Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

Qələbə - 66

Acı xatirələr

 

Mən müharibəyə qışda - qarlı, çovğunlu bir gündə getdim, - deyə Mərdan müəllim sözə başladı. Mən müharibənin nə demək olduğunu hiss edirəm, onun dəhşətlərini, qırılıb tələf olan insanları gözlərimlə görmüşəm. O illər mənim qəlbimdə, bədənimdə izlər qoyub gedib. Elə izlər ki, əbədilik yaddan çıxmaz, unudulmaz.

KRIM! Yer qızmar kürə kimi yanırdı. Yerlərin alovu göylərin sifətini qarsırdı. Sözün əsl mənasında ölüm-dirim müharibəsi gedirdi. Vuruşma əlbəyaxa şəklini almışdı. Demək olar ki, bütün yollar bağlanmışdı. Simferopol, Yalta, Aluşta, bir çox şəhər və kəndlər düşmənin əlində idi. Sevastopol isə qan gölünə çevrilmişdi. Xülasə, vuruşa-vuruşa Qara dənizin sahilindəki qayalığa çəkildik. Qərargahdan xəbər gəldi ki, xilas olmaq üçün heç bir ümid yolu yoxdur. Alman ordusu Kerç boğazını keçmişdir. Biz bir neçə dəfə su yolu ilə Tuapseyə çəkilmək istədik. Lakin bu mümkün olmadı. Eh... o qayalıqda nələr olmadı... Özünü dənizə atan, son patronunu özünə vuranlar da çox oldu, gələcəyə inamı qalanlar da.

Krımda əsir düşdük. Bir neçə gündən sonra insan axını qərbə tərəf getməyə başladı. Faşistlər insan ölümündən ləzzət alır, tapançalarını yoxlayır, at ayağı boyda çalalarda  olan suya can atanları biçir, yaralıları öldürürdülər. Vətən torpağı arxada qaldı, qürbətə düşdük. Qərb ölkələrinin əsir düşərgələri... Bu düşərgələr hər gün nə qədər  insan udurdu. Faşistlər əsirləri düşərgədən düşərgəyə dağıdır, ağzıbağlı  vaqonlarda  harasa aparırdılar. İllər arxada qalırdı. Faşistlər əsirləri işgəncə verə-verə işlədir, dağıdılmış dəmir yollarını bərpa etdirirdilər. Müxtəlif millətlərdən olan əsirlər bir-biri ilə dil tapır, çıxış yolu axtarırdılar.

Meşələrdə partizanlar fəaliyyət göstərirdilər. Fürsət düşən kimi qaçanlar az olmurdu. Mən, Məhərrəm və Mişa bir dərdləşib qaçmaq üçün fürsət axtarırdıq. Alman zabitləri nədənsə təşviş keçirirdilər. Görünür, Qızıl ordunun həniri onlara çatmışdı. Necə qaçdığımızı bilmədik. 15 sutka qaçdıq. Cəhətləri göy cismləri ilə müəyyən edə bilirdik.

Aclıq bizi əldən salmışdı. Tanıdığımız ot və ot kökləri tapıb yeyirdik. Üst-başımızı kol-kos aparmışdı. Meşə getdikcə seyrəkləşirdi. Meşənin kənarı ilə burula-burula gedən yola çatdıq. Papirossuz idik. Yolun kənarını gəzir, papiros tullantısı axtarırdıq. Uzaqdan bir nəfər velosipedçinin gəldiyini gördük. Məhərrəm onun qabağını kəsmək qərarına gəldi. Elə də oldu. Gələn italyan idi. Az söhbətdən sonra partizan olduğunu bildik. O, bizə partizan birləşmələrinə qoşulmağı təklif etdi və bələdçimiz oldu. Alp dağlarının ağlasığmaz bir guşəsində məskən salan partizan briqadasına qoşulduq. Briqadanın komandiri gözəl təşkilatçılıq bacarığı olan qorxmaz italyan partizanı Salami idi. 

İki gündən sonra mühüm tapşırıq aldıq. Partizanların məskəni Piyaçensa, Paviya, Toptana şəhərlərinin yaxınlığındakı dağlar və meşəliklər idi. Xüsusi sənədlərlə mühüm döyüş tapşırıqlarını yerinə yetirmək məqsədi ilə Milan, Genuya, Boloniya, Venetsiya və Turin şəhərlərinə göndərilmişəm. Mənim dostum Məhərrəm az vaxt ərzində partizanların hörmətini qazandı. O, qorxu bilməzdi. Partizanlar ona "Əzrayıl" ləqəbi qoymuşdular.

Müharibənin qurtarmasını radio ilə elan etdilər. "Əzrayıl" bu şad xəbəri eşidən kimi gedib oturdu bir kötüyün üstündə və başladı zar-zar ağlamağa.

18 gün idi ki, müharibə qurtarmışdı. Rus partizanları İtaliyada at oynadırdılar. Bir gün biz şəhərdə gəzirdik. Bir nəfər boy-buxunlu adam məni saxladı və cibindən bir şəkil çıxarıb mənə göstərdi:

- Bu sizsiniz?

- Bəli, mənəm.

- Mən sizi qəzet, radio vasitəsilə axtarmalı idim. Yaxşı ki, təsadüfən görüşdük. Mən burada mebel kombinatının direktoruyam. Bu qız (o, şəkildə bir vaxt bir yerdə şəkil çəkdirdiyim italyan qızını göstərdi) mənim bacım qızıdır. Gedək.

Mən Məhərrəmə məlumat verməyə macal tapmadım, getdik. Bir az keçmiş dayısı qızı tapdı. Hərəmizə bir velosiped gətirdilər. Düşdük yola. Mən o kəndə getdim ki, orada vaxtı ilə qərargahımız olub. Alman ordusundan götürdüyümüz əsgərləri, zabitləri burada... İndi ora "Şvarçehende" (Qara rubaşkalıların) əlində idi. Onlar 30 nəfərə yaxın idilər. Biz onların qarşısından keçib getdik, evə çatdıq. Qızın atası-anası məni səmimi qarşıladılar. Mənim tapılmağıma bir cöngə qurban saxlamışdılar. Onların adəti tamam başqadır. Malı, qoyunu, toyuğu boğazından asırlar, sonra dərisini soyub ətini yeyirlər. Bizim adəti əvvəlcə onlara demişdim. Ona görə bıçaq gətirdilər, cöngəni mənə kəsdirdilər. Elə təzəcə cöngəni dəridən çıxarmışdım, üç nəfər qara rubaşkalı gəldi. Mənim qollarımı bağladılar. Kişi ilə arvadı təhqir edib döydülər. Məni apardılar, ikinci mərtəbədə otaqda bir kifir, üz-gözündən zəhrimar yağan alman zabiti oturmuşdu. O, başını yuxarı qaldırmadan:

- Bolşeviksən?

- Xeyr.

- Partizansan?

- Xeyr.

- Onda buralarda nə sülənirsən?

O kifir zabit ayağa durdu, otaqda var-gəl elədi, sonra üzünü mənə tutdu və istehza ilə:

- İndi sənə general paltarı geyindirəcəyik.

Mən bilirdim, o, nəyə işarə edir. Adamın sağ böyründən dəyən tapança gülləsi sol böyründən çıxır. Hər iki tərəfdən axan qırmızı qan şalvarda qırmızı zolaq əmələ gətirir. Nə isə... O, qapıda duranı çağırıb dedi:

- Salın zirzəmiyə.

O zirzəmidə vaxtı ilə kömür, buz saxlamışıq. Qollarımı açıb məni saldılar zirzəmiyə. Qaranlıq zirzəmidə ayağımı hara qoyurdum batırdım lehməyə. Buz ərimişdi, qarışmışdı kömürə. Türklər mənə kibrit qutusu boyda Quran bağışlamışdılar. Onu boynumdan asmışdım. Quranı çıxartdım, öpdüm, qoydum gözümün üstünə. Elə bu vaxt qız pəncərəni döydü. Qərargahın ünvanını istədi. Mən ünvanı dəqiq dedim. O getdi. Gecə saat 24-də zirzəminin qapısı açıldı, iki nəfər əllərində əl fənəri ilə içəri keçdi. Biri o birinə amiranə:

- Yıx yerə, başını kəs.

"Başını kəs" sözünü eşidəndə dünya başıma hərləndi, bir az cəsarətə gəldim:

- Eybi yoxdur, indi mənim adamlarım gələcək.

Bu cümlə ağzımdan çıxmamışdı ki, onlardan biri gözümün üstünə elə bir yumruq düyünlədi ki, gözümün odu parladı. Qaranlıq zirzəmidə şümşürük oynadı elə bil. O birisi qarnıma bir karlı təpik vurdu. Məni soyundurdular, paltarımı götürüb getdilər...

Səhər açıldı. Zirzəminin dəmir şəbəkələri arasından içəri boylanan günəş şüaları zirzəmini nura qərq elədi. Qapının qıfılının açılmasını eşitdim. Həmən kifir alman zabiti məni çagırdı. Bədənimi lüt görəndə təəccübləndi.

- Səni kim bu kökə salıb?

- Sənin adamların.   

O, məni qatdı qabağına. Sağ tərəfə gedən yol alma bağına, sol tərəfə gedən yol kəndə gedirdi. Mən fikirləşdim, əgər zabit "Sağa dön" əmrini versə, deməli məni güllələməyə aparır, yox kəndə tərəf getsək, hələ yaşamağa güman var. Biz kəndə tərəf getdik. Kəndin camaatı məni tanıyırdı. Lakin qorxudan heç kəs yaxınlaşmırdı. Zabit məni qızgilə gətirdi. Gördüm arvadla kişinin üzündə-gözündə islahat  yoxdur. Nə isə. Kifir zabit məni təhvil verdi onlara və ciddi tapşırdı:

- Əgər bunu qaçırsanız, gəlib benzin töküb sizi və evinizi yandıracağam.

O, çıxıb getdi. Qız su gətirdi, əl-üzümü yudum. Mənə elə gəlirdi ki, ayaqlarım yerdən üzülür. İnsanlar gözümə qeyri-adi görünürlər. Evin qadını mənə bir stəkan süd gətirdi, boğazımdan keçmədi. Birdən qapı taybatay açıldı. "Əzrayıl"ın dəstəsi doldu içəri. O məni bəsdi deyincə danladı. "Əzrayıl"a cavab qaytarmaq olmazdı.

Bir Amerika həkimi ayaq baş barmağıma bir iynə vurdu. Ayaqlarım yerə dəydi. Bax belə...

Bir dəfə Siciliya adasına gedən gəmiyə mindim. Maraq üçün gəzməyə getdim. Adada qədim bir kilsə var, kilsənin keşişi uzun saqqallı bir adam idi. Buraya ziyarətə gələnləri o yerbəyer edirdi və bütün dilləri bilirdi. Keşiş mənə yaxınlaşdı:

- Hansı millətdənsən?

- Müsəlman.

- Əzizim, bu kilsə tikiləndən buraya müsəlman ayağı dəyməyib, otur gözlə.

O, başqa millətlərdən olanları apardı kilsənin görkəmli yerlərini, ibadət evlərini göstərdi. Növbə mənə çatdı.

- Dur, Məhəmməd peyğəmbərin ziyarətinə gedirik.

O, bir qapını açdı, üç pillə aşağı düşdü. Mənim isə ağlım başımdan çıxmışdı.

- Əzizim, peyğəmbər hüzurundasan, salavat xətm elə...

Biz qayıtdıq. O, bir otağın qapısını açdı, otağın divarı boyda bir kitab var idi. Kitab ipək kəndirlə bağlanmışdı. Yanında bir  bayda mürəkkəb, lələk qələmlər vardı. Keşiş kitabın ipək kəndirini açdı, qələmi və mürəkkəbi göstərdi:

- Əzizim, indi buraya gəlişinin məqsədini, kimliyini yaz.

Mən lələk qələmin birini götürüb latın qrafikası ilə yazmağa başladım. Fikrimi tamamlayıb nöqtə qoydum. Keşiş əlini saqqalına çəkdi və dedi:

- Əzizim, axı mən dedim ki, bu kilsə bina olunandan buraya müsəlman ayağı dəyməyib. Müsəlmanlar sağdan sola, sən isə soldan sağa yazırsan. Sən azərisən...

1944-cü il idi. İtaliya torpağını partizan hərəkatı bürümüşdü. Bütün briqadanı əsirlikdən qaçan sovet  əsgərləri və zabitləri təşkil edirdi. Partizan hərəkatı faşistləri cana gətirmişdi. Onlar şəhərlərdə, kəndlərdə elan vurur, rus partizanlarını tutub təhvil verənlərə külli miqdarda mükafat vəd edirdilər. Onu da deyim ki, qızlar da misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərirdilər. Bir gün qızlardan biri - Bertanino çox mühüm bir məlumat gətirmişdi. Ryançesadan Paviyaya - partizanlara qarşı hücum etmək üçün 16 yük maşını hərbi sursatla yüklənmişdi. Və faşist korpusuna silah çatdırmağa can atır. Salami təcili işə başladı. Alman dilini yaxşı bilənlərdən Cuzeppe, mən, "Əzrayıl" Məhərrəm, Mişa, Covanni, Davidion və başqalarından ibarət 12 nəfərlik təxribatçılar dəstəsi yaradıldı. Salami dedi:

-Dəstəyə başçılıq etməyi Mərdan Rzayevə və Cuzeppeyə tapşırıram.

Vaxtın hər dəqiqəsi qiymətli idi. Po çayının üzərindəki körpü partladılmalı, düşmənin sursatı məhv edilməli idi. Körpü möhkəm mühafizə edilirdi. Cuzeppe dedi:

- Mərdan, mühafizəçiləri aradan götürmək lazımdır, başqa çıxış yolu yoxdur. İş bölgüsü belə oldu. "Əzrayıl",  Covanni və Cuzeppe fürer mayoru paltarlarında, Məhərrəmlə Covanni baş leytenant libasında mühafizəçiləri tərk-silah etdilər. 9 nəfər körpünü minaladı, hər şey hazır idi. Meşəyə çəkildik. Körpü aydın görünürdü. Maşınlar hərəkətə gəldilər. Birdən elə bil göy guruldadı, yer tərpəndi, körpü və maşınlar havaya sovruldular. Elə o vaxt Mərdan Rzayevə komandanlıq tərəfindən verilən vəsiqədə deyilir: "Vətənpərvərlərin vəsiqəsi, Birləşmiş millətlərin xalqları və hökumətləri adından Rzayev Mərdana təşəkkür edirəm. Ona görə ki, azadlığın böyük qələbəsi uğrunda silah işlədib, vətənpərvərlər sırasında vuruşub. Onların igidliyi və mətinliyi İtaliyanın, bütün tərəqqipərvər bəşəriyyətin faşizmdən xilas olmasına köməklik göstərmişdir. Bu attestatın sahibi yeni yaradılmış İtaliya tərəfindən səadət və azadlıq naminə döyüşən vətənpərvər kimi qəbul ediləcəkdir. Aralıq dənizi mərkəzindəki müttəfiq qüvvələrin baş komandanı Aleksandr".

Mərdan müəllim o vaxt yurdumuzun qəhrəman oğlu Mehdi Hüseynzadənin İtaliyada göstərdiyi qəhrəmanlıqlardan da xeyli danışdı. Sonra kövrəldi:

- Eh! O illəri yada salanda yaramın qaysağı yenidən qopur, gizildəyir. Bəxtəvər çağlarım, müsibətli günlərim kino lenti kimi gəlib gözlərimin önündən keçir.  

Sinəsi dolu nənəmlə saldaşın üstündə oturardıq,  

Zümzüməylə axan çaya baxardıq.

Saçlarını göz yaşı tək suda yuyan

Bədirlənmiş aya baxardıq.

Sular ayna, səma aydın, ulduzlar parlaq.

Ömür kitabımız yazılardı varaq-varaq.

Birdən!

Qulaqlara vahiməli bir səs dəydi,

Sifətlərə can sıxıcı nəfəs dəydi,

Müharibə! 

Buna baxmayaraq, hər büstün önündə dayananda, bir əsgər paltarı geyinmiş oğlan görəndə o qanlı illərin qanlı səhnələri gözlərim önündə canlanır. Müharibənin vurduğu yaraların unudulmadığını, könüllərdə iz saldığını hiss edirəm. Hiss edirəm ki, hələ çoxlarının göz yaşları qurumayıb.  

Əvəz Mahmud LƏLƏDAĞ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov