Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Kurikulum Mərkəzi: qısa tarixi xülasə

 

İlk addımlar 

1999-cu ildən başlayan təhsil islahatları Azərbaycanda pedaqoji, psixoloji elmlərin, məktəbin inkişafına əlverişli şərait yaratdı. Ehtiyac və tələbatlara uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsi, təşkilati-struktur bazanın möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlandı. 2000-ci il iyunun 13-də Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmana əsasən yaradılmış Təhsil Problemləri İnstitutunun tərkibində yeni qurumların olması nəzərdə tutuldu. İlkin yanaşmada həmin qurumlar departament kimi təsdiq olundu və onlardan biri Təhsil planı departamenti adlandırıldı.

İnstitutun strukturundakı qurumlardan birinin "Təhsil planı departamenti" adlandırılması hələ 1999-cu ildən etibarən ölkədə kurikulum termininin "təhsil planı" kimi tərcümə olunaraq işlənməsi ilə bağlı idi. Pedaqoji anlayışlar sırasında belə bir termin olmasa da, o, məzmun, texnologiyalar, qiymətləndirilmə və idarəetmə məsələlərini əhatə edən bir anlayış kimi başa düşülürdü. Bu anlayış bir müddət işlənsə də, vətəndaşlıq hüququ qazana bilmədi. 

Təşkilati-metodik bölüm 

2001-ci ildə institutun nizamnaməsi yenidən nəzərdən keçirilərkən onun strukturuna daxil olan departamentlər bölümlər kimi adlandırıldı. O cümlədən "Təhsil planı departamenti" "Təşkilati-metodik bölüm" adı altında fəaliyyətini davam etdirdi. Bu bölüm altı şöbəni (təhsil standartları, tədris planı və proqramlar, dərslik və dərs vəsaiti, yeni pedaqoji texnologiyalar, monitorinq və qiymətləndirmə, texniki peşə təhsili) və təhsil sahəsində normativ sənədlər laboratoriyasını birləşdirirdi. Burada fəaliyyət göstərən 53 əməkdaşın 8-i şöbə və laboratoriya müdiri, 12-si baş mütəxəssis, 12-si aparıcı mütəxəssis, 8-i mütəxəssis, 1-i baş metodist, 5-i metodist, 3-ü böyük elmi işçi, 2-si kiçik elmi işçi idi. Bölümün əməkdaşları təlimin məzmunu və onun təhsil islahatı proqramının tələblərinə uyğun təkmilləşdirilməsi, yeni pedaqoji texnologiyalar, təhsilin idarə olunması və nəticələrin qiymətləndirilməsi problemləri üzrə sırf praktik xarakterli araşdırmalar aparırdılar. İstər mövzuların müəyyən olunmasında, istərsə də işlərin xarakterində təhsil islahatından irəli gələn vəzifələrin, müəllimlərin, tələbə və şagirdlərin ehtiyaclarının nəzərə alınması başlıca tələblərdən biri kimi əsas götürüldü. Ona görə də aşağıdakı xarakterli tədqiqatların aparılmasına üstünlük verilirdi: "Bazis tədris planının hazırlanması"; "Tədris proqramlarının təkmilləşdirilməsi"; "Dərslik və dərs vəsaitlərinin tərtibi prinsiplərinin işlənməsi"; "Dərslik və dərs vəsaitlərinin təkmilləşdirilməsi"; "Yeni tipli təhsil müəssisələri üçün tədris planının hazırlanması"; "Ümumtəhsil məktəbləri üçün seçmə fənn proqramlarının hazırlanması"; "Seçmə fənlər üzrə proqramların hazırlanması"; "Mütəxəssis hazırlığının, baza təhsil məktəbləri üçün dərsliklərin və dərs vəsaitlərinin tətbiqi vəziyyətinin öyrənilməsi"; "Orta ixtisas təhsili və ali təhsil müəssisələri üçün baza təhsil proqramlarının tətbiqi vəziyyətinin öyrənilməsi"; "Texniki peşə təhsili müəssisələri üçün işçi tədris planları və proqramlarının hazırlanması"; "Təhsil müəssisələrində yeni təlim texnologiyalarının tətbiqi sahəsində yaranmış təcrubənin öyrənilməsi".

Göründüyü kimi, mövzuların müəyyənləşdirilməsində daha çox məktəbə və müəllimə istiqamət verən, fəaliyyət prosesində onlara lazım olan problemlərin həll olunmasına geniş yer ayrılmışdır.

2004-cü ilə qədər təşkilati-metodik bölümdə təlimin məzmununun yeniləşdirilməsinə prioritet problemlərdən biri kimi yanaşılırdı. İlk növbədə, təhsilin bütün pillələri üzrə layihələrin üzərində iş aparılırdı. Azərbaycan Respublikasında ümumi orta təhsilin Dövlət Standartlarının təkmilləşdirilməsi istiqamətində vəziyyət xüsusi öyrənilir, onun struktur və məzmun cəhətdən dünya standartlarının tələblərinə uyğun yeniləşdirilməsi zəruri hesab edilirdi.

Uzun illər təhsil müəssisələri üçün normativ sənədlərin hazırlanması problemi üzrə yerinə yetirilən işlərdə daha çox empirik yanaşma üstün hesab edilmiş, Azərbaycan şəraitində təhsil müəssisələrinin imkanlarına uyğun nümunələrin işlənməsinə diqqət yetirilməmişdir. Məktəbdənkənar müəssisələr üçün metodik şuranın protokollar kitabı, dərnək rəhbərinin gündəlik işinin qeydiyyat kitabı, dərnək rəhbərinin iş planının forması, metodistin müşahidə kitabı, sağlamlıq, ümumtəhsil məktəbləri üçün pedaqoji işçilərin şəxsi heyətinin qeydiyyat kitabı, günüuzadılmış qruplara dair, şagirdlərin cari tədris ili ərzində bir məktəbdən digərinə gəlib-getməsinə dair, buraxılmış və əvəz edilən dərslərin hesabatına aid jurnallar, ali və orta ixtisas təhsili üçün qiyabi tələbələrin fənlər üzrə yoxlama işlərinin qeydiyyatı jurnalı, müəllimlərin fərdi iş planı, qiyabiçi tələbələr üçün tədris qrafiki, dövlət imtahan vərəqi nümunələri hazırlanmışdır. Həmin nümunələr müvafiq qaydada ekspertiza olunmuş, yararlı normativ təhsil sənədləri kimi qəbul edilmişdir.

Ümumiyyətlə, Azərbaycan təhsil sistemində müxtəlif normativ sənədlərin ardıcıl və sistemli qaydada hazırlanması üzərində iş ilk dəfə Təhsil Problemləri İnstitutunun təşkilati-metodik bölümündə aparılmışdır.

İlk gündən bu bölümdə yerinə yetirilən işlərin cəmiyyətin tələbatına uyğun olmasına üstün keyfiyyət kimi yanaşılmışdır. Bunun üçün şöbələrin nəzdində problemlər üzrə işçi qrupları yaradılmış, onların qeyri-rəsmi tərkibi müəyyənləşdirilmiş, fəaliyyətləri istiqamətləndirilmişdir. Nəticələrin əldə edilməsində onların köməyindən istifadə olunmuşdur.

Belə işçi qruplarının formalaşdırılması və tələbyönümlü sənədlərin hazırlanması istiqamətində onların qüvvəsindən istifadə olunmasına institutun tarixində ilk dəfə təşəbbüs göstərilirdi. Təşəbbüskar, peşəsinin vurğunu olan müəllimlər problemlərin müəyyənləşdirilməsi, həll olunması, konkret təkliflərin verilməsi istiqamətində daha çox fəallıq göstərirdilər. İstər məzmun, istərsə də texnologiyalar sahəsində əldə olunmuş nailiyyətlər məhz bunların nəticəsi kimi meydana çıxmışdır.

Tədris planı və proqramların təkmilləşdirilməsi problemi üzrə araşdırmalarda təhsilin, əsasən, ümumtəhsil, orta ixtisas və ali təhsil mərhələləri əhatə olunmuşdur. İlk növbədə, yeni təhsil müəssisələrinin tədris planlarının vəziyyəti öyrənilmiş, bazis tədris planına və onların mövcud profillərinə əsaslanmaqla yeniləşdirilməsi barədə təkliflər hazırlanmışdır. Bununla yanaşı, həm orta ixtisas, həm də ali məktəblərdə proqram təminatının vəziyyəti öyrənilmiş, onların keyfiyyətinin yüksəldilməsi baxımından səmərəliliyin artırılması ilə əlaqədar təkliflər ümumiləşdirilmişdir. Eyni zamanda təhsil müəssisələri üçün hazırlanmış tədris planı və proqramlarının ekspertizası keçirilmişdir.

Dərslik və dərs vəsaitlərinin hazırlanması problemi üzrə işlər bilavasitə orta təhsilə istiqamətləndirilmişdir. Bütün pillələrə aid dərslik nümunələrinin (oxu, Azərbaycan dili, ədəbiyyat, fizika, coğrafiya, tarix və s.) məzmun və struktur xüsusiyyətləri öyrənilmiş, geniş müəllim auditoriyasının köməyi ilə müzakirə edilmişdir. Təlimin məzmununu əks etdirən vəsait kimi dərsliklərdən daha səmərəli istifadə olunması barədə tövsiyələr hazırlanmışdır.

Ayrıca olaraq metodik vəsait və didaktik materialların hazırlanması istiqamətində sistemli iş aparılmışdır. Bu işlər bilavasitə üç istiqamətdə yerinə yetirilmişdir:

* müxtləlif fənlər üzrə metodik tövsiyə və didaktik materialların hazırlanması;

* metodik vəsait və didaktik materiallara olan ehtiyacların öyrənilməsi, onların hazırlanması barədə təkliflərin verilməsi;

* hazırlanmış metodik vəsait və didaktik materialların ekspertizası.

Azərbaycanda yeni pedaqoji texnologiyaların yaradılması üzrə işlər ardıcıl və sistemli şəkildə ilk dəfə təşkilati-metodik bölümdə aparılmışdır. Yeni pedaqoji texnologiyalar şöbəsində öyrənilən bu problemin daha çox ümumi orta və qismən texniki peşə təhsili ilə bağlı tərəfləri diqqət mərkəzində saxlanılmışdır. Bu zaman təhsilin bütün pillələri, oradakı fənlərin xüsusiyyətləri, təlim imkanları nəzərə alınmışdır. Fəal təlim şəraitinin yaradılması, müəllim və şagird fəaliyyətinin stimullaşdırılması, interaktiv təlim metodları və onlardan istifadə edilməsi, texnoloji dərsliklərin yaradılması kimi ən müasir texnologiyaların pedaqoji imkanları və onların reallığa çevrilməsi ilə bağlı məqamların öyrənilməsinə diqqət yetirilmişdir. Azərbaycanda bu innovasiyalarla bağlı təcrübələr sahəsində əldə olunmuş nailiyyətlər ümumiləşdirilmiş, respublikada həm nəzəri, həm də praktik əhəmiyyət daşıyan ilk "Pedaqoji texnologiyalar" adlı monoqrafiya hazırlanmışdır.

Təhsilin idarə olunması və nəticələrin qiymətləndirilməsi üzrə ilk sistemli araşdırmalar da bu bölümdə aparılmışdır. "Orta ümumtəhsil məktəblərində şagirdlərin kimyadan təlim fəaliyyətinin qiymətləndirilməsi", "Orta ümumtəhsil məktəblərində şagirdlərin riyaziyyatdan təlim fəaliyyətinin qiymətləndirilməsi", "Testlər vasitəsilə intellektual səviyyənin müəyyənləşdirilməsi və qiymətləndirilmədə nəzərə alınması", "Tədris müəssisəsi fəaliyyətinin qiymətləndirilməsi üçün kompüter proqramları kompleksinin yaradılması və yekun qiymətləndirilmənin təlimatının işlənməsi", "Ümumtəhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsində şagird qiymətləndirilməsinin rolu" mövzuları üzrə tədqiqatlarda həm qiymətləndirilmənin rolu və əhəmiyyəti, həm də onun ayrı-ayrı fənlər üzrə tətbiq olunmasında nəzərə alınan özünəməxsus cəhətlər əsas götürülmüşdür. 

Kurikulum Mərkəzinin  yaranması 

Artıq 2004-cü ilin martında Azərbaycan Respublikası təhsil naziri Təhsil Sektorunun İnkişaf layihəsinin həyata keçirilməsi istiqamətində "Kurikulum islahatı" alt-komponenti üzrə hazırlanmış icra planına uyğun olaraq "Kurikulum Mərkəzinin yaradılması haqqında" əmr imzalayır. Həmin əmrdə ümumtəhsil sistemi üçün müasir tələblərə cavab verən, bu sahədə beynəlxalq təcrübəni özündə əks etdirən kurikulumların hazırlanmasında vahid və səmərəli sistemin təşəkkülünü təmin etmək məqsədilə Təhsil Problemləri İnstitutunun nəzdində Kurikulum Mərkəzinin yaradılması qeyd edilir. Eyni zamanda Kurikulum Mərkəzinin formalaşması üçün institutun strukturunda müvafiq dəyişikliklərin aparılması, yeni struktur barədə təkliflərin hazırlanması, eləcə də digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilir.

Beynəlxalq məsləhətçilərin təkliflərinə, Azərbaycan Respublikasında ümumi təhsilin durumuna istinad olunmaqla, ilk növbədə, "Kurikulum Mərkəzinin əsasnaməsi" hazırlanaraq təsdiq edilir. Burada Kurikulum Mərkəzi və onun fəaliyyəti ilə bağlı zəruri məsələlər konkretləşdirilir. Ümumtəhsil sahəsində kurikulum hazırlayan, onun daim inkişaf etdirilməsi ilə məşğul olan bu struktur üçün aşağıdakılar bir vəzifə kimi qəbul olunur:

* ümumtəhsil məktəbləri üçün beynəlxalq standartlara uyğun, nəticələrə əsaslanan kurikulumları yaratmaq, onu müntəzəm təkmilləşdirmək və yeniləşdirmək;

* şagirdlərin təlim şəraitini yaxşılaşdırmaq və inkişaf etdirmək baxımından kurikuluma müəyyən əlavələrin edilməsi məqsədilə sənədlər hazırlamaq, habelə müvafiq dəyişikliklərin aparılması barədə nazirlik qarşısında məsələ qaldırmaq;

* kurikulumun monitorinqi və qiymətləndirilməsi tədbirlərini müəyyənləşdirmək;

* imtahanların nəticələrini təhlil etmək, problemləri müəyyənləşdirmək, onların aradan qaldırılması ilə bağlı tövsiyələr hazırlamaq;

* kurikuluma aid yenilikləri təhsil işçilərinə çatdırmaq, onların nəzəri-metodik hazırlığını, peşəkarlıq səviyyələrini yüksəltmək məqsədilə treninqlər, seminarlar keçirmək;

* təlimin yeni məzmunu, yeni dərsliklər və müəllimlər üçün yeni vəsaitlərin hazırlanması məqsədilə tətbiqi tədqiqatlar aparmaq və onun nəticələrini dərslik müəlliflərinə çatdırmaq;

* yeniliklər nəzərə alınmaqla tədris planlarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparmaq;

* kurikulumların tətbiqi, qiymətləndirilməsi və inkişafı ilə əlaqədar konsepsiyaların, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə tədqiqatlar aparmaq;

* müəllimlərin təkmilləşdirilməsi üçün onları kurikulum üzrə tədqiqatlara cəlb etmək.

Kurikulum Mərkəzi yaradılarkən onun  strukturunun iki şöbədən (ibtidai təhsil şöbəsi, əsas və orta təhsil şöbəsi) ibarət olması məqsədəmüvafiq hesab edilmişdir. Əsas və orta təhsil şöbəsinin isə dörd bölməni (ictimai-humanitar fənlər; təbiət-riyaziyyat fənləri; xarici dillər; təsviri incəsənət, musiqi, əmək hazırlığı və fiziki tərbiyə bölməsi) əhatə etməsi qərarlaşdırılmışdır. Sonralar Kurikulum Mərkəzinin strukturu tədricən təkmilləşdirilmiş, 2009-cu ildə bu quruma Məktəbəqədər təhsilin kurikulum şöbəsi də əlavə olunmuşdur.

Bu mərkəzin yaradılmasında başlıca məqsəd Azərbaycan təhsilinin məzmununu yenidən qurmaq, texnologiyalar və idarə olunması sistemini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdan ibarət idi. Bu məqsədin həyata keçirilməsi üçün müasir dünyanın geniş yayılmış təhsil modellərinə müraciət etmək, onların nümunəsində Azərbaycana məxsus təhsil sənədləri hazırlamaq, xüsusi təhsil kurikulumlarının yaradılması işini başa çatdırmaq əsas vəzifə kimi qarşıya qoyulurdu. Vəzifənin yerinə yetirilməsi üçün təhsil standartlarını hazırlamaq, həmin strategiyaları və qiymətləndirmə mexanizmlərini formalaşdırmaq zəruri hesab edilirdi. Bundan başqa, kurikulumların tətbiqi vəziyyətini öyrənmək, onların qiymətləndirilməsi işini həyata keçirmək, ümumiyyətlə, fənlərin təlimi problemləri ilə bağlı tədqiqatlar aparmaq mühüm vəzifələr kimi nəzərdə tutulurdu.

Mərkəzin yarandığı qısa müddətdə dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, İngiltərə, Finlandiya, İsveç, Avstraliya, Türkiyə və Hollandiyada təhsil islahatları prosesi, onun inteqrativ xarakteri öyrənilmiş, kurikulum sahəsində əldə olunmuş nailiyyətlər araşdırılmış, keçmiş SSRİ məkanındakı ölkələrin (Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Litva, Gürcüstan və s.) keçid dövründə təhsilin məzmununun qurulması sahəsindəki yanaşmalarına istinad edilmiş, qlobal təhsil məkanında  Azərbaycan üçün səciyyəvi xüsusiyyətlər müəyyənləşdirilmişdir. Dünyada qəbul olunmuş mütərəqqi təhsil anlayışlarından biri kimi kurikulumun məzmunu və struktur cəhətləri konkretləşdirilmişdir. Azərbaycanda ilk dəfə təhsil kurikulumları sahəsində tədqiqatlar məhz bu mərkəzdə aparılmışdır.  

Kurikulum anlayışı barədə qənaətlər 

Araşdırmalar zamanı belə məlum olmuşdur ki,  "Kurikulum"un lügəvi mənası "kurs", "yol" deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə "təlim kursu", "tədris planı", "proqram" kimi də izah edilir. Bəzi mənbələrdə göstərildiyi kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda  bu  termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.

Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri kimi hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya  və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi, mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir.

Təhsil kurikulumları xarakterinə görə  iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə  elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. Şagirdlər praktik cəhətdən onlara lazım olmayan  fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlərinin, əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir.

Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üşün vasitə kimi nəzərdə tutulur.

Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas  götürülür.  

İki vacib problem 

İlkin araşdırmalar Kurikulum Mərkəzinin fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir. Məlum olmuşdur ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən mərkəzdə iki vacib problem həll olunmalıdır. Onlardan birincisi, əməkdaşların peşəkarlığını, yeni texnologiyaların hazırlanması şəraitində fəaliyyət göstərmək üçün kommunikativ bacarıqları formalaşdırmaq və ikincisi, təhsil kurikulumlarını hazırlamaqdır.

İlk illərdə Kurikulum Mərkəzinin fəaliyyət planları məhz həmin problemlərin həlli istiqamətinə yönəldildi. Onların hər ikisinin eyni vaxtda planlaşdırılması və həyata keçirilməsi bir zərurət kimi qarşıya qoyuldu.

Kurikulum Mərkəzinin 40-a yaxın əməkdaşı ilə ardıcıl və sistemli seminar məşqələlər, müzakirə və işgüzar söhbətlər aparıldı. Beynəlxalq məsləhətçi təşkilatın və müasir pedaqoji texnologiyaların yaradılması və tətbiqi sahəsində təcrübəsi olan yerli mütəxəssislərin dəstəyindən istifadə olundu.

Bundan əlavə, əməkdaşların yeni texnologiyalardan istifadə bacarıqlarının formalaşdırılması istiqamətində işlər aparıldı. Tədricən mərkəz müasir avadanlıqlarla təmin edildi, orada əməkdaşların nizamlı fəaliyyəti təmin olundu. 

Təhsil kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan insanlar (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər və b.) cəlb edilirlər. Dünyada kurikulumların yaradılması işi ilə xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun məzmun və texnologiyalar sistemi hazırlayırlar.

Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə şəxs tərəfindən hazırlanmasının mümkünlüyü barədə mülahizələr söyləyirlər. Bu, əvvəlki təhsil proqramları üçün xarakterik olan xüsusiyyətdir. Həmin proqramlar təklifyönümlü olduğundan bir və ya bir neçə nəfərin subyektiv mülahizəsi kimi irəli sürülərək istifadəyə verilirdi.

Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər) ibarət daha çox insanın münasibətini əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə də dünya ölkələrində təhsil kurikulumlarının hazırlanmasında işçi qruplarından və onların fəaliyyət mexanizmlərindən ibarət texnologiyalara müraciət olunur.

Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir texnologiyaya istinad edilmişdir. 2005-ci ildə Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradıldığı vaxtdan respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi Kurikulum Mərkəzinin ətrafında birləşərək bu hərəkatı formalaşdırmış, kurikulumların hazırlanması istiqamətində müzakirələrin iştirakçısına çevrilmiş və 400-ə  qədər üzvü olan 23 işçi qrupunda təmsil olunaraq kurikulumların hazırlanması prosesinə qoşulmuşdur. Bu işçi qruplarına respublikanın görkəmli alimlərindən AMEA-nın üzvləri Nizami Cəfərov (ana dili), Yaqub Mahmudov (tarix), Vaqif Abbasov (kimya), professorlardan Səməd Seyidov (ingilis dili), Fəxrəddin Veysəlov (alman dili), Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov (coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə) və başqaları rəhbərlik etmişlər. Dünya Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər milli məsləhətçi, kurikulum və qiymətləndirmə sahəsində beynəlxalq miqyasda tanınmış Hollandiyanın "CİTO qroep" təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər.

Bütün bunlarla yanaşı, təhsil kurikulumlarının hazırlanması istiqamətində də işlər aparılmışdır. 2006-cı ildə ölkəmizin təhsil tarixində ilk dəfə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" hazırlandı və hökumət tərəfindən təsdiq olundu. Sonralar 2010-cu ildə təkmilləşdirilərək istifadəyə verilən bu sənəd özünün məzmunu və strukturuna görə tamamilə yeniləşdirilmişdir. Təhsil səviyyələri, eləcə də fənlər üzrə nəticələr, pedaqoji prosesin təşkili və idarəetmə prinsipləri, ümumi təhsilin infrastrukturu, maddi-texniki və tədris bazası, təhsil verənlərin keyfiyyət göstəriciləri, məşğələ saatlarının maksimum miqdarı, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi məsələləri əhatə edilmişdir. Yüzlərlə müəllimin, təhsil mütəxəssisi, valideyn və şagirdin iştirakı ilə hazırlanmış bu sənəddə cəmiyyətin təhsillə bağlı ehtiyac və tələbatları nəzərə alınmışdır.

Mərkəzin İbtidai təhsilin kurikulumu (dosent Bibixanım İbadova) şöbəsində hazırlanmasına başlanılmış I-IV siniflər üçün fənn kurikulumları 2007-ci ildə başa çatdırılaraq təhsil naziri tərəfindən təsdiq edilmişdir. Artıq üçüncü ildir ki, yeni fənn kurikulumları tətbiq olunmaqdadır. Şöbə hər il fəaliyyət planına uyğun olaraq yeni fənn kurikulumlarının tətbiqi vəziyyətini öyrənərək  müvafiq təkliflər hazırlayır.

Ümumi orta və tam orta təhsil şöbəsində (dosent Akif Əliyev), onun humanitar fənlərin təlimi (Ramiz Hüseynov), təbiət-riyaziyyat fənlərinin təlimi (dosent Əlişah Gərayev), xarici dillərin təlimi (Sahib Məcidov), incəsənət və texnologiya fənlərinin təlimi (dosent Natiq Axundov) bölmələrində V-XI siniflər üçün fənn kurikulumlarının (ana dili, Azərbaycan dili (dövlət dili kimi), ədəbiyyat, xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya, həyat bilgisi, texnologiya, fiziki tərbiyə, musiqi, təsviri incəsənət, çağırışaqədərki hazırlıq) hazırlanması üzərində işlər aparılır. Artıq ilkin layihə variantları hazırlanmış, onların əksəriyyəti pedaqoji mətbuatda çap olunaraq cəmiyyətin geniş müzakirəsinə verilmişdir.

 

Kurikulumların məzmunu və strukturu

 

Aparılan araşdırmalar nəticəsində fənn kurikulumlarının məzmunu və strukturu ilə bağlı yekdil nəticəyə gəlinmişdir. Həmin sənədlərdə fənnin məzmununun, təlim strategiyalarının və qiymətləndirmə mexanizmlərinin bir-biri ilə bağlılığı, şəxsiyyətyönümlülük, nəticəyönümlülük, inteqrativlik mühüm prinsiplər kimi diqqət mərkəzində saxlanılmışdır.

Fənlərin məzmunu ilk dəfə olaraq nəticələr formasında ifadə olunmuş, bununla təhsildə nailiyyətlərin izlənməsi, inkişaf etdirilməsi və idarə olunması üçün şərait yaradılmışdır. Nəticələrə çatmaq üçün müəllimlərin yaradıcı fəaliyyət göstərmək imkanları genişləndirilmişdir.

Fənnin məzmunu bölməsində nəticələrlə yanaşı, onların inteqrasiyası da verilmişdir. Nəticələrin üfüqi və şaquli istiqamətlərdə əlaqə imkanları barədə aparılmış araşdırmaların nəticələri cədvəllər formasında kurikulumlara daxil edilmişdir.

Məlum olduğu kimi, müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. Belə olan halda təlim prosesində şagirdlərə ayrı-ayrı fənlər üzrə verilən bilik və bacarıqların passiv istehlakçısı deyil, əksinə, ətraf aləmin dərk edilməsinə yaradıcı təfəkkürlə münasibət bəsləyən subyektlər kimi yanaşılmasına gətirib çıxarır. Bu isə o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən fənlər və onların əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli-inteqrativ şəkildə tədris olunsun. İnteqrasiya dedikdə təlim prosesində şagirdlərin təfəkküründə ətraf aləmin tam və vahid obrazını formalaşdırmaq üçün təlimin məzmun komponentlərinin əlaqələr əsasında sistemləşdirilməsi başa düşülür. Şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər vermək, dünyagörüşünü genişləndirmək, təfəkkürünü inkişaf etdirməklə onlarda tədqiqatçılığa meyil yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşması imkanlarının yaradılması kimi qəbul edilir.

Araşdırmalar zamanı belə qənaətə gəlinmişdir ki,  inteqrasiyanın nəzərə alınması vaxtdan səmərəli istifadə etməyə, təlimə marağın artmasına imkan yaradır, şagirdlərin təlim yükünü azaldır, inteqrativ bilik və bacarıqların formalaşmasına şərait yaradır, bilik və bacarıqların qazanılmasında öyrənmənin intensivliyini, səmərəliliyini artırır,  həddən artıq xırdalanmanın qarşısını alır. Bu zaman şagirdlər sərbəst düşünmə, qruplarda işləmə, müzakirələrdə öz mövqeyini bildirmə, mövzunun aktuallığını əsaslandırma, mövzunun digər sahələrə tətbiqi ilə bağlı imkanlar əldə edirlər. 

Müəllimlər isə belə tədris prosesində məsələlərin həllinə kompleks yanaşa, mövzulararası əlaqə yarada, şagird bacarığının inkişafına diqqət yetirə, şagirdlərdə biliklərin artan sırasını müşahidə edə, təlim prosesini qiymətləndirə bilirlər.

Fənn kurikulumlarında fəndaxili və fənlərarası inteqrasiya nəzərə alınmışdır.

Fəndaxili inteqrasiya hər bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur. Bu növ inteqrasiya tədris materialını ayrı-ayrı tədris vahidlərində cəmləşdirməklə fənnin məzmunun strukturunu müəyyən edir. Bununla da məzmunun informasiya cəhətdən tutumlu olması, şagirdlərdə daha əhatəli bacarıqların formalaşdırılması təmin olunur. Təlim prosesində fəndaxili inteqrasiya geniş tətbiq edilir və konsentrik prinsipə əsaslanan spiralvari quruluş yaranır. Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli olur.

Üfüqi inteqrasiya fənn üzrə məzmun xətlərinin əlaqələndirilməsinə imkan yaratmaqla müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir.

Şaquli inteqrasiya sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir.

Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzərdə tutur.

Bu zaman müxtəlif fənlərə aid, lakin bir-birini tamamlayan, o cümlədən oxşar olan mövzuların tədrisi müəyyən çərçivəyə salınır. Odur ki, müxtəlif fənlər və mövzular arasındakı əlaqələrin müəyyənləşdirilməsi, bu əlaqələrin fənlərarası anlayış və bacarıqların formalaşdırılmasında yaradıcılıqla istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə də kurikulumlar hazırlanarkən təhsilin bütün pillələrində  fəndaxili və fənlərarası inteqrasiyadan istifadə edilir.

Araşdırmalar zamanı belə nəticəyə gəlinmişdir ki, təlim strategiyası bölməsində aşağıdakı məsələlər əhatə edilsin:

* Fənlər üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri;

* Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr;

* Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.

* Standartların şərhinə dair tövsiyələr.

Fənlər üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri. Bu gün təhsilin qlobal problemi şəxsiyyətin formalaşdırılmasıdır. Bu mənada təlim prosesi uşaqda fəallığı, ətrafdakı şeylərə və hadisələrə tənqidi yanaşmağı, müstəqil düşünməyi, bilik almağı, analiz-sintez etməyi, yaradıcı fəaliyyət göstərmək bacarığını inkişaf etdirməlidir. Şagird idraki, informativ-kommunikativ və qeyri-iradi dəyərlərə nail olmalıdır. Bütün bunları əldə etmək üçün isə şagird və müəllim fəaliyyətinin xarakterində dəyişiklik aparılmalı, pedaqoji prosesin qurulmasına humanist və demokratik prinsiplər əsasında yenidən yanaşılmalıdır. Elə bu səbəbdən də,  ilk növbədə, "Azərbaycan Respublikasında ümumi  təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində ümumi təhsil sistemi üçün qəbul olunmuş aşağıdakı pedaqoji prinsiplər ayrı-ayrı fənlərin tədrisinin didaktik əsası kimi götürülmüşdür:

* pedaqoji prosesin tamlığı;

* təlimdə bərabər imkanların yaradılması;

* şagirdyönümlülük;

* inkişafyönümlülük;

* fəaliyyətin stimullaşdırılması;

* dəstəkləyici mühitin yaradılması.

Bu tələbləri nəzərə alaraq tədris prosesində şagirdləri aktivləşdirən, onların intellektual inkişafına şərait yaradan təlim metodlarından istifadə olunması tövsiyə olunur. Ayrı-ayrı fənlərin təşkili üçün spesifik tələblər müəyyənləşdirilir.

Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr. Kurikulumlarda təlim forması və üsullarına təlim strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılmış, onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında şərh edilmişdir. Təhsil prosesinin şəxsiyyətyönümlü xarakteri açıqlanmışdır. Fəal təlimin mühüm stimullaşdırıcı vasitəsi kimi interaktiv metodların məzmunu və onlardan istifadə məsələlərinə diqqət yetirilmişdir.

İnteraktiv təlim metodları ilə işləmək üçün aşağıdakıların nəzərə alınmasının əhəmiyyəti qeyd edilmişdir.

1. Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.

2. Fəal dərsin mərhələləri.

3. Fəal dərsin strukturu.

Fəal təlimin fərdi iş, cütlərlə iş, böyuk qrupla iş və kiçik qruplarla iş formalarından istifadə olunması barədə qənaətə gəlinmişdir.

Fəal dərsin mərhələləri:

I. Düşünməyə yönəltmə - bir neçə məqsəd daşıyır: şagirdlər mövzu ilə əlaqədar  biliklərini xatırlayır, fəallaşır, onlarda  mövzuya maraq yaranır.

II. Dərketmə - yeni biliklərin öyrənilməsi kimi başa düşülür.

III. Düşünmə - yeni bilik möhkəmləndirilir, tətbiq edilir.

Fəal dərsin strukturunun  aşağıdakı kimi qurulması tövsiyə olunmuşdur.

Motivasiya - müəllim tərəfindən problem qoyulur, şagird tərəfindən fərziyyələr irəli sürülür.

Tədqiqatın təşkili - müəllim problemin həlli istiqamətində sinfə iş tapşırır. İş formasını müəllim seçir.

Məlumatın mübadiləsi - verilən tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparırlar.

Məlumatın müzakirəsi və təşkili - qrupun lideri ümumi fikri müəllim və şagirdlərə çatdırır.

Nəticələrin çıxarılması - əgər yanlış fikir varsa, müəllim istiqamət verir, ümumi nəticə çıxarılır.

Tətbiqetmə - əldə olunan biliklərə əsaslanaraq sinifdə və ya evdə müəllimin verdiyi  tapşırıq yerinə yetirilir.

İnteraktiv təlim metodlarından daha çox İnsert, BİBÖ, Beyin həmləsi, İstiqamətləndirilmiş mühazirə, Klaster, Ziq-zaq, "Dəyirmi masa", Konseptual cədvəl, T-sxemlər, Semantik əlamətlərin təhlili, Venn diaqramı, İki hissəli gündəlik, Karusel, Debat və s. istifadə olunması barədə tövsiyələr verilmişdir.

Aparılan araşdırmalar nəticəsində belə qənaət hasil edilmişdir ki, yeni təlim strategiyaları, o cümlədən fəal təlim, interaktiv metodların tətbiqi müəllimin peşəkarlıq səviyyəsinə yeni və kifayət qədər yüksək tələblər qoyur. O, nəinki elmdə təsdiqlənmiş ideyaları, həm də bu və ya digər məsələ üzrə mübahisəli mövqeləri, eləcə də bu mövqelərin əsaslandırılmasını bacarmalıdır.  Təmsil etdiyi elm sahəsini yaxşı bilməli, yeni təlim strategiyalarının  tətbiqi ilə bağlı bacarıqlara malik olmalıdır.

Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr. Hesabat dövründə əməkdaşlar tədqiqat apararaq müəllimlərin təlim fəaliyyətinin planlaşdırılması zamanı onlara lazım olan tövsiyələr də hazırlamışlar. Təhsilin bütün mərhələlərində fənlər üzrə fəal təlimə aid nümunələr vermişlər.

Ümumiyyətlə, mərkəzdə aparılmış araşdırmalar zamanı təhsil kurikulumları ilə bağlı aşağıdakı qənaətlərə gəlinmişdir.

1. Dünyanın prioritet problemi kimi təhsilin koqnitiv xarakter daşıması şagirdlərin intellektinin yüksəldilməsinə, onlarda həyati bacarıqların formalaşdırılmasına yönəldilməsi zəruri cəhət kimi nəzərə alınmış, fənn kurikulumları şəxsiyyətyönümlü  təhsilin aparıcı komponenti kimi hazırlanmışdır. Onun məzmun standartlarının bilavasitə şagirdlərə istiqamətləndirilməsi, bacarıqlar formasında ifadə edilmiş gözlənilən nəticələrdən ibarət olması aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyətli hesab edilmişdir:

* təlim prosesinin keyfiyyətini idarə etməyə, düzgün və obyektiv qiymətləndirmə aparmaq üçün qiymətləndirmə standartlarının hazırlanmasına imkan yaradır;

* nəticələrə nail olmaq üçün zəruri təlim materialları və strategiyaların seçilməsində müəllimə geniş imkan və şərait yaradır;

* dərsliklərin, digər resursların hazırlanmasında müəllimlərin konkret hədəflərə çatmaq üçün yaradıcı fəaliyyət imkanlarını genişləndirir.

2. Fənlərin ümumi məzmununun, məzmun xətləri üzrə siniflər üçün əsas və alt-standartların işlənməsi bu qənaətə gəlməyə imkan verir ki, hər bir fənnin ümumi məzmunu, təbiətdə və cəmiyyətdəki qanunauyğunluqlar, proseslər haqqında tam təsəvvür yaradılması üçün məzmun xətləri, əsas məzmun standartları və əsas standartlara daxil olan  alt-standartlar arasında qarşılıqlı əlaqələr, onların mənaca bir-birini tamamlaması vacibdir.

Kurikulumlarda bu əlaqələrin şaquli və üfüqi inteqrasiya formasında müəyyənləşdirilərək rəsmiləşdirilməsi həm şagirdlərdə ümumi bacarıqların formalaşdırılmasını, həm dərsliklərin hazırlanmasında, həm də pedaqoji prosesin təşkilində bu cəhətin nəzərə alınmasını istiqamətləndirmək baxımından əhəmiyyətli hesab edilmişdir. İnteqrasiyanın mövcudluğu, labüdlüyü isə ibtidai və əsas təhsil pillələrində inteqrativ fənlərin tədrisinin zəruri olmasını təsdiqləyir. Bu baxımdan həyat bilgisi fənninin əsas təhsil pilləsində  tədrisinin davam etdirilməsi əhəmiyyətli sayılmışdır.

3. İndiki şəraitdə ümumtəhsil fənlərinə marağın azalması, yuxarı siniflərdə şagirdlərin yalnız 4-5 fənnə maraq göstərməsi, qalan fənlərin  isə ümumiyyətlə, öyrənilməməsi, böyük şəhərlərdə 30-40 nəfər şagirdin bir sinifdə təhsil alması  təlimin ənənəvi forma və üsullarından imtina etməyi, şagirdlərdə öyrənməyə marağı dəstəkləyən, stimullaşdıran yeni pedaqoji texnologiyalara, fəal və interaktiv təlim formalarına və metodlarına üstünlük verilməsini, onların praktikada həyata keçirilməsinə şərait yaradılmasını tələb edir. Yeni fənn kurikulumlarının uğurla tətbiqi bunlardan çox asılıdır.

4. Məzmun standartlarının bacarıq şəklində ifadə olunması  təlim strategiyalarında  dəyişikliyə səbəb olur. Fənn üzrə təlimin təşkilinə  verilən tələblərə əsasən  müəllimin rolu dəyişir.  O, bələdçi,  istiqamətverici, şagird isə  tədqiqatçı rolunda iştirak edir. Bütün bu işlərin  ardıcıl  və sistemli təşkilinə nail olmaq üçün  müəllimdən tədqiqatçılıq bacarığı  tələb olunur. Bu bacarıqların formalaşması sahəsində  ilkin müəllim hazırlığı üzrə  müvafiq işlərin aparılması  zəruri hesab edilir.

5. Təlimin təşkilinin forma və üsulları dəyişir.  Ənənəvi təlim fəal təlimlə  əvəz edilir.  Fəal təlimin təşkil olunması  isə  yeni təlim strategiyalarının  hazırlanaraq  tətbiq edilməsini tələb edir.

6. Fənn kurikulumlarında  istifadə olunacaq qiymətləndirmə  növləri, qiymətləndirmə standartları, qiymətləndirmə vasitə və üsullarının  verilməsi onu  aksioloji baxımdan  gücləndirir,  istifadə edənlərin  çoxişlək sənədinə çevirir.

7. Yeni fənn kurikulumlarının daha uğurla tətbiq olunması üçün, ilk növbədə, şəxsiyyətyönümlü təhsilin tələblərinə cavab verən koqnitiv (idraki) xarakterli dərslik komplektinin (dərslik, müəllim kitabı və şagird dəftəri) yaradılması zəruri hesab edilir.

Hazırda Kurikulum Mərkəzində ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi vəziyyəti öyrənilir, V-XI siniflər üçün fənn kurikulumlarının layihə variantları üzərində iş aparılır. Yeni fənn kurikulumlarının mahiyyət və məzmununun açıqlanması, məktəb kurikulumlarının hazırlanması istiqamətində tədqiqatlar davam etdirirlər. Ənənəvi proqramlarla işləyən müəllimlər üçün tövsiyələr hazırlanır. Pedaqoji innovasiyaların şərh olunması, yayılması məqsədilə maarifləndirmə işləri aparılır. Gələcəkdə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. 

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
Kurikulum Mərkəzinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov