Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Azərbaycan elminin korifeyləri

 

"Qulu Xəlilli jurnalistika fakültəsinə milli ruh, vətənpərvərlik gətirdi" 

Qulu Xəlilli Qərbi Azərbaycanın Sisyan bölgəsində Qızılcuq kəndində sadə, əməksevər ailədə 1930-cu ildə anadan olmuşdur. Uşaqlıq illərində qoyun-quzu otarmış Q.Qasım oğlu əməkdə bərkimişdir. Mənfur düşmənin növbəti alçaq siyasətinin nəticəsi olaraq doğma yurddan didərgin düşmüş ailələrdən biri kimi Qasım kişi ömür-gün yoldaşı Tavadla birlikdə balaları ilə Ağcabədinin Poladlı kəndində məskunlaşırlar. Ağdamda ilk təhsilini alan Qulu Xəlilli Azərbaycan Dövlət Universitetində oxumuş, aspiranturanı bitirmişdir.

Hələ aspirantura dövründən başlayaraq Qulu Xəlilli Azərbaycan ədəbi-tənqidi ilə məşğul olmağa başlamışdır. Azərbaycan ədəbiyyatşünaslığı sahəsində araşdırmaları ona geniş oxucu auditoriyası qazandırmışdır.  Elmi məclis və yaradıcılıq plenumlarında cəsarətli, məzmunlu və obyektiv çıxışları ilə məşhurlaşan Q.Xəlilli "Vaqif" pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, sonralar Azərbaycan romanının inkişaf tarixini əks etdirən doktorluq dissertasiyalarını müdafiə etmişdir. 

Söz önü, yaxud unudulmaz hadisə 

...İsti yay günü idi. İmtahan otağında əyləşənlər biletlərin sualları üzərində düşünür, arabir başlarını qaldırıb komissiya qarşısında cavab verən qrup yoldaşlarını dinləyirdilər.

Sonuncu dövlət imtahanı pedaqogikadan idi. İki suala yaxşı cavab verən tələbə üçüncü sualda çətinliyə düşmüşdü. Pestalotsinin Qu quşunun nəğməsi məqaləsinin adını dəqiqliyi ilə xatırlaya bilmirdi. O vaxtlar (ötən əsrin 70-ci illəri) pedaqogika və pedaqogika tarixindən dərslik, dərs vəsaiti, demək olar ki, yox idi. M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanovun rəhbərliyi və iştirakı ilə hazırlanmış vəsaitlər kitabxanalarda belə defisitləşmişdi. Tələbə psixoloji cəhətdən sarsılmışdı: elmi kommunizmdən "4", Azərbaycan dili və ədəbiyyatdan iki "5" alandan sonra Qu quşunun son nəğməsində "yana" bilərdi. Ani olaraq özünü toplayıb hafizəsini "səhifələdi" və birdən səsini bir az ucaldaraq yadına saldığı son variantı dedi və elə bu anda Ə.Dəmirçizadə, A.Hacıyev, X.Məmmədov, N.Abdullayevlə bir sırada, tən ortada əyləşmiş qıvrım saçlı, qarabuğdayı, orta boylu komissiya sədrinin səsi eşidildi: - Ay... müəllim, bir məqalə adına görə tələbəni çox incitməyin. O, Azərbaycan dili və ədəbiyyatdan "əla" aldı. Filologiyanı bilirsə, dərs deyəcəyi şagirdlərə nəsə öyrədəcək. Onda Pestalotsi lazım olmayacaq.

Ötkəm və cəsarətlə söylənilən sözlər pedaqogika müəlliminin sürətini azaltdı, heç nə  demədən qarşısındakı vərəqə öz qiymətini yazdı.

...İmtahan qiymətləri oxunanda tələbənin gözləri doldu və hörmətlə komissiya sədrinə baxdı. Qranit çöhrəli alim sonuncu imtahanı da uğurla başa vurdu.

...Bir gün 22 ildən sonra imtahan komissiyasının sədri ilə həmin məzun Təhsil Nazirliyində rastlaşdılar. Xəstəliklərə mərdliklə sinə gərmiş alim-pedaqoq mətbuatda çalışan, namizədlik dissertasiyası müdafiə etmiş həmsöhbətini axıradək səbrlə dinləyib, xeyirxah əməlinin təfsilatını eşidənlərlə xudahafizləşib ayrıldı. Keçmiş tələbənin gözləri dolmuşdu. Söhbətə qulaq asanlar təəssüratın psixoloji təsirində idilər. O vaxtlar imtahan komissiyasının sədri olmuş alim filologiya elmləri doktoru, professor Qulu Xəlilli, onun imtahanda pedaqogika müəlliminin cəngindən qurtardığı tələbə isə bu sətirlərin müəllifidir. 

Zəngin elmi-nəzəri irs: çoxsaylı məqalələr, monoqrafiyalar  

Bir müddət akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi, sözün həqiqi mənasında, qüdrətli bir pedaqoq tək çalışmış, mühazirələrində elmi dəyərlərlə yanaşı, milli mənəvi dəyərləri də çatdırmışdır.

Tənqidçi, ədəbiyyatşünas, müəllim-pedaqoq, alim, əməkdar mədəniyyət işçisi, əməkdar elm xadimi kimi ad və titulları "alın təri və əlinin qabarı ilə qazanmış" Q.Xəlilli "həyatın qaynar, təlatümlü bağrından qopmuş bir yazıçı-publisist" (Y.Qarayev, F.Mehdi) kimi tanınmışdı.

Professor Famil Mehdi alim-ədibin irsi ilə bağlı fikirlərində vurğulamışdır: "Məsələ yalnız məqalə və məktubların, resenziyaların sayında deyil, onların, sözün əsl mənasında, cəsarətliliyində, obyektivliyində, prinsipiallığındadır, elmi dəyərində, orijinal tədqiqat üslubunda və nəhayət, publisistik təbiətliliyindədir.

...Onun ədəbi tənqidindəki publisistik keyfiyyət, klassik və müasir Azərbaycan - dünya tənqidinin ən yaxşı ənənələrinə söykənir".

"Sənət eşqi, yaşamaq istəyi" adlı məqalədə ("Ədəbiyyat qəzeti", 10.XI.2000) oxuyuruq: "Qulu Xəlilli neçə ildir ki, dünyasını dəyişib. Ancaq Qulusuz bir günümüz olmayıb. Onun dostları, yoldaşları, tanış-bilişləri, qardaş deyib, qardaş bildikləri insanlar... Qulu Xəlillini xatırlayırlar. Onun özü  kimi sərt məqalə və çıxışlarını, xoş zarafatlarını, məqamında səslənən atmacalarını, atalar sözü və zərb-məsəllər kimi qısa, ancaq dərin məzmunlu kəlamlarını yada salırlar. Beləliklə, gözlərim qarşısında onun bəzən qəmgin-tutqun, bəzən gülümsər, mehriban sifətli, bütün hallarda mənən zəngin, mərd, cəsarətli, sədaqətli, səxavətli obrazı canlanır. Mən bütün məsuliyyəti ilə deyirəm ki, onun şəxsiyyətinə, obrazına bərabər az-az şəxsiyyət tapmaq olar. Qulu Xəlillidən daha çox istedadlı yazıçı, publisist də tapmaq olar, dərin zəkalı alim də, tənqidçi və pedaqoq da. Ancaq Qulu Xəlillini tapmaq mümkün deyil. Qulu Xəlilli bütün hallarda bənzərsizdir, özünə məxsusdur, təkrarolunmazdır".

Professor Q.Xəlilli tanınmış ədəbiyyatşünas alim idi.

1966-cı ildə Məsud Əli oğlu ilə ilk monoqrafiyasını - "Rəsul Rza" əsərini nəşr etdirən alim sonralar yüzlərlə ədəbi-tənqidi məqalə və resenziya çap etdirmiş, bunlar "Böyük sənət uğrunda", "Sənət və sənətkar", "Vaqif" pyesi və tarixi dram janrı", "Azərbaycan romanının inkişaf tarixindən", "Həyat və idrak", "Həyat yaradıcılıq çeşməsidir" kitablarında toplu halında çap olunmuşdur.

Q.Xəlilli cəsarətli, obyektiv, prinsipial, elmi cəhətdən dəyərli, orijinal tədqiqat üslublu, publisistik təbiətli məqalə və resenziyalar müəllifi idi.

Q.Xəlillinin tədqiq etdiyi yazıçı və şairlərin təxmini siyahısı belədir: Y.V.Çəmənzəminli, S.Vurğun, R.Rza, S.Rüstəm, İ.Əfəndiyev, Ə.Vəliyev, B.Bayramov, İ.Hüseynov, B.Vahabzadə, Qabil, H.Abbaszadə, N.Xəzri, Q.Qasımzadə və b. 

Cəsarətli tənqidçi, xeyirxah publisist, yazıçı  

Sağlığında onunla çiyin-çiyinə çalışanlar sonralar dəfələrlə ciddi cərrahiyyə  əməliyyatlarına məruz qalmış Qulu Qasım oğlunun ağrılı-acılı ömür boyu çoxsahəli fəaliyyət göstərdiyini etiraf etmişlər: "O, görkəmli yazıçı, alovlu publisist, geniş diapazonlu alim, tədqiqatçı, tənqidçi, ən başlıcası isə həqiqi vətəndaş, prinsipial, təcrübəli pedaqoq idi. O, bütün bu işlərlə eyni vaxtda məşğul olmuş, ictimaiyyətin diqqət mərkəzində dayanmışdı. Bir çox halda canlı müzakirələrin, mübahisələrin, hətta bəzən haqsız tənqidlərin, hücumların hədəfinə çevrilmiş, bütün hallarda bu hücumlara qətiyyətli, ardıcıl, obyektiv şəkildə daha tutarlı, kəskin formada cavab vermişdir. ...Qulu Xəlilli başqalarını qorumaqla daha çox məşğul olmuş, qələm dostlarına yönələn zərbələrə qorxub çəkinmədən, cəsarətlə cavab vermişdir" (F.Mehdi).

B.Vahabzadə yazırdı: "Hər kəsin özünəməxsus, diqqəti cəlb edən əlaməti olur ki, həmin adam o əlamətlə səciyyələnə bilir. 40 ilə yaxın bir müddətdir ki, eyni zindanda çəkic vurduğumuz, eyni əqidəyə qulluq etdiyimiz qələm dostum Qulu Xəlillini mən bircə sözlə səciyyələndirə bilərəm. Cəsarət!"

Müasirlərinin yazdığı kimi, Qulu Xəlilli ömründə riyakarlıq bilməmiş, yazılarında, söhbətlərində də düşündüyünü demiş, bunun ona neçəyə başa gələcəyini fikirləşməmişdir.

Bu və ya digər şəxsi keyfiyyətlərinə görə Q.Xəlilli "Koroğlu toppuzu" (S.Rəhimov), "Babək qılıncı" (F.Mehdi) bənzətmələri ilə səciyyələndirilmişdir.

Professor Q.Xəlilli eyni zamanda qüdrətli bir publisist idi. Professor F.Mehdi yazırdı: "Onun publisistikası bir çox halda tənqidi pafosla müşayiət olunur. Ancaq o, vurub dağıdan, məhv edən, inkarçılıq yolu tutan, gözdən salan, alçaldan publisistika deyildir. Əksinə, onun publisistikasındakı Nəcəf bəy Vəzirov, Mirzə Cəlil, Üzeyir Hacıbəyov yanğısı, Ömər Faiq harayı, xalqa, Vətənə məhəbbətlə, onların inkişafına, müasirləşməsinə... mane olanlara... nifrətlə... əlaqədardır".

Qulu Xəlilli həm də yazıçı idi. Ağır exnakok xəstəliyi ilə çarpışa-çarpışa qüdrətli qələmini bədii yaradıcılıq sahəsində sınayan Qulu müəllim ədəbiyyat tariximizdə öz yeri olan "Yaşamaq istəyirəm", "Ömrün baharı", "Atam və mən", "Qulun yaman kişnədi", "Mələk xala" kimi roman, povest və hekayələrində bir-birindən maraqlı, unudulmaz bədii obrazlar yaratmışdır. Ötən əsrin 60-70-ci illərində nəşr olunmuş "Yaşamaq istəyirəm" povesti böyük oxucu marağı qazanmışdı.

Q.Xəlilli təbiətə bağlı bir şəxsiyyət olmuşdur. Böyük alim-insan-yazıçı yazırdı: "təbiəti qorumaq vətənpərvərlik, hətta insanpərvərlik hissləri ilə birləşməlidir".

Bir alim-yazıçı olmaqla yanaşı, o, həm də bir pedaqoq və filosof olaraq insanlar üzərində müşahidə aparmış, müəyyən nəticələrə gəlmişdir. Professor Şirməmməd Hüseynova məktubunda insanları iki qrupa bölmüş Q.Xəlilli birinci qrupa aid olanları yoluxucu xəstəliklərə oxşatmışdır. "Belə çirkablar, rəzillər sıxlaşıb üstümüzə gələrkən sarsılmamaq, müvazinəti itirməmək üçün mərd, təmiz vicdanlı, namuslu, ruhən sağlam, cəsur, cəngavər adamların birləşməsi lazımdır. Həqiqi, işıqlı və mütərəqqi olanları qorumaq... üçün, cəmiyyəti, insanlığı, bəşəriyyəti çirkabdan, üfunətdən qorumaq üçün, saf, təmiz, məsum, ləkəsiz insani ürəkləri qorumaq üçün, yanan, yandıran, yaşayan, yaşadan humanist vətəndaşları qorumaq üçün... insani fikirlərin, ideyaların paklığını özündə birləşdirən adamların birliyi vacibdir". 

Qulu Xəlilli araşdırmalarda 

İnsan ömrünün cümləyə bənzəyişi var: yaşama tərzindən asılı olan ömür var ki, bütöv, geniş cümləyə oxşardır, ömür var adlıq cümlə, ümumi şəxsli cümlə səciyyəlidir.

Allah payı olan ömrü ağrı-acıları ilə bütöv yaşamış şəxslərdən biri idi Qulu Xəlilli...

Dünyasını dəyişdiyi 16 il ərzində doğmaları, onu tanıyanlar, onun tələbə və yetirmələri üçün tənqidçi, ədəbiyyatşünas, müəllim, yazıçı, insan, ata, dost... olmuş Qulu Xəlillinin yoxluğu çox ağrılı, çox çətin bir itki kimi ürəklərdə göynərtiyə çevrilib. Xalq yazıçısı İsmayıl Şıxlının bir fikri var: biz bir şeyi itirəndən sonra onun qədrini bilirik.

Q.Xəlillinin ictimai fikir tarixindəki yeri, bədii nəsrimizdə və Azərbaycan jurnalistikasında, ədəbiyyatşünaslığımızda xidmətləri bu gün özünün bütün tərəfləri ilə aydın seçilir, təsəvvür olunur. Və xalqımızın dəyərli simalarından biri olan görkəmli alimin şəxsiyyətinin böyüklüyünü, əvəzedilməzliyini təsvir və tədqiq etmək, onun ədəbi-tənqidi və ədəbi-estetik irsini qiymətləndirmək, bədii-publisistik əsərlərinin dəyərini vermək niyyətilə görülmüş hər bir iş özlüyündə təqdirə və tərifə layiqdir.

Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyevanın Azərbaycan Dövlət Kitab palatası tərəfindən buraxılmış kitabı - "Narahat ömrün səhifələri" (redaktoru professor Nizami Cəfərovdur) böyük alim-müəllimə həsr olunmuş dəyərli əsərdir. Kitab görkəmli şəxsiyyətin yaradıcılığını sadəcə olaraq panoram təsvir etmir, analitik təhlil aparılıb, zəngin elmi-nəzəri, bədii-publisistik irsə, çoxsaylı mülahizə və faktlara əsaslanmaqla dəyərli monoqrafik əsər yaradılıb. 11 çap vərəqi həcmində olan kitab 12 bölmədən ibarətdir. "Unudulmaz insan, böyük şəxsiyyət" adlanan bölmədə alim, tənqidçi, yazıçı, publisist və pedaqoq Q.Xəlillinin şərəfli və ibrətamiz həyat yoluna nəzər salınır, şəxsiyyətini təşkil edən keyfiyyətlər təsvir-tədqiq edilir.

Ədəbiyyatı özünün "ən mötəbər isti

nadgahı, ən dəyanətli sirr mənbəyi, qəlbinin döyüntüsü" adlandırmış Q.Xəlillinin həyat yolu, əsərlərinin sayı və tematikası haqqında oxuculara geniş informasiya çatdırılır.

Monoqrafiyada Q.Xəlilli prinsipial və güzəştsiz bir tənqidçi kimi səciyyələndirilir, onun klassiklərə və müasirlərinə münasibəti, ədəbi gəncliyə diqqət və qayğı məsələləri ayrı-ayrılıqda zəngin faktik materiallar əsasında nəzərdən keçirilmiş, C.Cabbarlı, S.Rəhimov, S.Vurğun, R.Rza, M.Süleymanlı və İ.Hüseynov kimi şair, yazıçı və dramaturqların ayrı-ayrı əsərlərinə tənqidçi qiyməti birər-birər yada salınır, təqdir edilir, münasibət bildirilir, tənqidi fikirlərin elmi-ədəbi, bədii-estetik və sosial-fəlsəfi orijinallığı əsaslandırılır.

Tənqidçiliyi çətin peşə kimi səciyyələndirən Q.Xəlilli təkcə tənqidi məqalələr yazmaqla kifayətlənməmiş, ədəbi prosesin bu müstəqil və məsuliyyətli qolunun inkişafı, təşəkkülü, formalaşması yolunda bir Fərhad fədakarlığı göstərmiş, tənqidə etinasızlığa qarşı barışmazlığı ilə həmişə öndə olmuşdur.

N.Əliyeva monoqrafiyasının bir bölməsini Q.Xəlillinin dilimizin saflığı uğrunda apardığı mübarizə faktlarının təsvir, təhlil və tədqiqinə həsr etmişdir. Aydın olur ki, Qulu müəllim dilə, sözə münasibətdə daha tələbkar, daha sərt və hətta amansız olmuşdur. Ədəbi əsərlərdə ən mühüm məsələlərdən biri dildir, - deyən görkəmli ədəbiyyatşünas ayrı-ayrı sənətçilərin dilə münasibəti faktlarını müntəzəm izləmiş, üstəlik xalq dilinin inkişafında məktəb və müəllimin roluna böyük əhəmiyyət vermişdir. 

İki məktub, dostluq düşüncələri

 

Şirməmməd HÜSEYNOV, BDU-nun professoru 

Dünyagörmüş, keşməkeşli, mənalı və fəal ömür sürmüş yaşlıları həyata bağlayan ən güclü amillərdən biri də tarixi yaddaşdır. Bu qiymətli, mənəvi xəzinəyə zaman-zaman kövrək hissiyyatla baş vurmalı, yaddaş dəftərini vərəqləməli olursan. 40 ilə yaxın bir müddət dostluq etdiyim, halal çörək kəsdiyim, əqidəsinə, məsləkinə, cəsarətinə, məntiqinə, alimliyinə hədsiz məhəbbət və hörmət etdiyim Qulu müəllimin də yaddaş dəftərimdə xüsusi yeri və mövqeyi var.

Qulu məndən 6 yaş kiçik idi. Mən universitetin jurnalistika şöbəsini qurtaran ili o, birinci kursa qəbul olunmuşdu. 1954-cü ildə mən Moskva Dövlət Universitetində aspiranturanı bitirib, namizədlik dissertasiyası müdafiə edərək universitetə qayıdan ili Qulu təhsili başa vurmuşdu. O vaxtkı filologiya fakültəsində jurnalist tələbələrdən söhbət gedərkən bir neçə nəfərin adını çəkərdilər. Bunların sırasında Qulu Xəlilli və Xəlil Rza da vardı. Məni onların hər ikisi maraqlandırdı. Qulu ilə yaxın münasibətlərimizin əsas səbəbkarlarından biri məşhur alim-tənqidçi, Səməd Vurğunun "ədəbiyyatımızın vicdanı" adlandırdığı akademik Məmməd Arif Dadaşzadə, onun həyat yoldaşı, universitetin sayılan, istedadlı və yiyəsiz gənclərinə analıq məhəbbəti göstərən pedaqogika kafedrasının dosenti Zümrüd xanım Axundova oldular. Hər ikisi Qulunun çox böyük istedad və ən əsası vətəndaş və milli qeyrət sahibi olduğunu dəfələrlə şəxsi, ailə çərçivəsi söhbətlərdə qeyd edirdilər. 1963-cü ildə M.Arif müəllimin Ağcabədidən Azərbaycan SSR-in Ali Sovetinə deputatlığa namizədliyini irəli sürmüşdülər. Arif müəllimi Ağcabədiyə seçicilərlə görüşə kimlər müşayiət edirdi; indi çoxlarına təəccüblü gələ bilər: Nizami adına Ədəbiyyat İnstitutundan baş elmi işçi Qulu Xəlilli və universitetin dosenti Şirməmməd Hüseynov. Bizi rəsmi dairələr yox, M.Arif müəllim özü seçmişdi. Mən Ağcabədidə Qulunun ata-anası, qardaş-bacıları ilə də tanış oldum. Bu barədə Qulu müəllim ətraflı yazdığından təfərrüata varmıram.

Bu səfərdən sonra eyni ictimai zümrədən olduğumuz üçün Qulu mənim üçün doğmalaşdı. Çox böyük vuruşdan, çəkişmələrdən sonra Qulunu jurnalistika fakültəsinə dəvət etdik. Qulu Xəlilli jurnalistika fakültəsinə milli ruh, vətənpərvərlik gətirdi. Qulu mənalı ömrünün sonunadək bu kollektivin əzizi, sevimlisi oldu.

Qulu müəllimin mənə qardaşcasına yazdığı, görüş və düşüncələrini bölüşdüyü bir neçə məktubu var. Mən onları qayğı ilə hifz edib saxlamışam. 1968 və 1972-ci illərdə yazılmış bu şəxsi məktublarda dövrün səciyyəsi, ictimai-siyasi problemləri, Qulunun ailə və övlad qayğılarına həsr olunmuş sətirlər var. Azərbaycan ziyalısı, alim və yazıçısının qələmindən, qəlbindən süzülən bu sətirləri həyəcansız oxumaq olmur...  

Yaşamaq istəyirdi... Yaşayacaq

 

Pənah XƏLİLOV,

filologiya elmləri doktoru, professor 

Görkəmli ədəbiyyatşünas, cəsur tənqidçi, tanınmış ədib və Bakı Dövlət Universiteti auditoriyalarında oxuduğu mühazirələri neçə istedadlı tələbənin yaddaşında yurd-yuva salmış filologiya elmləri doktoru, professor Qulu Qasım oğlu Xəlillini bu fani dünyadan haqq dərgahına yola salanda jurnalistika fakültəsində oxuduğu illər yadıma düşdü. Özünün və dostu rəhmətlik Xəlil Rza Ulutürkün şəkli gözümün qabağına gəldi. İkisi də sağlam gəncliyin işıqlı təbəssümü kimi qarşımda parladı. Qışın oğlan çağında başı və köynəyinin yaxası açıq, əynində pencəkdən başqa isti və qalın geyimi olmayan buz baltası kimi sağlam, ruhən bundan da gümrah olan bu iki gənc beş-altı yaş özlərindən böyük olan müəllimlərinə - mənə həmişə nikbinlik gətirirdi. Qəbir üstündən qayıdandan sonra "Yaşamaq istəyirəm" romanına bir də baxdım və öz qələmi ilə çəkdiyi avtosurət təəssüratımı daha da gücləndirdi.

Yaxşı deyiblər ki, "Sən saydığını say, gör fələk nə sayır". Otuz yaşına yenicə çatmış bu "anadangəlmə pəhləvan"ı uzun sürən xəstəlik yaxaladı, səkkiz-doqquz kərə onu cərrah bıçağı altına saldı. Amma dözdü.

Qulu müəllimin bu dözümünün səbəbləri nədir? - deyə düşünürəm. Təkcə cansağlığımı?

Başına toplaşan yar-yoldaş ünsiyyəti, ən çox sarıldığı jurnalist, tənqidçi, ədəbiyyatşünas qələminin saysız-hesabsız məhsulundan doğan qürur, ədəbi-bədii yığıncaqlarda, disputlarda, mətbuatda, radio və televiziyada, yazıçılar qurultaylarında öz tribunasını boş görməmək qətiyyəti. Tək öz yazılarından yox, qələm yoldaşlarının, keçmiş müəllimlərinin uğurlarından sevinmək, ruhlanmaq ləyaqəti!..

İndi ötən illəri bir də yada salıb ədəbiyyatşünaslıq və ədəbi tənqidimizdə səs-soraq salmış kitablarına baxıram. Məndə avtoqrafı olan iki kitabı var: birinin tarixi 29.X.70-ci il, ikincinin tarixi 9.I.87. Kitabın adı: "Tənqidçilik çətin peşədir". Nə gözəl addır! Necə yazasan ki, könül sındırmayasan, həm geniş oxucunu, həm mütəxəssisləri, həm yazıçının özünü qane edəsən; məqalən günün səsi olmaqla yanaşı, ədəbiyyatşünaslıq tarixində də iz qoya bilə. Yazdığın tənqid başqasının tənqidi üçün mövzu verəndə və polemika törəyəndə cırnamayasan, qələm yoldaşının fikrinə hörmət göstərməyi bacarasan. Bəli, tənqidçilik çətin peşədir. Qulunun məndə avtoqrafı olmayan sanballı bir monoqrafiyası da var: "Azərbaycan romanının inkişaf tarixindən" (1973). Bu, bütöv bir ensiklopediyadır, amma dar ensiklopedik məlumat kitabı səpgisində yox, bəlkə çoxsahəli elmi-tədqiqat, hüdudsuz müqayisələr, elmi polemikalar səpgisində. Azərbaycan romanının yaranması qaynaqlarından tutmuş təxminən altmış illk zəngin ədəbi irsin dolğun salnaməsi, tarixi inkişaf xüsusiyyətlərinin təhlili; hər ədibin fərdi yaradıcılıq dünyasına girməklə yanaşı, Azərbaycan ədəbiyyatında bütün roman məhsuluna ümumi baxış. "Həyat yaradıcılıq çeşməsidir" əsəri də belədir. Qulu Xəlilli xəstə canını yarım əsrdən artıq bir vaxt müddətində yaranmış siqlətli, rəngarəng roman yükünün altına vermişdir. O, ciyərinə dəyən bıçağın altında da, ədəbi məhsullar siqlətinin altında da tıncıxmayıb, tövşəməyib, onu eniş və yoxuşlarda səbrlə, təmkinlə daşıyıb, zövq ala-ala aparmışdır. Məqalələrindən birinin adını "Zəngin xəzinə" qoymuş Qulu Xəlillinin elmi irsi də ədəbiyyatşünaslığımızın zəngin xəzinələrindəndir.

Mən ömrümdə bircə dəfə nekroloq yazmışam və sağ-salamat bir çağında cərgəmizdən getmiş professor Əliyar Qarabağlının ruhu ilə vidalaşmışam. O, mənim mənsub olduğum nəslin unudulmaz müəllimi idi. İndi bu yazımın hər sətrində daha ağır iztirablara qatlaşıram - tələbəsini itirən müəllim üçün bu itkini yaşamaqdan ağır sarsıntı olmaz.

Təsəllimiz yalnız budur ki, istedadlı tələbələr qəlbinə Qulu müəllimin saldığı fikir toxumları cücərir, gənc tədqiqatçılar nəsli onun irsini öyrənir. 

O, heç vaxt qərəzli danışmırdı

 

 

Cahangir MƏMMƏDLİ,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor 

...İtirdiyimiz adamların hamısının yeri görünür. Atanın ata yeri, doğmanın doğma yeri, dostun dost yeri, hətta düşmənin düşmən yeri. Qulu müəllim kimi adamların itkisi ictimai itkidir. Bu itki Azərbaycan itkisidir; Azərbaycan ədəbiyyatının Belinski tipli itkisi, publisistikamızın Üzeyir tipli itkisi, universitet auditoriyasının müəllim itkisi, Şirməmməd müəllimin, Famil müəllimin dost itkisi, onu tanıyanların, ona söykənənlərin kişi sinəsi itkisi...

Mənim Qulu müəllim itkisi ilə bağlı kiçik bir təsəllim var: iyirmi il onunla bir yerdə, lap elə bir kafedrada işləmişəm. Qulu müəllim kafedra iclasında olmayanda süst bir yığıncaq keçirdi. Elə təsəvvür yaranırdı ki, hər şey qaydasındadır və hər şey gözəldir. Qulu müəllim olanda problemləri elə ortaya tökürdü ki, necə pis işlədiyimizi dərk etməli olurduq.

Qulu müəllim tənqid etməkdən ona görə qorxmurdu ki, o, heç vaxt qərəzli danışmırdı. Ümumiyyətlə, Qulu müəllimdə qərəz yox idi. Nifrət etdiyi şairin bir usta misrası onun nifrətini məhəbbətə çevirə bilərdi.

Kafedrada əlavə rəyə göndərilən bir namizədlik dissertasiyasını "yıxıb sürümək" prosesi gedirdi. Qulu müəllim bircə cümlə işlətdi: "Görməmişlik eləməyin".

Qulu müəllim özü, doğrudan da, görməmiş deyildi. Onun əlindən onlarca namizədlik, doktorluq dissertasiyası keçmişdi. Bu işdə xeyirxahlığa üstünlük verirdi:

- Moskva bəhanə axtarır, - deyirdi, - bizi öz əlimizlə vurur.

Elmdən danışanda Qulu müəllimin yeri görünür. Filoloji elmimizin böyük bir mərhələsi onun adı ilə bağlıdır.

Müəllimlikdən söhbət düşəndə Qulu Xəlillinin yeri görünür. Proqram əsiri olmadı. Auditoriyaya girdi və yalnız özünün konsepsiyası ilə işlədi.

Publisistikadan söhbət gedəndə Qulu Xəlilli örnək kimi yada düşür. Ən ağır senzura illərində "Torpağın göz yaşı" ilə Azərbaycan dərdini qoydu. Vətən deyəndə Qulu müəllim yada düşür. Onun son kitabı belə adlanırdı: "Hər şeydən keçilər, Vətən keçilməz". Bu da bir taledir. Onlarca ədəbi, bədii, elmi, publisist kitabın sahibi son anında bu kitabı yadigar qoydu. Azərbaycanın ən yeni tarixinin biabırçı faktları onu sızladırdı. Ölümündən bir az əvvəl görüşdük. Kövrəldi və bu kövrəkliyin səbəbini açdı:

- Bilirsən ki, mən ölümdən qorxan oğul olmamışam. Mən heç vaxt ölüm qorxusu keçirməmişəm. Şuşaya, İsa bulağına, Cıdır düzünə, Ağdama, Füzuliyə ağlayıram. Min illərin qəhrəmanlığını yaşamış bir xalqın torpağa etinasızlığı məni qəbirdə yandıracaq.

Qulu müəllim bu sözlərdən düz bir sutka sonra dünyasını dəyişdi. Onun bu fikrinin acı gerçəkliyini yaşamaq bizə bu gün də ağırdır. Dostluqdan söhbət düşəndə Qulu müəllimi anıram. O, çox ləyaqətli, təkrar çıxmasın, sinəsini qabağa verən dost idi. Həyatında ən nadir adamları özünə dost bilən Şirməmməd müəllimin dostu idi. Mən ondan yaşca xeyli kiçiyəm, amma Qulu müəllim mənə dost deyirdi. Onun bir sözünü heç vaxt iki eləməmişəm. Fəxr eləmişəm ki, Azərbaycan dərdi ilə yaşayan, sənət məbədini heç nəyə dəyişməyən, yaltaqlıqdan uzaq, sözü üzə düz çırpan bir insanla, bir alim və bir müəllimlə dostam.

70-ci illərin ortalarında Qulu müəllimin yanında ürəyimin ağrılarından şikayətləndim. Deyəsən, pessimizmə qapıldığımı hiss elədi. Bir az ürək-dirək verib getdi. İki gündən sonra "Azərbaycan gəncləri" qəzetində bir məqaləsi çap olundu. Bu məqalə xəstəliyə qarşı cəsarətin, iradənin ən böyük dərman olduğunu elə güclü publisistik üslubla ifadə edirdi ki, birdən-birə yaxşılaşdığımı və ümidsizlikdən uzaqlaşdığımı anladım...

Qulu müəllim birsifətli adam idi. Çöldə də, evdə də. O, monolit, ziyalı övladlar tərbiyə edib.

Qulu müəllim hərə üçün bir itkidir. Bir xalqın ədəbiyyat itkisi, bir mətbuatın publisistika itkisi, bir Vətənin oğul itkisi, universitet üçün müəllim itkisi, Azər üçün ata itkisi. Mənimçünsə bütün itkilərin önündə bir həmdərd, bir dost itkisi durur. Bu itkinin yerini heç kimlə, heç nəylə doldurmaq olmur. 

Söz abidəsi qoymuş qardaş haqqında düşüncələr

 

İnqilab XƏLİLOV,

Azərbaycan Dillər Universitetinin dosenti 

Qardaşım Qulunun özünəməxsus xarakterik cəhətləri nə idi? - deyə məndən soruşanda tərəddüdsüz deyirəm: Ötkəmlik, cəsarət, mübarizlik, adamın üzünə həqiqəti şax demək hünəri. Çox qəribədir ki, onun bu cəhətlərini yaxşı bilən hər kəs onu sevər, ona hörmət edərdi, ondan inciməzdi.

Qulu ədəbiyyata kənddən, təbiətin qoynundan gəlmiş, həyatın əzab və məhrumiyyətlərindən cücərmişdi. Buna görə də biz onun yazılarından həyatın ağrı və acılarını oxuyuruq. Onun "Yaşamaq istəyirəm", "Atam və mən", "Ömrün baharı", "Torpağın göz yaşı", "Torpağın ətri", "Hər şeydən keçilər, Vətən keçilməz" və sair əsərləri başdan-başa həyatın göynərtiləri ilə doludur.

Əqidəsinə gəlincə, son dərəcə milli olduğuna görə bir tənqidçi alim kimi təhlil etdiyi bədii əsərlərə, əsasən, bu rakusdan baxar, bədii əsərlərini də əsasən bu mövzuya həsr edərdi.

Qulunun hər məsələyə münasibətdə öz sözü və öz cəbhəsi olmuşdu. O, tutuquşu kimi ağızdan söz qapıb, kiməsə xoş gəlmək üçün, nəyəsə uyğunlaşmaq üçün söz deməzdi. O, həmişə yalnız öz düşündüyünü demiş, ürəyini deşən fikirlərini yazmışdır.

Onun öz təbirincə desək: Qulu müəllim zəhmətin kürəsində bərkimiş insan idi. O, zəhmətsevər, hünərvər, cəld, işgüzar insanları həmişə təqdir edərdi, tənbəli, pintini, süst adamları tənqid atəşinə tutardı.

O, sənətə, ədəbiyyata ciddi ölçülər, tələblərlə yanaşar, Azərbaycan milli-ictimai fikrinin formalaşmasında yaxından iştirak edərdi, onu bir çox yeni mənəvi-əxlaqi dəyərlərlə zənginləşdirdi. Bunlarla yanaşı, Qulu Xəlilli eyni zamanda böyük vətəndaş və alovlu publisist idi.

"Qulu Xəlilli xatirələrdə" deyəndə xəyalımda bütöv bir aləm oyandı. Bizə, elmimizə, sevdiyi xalqına ürəkdən bağlı olan Qulu çox tez dəyişdi dünyasını. Zahiri sərtliyi ilə daban-dabana zidd olan nəcib, kövrək ürəyi zəmanənin keşməkeşlərinə davam gətirmədi.

Kiçiklərə öyüd-nəsihət verərkən qəribə bir misal çəkərdi: "Boş-bekar durunca, düşməninə daş daşı!" Nə üçün daş daşı? Qolların bərkisin, caynaqların bərkisin, güclü olasan".

Qulu Xəlillini tanıyanların hamısı - alim və yazıçılar, tələbə və aspirantlar, pedaqoq və jurnalistlər, sadə adamlar, uşaq və böyüklər onu ən əvvəl bir Azərbaycan kişisi kimi tanıyırdılar. Bütün digər məziyyətləri, daşıdığı adlar və titullar isə məhz bu yüksək addan, mərtəbədən sonra gəlirdi.

Onun nədən xoşu gəlirdi: Ədalət uğrunda mübarizə aparmaqdan, xeyirxahlıqdan, vaxtı bir an belə boş keçirməməkdən, yazmaqdan, yaratmaqdan.

Bəs nədən xoşu gəlmirdi? Başqalarına qul olmaqdan, yaltaqlıqdan, xəsislikdən, ikiüzlülükdən, tənbəllikdən, xəyanətdən.

İnsanların qəbirləri üstündə abidə qoyurlar ki, əbədi qalsın. Qulu isə bu dünyada söz abidəsi qoyub gedib. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov