Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - 18

 

Dünya universitetləri

 

Ostin Texas Universiteti

 
  Yerləşir: ABŞ, Texas ştatı,  Ostin şəhəri  
Yaranma tarixi: 1883-cü il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 24000 nəfər
Tələbələrin ümumi sayı: 51195 nəfər
İllik gəlirləri: 7030037 ABŞ dolları
İllik xərcləri: 5033208 ABŞ dolları 
Rəsmi saytı: www.utexas.edu
 

 

Ostin Texas Universiteti (University of Texas at Austin) ABŞ-da Texas ştatının Ostin şəhərində yerləşir. Universitet ştatın böyük elmi-tədqiqat mərkəzlərindən biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Ostin Texas Universiteti San-Diyeqo Kaliforniya Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 76-cı yerdə olub. 2010-cu il üzrə "QS World University Rankings"in açıqlamasına görə dünyanın ən nüfuzlu universitetləri arasında Ostin Texas Universiteti 67-ci yerdə qərarlaşıb. 

Tarixi 

Texasda dövlət universitetinin yaranması haqqında ilk məlumat 1827-ci ilə təsadüf edir. Həmin dövrdə Texas Meksika dövlətinin tərkibində idi və burada ilk universitet yaradılması haqqında maddə Meksika dövlətinin konstitusiyasında qeyd olunmuşdu. Konstitusiyada incəsənət və elm sahələrini əhatə edən universitetin yaradılması göstərilsə də, həmin dövrdə Meksika hökuməti bu istiqamətdə heç bir tədbir görmür. 1836-cı ildə Texas müstəqillik əldə edir. Həmin dövrdə Texas Konqresi Respublika Konstitusiyasını qəbul edir. Konstitusiyanın ölkədə dövlət təhsilinin yaradılması haqqında maddəsinə əsasən Texasda iki universitet və iki kollec yaradılması haqqında məsələyə toxunulur. Nəhayət, 1839-cu ildə Texas Konqresi ali məktəb yaradılması üçün 50 liq (Latın Amerikasında qeyri-rəsmi ölçü vahidi) torpaq sahəsi, eləcə də yeni paytaxt Ostində 14 akr (160000 m2) ərazi ayırır.

1846-cı ildə Texas Amerika Birləşmiş Ştatlarının tərkibinə birləşdirilir. 1858-ci ildə Texas ştatının Qanunvericilik iclasında yeni universitetin tikintisi üçün 100000 ABŞ dolları ayrılması haqqında qanun qəbul olunur. Lakin ABŞ-da baş vermiş vətəndaş müharibəsi bu planın reallaşmasını xeyli müddət dayandırır.

Vətəndaş müharibəsi bitdikdən sonra 1862-ci ildə qəbul edilmiş Morrill Qanununa əsasən Texas Kənd Təsərrüfatı və Mexanika Kolleci yaradılır. Kollec 1876-cı ildə Texas Kənd Təsərrüfatı və Mexanika Universiteti adlandırılır. Yeni Texas Konstitusiyası tələb edir ki, yaxın zamanlarda ştatda birinci dərəcəli universitet yaradılsın. Qərbi Texasda dəmiryolu tikintisi üçün ayrılmış 1 milyon akr (4000 km2) ərazidə yeni universitetin tikintisi planlaşdırılır. 1883-cü ildə universitet üçün daha 2 milyon akr ərazi ayrılır. Bu ərazilərə sahiblik  Texas Kənd Təsərrüfatı və Mexanika Universitetinin üzərinə düşür. 1881-ci ildə yeni yaradılacaq universitetin əsas korpusu kimi Ostin, tibb bölməsinin kampusu  isə Qalveston şəhərləri seçilir. 1882-ci ilin ikinci yarısında universitetin tikintisinə başlanılır. 1883-cü ilin 15 sentyabrında Ostin Texas Universiteti ilk tələbələrini qəbul edir.

1934-cü ilədək universitetin qədim viktorian-qotik üslubuna aid binası ali məktəbin inzibati hissəsi kimi fəaliyyət göstərir. Həmin bina hündür olmasa da, geniş ərazini əhatə edir. Universitetdə yer qıtlığı yaşandığı üçün həmin  ildə bir çox müəllim və tələbənin etirazına baxmayaraq, əsas bina sökülür,  onun yerində daha müasir qüllə və hündür mərtəbəli bina tikilir. 1920-ci ildə biznesmen və filantrop Corc Brakenric Ostin Texas Universitetinə Kolorado çayının sahilində 500 akr ərazi bağışlayır. Naiblər Şurasının səsverməsinə əsasən universitetin kampusunu yeni əraziyə köçürmək niyyəti əhalinin etirazı ilə qarşılandığı üçün baş tutmur. Həmin vaxtdan başlayaraq bu ərazi  yataqxana və digər köməkçi məqsədlərə xidmət edir. 90-cı illərdə qeyd olunan ərazinin bir hissəsi satılır. 1923-cü ildə universitet ərazilərində neft aşkar olunduğu üçün ali məktəbin gəlirləri sürətlə çoxalmağa başlayır. 1931-1947-ci illərdə universitetdə genişləndirmə və yenidənqurma işləri sürətlənir. 1950-1965-ci illərdə Ostin Texas Universiteti yeni 19 bina inşa etdirir, 1965-ci ildə sahibkarlara kompensasiya ödəyərək ətraf əraziləri alır. Beləcə, universitet ətraf ərazilərdə daha 40 akr ərazi əldə edir.

1969-cu ildə universitetdə Şimali Amerikanın ən böyük yataqxanası olan Caster mərkəzi tikilir. 14 və 10 mərtəbəli iki qüllədən ibarət yataqxana kompleksi 3500-ə qədər tələbə tutumuna malikdir. 1971-ci il mayın 22-də universitetin kampusunda ABŞ-ın 36-cı prezidenti olmuş Lindon Beyns Consonun və onun xanımının, eləcə də həmin dövrdə ABŞ-ın prezidenti olan Riçard Niksonun iştirakı ilə Prezident kitabxanasının açılışı baş tutur. Kitabxana Lindon Beyns Consonun şərəfinə onun adını daşıyır. Ostin Texas Universitetinin Lindon Beyns Conson Kitabxanası və Muzeyi Milli Arxiv və Sənəd İdarəsinin tərkibindəki 12 prezident kitabxanasından biridir. 2006-cı il aprelin 30-da universitetin Blanton İncəsənət Muzeyi istifadəyə verilir. 14000 m2 əraziyə malik muzey dünyanın ən böyük incəsənət muzeylərindən biridir. 2008-ci ilin avqustunda təmir edilmiş Darella Kral stadionu (94113 yerlik) Texasın ən böyük stadionuna çevrilir.  

Büdcəsi və təhsil haqqı 

2010-cu il üzrə ali məktəbin ümumi illik büdcəsi 2,14 milyard dollar olub.

2009-2010-cu tədris ilində Ostin Texas Universitetinin illik gəlirləri 7030037 ABŞ dolları olub. Bu məbləğin 667561-ni ümumi ödəmələr və qrantlar, 356500-ni dövlət yardımları, 458495-ni ianə, 1285066-nı universitetin mağazaları, zavodları, eləcə də icarəyə verdiyi binalar hesabına əldə olunan, qalanlarını isə digər gəlirlər təşkil edib. Həmin tədris ilində universitetin ümumi xərcləri 5033208 ABŞ dolları olub. Vəsaitin 1128493-ni ictimai təbliğat, 978554-ni ekoloji bərpa və tədqiqatlar, 532706-ni yaşıllaşdırma və quruculuq, 288924-ni təhsil və tədris proqramları, qalanlarını isə digər məsrəflər təşkil edib.

2010-2011-ci tədris ilində Ostin Texas Universitetinin bakalavr pilləsində təhsil haqqı yerli tələbələr üçün seçdikləri ixtisasdan asılı olaraq ildə 4661-5163, əcnəbi tələbələr üçün isə 14958-17144 ABŞ dolları arasında dəyişib. Magistratura və doktorantura səviyyələrində yerli tələbələrin təhsil haqqı yenə də seçilən ixtisasdan asılı olaraq 5116-6225, əcnəbi tələbələrin təhsil haqqı isə 10310-11789 ABŞ dolları arasında dəyişib.

2010-2011-ci tədris ilində Ostin Texas Universitetində oxumaq üçün tələbəyə, təhsil haqqını çıxmaq şərti ilə, ümumilikdə 24026 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin 10112 ABŞ dollarına yataqxana, 874 ABŞ dollarına kitab və dərs ləvazimatları, 1200 ABŞ dollarına nəqliyyat, 2424 ABŞ dollarına isə digər xərclər daxildir.  

Universitet bu gün 

Ostin Texas Universitetinin əsas kampusu 423,5 akr (171,4 hektar) ərazini əhatə edir və həmin ərazidə ali məktəbin 150 binası yerləşir. Burada əsas diqqətçəkən məqamlardan biri memar Pavel Filipp Kret tərəfindən inşa edilmiş və şəhərciyin mərkəzində yerləşən 94 metr hündürlükdə qüllə və əsas binadır. Hər axşam ağ işıqla işıqlandırılan qüllə müxtəlif tədbirlərdə, idman yarışlarında qalibiyyət zamanı narıncı, eləcə də digər rənglərdə işıqlandırılır. Qüllənin yuxarı hissəsində 56 zəngin yerləşdirildiyi karilyon (zənglərin yerləşdirildiyi musiqi aləti) Texasda ən böyük karilyon hesab edilir. Qüllənin zəngləri iş günləri səhər saat 6-da və axşam saat 21-də çalınır. Universitetin kampusundakı digər binalardan Bətl Holl, Qriqori, Anna Hiss gimnaziyalarını, Litfild Haus, Diş-Falk Fild binalarını, Darella Kral-Texas Memorial, Mark Mayers Trek futbol stadionlarını, Li və Co Cemeyl Texas  Üzgüçülük Mərkəzini, Frenk Ervin Xüsusi Hadisələr Mərkəzini və s. qeyd etmək olar.

Ostin Texas Universiteti ali məktəbin kampusunda yerləşən bütün binaları birləşdirən geniş tunel sisteminə malikdir. 1930-cu illərdə Fizika zavodunun rəhbəri Karl Ekxardt tərəfindən yaradılmış tunel sonradan kampus böyüdükcə genişləndirilib. Hazırda tunelin ümumi uzunluğu 6 mildir və kommunal xidmətlər üçün istifadə olunur. 1940-cı ildən ali məktəb elektrik enerjisi istehsal edərək özünü təchiz edir.

Hazırda universitet kampuslarında yerləşən obyektləri genişləndirməkdədir. 2010-cu ildə kimya və biologiya tədqiqatları üçün nəzərdə tutulmuş Norman Hakerman binası istifadəyə verilib, Bill və Melinda Geyts Kompüter Elmləri Kompleksi, Dell Kompüter Elmləri binası, Belo Yeni Media mərkəzinin tikintisinə başlanılıb. Kampusda KUT radiostansiyası, kampus daxilində tələbələrin hərəkətini tənzimləmək məqsədilə avtobuslarla təmin olunmuş Kapital metro fəaliyyət göstərir.

Ostin Texas Universitetinin nəzdində Kommunikasiya, Təhsil, Təsviri İncəsənət, Humanitar Elmlər, Təbii Elmlər, Əczaçılıq kollecləri, Kokrell Mühəndislik, Təhsilin Davametdirilməsi və İnnovativ təhsil, Cekson Yer elmləri, Lindon Conson İctimaiyyətlə əlaqə, MakKombs Biznes, Memarlıq, İnformasiya, Hüquq, Tibb bacısı, İctimai fəaliyyət, Bakalavr, Ali məktəbləri fəaliyyət göstərir. Onlarca bakalavr, magistr və doktorluq proqramları təklif edən kollec və məktəblər, öz növbəsində, departament, bölmə, institut və elmi-tədqiqat mərkəzlərindən ibarətdir.

Kommunikasiya Kollecinə Reklam və ictimaiyyətlə əlaqə, Kommunikativ tədqiqatlar, Kommunikasiya elmləri və pozulmalar, Radio, televiziya və film departamentləri, Jurnalistika məktəbi, Annet Ştraus Vətəndaş İştirakı, Kinematoqrafiya, Telekommunikasiya İnformasiyaları və Siyasəti institutları,  Cəngavər Amerika Jurnalistika,  Texas İdman və Media məktəbləri, Kəkələmə İnkişaf, Dil və Koqnitiv Qocalma, Elmin İctimai Anlayışı və Səhiyyə, Nitq İstehsalatı  və s. laboratoriyalar daxildir.

Təhsil (Pedaqogika) Kolleci Tədris planı və təlimatı, Pedaqoji administrasiya, Pedaqoji psixologiya, Kineziologiya və sanitariya maarifləndirməsi, Xüsusi təhsil departamentlərindən, Riyaziyyat Təhsili, Təhsil Karyera Xidməti, Tədris Texnologiyası, Medous Təhsil Riskinin Qarşısının Alınması, İkidilli Təhsilin İdarəolunması, Pirson Psixometriya Tətbiqi Tədqiqatları, Latçer Stark, Texas Əlillik Tədqiqatları, Təhsil Siyasəti, Uşaq Tədrisi, Pedaqoji Administrasiya, Voqan Kross Oxuma və Yazma mərkəzlərindən, Voqan İctimai Məktəb Təşəbbüsü İnstitutundan ibarətdir.  

Təsviri İncəsənət Kollecində İncəsənət və incəsənətin tarixi, Teatr və rəqs, Texas ifaçılıq incəsənəti, Mənzərəli yerlər departamentləri, Batler Musiqi Məktəbi, Latın Amerikası Vizual Tədqiqatlar, Mezoamerika, Təsviri İncəsənət, Amerika Musiqisi, Modernizm Tədqiqatları və s.  mərkəzlər fəaliyyət göstərirlər. 

Humanitar Elmlər Kollecinə Afrika tədqiqatları və Afrika diasporu,  Hava qüvvələri elmi, Amerika tədqiqatları, Antropologiya, Samuel Uilson antropologiya, Coel Brereton Asiya tədqiqatları, Stiven Uayt klassika, Deyl Ştal iqtisadiyyat, Elizabet Kullinqford ingilis dili, Daniyela Bini fransız və italyan dilləri, Kennet Yanq coğrafiya və ətraf mühit, Piter Hess alman tədqiqatları, Qari Frimen dövlət idarəçiliyi, Alan Tulli tarix, Riçard Meyer dilçilik, Kristen Bryustad Yaxın Şərq, Boris Robinson hərbi elmlər, Den Dikson hərbi-dəniz elmləri, Kori Cul fəlsəfə, Ceyms Pennbeyker psixologiya, Marta Nyumen ilahiyyat, Cefri Uorker ritorika və yazı, Meri Noyburger slavyan və Avrasiya tədqiqatları, Kristina Uilyams sosiologiya, Cil Robbins İspaniya və Portuqaliya tədqiqatları departamentləri daxildir. 

Təbii Elmlər Kollecinə Astronomiya, Biologiya elmləri, Kimya və biokimya, Kompüter elmləri, İnsan ekologiyası, Dəniz elmləri, Riyaziyyat, Fizika, Statistika və elmi hesablama departamentləri, Dəniz elmləri, Nanotexnologiya institutları, MakDonald Rəsədxanası, Brakenric Fild Laboratoriyası, Yaddaşın Öyrənilməsi, Vaqqoner mərkəzləri daxildir. 

Əczaçılıq Kollecinə Tibbi kimya, Əczaçılıq, Farmakologiya və toksikologiya,  Farmakoterapiya, Əczaçılıq Administrasiyası, Əczaçılıq təcrübəsi departamentləri, Narkomaniya, İnfeksion Xəstəliklər Tədqiqatları, Molekulyar və Hüceyrə Toksikologiyası, Farmakoiqtisadi Tədqiqatlar mərkəzləri aiddir.  

Ostin Texas Universitetinin nəzdində zəngin kolleksiya və materiala malik bir neçə muzey və kitabxana fəaliyyət göstərir. Bunlar Lindon Beyns Conson Prezident Kitabxanası və Muzeyi, Memarlıq və planlaşdırma, Aleksandr memarlıq arxivi, Benson Latın Amerika, Mallet kimya, Klassik, Kolleksiya depozit, MakKinni mühəndislik, Təsviri incəsənət, Uolter geologiya, Pikl tədqiqat kampusu, Dəniz elmləri, Əsas Perri-Kastaneda, Fizika, riyaziyyat, astronomiya kitabxanalarıdır. Lindon Beyns Conson Prezident Kitabxanası və Muzeyi nəhəng sənəd və  digər materiallardan ibarət elmi-tədqiqat ocağıdır.

Harri Rensom Mərkəzi dünyanın ən zəngin arxivlərindən biridir. Netti Li Benson Latın Amerikası Kolleksiyası ABŞ-da bu sahə üzrə ən böyük kitabxanadır. Blanton İncəsənət Muzeyi ölkənin ən nəhəng bədii muzeylərindəndir və burada məşhur kolleksiyalar cəmlənib. Dolf Brisko Amerika Tarixi Mərkəzi Cənub-Qərbi Amerika və Texasın tarixinə aid zəngin kolleksiyaya malik böyük elmi-tədqiqat müəssisəsidir. Texas Memorial Muzeyi fəal təbii elmi mərkəz olaraq çoxlu sayda ziyarətçilər qəbul edir.

Ostin Texas Universitetinin hazırkı, 28-ci prezidenti professor Uilyam Çarlz Pauersdir. O, bu vəzifəni 2006-cı il fevralın 1-dən icra etməyə başlayıb.  Universitetdə ümumilikdə 24000-ə yaxın işçi çalışır. İşçilərin 3000-ə qədərini professor-müəllim heyəti təşkil edir. Onların arasında 63 nəfər Milli Elmlər Akademiyasının üzvü, 9 Nobel mükafatı laureatı, onlarca Pulitser mükafatı, Milli Elmlər, Milli Texnologiyalar, Tyurinq və s. medalların qalibləri var.  

Universitetdə ümumilikdə 51195 nəfər tələbə təhsil alır. Onların 38420 nəfərini bakalavr, 11095 nəfərini magistrant və doktorantlar, 1193 nəfərini Hüquq, 487 nəfərini isə Əczaçılıq fakültəsinin tələbələri təşkil edirlər. Ostin Texas Universitetində təhsil alan bakalavrların 34999 nəfəri texaslı, 1697 nəfəri ABŞ-ın müxtəlif ştatlarından olan, 1724 nəfəri isə əcnəbi tələbələrdir. Hazırda dünya üzrə bu ali məktəbin 450000 məzunu müxtəlif sahələrdə fəaliyyət göstərir.

Ostin Texas Universitetinin kampusunda 14 yataqxana mövcuddur. Bu yataqxanalarda 8000-ə qədər tələbə yerləşdirmək mümkündür. Yataqxanaların arasında ən böyüyü 1969-cu ildə istifadəyə verilən və 3500-dən çox tələbə tutumuna malik Cester Mərkəzidir. Şəhərciyi xatırladan bu yataqxana kompleksi universitetin tarixində həyata keçirilən ən iri tikinti layihələrindən biridir. Eyni zamanda ali məktəbdə Endryus, Litfild, Kinsolvinq, Blanton, Karozers, Kriksayd, Almetris Duren, Mur-Hill kimi böyük yataqxanalar fəaliyyət göstərir. Tələbələr özəl yataqxanalarda, kirayə mənzillərdə də qala bilərlər.

Universitetdə 1000-ə qədər tələbə təşkilatı mövcuddur. Burada fəaliyyət göstərən ən qədim təşkilatın tarixi 1902-ci ilə təsadüf edir. Universitetdə "Study Breaks Magazine", "The Dailiy Texas", "Texas Travesty" tələbə nəşrləri fəaliyyət göstərir. Ostin Texas Universitetinin talismanı Texas lonqhornu (iribuynuzlu heyvan), Bevo öküzü hesab edilir. Ali məktəbin rəngləri isə narıncı və ağdır. İdman tədbirlərində tələbələr barmaqlarını buynuz şəklində qaldıraraq "Texas mübarizəsi" himnini oxuyurlar. Universitet geniş çeşidli idman proqramları təklif edir və bu sahə üzrə əhəmiyyətli nailiyyətlərə malikdir.

Ostin Texas Universitetinin Əxlaq Kodeksi aşağıdakılardan ibarətdir: təhsil, kəşf, azadlıq, liderlik, cavabdehlik, insanlara yeni imkanların yaradılması. Universitetin hər bir üzvü bu dəyərlərə bütövlük, sədaqət, inam, ədalət və hörmət bəsləməli, insanlara layiqli xidmət göstərməlidir. Ostin Texas Universitetinin əsas missiyası ali, diplomdansonrakı təhsil, elmi tədqiqatlar və dövlət qulluğu kimi qarşılıqlı əlaqəyə malik sahələr üzrə mükəmməl nəticələr əldə etməkdir. Universitet Texas və ondan kənarda baş verən pozitiv dəyişikliklərdə əsas katalizator rolu oynamağa can atır, mədəniyyətlərin qorunması, inkişaf etdirilməsi və dünya iqtisadiyyatının gücləndirilməsi üzrə yeni proqramlar hazırlayır.    

Universitetin məşhur məzunları 

  Lora Buş ABŞ-ın sabiq prezidenti Corc Buşun xanımı  
  Cenna Buş ABŞ-ın sabiq prezidenti Corc Buşun qızı  
  Berd Conson  ABŞ-ın sabiq prezidenti Lindon Consonun xanımı  
  Linda Bird Conson Robb ABŞ-ın sabiq prezidenti Lindon Consonun böyük qızı  
  Ramsey Klark ABŞ-ın sabiq baş prokuroru  
  Tom Klark ABŞ-ın sabiq baş prokuroru və ABŞ Ali Məhkəməsinin sabiq hakimi  
  Con Konolli  ABŞ-ın sabiq maliyyə naziri  
  Skott MakKlellan Ağ evin sabiq mətbuat katibi  
  Fernando Belaunde Terri Perunun sabiq prezidenti  
  Fransisko Santes Kalderon Kolumbiyanın 9-cu vitse-prezidenti  
  Mariya de Lurdes  Meksikanın Avropa Şurasındakı sabiq səfiri  
  Salam Fəyyad Fələstin Milli Hakimiyyətinin Baş naziri   
  Mustafa Çamran İranın sabiq müdafiə naziri  
  Şeyx Abdulla Tariki  OPEK-in yaradıcılarından biri  

            

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov