Aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində olan ümumtəhsil məktəblərinin IV-V
siniflərində riyaziyyat fənni üzrə test
yoxlaması aparıldı.
Həmin
gün bununla bağlı Yasamal rayonunda yerləşən 20
nömrəli məktəbdə brifinq keçirildi. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və
ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə
Əliqızının bildirdiyinə görə, bu tədbir idarənin
təşəbbüsü ilə artıq ikinci ildir ki, təşkil
olunur.
Ötən tədris ilində Bakının ümumtəhsil
məktəblərinin yalnız IV siniflərində riyaziyyat
fənni üzrə monitorinq keçirilsə də, bu gün test
yoxlamasına IV-V siniflər və həmin siniflərdə
riyaziyyatdan dərs deyən müəllimlər cəlb
olunublar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümum təhsil
sektorunun müdiri Firidun Həmzəyevin KİV
nümayəndələrinə verdiyi məlumatda qeyd olundu
ki, bu gün monitorinqdə idarənin tabeliyində
olan 308 ümumtəhsil məktəbinin IV-V siniflərində
oxuyan 59 minə yaxın şagird və onların
müəllimləri iştirak edir. Dördüncü siniflərdə
test yoxlamasının aparılmasında əsas məqsəd
onların ibtidai təhsil səviyyəsini hansı biliklə
başa vurduqlarını öyrənməkdir. Şagirdlə yanaşı,
bu həm də müəllimin əməyinə verilən qiymətdir.
2009 - 2010-cu tədris ilində şəhərin ümumtəhsil
məktəblərinin IV siniflərində riyaziyyat
fənnindən test yoxlaması keçirilmiş və
nəticələri müzakirə olunmuşdu. Bu nəticələrə
əsasən məktəblərə müvafiq tapşırıqlar verilmiş,
göstəricisi qənaətbəxş olmayan 70-ə yaxın
ibtidai sinif müəllimi ixtisasartırma kursuna
göndərilmişdi. Cari tədris ilində V sinifdə
inkişaf dinamikasının öyrənilməsi məqsədilə
həmin şagirdlərin də bilik səviyyələrinin
yoxlanılması qərara alınıb.
Şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında
mühüm rol oynayan riyaziyyat fənni üzrə testlər
hər birində 15 sual olmaqla 10 variantda tərtib
edilib. Müəllimlər isə yalnız 1 variantda 15
test tapşırığını yerinə yetirəcəklər.
Suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən hazırlanıb. Həm Azərbaycan, həm də
rus bölməsi üzrə hazırlanan variantlar eynidir
və onlarda proqramdan kənar heç bir sual yoxdur.
Yoxlama 45 dəqiqə müddətində keçiriləcək və
başlamazdan öncə 10 dəqiqə ərzində nəzarətçi
müəllimlər şagirdlərə cavab kartının doldurulma
qaydalarını bir daha izah edəcəklər. Cavab
kartları bu gün toplanaraq idarədə optik oxuyucu
cihaz vasitəsilə yoxlanacaq və bir neçə günə
nəticələr müəyyənləşdirilərək məktəblərə
çatdırılacaq.
Sektor müdiri diqqətə çatdırdı ki, test
yoxlamasının nəticələri adi yoxlama yazı işi
kimi sinif jurnalına yazılacaq və yalnız
yarımillik qiymətə təsir göstərəcək. Yüksək
qiymət ala bilməyənlər heç bir problemlə
üzləşməyəcək.
Sonra kütləvi informasiya vasitələrinin
nümayəndələri yoxlamanın gedişini izləmək üçün
sinif otaqlarına dəvət olundular.
Hicran ƏKBƏROVA |