Mayın 10-da Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və
Azərbaycanda intellektual potensialın inkişafı"
mövzusunda respublika elmi-praktik konfransı
keçirildi. Tədbirdə institutun professor-müəllim
heyəti ilə birgə Milli Məclisin deputatı,
professor Bəxtiyar Əliyev, Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov,
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin böyük
elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru
Nardanə Yusifova, Gəncliyin Elmi-Mədəni İnkişafı
İctimai Birliyinin sədri Sərdar Yusifov və digər
qonaqlar iştirak edirdilər.
Konfransı
giriş sözü ilə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
rektoru, professor Asəf Zamanov açaraq bildirdi
ki, ulu öndər Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü ilə bağlı respublikamızda və
dünyanın bir çox yerlərində silsilə tədbirlər
keçirilir. Tədbirlər planına uyğun olaraq BPKİYİ
Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə rayon
ərazisindəki məktəblərdə "Heydər Əliyev və
müstəqil Azərbaycan" mövzusunda inşa müsabiqəsi
keçirmişdir. Heydər Əliyev 1969-cu ildə
hakimiyyətə gəldikdən sonra bütün sahələrdə
inqilab baş verdi. İstər sənaye, istərsə də
aqrar potensialın inkişafında böyük işlər görən
ulu öndər həmçinin intellektual potensialın
inkişafına böyük diqqət yetirmişdir. Ümummilli
liderin elmə, təhsilə göstərdiyi diqqət və qayğı
elm adamları tərəfindən daim yüksək
qiymətləndirilmiş, onun həyata keçirdiyi
düşünülmüş, məntiqli siyasi kurs dəstəklənmişdir.
Ulu öndər Heydər Əliyevin gənclərə həmişə xüsusi
diqqət yetirməsindən söz açan A.Zamanov qeyd
etdi ki, hələ 1969-cu ildə Azərbaycanda
hakimiyyətə gələndən sonra ümummilli lider ilk
dəfə olaraq azərbaycanlı gəncləri keçmiş Sovet
İttifaqının nüfuzlu ali məktəblərinə
göndərmişdir. Müstəqil Azərbaycanda keyfiyyətli
biliyə söykənən təhsil sisteminin təməli ulu
öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə
təsdiq olunmuş "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı" ilə
qoyulmuşdur. Cəmiyyətin tərəqqisinin başlıca
amilləri olan elm və mədəniyyətin, xalqın
intellektual potensialının formalaşdırılması,
gənc nəslin yüksək hazırlıq səviyyəsinin təmin
edilməsi müddəaları Proqramın ideya istiqamətinə
çevrilərək təhsil sistemimizin ən zəruri
vəzifəsini müəyyənləşdirmişdir. Müasir dünyada
hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə
təhsilin səviyyəsi ilə müəyyən olunur. Təbii
sərvətlərin bolluğu dövlətin inkişafının əsas
göstəricisi deyil, başlıcası, bu sərvətlərin
cəmiyyətin hərəkətverici qüvvəsi olan insan
kapitalına çevrilməsini təmin etməkdir.
Respublikamızın maliyyə imkanlarının müxtəlif
mənbələrdən, xüsusilə neftdən gələn gəlirlər
hesabına ilbəil artması nəticəsində təhsilə
ayrılan vəsait hər il davamlı olaraq artır.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində son illər
Azərbaycan dünyada siyasi cəhətdən ən stabil
ölkələr sırasına çıxmış, iqtisadi inkişaf
tempinə görə lider ölkəyə çevrilmişdir.
Sonra söz professor Bəxtiyar Əliyevə verildi.
Milli Məclisin deputatı B.Əliyev çıxışını ulu
öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki,
azərbaycanlıyam" sözləri ilə başlayaraq bildirdi
ki, ümummilli lider Heydər Əliyev öz əməlləri
ilə bunu sübut etmiş, Azərbaycan xalqının
qəlbində əbədi taxt qurmuşdur. Dahi şəxsiyyətin
siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə
həyata keçirdiyi islahatlardan, möhtəşəm
layihələrdən bəhs edən professor Bəxtiyar Əliyev
qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin
fenomenal dövlət xadiminin adı ilə bağlı
olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırdı.
Tədbirdə digər çıxış edənlər-Binəqədi RİH
başçısının müavini Vüsal İsmayılov, Milli
Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi
Nardanə Yusifova, GEMİ İctimai Birliyinin sədri
Sərdar Yusifov müasir müstəqil Azərbaycan
dövlətinin yaranmasında, inkişafı və dünyada
tanınmasında ümummilli lider Heydər Əliyevin
əvəzsiz rolundan söz açdılar.
Niyazi RƏHİMOV |
|