Mayın
7-də Sumqayıtdakı Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibətilə Sumqayıt məktəbliləri arasında
keçirilən inşa və rəsm müsabiqələrində fərqlənən
şagirdlərin rəsm əsərlərindən və inşa
yazılarından ibarət "Müdriksən, ucasan, əbədisən
qəlbimizdə" adlı toplunun təqdimat mərasimi
keçirildi. Tədbirdə Sumqayıt şəhər təhsil
ictimaiyyəti, Milli Məclisin deputatı Muxtar
Babayev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri
Vidadi Bağırov, Sumqayıt Şəhər İcra Hakimiyyəti
başçısının müavini Sahib Quliyev, Ağsaqqallar
Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Şəhər
Yazıçılar Birliyinin sədri Sabir Sarvan,
şair-publisist Əvəz Mahmud Lələdağ və başqaları
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər
Təhsil Şöbəsi Metodik kabinetinin direktoru,
əməkdar müəllim Sabir Məmmədov ümummilli lider
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
gördüyü misilsiz işlərdən söz açdı. Bildirdi ki,
tarixi şəxsiyyətlər nəsillərin yaddaşında
yaratdıqları və həyatda qoyub getdikləri
silinməz izlərlə əbədiləşir. Ulu öndər Heydər
Əliyev məhz belə şəxsiyyətlərdəndir. Heydər
Əliyev bütün dünyanı suallar qarşısında qoyan,
təəccüb və heyranlıq doğuran bir şəxsiyyətdir.
Belə bir insan ömrü haqqında yazmaq, fikir
söyləmək həm şərəfli, həm də məsuliyyətli bir
işdir. Şagirdlərin yazılarında ümummilli lider
Heydər Əliyev görkəmli ictimai-siyasi dövlət
xadimi, xalqımızın gələcəyinə inamın qarantı,
sülh carçısı, demokratiyanın, müstəqilliyin
təşkilatçısı kimi səciyyələndirilir.
Sonra söz Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri
Vidadi Bağırova verildi. O, ulu öndər Heydər
Əliyevin Tanrının Azərbaycan xalqına və
dövlətinə bəxş etdiyi tarixi şəxsiyyət olduğunu
iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki,
ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə həsr
etmiş ulu öndər tarixin yaddaşında əbədi olaraq
qalacaq, gələcək nəsillər dövlətə və
dövlətçiliyə necə xidmət etməyi onun şəxsində
öyrənəcəklər. Belə tədbirlərin keçirilməsinin
vacibliyini vurğulayan V.Bağırov şagirdlərin həm
inşa yazılarını, həm də rəsm əsərlərini yüksək
qiymətləndirdi.
Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqı qarşısındakı misilsiz
xidmətlərindən, xilaskarlıq missiyasından söz
açdılar.
Sonra inşa və rəsm müsabiqələrində seçilmiş
yazılar və əsərlər iştirakçılara nümayiş
etdirildi.
Niyazi RƏHİMOV |
|