyə çevrilmişdir.
Müəyyən
edilmiş qaydaya görə, inşa müsabiqəsi hər il
Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası,
Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi
ilə 3 mərhələdə - məktəb, rayon (şəhər) və yekun
(respublika) mərhələlərində keçirilir.
Müsabiqədə, bir qayda olaraq, ümumtəhsil
məktəblərinin VII-XI sinif şagirdləri və peşə
liseylərinin şagirdləri iştirak edirlər.
Nazirin verdiyi məlumata görə, ötən illərdə
olduğu kimi, bu il də rayon və şəhərlərdə
ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrində Təhsil Nazirliyinin "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibətilə təhsil
müəssisələrində keçiriləcək tədbirlər haqqında"
25 yanvar 2011-ci il tarixli əmrinə əsasən
müsabiqənin keçirilməsi ilə bağlı zəruri
təşkilati işlər görülmüş, məktəb və rayon
(şəhər) mərhələlərində 700 minədək məktəbli
iştirak etmişdir. Nəzərdə tutulan qaydaya görə,
müsabiqənin yekun mərhələsində hər rayon və
şəhəri sinfindən asılı olmayaraq 1 nəfər təmsil
edir. Bu mərhələdə 20 nəfəri oğlan və 77 nəfəri
qız olmaqla cəmi 97 məktəbli iştirak etmək
hüququ qazanıb. Məktəblilərin sayının ilbəil
artmasını, onların müsabiqəyə böyük maraq
göstərmələrini əlamətdar bir hal kimi
dəyərləndirən təhsil naziri bunun yüz minlərlə
təhsil işçisinin, şagird və valideynlərin böyük
rəhbərin unudulmaz xatirəsinə hədsiz hörmət və
ehtiramının parlaq ifadəsi olduğunu vurğuladı.
Misir Mərdanov iştirakçıların diqqətinə çatdırdı
ki, inşa 3 saat ərzində 4 səhifə həcmində
yazılmalıdır. Müsabiqəyə ulu öndərin anadan
olmasının 88-ci ildönümü ərəfəsində yekun
vurulacaq, qaliblərə mükafat, müxtəlif
hədiyyələr təqdim olunacaq və ən yaxşı işlər
kitab şəklində nəşr ediləcək.
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda
bu işdə əməyi olan hər kəsə, eləcə də tədbirə ev
sahibliyi edən akademik Zərifə Əliyeva adına
məktəbin kollektivinə təşəkkürünü bildirdi və
iştirakçılara uğurlar arzuladı.
Sonra müsabiqənin yekun mərhələsinin mövzusu
elan edildi və məktəblilər "İnsanlara və
insanlığa nümunə olan dahi şəxsiyyət" adlı inşa
yazmağa başladılar.
Hicran ƏKBƏROVA |