Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin
(TSİİL) "Pedaqoji kadrların əlavə təhsil
sisteminin müasirləşdirilməsi" 2-ci
komponentinin İcra Planına uyğun olaraq,
2011-2012-ci tədris ilində respublikanın
ümumtəhsil məktəblərinin I siniflərində dərs
deyəcək, həmçinin son 3 ildə təlim kurslarından
keçməyən ibtidai sinif müəllimlərinin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2011-ci il iyun-avqust aylarında Naxçıvan
MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan
şəhərlərinin, respublika rayonlarının dövlət
ümumtəhsil məktəblərinin 2011-2012-ci tədris
ilində I siniflərdə işləyəcək, həmçinin son 3
ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan
keçməyən ibtidai sinif müəllimləri üçün 60
saatlıq (10 günlük) təlim kursları təşkil
edilsin.
2. Təlim kursunun tədris planı və proqramı
təsdiq olunsun (əlavə olunur).
3. Nəzərə alınsın ki:
3.1. Naxçıvan MR-də təlim kursları Təhsil
Problemləri İnstitutunun Kurikulum Mərkəzinin
təşkilatçılığı ilə "Öyrədənlərin öyrədilməsi"
kursunu bitirib sertifikat almış təlimçilər
tərəfindən aparılır.
3.2. Respublikanın şəhər və rayonlarında təlim
kursları TSİİL çərçivəsində tender qaydasında bu
təlimləri keçirmək hüququ qazanmış təşkilatlar
tərəfindən aparılır.
3.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində
olan ümumi təhsil müəssisələrinin (lisey,
gimnaziya və s.) 2011-2012-ci tədris ilində I
siniflərdə işləyəcək, həmçinin son 3 ildə fənn
kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən
ibtidai sinif müəllimləri həmin müəssisələrin
yerləşdikləri ərazilərdə təşkil edilən təlim
kurslarına cəlb olunurlar.
3.4 Məcburi köçkün məktəblərinin 2011-2012-ci
dərs ilində I siniflərdə işləyəcək, həmçinin son
3 ildə fənn kurikulumlarının tətbiqi üzrə
kursdan keçməyən ibtidai sinif müəllimləri
məskunlaşdıqları şəhər və rayonlarda təşkil
edilən təlim kurslarına cəlb olunurlar.
3.5. Təlim kursunu uğurla başa vurmuş
müəllimlərə Təhsil Nazirliyi tərəfindən müəyyən
edilmiş vahid formada sertifikat verilir.
3.6. Ümumtəhsil məktəblərinə yeni işə qəbul
olunan I sinifdə işləyəcək müəllimlər üçün
2011-ci il sentyabr ayı ərzində təlim kursları
təşkil edilə bilər.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
4.1. Təlim kursları başlanana qədər 2011-2012-ci
tədris ilində I siniflərdə dərs deyəcək,
həmçinin son 3 ildə fənn kurikulumlarının
tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif
müəllimlərinin siyahısını dəqiqləşdirsinlər,
yeni fənn kurikulumları ilə tədrisə başlanacaq I
siniflərdə səriştəli və müasir tələblər
baxımından yüksək peşəkarlıq səviyyəsinə malik
müəllimlərin işləməsini təmin etsinlər.
4.2. Təhsil Nazirliyi ilə kursların təşkili üzrə
əlaqələndiricini və təlim kursları təşkil
olunacaq mərkəzlərə təhkim olunan məsul şəxsləri
müəyyənləşdirsinlər.
4.3. Təlim kurslarına cəlb edilən müəllimlərin,
kurs keçirilən müəssisələrin və onlara təhkim
olunan əməkdaşların siyahısını əmrlə təsdiq
etsinlər və əmrin surətini nazirliyə təqdim
etsinlər.
4.4. Təlim kurslarını həyata keçirən aşağıda
adları göstərilən müvafiq təşkilatla birlikdə
2011-ci ilin iyun-avqust aylarında keçiriləcək
kursların cədvəlini tərtib etsinlər,
məşğələlərin səmərəli keçirilməsi üçün nəzərdə
tutulmuş müəssisələrdə lazımi şərait
yaratsınlar, hər bir təlim otağının zəruri
texniki vasitələrlə (kompüter (noutbuk),
proyektor) təchizatını təmin etsinlər:
-
"İnkişaf" Elmi Mərkəzi - Bakı şəhəri və Lənkəran
iqtisadi zonası üzrə;
-
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi -
Abşeron, Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ
iqtisadi zonaları üzrə;
-
Azad Müəllimlər Birliyi - Gəncə-Qazax iqtisadi
zonası üzrə;
-
"Yaşlıların təhsili assosiasiyası" İctimai
Birliyi - Şəki-Zaqatala iqtisadi zonası üzrə;
-
"Təhsilin humanistləşdirilməsi" İctimai Birliyi
- Quba-Xaçmaz iqtisadi zonası üzrə.
4.5. Məcburi köçkün rayonlarının təhsil şöbələri
(E.Şükürova, Z.İbrahimov, M.Bağırov, A.Həşimova,
Ş.Xəlilov, V.Həsənova, M.Şükürov,
A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər
üzrə 2011-2012-ci tədris ilində I sinifdə
işləyəcək, həmçinin son 3 ildə fənn
kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən
ibtidai sinif müəllimlərinin təlim kurslarında
müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
4.6. Təlim kurslarının yekunlarına dair
müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş
hesabatı və üzürlü səbəbdən təlimdə iştirak
etməyən, 2011-2012-ci tədris ilində işə qəbul
edilmiş və təlim kursundan keçməyən ibtidai
sinif müəllimlərinin siyahısını 2011-ci il
sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim
etsinlər.
5. Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil
məktəblərində 2011-ci dərs ilində I sinifdə
işləyəcək, həmçinin son 3 ildə fənn
kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən
ibtidai sinif müəllimləri üçün təlim kurslarının
təşkili, keçirilməsi və yekunlaşdırılmasında
yerli təhsil şöbələrinə və təlimçilərə əməli
köməklik göstərmək üçün müvafiq əməkdaşların
Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.
6. Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə
əlaqələndirici qrupun direktoru (E.Rüstəmov)
təlim kurslarının təşkili, keçirilməsi və
yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və
təlimçilərə əməli köməklik göstərmək, kursların
keçirilməsinə nəzarət üçün müvafiq əməkdaşların
rayon və şəhərlərə ezam olunmasını nəzərdə
tutsunlar.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, həmçinin təlim kurslarının
nəticələrinin kütləvi informasiya vasitələrində
işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL
üzrə milli koordinator İ.İsgəndərova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 aprel 2011-ci il |