Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Dünya universitetləri

 

Uppsala Universiteti

 
  Yerləşir: İsveç Krallığı, Uppsala  şəhəri  
Yaranma tarixi: 1477-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 5000 nəfər
Tələbələrin ümumi sayı: 45000 nəfər
İllik büdcəsi: 5000000000 İsveç kronu
Rəsmi saytı: www.uu.se

 

 

 

Uppsala Universiteti (Uppsala University) İsveç Krallığının Uppsala əyalətinin eyniadlı şəhərində yerləşir və Şimali Avropanın ən qədim ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Uppsala Universiteti 100 ən yaxşı ali məktəb arasında 75-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Uppsala Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 147-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 62-ci yerdə qərarlaşıb. 

Tarixi 

Uppsala Universitetinin yaranmasında arxiyepiskop Ceyms Ulfssonun əhəmiyyətli rolu olub. XV əsrin ortalarında C.Ulfsson Uppsala şəhərində universitet yaratmaq qərarına gəlir, bunun üçün isə mütləq, orta əsrlər universitetlərində olduğu kimi, papa bullası almaq lazım idi.  1477-ci ildə  Uppsala Universiteti bu sənədi almağa nail olur. Bullaya əsasən, Papa IV Sikstus Uppsala Universitetinə daha əvvəl yaranmış Boloniya Universitetində olduğu kimi bir sıra hüquq və imtiyazlar verir. Belə ki, Uppsala Universitetində 4 ənənəvi  fakültə - ilahiyyat, hüquq (kilsə və Roma hüququ), tibb və fəlsəfə fakültələri açılır. Uppsalanın arxiyepiskopu yeni yaradılmış universitetin kansleri adlandırılır, ilahiyyat fakültəsi ali məktəbin mərkəzi qüvvəsi hesab olunur.

1515-ci ildə arxiyepiskop Ceyms Ulfsson təqaüdə çıxdıqdan sonra Uppsala Universitetinin inkişafında durğunluq yaranır. Kral XIV Erikin, sonradan isə onun qardaşı və davamçısı III İoannın universiteti dirçəltmək cəhdləri nəticəsiz qalır. 1593-cü ildə Uppsala şəhər rəhbərliyinin keçirdiyi iclasda universitetin əvvəlki nüfuzunun qaytarılması barədə qərar qəbul edilsə də, bununla bağlı faktiki olaraq ciddi heç bir iş görülmür.

İsveç orta əsrlərdə istila etdiyi ərazilər hesabına böyüməyə başlayır, ölkədə dövlət qulluqçularına və müəllimlərə daha çox ehtiyac duyulur. İsveçin müxtəlif şəhərlərində gimnaziya və hazırlıq məktəbləri tikilir. 1620-ci ildə kral II Qustav Adolfun səxavətli yardımı nəticəsində Uppsala Universitetinin iqtisadi təməli möhkəmlənir və ali məktəb inkişaf yoluna qədəm qoyur. Artıq 1630-cu ildə universitet tələbələrinin sayı 1000-i keçir. Eləcə də həmin dövrdə İsveç Krallığının tərkibində olan Estoniyada Derpt (1632), Finlandiyada Abo (1640), Danimarkada Lund (1666) universitetləti açılır. XVII əsrin əvvəllərində Almaniya universitetlərində təhsil almış İsveçin dövlət xadimi Aksel Oksenstierna ömrünün son illərində universitetdə kansler vəzifəsində çalışır və ali məktəbin inkişafında gördüyü xüsusi işlərlə yadda qalır. Kraliça Yelizaveta universitetə etdiyi bir çox yardımlarla yanaşı, ali məktəbdə keçirilən tədbirlərə də şəxsən qatılır. O, gənc alim Olaus Rudbekin Anatomik teatr memarlıq işinin  nümayişində iştirak edir. Qeyd edək ki, Niderland Krallığının Leyden Universitetində təcrübə qazanan və ixtisasca həkim olan O.Rudbek 1655-ci ildən Uppsala Universitetində çalışmağa başlayıb və memarlıq sahəsində gördüyü işlərlə tarixə düşüb. Xüsusi gümbəzlərdən ibarət Anatomik teatr binası, hazırda XVIII əsr muzeyi hesab edilən və Botanika bağı məhz onun əməyinin bəhrəsidir. Sonradan bu bağda tibb sahəsi üzrə professor Karl Linney uzun müddət fəaliyyət göstərdiyi və xüsusi qulluq işləri apardığı üçün bağa onun adı verilir.

 XVII əsrin sonunda universitetin tarixində nəzərəçarpacaq inkişaf hiss edilmir. Universitetdə dəqiq elmlər üzrə alimlərin sayı xeyli azalır, bu zamanadək ali məktəbdə aparılan fəal fəlsəfi debatlar Fransa inqilabından sonra ləngiməyə başlayır.   

1702-ci ildə Uppsala Universitetində baş vermiş yanğın nəticəsində universitetin bir çox binaları yansa da, Rudbekin tikdiyi binalar yanğına daha az məruz qalır. Yanğından daha çox zərər çəkən Uppsala kilsəsi və Uppsala qəsri görkəmli İsveç memarı Karl Harleman tərəfindən bərpa edilir. Həmçinin K.Harleman yeni Konsistoriya (xristianlarda inzibati və məhkəmə hüququna malik ruhani idarə) binasını tikir, rəsədxana, Linney botanika bağının binalarında bir sıra dəyişiklik edir. 

XVIII əsrdə universitetdə ortodoksal Lüteran və klassik filologiya hökm sürsə də, dəqiq elmlər üzrə də yeni layihələr həyata keçirilməyə başlanılır. 1728-ci ildə riyaziyyatçı və fizik Samuel Klingenstierna, 1729-cu ildə astronom və fizik Anders Selsi, 1741-ci ildə isə botanik və həkim Karl Linney professor elmi dərəcəsini almağa nail olurlar. Universitetdə dəqiq və humanitar elmlərin tərəfdaşları arasında mübarizə aparılır. 1741-ci ildə Uppsala Universitetində iqtisadiyyat kafedrası yaradılır. Bu, Almaniyanı çıxmaq şərti ilə, Avropada yaradılan ilk iqtisadiyyat fakültələrindən biri olur. 1759-cu ildə universitetdə təsərrüfat məqsədi ilə Təcrübi iqtisadiyyat bölməsi yaradılır. 

1865-ci ildə İsveç parlamentinin sonuncu sessiyası zamanı qadınların ali məktəblərə qəbul edilməsi barədə ilk dəfə olaraq məsələ qaldırılır. Sonrakı illər bu məsələ ölkə universitetlərində də müzakirə olunur. İsveç Krallığı üzrə ilk qız tələbə Uppsala Universitetinin tələbəsi Berti Petterson olur. O, 1872-ci ildə kralın icazəsi ilə Uppsala Universitetinə qəbul edilir və burada müasir Avropa dillərini öyrənir. Sonradan isə B.Petterson oğlanlar üçün məktəbdə müəllim işləyən ilk isveçli qadın kimi tarixə düşür. Ölkədə ilk doktorluq səviyyəsi alan qadın da Uppsala Universitetinin tarix elmləri doktoru Ellen Fries olur (1883-cü il). 1809-cu ildə qəbul edilmiş İsveç Konstitusiyasına əsasən yalnız isveçli kişilər dövlət vəzifələri tuta və professor adını ala bilərdilər. Bu qanun 1925-ci ildə ləğv edildikdən sonra İsveçdə ilk dəfə olaraq 1949-cu ildə xanım Gerd Enequist Uppsala Universitetində insan coğrafiyası üzrə professor adına yüksəlir. 

Büdcəsi və təhsil haqqı 

Uppsala Universitetinin illik büdcəsi 5000000000 İsveç kronu təşkil edir.

Universitetdə yerli və Avropa Birliyi, eləcə də Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən tələbələr ödənişsiz təhsil alırlar. Əcnəbi tələbələrdən isə təhsil haqqı ödəmək tələb olunur. Bakalavr pilləsində onların təhsil haqqı ildə 80000-180000 İsveç kronu təşkil edir. Təhsil haqqı İsveç kronu ilə ödənilir. Tələbə qeydiyyatdan keçmək üçün 900 İsveç kronu (100 avro) verir. Universitetin magistratura və doktorantura səviyyəsində təhsil haqqı tələbənin seçdiyi proqrama görə fərqlənir.

Uppsala Universitetinin təqaüd proqramı Avropa Birliyi və Avropa İqtisadi Məkanından kənar ölkələri təmsil edən tələbələr üçün nəzərdə tutulub. Təqaüd elanları payız və yaz aylarında (1 noyabr, 1 aprel) verilir və tələbələrin ərizə qəbuluna başlanılır. Universitetdə təhsil haqqını tamamilə ödəyəcək məbləğdə bir neşə təqaüd mövcuddur. Burada təqaüdlə yanaşı tələbələrə qrant və kreditlər təklif olunur. Universitetin verdiyi Vallenberq fondu, Linney qrantlarının məbləği 86000 İsveç kronu təşkil edir.  

Universitet bu gün 

Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir. Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir. Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib. 200000-ə qədər əhalisi olan bu şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir. Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var. Qədim binaların əksəriyyəti Uppsala Universitetinin binalarıdır. Şəhərdə yerləşən qədim binalardan Uppsala kilsəsini, universitet kitabxanasını, kral Qustav Adolfun adını daşıyan Qustavianum, Stora Torget, Yohann Skittin adını daşıyan Skitteanum tikililərini qeyd etmək olar.

Uppsala şəhərinin mərkəzindən şimalda Uppsala Universitetinin Müəllimlərin Hazırlanması Mərkəzi, cənubda Uppsala Biotibbi, İnformasiya Texnologiyaları və Geo mərkəzlər, Anqstrem, Rudbek laboratoriyaları, universitet xəstəxanaları, qərbdə Humanitar elmlər, o cümlədən Xarici dillər, Təkamül biologiyası mərkəzləri, Botanika bağı, Kilsə ətrafında Qustavianum, Qədim Konsistoriya, Universitet Holl, Ekerman, Din, Oksentierna, Reqnellianum, Karolina Rediviva binaları, şəhərin müxtəlif hissələrində isə Teatr Oekonomikum və Qamla Torget, Anders Selsi binaları, Linney bağı yerləşir. 

Uppsala Universitetində 50-dən çox bakalavr, 60-dan çox magistr və doktorluq proqramı, 1900 müxtəlif kurs təklif edən 16 fakültə fəaliyyət göstərir. Bu ali məktəbdə humanitar və sosial elmlər üzrə İlahiyyat, Hüquq, Tarix və fəlsəfə, Dillər, Sosial elmlər, Pedaqogika, tibb və əczaçılıq elmləri üzrə Tibb, Əczaçılıq, Tibb bacısı fakültələri, Tibb və Əczaçılıq Elmləri Elmi-Tədqiqat Mərkəzi, dəqiq və texniki elmlər üzrə Riyaziyyat və dəqiq elmlər, Fizika, Kimya, Biologiya, Texniki elmlər, Geoelmlər, Texnologiya və dəqiq elmlər fakültələri mövcuddur.

Uppsala Universitetinin Tibb və tibb bacısı fakültələrinin "Akademiska sjukhuset" adlı təhsil və təcrübə xəstəxanası fəaliyyət göstərir. Universitet xəstəxanasının yaşı universitetdən qədimdir, belə ki, bu xəstəxananın binası 1302-ci ildə tikilib və müstəqil xəstəxana kimi fəaliyyət göstərib, sonradan isə Uppsala Universitetinə birləşdirilib. Tibb fakültələri tələbələri üçün tikilmiş xüsusi universitet xəstəxanası Riddartorget ərazisində yerləşən və 1708-ci ildə inşa edilən "Nosocomium Academicum" xəstəxanasıdır. Ali məktəbin digər "Akademiska sjukhuset" xəstəxanası 1850-ci ildə universitet klinikasının ətraf xəstəxanalarla birləşməsi nəticəsində yaradılıb. Uppsala qəsrinin cənub-şərqindəki xəstəxananın yeni binası isə 1867-ci ildə inşa edilib.

Hazırda bu xəstəxana kompleksinin genişləndirilməsi üzrə işlər davam etdirilir. 2000-dən çox pasiyent tutumuna malik bu xəstəxananın 8000-dən çox əməkdaşı var. Universitet xəstəxanaları nəzdində Diaqnostika, anesteziya və texnologiya; Təcili tibbi yardım və reabilitasiya; Onkologiya, döş qəfəsi; Nevrologiya; Psixiatriya, Cərrahiyyə, Qadın sağlamlığı və pediatriya bölmələri, 100-ə yaxın departament fəaliyyət göstərir. Eyni zamanda  Uppsala Universitetinin Uşaq xəstəxanası, Uppsala Qabaqcıl Texnologiyalar və Neyroendokrin Şişlər Mərkəzi, Mobil İntensiv Müalicə, Helikopter İntensiv Müalicə, Bərkidilən Qanad İntensiv Müalicə (xəstənin yanına ən sürətli yetişmə, bütün avadanlıqla təchiz olunan vertolyot və təyyarələrə malik) şöbələri mövcuddur. Universitetin Uppsala Qayğı Xidməti ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün tibbi xidmətlər təklif edir. Qayğı Xidməti Endokrin onkologiya; Daxili xəstəliklər; Ginekologiya və sonsuzluq; İmmun catışmazlığı; Nevrologiya və neyrofiziologiya; Neyrocərrahiyyə, əmək terapiyası, reabilitasiya; Protez; Onurğa beyini zədələri reabilitasiyası; Xərçəngin cərrahiyyə və şüa terapiyası yolu ilə müalicəsi; Orqanların transplantasiyası; Uroloji xəstəliklər bölmələrindən; Döş Xəstəlikləri (kardiologiya, angioplastika və aritmiya daxil olmaqla) Mərkəzindən ibarətdir.  

***

Uppsala Universitetinin kitabxana sistemi ölkənin ən zəngin universitet kitabxanalarından hesab edilir. Universitetin kitabxana sistemi əsas Karolina Rediviva kitabxanası daxil olmaqla 18 filial kitabxanalarından (Karolina Rediviva, Boye Karin, Blasenhus, Hüquq, Daq Hammarşeld, İqtisadi elmlər, Şəhər və yaşayış yeri tədqiqatları, Təhsil və tədqiqat, Tibb, Səhiyyə və qayğı, Biotibbi, Anqstrem, Yer elmləri, Biologiya, Əlyazma və musiqi, Xəritə və çap, İlkin nəşrlər, Arxiv kitabxanaları) ibarətdir. Kitabxanalarda humanitar, ilahiyyat, sosiologiya, mədəniyyət, hüquq, pedaqogika, tibb, əczaçılıq, dəqiq elmlər və texnologiya üzrə kolleksiyalar toplanıb. Əsas kitabxana olan Karolina Rediviva binası 1841-ci ildə memar Karl Frederik Sundvall tərəfindən inşa edilib. Bu kitabxanada 6 milyona yaxın kitab, 61959 əlyazma, 7200-ə qədər musiqi partiturası, 345734 xəritə və digər coğrafi sənəd, eləcə də minlərlə digər materiallar saxlanılır. Arxiv və əlyazmalar arasında qotik İncil əlyazmaları (Kodeks Argenteus), astronom Nikolay Kopernikin və digər alimlərin əsərləri, kralların şəxsi sənədləri mövcuddur.

Uppsala Universitetinin unikal kolleksiyaya malik bir neçə muzeyi fəaliyyət göstərir. Bu muzeylər tədqiqatçılar, Uppsala şəhərinə gələn insanlar üçün böyük resurs mənbəyi hesab edilir. Universitetin zəngin kolleksiyalara malik muzeyləri arasında Təkamül, Tibb tarixi muzeylərini, Qustavianum binasını, Karolina Rediviva sərgisini xüsusi qeyd etmək olar.

Uppsala Universiteti Senat tərəfindən idarə olunur. Senat ali məktəbin elmi, iqtisadi, inzibati işlərinin planlaşdırılması və həyata keçirilməsinə cavabdehlik daşıyır. Senatın üzvlərini İsveç dövləti təyin edir. Müəllim və tələbələr də Senatın üzvü ola bilərlər. Senatın hər bir üzvü səsvermə hüququna malikdir. Senatın müəyyən etdiyi işlərin həyata keçirilməsinə operativ nəzarət universitet rektorunun üzərinə düşür. Uppsala Universitetinin rektoru və vitse-kansleri professor Anders Hallberqdir. Rektorun humanitar və sosial elmlər, tibb və əczaçılıq, eləcə də dəqiq elmlər və texnika üzrə 3 müavini var. Fakültələr dekanlar tərəfindən idarə olunur. Universitetdə ümumilikdə 5000 nəfər işçi çalışır. Onların 3000-i professor-müəllim və tədqiqatçılardır, qalanları isə inzibati heyətə daxildir. Universitetdə 550 nəfər baş müəllim işləyir, müəllimlərin 20 faizini qadınlar təşkil edirlər.

Uppsala Universitetində 45000-ə yaxın tələbə təhsil alır. Onların 23000-ni əyani, qalanlarını isə qiyabi oxuyan tələbələr təşkil edirlər. Tələbələrin yarıdan çoxu humanitar və sosial elmlər üzrə təhsil alır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Uppsala Universitetinin magistratura səviyyəsində Şəbnəm Zöhrab qızı Alməmmədova beynəlxalq münasibətlər, Fərrux Mübariz oğlu Əliyev Avroasiya araşdırmaları ixtisasları üzrə təhsil alırlar. 2010-2011-ci tədris ilində həmin proqrama əsasən Naidə Tofiq qızı Süleymanova Uppsala Universitetinin magistratura səviyyəsinə Tibbi biokimya və mikrobiologiya bölməsi üzrə yoluxucu biologiya ixtisasına qəbul olunub.

Uppsala Universitetinin tələbə şəhərciyində 3500 birotaqlı və 2700-ə qədər mənzildən ibarət yataqxana kompleksi fəaliyyət göstərir. Buna baxmayaraq, tələbələr universitet yataqxanalarında yer tapmaqda bir qədər çətinlik çəkir, kirayə otaq tutmaq və şəhərdə müstəqil olaraq yaşayış yeri axtarmaq məcburiyyətində qalırlar. Bu işdə tələbələrə universitetin Tələbə Təşkilatı yardım edir. Tələbə Təşkilatı bir sıra xüsusi mənzil və otaqlara malikdir və təşkilata üzv olan tələbələri burada yerləşdirir. Təşkilat Kvarnqardet, Floqsta, Centrum, Hoqanas, Luthagen, Ultuna, Qamla Uppsala və digər rayonlarda yerləşən yataqxanalarda otaqlar təklif edir. Bir otağın qiyməti yerləşdiyi ərazi və şəraitindən asılı olaraq ayda 2300-5000 İsveç kronu arasında dəyişir.

Uppsala Tələbə Təşkilatı 1849-cu ildə yaradılıb və bu təşkilata Əczaçılıq fakültəsinin tələbələrini çıxmaq şərti ilə millətindən asılı olmayaraq bütün tələbələr daxil edilir. Əczaçılıq fakültəsinin tələbələrinin təşkilata üzvlükdən azad olmasının səbəbi onların ayrıca olaraq Əczaçılıq Tələbələri Assosiasiyasının fəaliyyət göstərməsi ilə əlaqədardır. Eyni zamanda Uppsala Universitetində hər ölkəni və ya milləti təmsil edən tələbələr də xüsusi təşkilatlar yaradırlar.

Universitetdə musiqi sahəsinə xüsusi diqqət ayrılır. Kral Akademik Orkestri 1627-ci ildən fəaliyyət göstərir. Bu orkestrdə Vilhelm Stenhammar, Uqo Alfven və Lars-Erik Larson kimi dahi bəstəkarlar çalışıblar. Universitetin məşhur xor qrupu fəaliyyət göstərir və bu qrupun tanınmış simalarından Erik Eriksonun adını qeyd etmək olar. Onun şərəfinə universitetdə Erikson Xor Rejissorluğu kafedrası, 2000-ci ildə isə xor mərkəzi açılıb. Mərkəz xor kursları təklif edir.

Amerika və Britaniya universitetlərindən fərqli olaraq Uppsala Universiteti tələbələrinin həyatında idman elə də böyük rol oynamır. Universitet daha çox musiqi və xor sahəsi üzrə məşhurdur. Burada tələbələr qılıncoynatma, gimnastika, yüngül atletika, atçılıq  və s. idman növlərinə üstünlük verirlər.

Dünyanın ən qədim ali məktəblərindən olan Uppsala Universiteti hazırda beynəlxalq əməkdaşlıq, ticarət, iqtisadiyyat, mədəni mübadilə və bir sıra digər sahələr üzrə ən innovativ tədqiqat və təhsil tədbirləri keçirir. Ali məktəbin qarşısında duran əsas məsələlərdən biri də fənlərarası tədqiqatların aparılması və dünyanın müxtəlif böyük şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni modellərin işlənməsidir. Son illər universitet apardığı tədqiqatların öyrənilməsi üçün beynəlxalq ekspertlər dəvət edib. Universitetin əldə etdiyi nəticələr ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu gün Uppsala Universiteti tək Avropanın deyil, bütün dünyanın sürətlə inkişaf edən elmi-tədqiqat müəssisələrindən birinə çevrilib.  

Universitetin məşhur məzunları 

  Şahzadə Viktoriya İsveç Krallığının taclı şahzadəsi  
  X Karl İsveç Krallığının sabiq kralı  
  XV Karl  İsveç Krallığının sabiq kralı  
  II Oskar İsveç Krallığının sabiq kralı  
  V Qustav  İsveç Krallığının sabiq kralı  
  VI Qustav  İsveç Krallığının sabiq kralı  
  XVI Karl Qustav  İsveç Krallığının sabiq kralı  
  Nils İden İsveç Krallığının sabiq baş naziri  
  Hens Bliks İsveçin sabiq xarici işlər naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri  
  Anna Lind  İsveçin sabiq xarici işlər naziri  
  Per Yakobson Beynəlxalq Valyuta Fondunun direktoru  
  Hans Korell BMT Baş katibinin hüquq məsələləri üzrə sabiq müavini  
  Hans Henrik von Essen  Norveçin general-qubernatoru  
  Karl Qustav Vestman İsveçin sabiq ədliyyə naziri  
  Tito Steyn Dolanc Yuqoslaviya Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri  

  

Universitetin Nobel mükafatı laureatları

  Arne Tiselius kimya üzrə Nobel mükafatı laureatı  
  Teodor Svedberq kimya üzrə Nobel mükafatı laureatı  
  Svante Arrenius kimya üzrə Nobel mükafatı laureatı  
  Allvr Qulstrand fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Robert Barani fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Huqo Teorell  fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı  
  Manne Siegbahn fizika üzrə Nobel mükafatı laureatı  
  Hannes Alfven fizika üzrə Nobel mükafatı laureatı  
  Kay Siegbahn fizika üzrə Nobel mükafatı laureatı  
  Erik Aksel Karlfeldt  ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Per Laqerkvist ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Yalmar Brantinq ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Natan Söderblom sülh üzrə Nobel mükafatı laureatı  
  Alva Mirdal  sülh üzrə Nobel mükafatı laureatı  
  Daq Hammarşeld sülh üzrə Nobel mükafatı laureatı  

     

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov