Təhsil Nazirliyinin əmrinə əsasən bu ilin mart-aprel
aylarında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibəti ilə ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri
arasında ifa üzrə I Respublika müsabiqəsi
keçirilib.
Əsas
məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri
şagirdləri ilə xalq mahnılarının və Azərbaycan
bəstəkarlarının əsərlərinin öyrənilməsi
istiqamətində aparılan işləri yaxşılaşdırmaq,
gənc nəslin vətənpərvərlik və mənəvi-estetik
tərbiyəsini yüksəltmək, xüsusi istedada malik
olan tələbə-gənclərin yaradıcılıq potensialını
üzə çıxarmaq, istedadlı yeniyetmə və gənclərin
ifaçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə
dəstək vermək olan müsabiqə şeir, mahnı və xalq
çalğı alətlərində ifa nominasiyalarını əhatə
edib. Müsabiqə 3 mərhələdə keçirilib. I
mərhələdə iştirakçını ilk peşə-ixtisas təhsili
müəssisəsində yaradılmış münsiflər heyəti
müəyyənləşdirib.
Mart ayında 10 zonada təşkil olunan II mərhələdə
hər nominasiya üzrə I və II yerləri tutan
gənclər sonuncu - respublika mərhələsində
iştirak etmək hüququ qazanıb. Müsabiqənin finalı
aprelin 5-də Təhsil Alan Gənclərin Respublika
Bədii Yaradıcılıq Evində keçirilib və qaliblər
münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Şeir nominasiyası üzrə 3 nömrəli Bakı Peşə
Liseyinin III kurs şagirdi Aysel Şirəliyeva I
yerə layiq görülüb. Beyləqan Peşə Məktəbinin
şagirdi Firuzə İbrahimova II, 2 nömrəli Bakı
Peşə Liseyinin şagirdi Aslan Salmanov isə III
yeri tutublar. Ağcabədi Peşə Məktəbinin I kurs
şagirdi İlahə Hüseynova şeir nominasiyası üzrə
IV - həvəsləndirici yerə layiq görülüb.
Mahnı nominasiyasında I yerin sahibi 12 nömrəli
Bakı Peşə Liseyinin II kurs şagirdi Çinarə
Heybətova olub. 3 nömrəli Sumqayıt Peşə
Liseyinin şagirdi Xalid Ağazadə II, Beyləqan
Peşə Məktəbinin III kurs şagirdi Əzizə
Abdullayeva III, Dövlət Dəmir Yolu liseyinin
8-ci sinif şagirdi Jalə Quliyeva isə IV nəticə
göstəriblər.
Xalq çalğı alətlərində ifa nominasiyasında isə
yerlər belə bölüşdürülüb: I yer - Təbriz Orucov
(Şəmkir Peşə Liseyinin III kurs şagirdi); II yer
- Əhməd Səfərli (9 nömrəli Bakı Peşə Liseyi);
III yer - Vüsal Dövlətov (1 nömrəli Sumqayıt
Peşə Liseyinin III kurs şagirdi); IV yer - Elvin
Laçınov (Dövlət Dəmir Yolu liseyinin I kurs
şagirdi).
Aprelin 27-də Bakı Sosial-Pedaqoji Kollecində
qaliblərə mükafatların təqdim olunması mərasimi
keçirildi. Mərasimi Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov açaraq iştirakçıları təhsil
naziri adından salamladı və qalibləri təbrik
etdi. A.İbrahimov ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında ilk dəfə
keçirilmiş müsabiqənin mühüm əhəmiyyət kəsb
etdiyini, müsabiqə zamanı xeyli istedadlı
yeniyetmə və gəncin aşkara çıxarıldığını
bildirdi və müsabiqənin təşkili və
keçirilməsində əməyi olanlara minnətdarlıq etdi.
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov da qalibləri təbrik edib
onlara gələcəkdə daha böyük uğurlar arzuladı.
Sonra ifa müsabiqəsinin qaliblərinə mükafatlar -
diplomlar və hədiyyələr təqdim olundu.
Tədbir müsabiqə qaliblərinin ifasında konsert
proqramı ilə davam etdi.
Yusif ƏLİYEV |