Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - 18

 

Məktəbəqədər təhsilin konseptual problemləri

 

Qlobal dünyanın təhsil paradiqması 

"Məktəbəqədər tərbiyə" anlayışının "məktəbəqədər təhsil" anlayışı ilə əvəz olunması ilkin yanaşmada bu dəyişikliyin səbəbi barədə sual doğurur. Heç şübhəsiz, bu mütərəqqi yanaşma tərzi barədə təhsil sahəsində çalışan hər bir kəsin subyektiv fikri ola bilər. Lakin ən başlıca cəhət bu əvəzlənmənin ciddi sosial-pedaqoji xarakter daşımasını, yeni pedaqoji təfəkkürün formalaşdığı bir zamanda həmin proseslərin müşahidə olunduğunu qəbul etməkdən ibarətdir.

Artıq tərbiyə ənənəvi pedaqogikanın əsas anlayışlarından biri kimi müasir təhsil müstəvisində şəxsiyyətin inkişafının mühüm atributlarından biri olmaq missiyasını təhsil anlayışına ötürür. Təbii olaraq bu mübadilədə təhsil də özünün mənasını genişləndirir, şəxsiyyətin zəruri keyfiyyətlərinin ifadəçisi olan dəyərləri də ehtiva etməyə başlayır. Ənənəvi təhsildən fərqli olaraq, yeni konsepsiya əsasında həyata keçirilən təhsil yalnız nəticə deyil, həm də dəyər, o cümlədən proses, sistem kimi başa düşülür.

Yeni əsrin əvvəllərindən başlayaraq təhsilə yanaşmalar yeniləşməkdədir. Ciddi sosial fenomen kimi təhsilin mahiyyəti, məzmunu, forması, mərhələləri və s. barədə müzakirələr davam edir. Cəmiyyətin təhsil mərhələsindən keçməsi ciddi və məsul bir hadisə kimi nəzərə alınır. Bu problemin nəzəri və praktik cəhətdən öyrənilməsinin zəruriliyindən bəhs edilir. YUNESKO bəşəriyyətin çoxillik inkişaf təcrübəsinə istinad edərək XXI yüzilliyi "Təhsil əsri" adlandırıb. Görkəmli psixoloq, professor Əbdül Əlizadə bütün bu prosesləri izləyərək haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, "XXI yüzillik ağılın, intellektin təntənəsi əsridir. Müstəqillik yoluna çıxmış respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin, ilk növbədə, məhz ağıl, intellekt məktəbi olmasını tələb edir" (Əlizadə Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, "Ozan", 1998, səh.97).

Şəxsiyyətin həyatı boyu inkişafını tənzimləyən təhsil müxtəlif mərhələ və səviyyələrdə onun dəyərlərə yiyələnməsini bir məqsəd kimi həyata keçirir. İnsanın öyrənməsinə, inkişafına və mədəniyyətlərə sahib olmasına şərait yaradır. Müasir dünyanın təhsil paradiqmasında daha aydın görünən xüsusiyyətlər diqqəti cəlb edir. Onlardan birincisi şəxsiyyətin formalaşması problemidir. Başqa sözlə, şəxsiyyətin formalaşması təhsilin ana xəttidir. Bütün digər fəaliyyətlər bu xətdə birləşərək ümumi məqsədin reallaşdırılmasına təkan verir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunduğu kimi, "yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq" ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. "Kurikulum" jurnalı, 2009, N 4, səh.131) zəruri tələblərdən biridir. Bu həm təhsilin məzmunu, həm də təşkili üçün əsas kriteriyalardandır.

Təhsilin yaradıcı şəxsiyyət formalaşdırmaq missiyası onun humanist, humanitar xarakterini meydana çıxarır, yeni məzmun, pedaqoji texnologiyalar və idarəetmə sistemində gözlənilməsi ciddi tələb kimi nəzərə alınır. Yeni konsepsiyaya uyğun olaraq təhsilalanlarda keyfiyyət göstəricilərinin, dialoji mədəniyyətin formalaşdırılmasına üstünlük verilir.

Məlum olduğu kimi, mədəniyyətlərin formalaşdırılması təhsil üçün önəmli problemdir. Lakin ənənəvi olaraq bu mədəniyyətlərin "subyekt-obyekt" münasibətləri əsasında formalaşmasına istinad olunmuşdur. Demokratik prinsiplər əsasında yaranan təhsilin isə ən xoşagələn cəhətlərindən biri onun "subyekt-subyekt" münasibətlərinə əsasən təşkil edilməsi və həyata keçirilməsidir. "Subyekt-subyekt" münasibətlərində qurulan mədəniyyət dialoji xarakter daşıyır.

Təhsildə, onun müxtəlif mərhələlərində belə bir kommunikativ ünsiyyətin qurulması, ilk növbədə, təhsilalanların öyrənməyə olan marağını artırmaq baxımından əhəmiyyət daşıyır. İkincisi, "öyrədən-öyrənən" münasibətləri nümunəsində güclü peşəkarlıq nümayiş etdirilir.

Məlum olduğu kimi, bütün bu münasibətlərin bünövrəsi məktəbəqədər təhsil mərhələsində qoyulur. 

Məktəbəqədər təhsil təhsildə ilk pillədir 

Dünyaya gələn hər bir uşaq özü ilə gətirdiyi potensial imkanlara söykənməklə yanaşı, düşdüyü mühitin təsiri ilə inkişaf edir, formalaşır. Bəşəriyyətin tarixi boyu bu inkişaf diqqət mərkəzində saxlanılmış, idarə olunmuşdur. Təbii ki, bu idarəolunma ayrı-ayrı zamanlarda müxtəlif cür məzmun və xarakter daşımaqla fərqlənmişdir. Lakin məsələ ondadır ki, həmişə uşaqların taleyi valideynlərini daha çox düşündürmüş, onları bu işin bünövrəsini daha əsaslı qoymağa sövq etmişdir.

Məktəbəqədər təhsilin inkişaf problemlərindən bəhs edən tədqiqatçılar da öz araşdırmalarında bu məsələni birmənalı şəkildə qeyd etmişlər. Onlar uşaqların lap kiçik yaşlarından müxtəlif dəyərlərə yiyələnmələrinin çıxış yolunu ailə ilə yanaşı, həm də xüsusi təlim-tərbiyə müəssisələrində axtarmağa başlamışlar. Bu araşdırmalar təhsilin çox dəyərli bir mərhələsinin yaranması ilə nəticələnmişdir. Başqa sözlə, məktəbəqədər təhsil müəssisələri meydana gəlmişdir.

Bu gün cəmiyyətin inkişafının hazırkı səviyyəsi bu zərurətin daha mükəmməl qaydada təşəkkülünü, onun daha uğurlu və etibarlı dayaqlar üzərində inkişaf etməsini bir vəzifə kimi qarşıya qoyur. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun qeyd etdiyi kimi, "Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiət və insanlara həssas münasibətinin formalaşmasını təmin edir" (Mərdanov M. Azərbaycan təhsili: islahatların uğurlu nəticələri. Bakı, "Şərq-Qərb", 2010, səh.26). O, özünün gələcək perspektivlərinin başlanğıc mərhələsini məhz məktəbəqədər təhsil müəssisələrində qərarlaşdırır. Həyatı boyu sərf edəcəyi bacarıqlarının özülünü uşaq bağçasında qoyur.

Məktəbəqədər mərhələnin təhsildə ilk pillə olması onun əhəmiyyətini bir neçə cəhətdən şərtləndirir. Onlardan birincisi uşaqların sosiallaşmasının təmin olunmasıdır.

Məlum olduğu kimi, sosiallaşma müasir dövrün zəruri ictimai hadisəsi kimi əhəmiyyət daşımaqla cəmiyyətin inkişafında önəmli rol oynayır. Təhsil müəssisələri bu ictimai hadisənin reallaşdırılmasını təmin edən, ona imkan yaradan vasitə kimi əvəzsiz əhəmiyyət daşıyır. Müşahidə və təcrübələr göstərir ki, məktəbəqədər təhsil müəssisələri bu baxımdan digər təhsil müəssisələrindən fərqlənir. İlk növbədə, o, uşaqların 5 yaşa qədərki dövrünü əhatə etməklə daha çox praktik bacarıqlar formalaşdırmaq imkanına malik olur. Uşaqlar bu dövrdə daha geniş idrak fəaliyyəti göstərə bilməkdən əlavə, öyrəndiklərini möhkəm mənimsəməklə uzun müddət yadda saxlayır və istifadə edirlər.

Bundan əlavə, məktəbəqədər təhsil müəssisələri uşaqlarda formalaşan şəxsi keyfiyyətlərin əsasında durmaqla baza rolunu oynayır. Onların məktəbəqədər təhsil mərhələsində qazandıqları keyfiyyətlər təhsilin digər pillələrində əldə etdikləri bacarıqların özülünü təşkil edir.

Yenicə dünyaya gəlmiş uşaqlar durmadan inkişaf edir, əqli, hissi və fiziki cəhətdən formalaşır. Bu inkişafın nizamlanması və müəyyən normativlərə uyğun olaraq istiqamətləndirilməsinin zəruriliyi meydana çıxır. Müşahidələr göstərir ki, ailələr belə bir inkişafın tənzimlənməsində hüquqi normativlər çərçivəsində ardıcıl və sistemli fəaliyyət göstərə bilmirlər. Valideynlərin fərdi münasibətlərindən doğan yanaşmalar rəsmiyyətçiliyin pozulması ilə nəticələnir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinin əvəzolunmaz rolu mühüm şərtlərdən biri kimi özünü göstərir.

Uşaqların kommunikativ bacarıqlarının formalaşdırılması da ciddi təhsil problemi kimi əhəmiyyət daşıyır. Ümumiyyətlə, ünsiyyət bacarıqlarına yiyələnmək, onu şəxsiyyətin mühüm parametrlərindən biri kimi əxz etmək vacib keyfiyyət hesab olunur. Bu keyfiyyətin əldə edilməsi, təbii ki, ailə mühitindən başlayır. Ata, ana, qardaş, bacı və başqaları ilə ünsiyyət bağlarının qurulması ailə intizamının, ab-havasının gedişatında təbii bir hiss kimi yaranır, inkişaf edir. Bu inkişafın daha zəngin və rəngarəng olması üçün ailənin imkanları kifayət etmir. Həmin proses yalnız məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və mənəvi bazasında özünün inkişaf istiqamətlərini tapır.

2010-cu ilə olan məlumata görə, respublikamızda belə müəssisələrin sayı 1624-dür. Həmin müəssisələrə 107954 uşaq cəlb olunmuşdur. Bu, respublikamızda uşaqların 16,5%-nin məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması deməkdir. "Halbuki həmin göstərici Finlandiyada 99%, Fransada, Belçikada 95%, Almaniyada 90%, bir sıra MDB ölkələrində isə 50-85% təşkil edir" (Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, "Şərq-Qərb", 2009,  səh.28). Fəaliyyət göstərən bu məktəbəqədər təhsil müəssisələrində 13469 pedaqoji işçi çalışır. Ümumiyyətlə, ölkə üzrə 3532 yaşayış məntəqəsindən 2667-də (75,5%) məktəbəqədər təhsil müəssisəsi yoxdur. Məktəbəqədərin ilk təhsil pilləsi kimi əhəmiyyəti və rolunu nəzərə almış olsaq, yuxarıda göstərilən faktların nə dərəcədə narahatlığa səbəb olmasını aydın təsəvvür etmək mümkündür.

Sevindirici haldır ki, vəziyyətin belə olması diqqətdən yayınmır, onun aradan qaldırılması istiqamətində ardıcıl və sistemli işlər aparılır. Ölkə Prezidentinin bu istiqamətdə təhsilə, xüsusən məktəbəqədər təhsil müəssisələrinə qayğısı diqqəti cəlb edir. Onun 12 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" ölkədə məktəbəqədər təhsilin inkişafını istiqamətləndirmək baxımından qəbul olunmuş Dövlət Proqramı kimi tarixi əhəmiyyət daşıyır. Orada məktəbəqədər təhsilin kurikulumunun hazırlanması nəzərdə tutulmuş ən vacib vəzifələrdən hesab edilir. 

Məktəbəqədər təhsil kurikulumu necə olmalıdır?  

Bu sual təhsil siyasəti ilə məşğul olan mütəxəssislərin çoxunu düşündürürdü. "Məktəbəqədər təhsil kurikulumunun hazırlanması, kurikulum layihələrinin sınaqdan keçirilməsi üçün pilot müəssisələrin müəyyən edilməsi, nəticələrin ümumiləşdirilməsi, kurikulumların təsdiqi, pedaqoji heyətin müvafiq treninqlərə cəlb olunması" (Mərdanov M. Azərbaycan təhsili: islahatların uğurlu nəticələri. Bakı, "Şərq-Qərb", 2010, səh.84) məktəbəqədər təhsil sahəsində qarşıda duran vəzifələrdən biri kimi axtarışların aparılmasını, konkret tədbirlərin hazırlanaraq həyata keçirilməsini tələb edirdi. 2008-ci ildə Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində məktəbəqədər təhsilin kurikulumu şöbəsinin yaradılması bu məsələnin həll edilməsi üçün təşkilati baza rolunu oynadı. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə (TSİİL) əsasən, "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti üzrə icra planına uyğun olaraq məktəbəqədər təhsilin kurikulumunu hazırlamaq məqsədi ilə yaradılmış bu şöbədə də sistemli işlərin aparılmasına başlanıldı. İlkin yanaşmada respublikadakı məktəbəqədər təhsilin durumu, dünyanın inkişaf etmiş ölkələrində kurikulumların hazırlanması təcrübəsi öyrənildi, eyni zamanda məktəbəqədər təhsil kurikulumunu hazırlayacaq işçi qrupunun tərkibi rəsmi olaraq müəyyənləşdirildi.

Kurikulumların hazırlanması işində başlıca məsələlərdən biri onun məzmun və strukturunun müəyyənləşdirilməsi idi. Onun həll olunması üçün işçi qrupunda müzakirələr aparıldı və ölkədə təhsil kurikulumlarının hazırlanması sahəsində əldə olunmuş təcrübələrin nəzərə alınması məqsədəmüvafiq hesab edildi. Eyni zamanda bu sənədin konseptual xarakterdə hazırlanması, şəxsiyyətyönümlü mahiyyət daşıması, nəticəyönümlü olması qərarlaşdırıldı. Bu, ölkədə aparılan təhsil islahatlarından irəli gələn bir vəzifə olmaqla yanaşı, eyni zamanda dünyanın qlobal təhsil məkanında qəbul olunmuş ümumi tələb idi. Onun yerinə yetirilməsində hər kəs özünəməxsus kurikulumları hazırlamaqla, həm də dünya standartları səviyyəsində bacarıqlar nümayiş etdirməli idi.

Yaradılmış işçi qruplarında məktəbəqədər təhsilin kurikulumunun hazırlanması istiqamətində işlər aparıldı. Burada vacib olan məsələlərdən biri də kurikulumun yaradılması işində pedaqoji əsas kimi nəzərə alınacaq prinsiplərin müəyyənləşdirilməsi idi. Bu baxımdan xeyli işlərin görülməsinə baxmayaraq, problem kimi onun indi də davamlı olaraq öyrənilməsinə ehtiyac duyulur.

İlkin araşdırmalar göstərir ki, məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasında aşağıdakı prinsiplərin nəzərə alınması didaktik əhəmiyyət daşıyır:

1. Şəxsiyyətyönümlülük

2. Nəticəyönümlülük

3. Uşaqyönümlülük

4. İnteqrativlik

Şəxsiyyətyönümlülük kurikulumun məqsəd və məzmunu ilə bağlı olub, onun daha çox cəmiyyət üçün yararlı insanın formalaşdırılması missiyasının yerinə yetirilməsini təmin edir. Nəticəyönümlülük kurikulumun mühüm pedaqoji sənəd kimi xarakterini diktə edir, məzmununda uşaqların səviyyələrini əks etdirən standartların verilməsini ciddi vəzifə kimi qarşıya qoyur. Həmin standartların təhsilalanlara yönəlməsi, onların səviyyələrini göstərməsi uşaqyönümlülüyü ifadə edir. Standartların əqli, hissi və fiziki bacarıqların ifadə olunmasına yönəlməsi isə onun inteqrativliyini meydana çıxarır.   

Məktəbəqədər təhsil kurikulumunun struktur vahidlərinin konkret olaraq aşağıdakı məntiqlə əlaqələndirilməsi və düzülməsi nəzəri və praktik cəhətdən faydalı hesab edilir:

* Giriş

* Fəaliyyət istiqamətləri:

- Fiziki inkişaf və sağlamlıq;

- Təhlükəsizlik;

- İdrakın inkişafı;

- Dil və ünsiyyət;

- Sosial və emosional inkişaf;

- Mədəniyyət və yaradıcılıq.

* Fəaliyyət istiqamətləri üzrə gözlənilən ümumi təlim nəticələri

* Hər yaş qrupunun sonunda gözlənilən təlim nəticələri

Məktəbəqədər təhsilin məzmunu dedikdə bu sahədə məzmun standartları başa düşülür. Onların müəyyənləşdirilməsi və təsdiq olunması perspektiv fəaliyyət üçün zəruri hesab edilir. Həmin standartlar uşaqların inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparmağa imkan yaradır.

Uşağa istiqamətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətədavamlı şəxsiyyətin formalaşdırılması üçün nəticəyönümlü təhsilin qurulması, yeni yanaşmaların, interaktiv təlim üsullarının tətbiqi əsas tələb kimi qəbul edilir. Məhz bu mərhələdə məktəbəqədər təhsilin kurikulumunda müəyyənləşdirilmiş ümumi təlim nəticələrinin əldə olunmasına imkan verən fəaliyyət istiqamətlərinin və təlim strategiyalarının, bunların əsasında hər bir istiqamət üzrə və hər bir yaş qrupunda qiymətləndirmə meyarlarının hazırlanması nəzəri və praktik cəhətdən əhəmiyyət daşıyır.

Hazırda qarşıda duran ən ümdə vəzifələrdən biri məktəbəqədər təhsilin kurikulumunun tətbiqi ilə əlaqədar insanların təhsillilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Kurikulum dünyanın mütərəqqi təhsil modelindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur.  Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsilalanların hazırlığına qoyulan tələblər, təlim strategiyaları və uşaq nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə edilir. Əslində, bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi, mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir. Məktəbəqədər təhsilin məzmunu təbiətin, cəmiyyətin, iqtisadi inkişafın qanun və qanunauyğunluqları nəzərə alınmaqla elə hazırlanmalıdır ki, müəyyən dövr üçün sabit qala və tələbatları ödəyə bilsin. 

Məktəbəqədər təhsil müəssisələrində təlim prosesi 

Məktəbəqədər təhsil müəssisələrində konseptual problemlərdən biri də təlim prosesinin təkmilləşdirilməsidir. Bütün təhsil müəssisələrində olduğu kimi, burada da təlim özünün dinamikliyi, produktivliyi, eləcə də humanist xarakteri ilə seçilir.

Araşdırmalar göstərir ki, əksər hallarda məktəbəqədər təhsil müəssisələrində təşkil olunan məşğələlərə uşaqları sadəcə məşğul edən sistemsiz tədbirlər kimi yanaşılır. Onlar bu tədbirlərdə ardıcıl xarakter daşımayan fəaliyyətlərə cəlb olunurlar. Belə məşğələlərdə uşaqların səviyyəsi və marağı nəzərə alınmır. Onlar xoşlamadıqları məşğələ saatlarında sistemsiz fəaliyyət göstərməli olurlar.

Çox hallarda tərbiyəçilər təlim məşğələlərinə hazırlıqsız gəlir, görəcəkləri işi əvvəlcədən planlaşdırmırlar. Bu problemlə bağlı pedaqoji söhbətlərə, məsləhətləşmələrə zəif diqqət yetirirlər.

İlkin araşdırmalar göstərir ki, yeni kurikulumların daha səmərəli tətbiq olunması üçün təhsildə aparılan islahatların fəlsəfəsini dərk etmək başlıca vəzifələrdən hesab edilir. Bunun üçün inkişafımızın müasir mərhələsində məktəbəqədər təhsilin rolu və yeri, məqsəd və vəzifələri, cəmiyyətin formalaşmasındakı əhəmiyyəti açıqlanmalı, yeni şəraitdə inkişaf istiqamətləri şərh olunmalıdır. Eyni zamanda uşaqların psixoloji, fizioloji xüsusiyyətləri öyrənilməli, məşğələlərin qurulması prosesində onlara istinad olunmalıdır.

Məktəbəqədər təhsil müəssisələrində təlim prosesi özünəməxsus cəhətləri ilə fərqlənir. Orada valideynlərin müraciətlərinə, arzu və istəklərinə daha ciddi yanaşmaq, uşaqların maraqlarının nəzərə alınmasını stimullaşdırıcı vasitə kimi dəyərləndirmək zəruri hesab edilir. Belə olan tərzdə məktəbəqədər təhsil müəssisələrində təlim işinin demokratik prinsiplər əsasında qurulmasına nail olmaq mümkündür.

Psixoloji və pedaqoji araşdırmalarda uşaqların hələ erkən yaşda maraq dairəsinin geniş olması, onların zehninin itiliyi, öyrənmə və inkişaf imkanlarının geniş olması xüsusi olaraq göstərilir. Onlar daha çox informasiya toplamaq, fakt və hadisələrin mahiyyətinə varmaq arzusunda olurlar. Müşahidə etdiklərinin səbəblərini aydınlaşdırmağa səy göstərirlər. Bunun üçün də çoxlu suallarla müraciətlər edir, maraqlarını bildirirlər. Müşahidələr göstərir ki, bu vəziyyət əksər hallarda situativ xarakter daşıyır. Onun müvafiq qaydada sistemə salınmasına, müəyyən ardıcıllıqla şərh olunmasına ehtiyac yaranır.

Məktəbəqədər təhsil müəssisələrində ilkin olaraq bu vəziyyət öyrənilməli, ümumiləşdirilərək planlaşmalarda nəzərə alınmalıdır. Hər hansı konkret təlim məşğələlərinin planı (kurikulumu) hazırlanarkən onlara istinad olunmalıdır.

İşin göstərilən texnoloji ardıcıllıqla qurulması aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyətli hesab edilir.

Əvvəla, uşaqların təlim məşğələlərinə böyük marağı yaranacaqdır. Onlar bağçaya çox böyük həvəslə gələcək və təlim məşğələlərində məqsədyönlü fəallıq göstərəcək, tapşırıqları həvəslə yerinə yetirəcəklər.

İkincisi, təlim məşğələlərində deklarativlik zəifləyəcək və canlılıq artacaqdır. Məşğələlərdə olan dinamiklik uşaqları öyrənməyə, hadisə və faktlara daha fəal yanaşmağa sövq edəcəkdir.

Üçüncü, uşaqlarda yaradıcı (kreativ) təfəkkürün formalaşması üçün imkan və şərait yaranacaqdır. Onlar özlərinin maraq dairəsinə uyğun olan hər hansı yaradıcı tapşırığın icrasında xüsusi bacarıqlar nümayiş etdirməklə istedad və qabiliyyətlərini nümayiş etdirəcəklər.

Dördüncü, ən zəruri həyati bacarıqların (kommunikativ, qrupda işləmək, problemi həll edə bilmək və s.) formalaşmasına imkan yaranacaqdır.  

"Ailə və bağça" xəttinin kəsişmə nöqtəsi 

Məktəbəqədər müəssisələrdə aparılan işlərin bir istiqamətini də ailə ilə əlaqələr təşkil edir. Bağçanın tarixi boyu bu əlaqələr həmişə olmuşdur. Məktəbəqədər təhsil müəssisələri həmin əlaqələrin qurulmasında maraqlı olmuş, etibarlı mənəvi resurs kimi valideynlərin potensial imkanlarından istifadə etmişlər. Araşdırmalar göstərir ki, ənənəvi olaraq uzun illər bu əlaqələr inzibati dövrün xarakterinə uyğun qurulmuşdur. Bağça özünün idarəçilik prinsipləri əsasında fəaliyyət göstərmiş, valideynlərlə müxtəlif formalarda əlaqələr saxlamışdır. Bu əlaqələr sistemində valideynlər müşahidəçi kimi prosesə müdaxilə etmədən fəaliyyət göstərmişlər.

Humanist və demokratik prinsiplər əsasında qurulan yeni təhsil sistemində ailə və təhsil müəssisəsi arasında əlaqələrin xarakteri dəyişir. Valideyn sifarişçi mövqeyində çıxış edir. Məktəbəqədər müəssisələrdə bu funksiya daha qabarıq şəkildə diqqəti cəlb edir. Uşaqlarının inkişafı ilə maraqlanan valideynlər onu təmin və təşkil etmək məqsədi ilə bağçalarla yaxından əməkdaşlıq edir, təlim-tərbiyə işində onlara dəstək olurlar. Müəssisənin problemləri ilə yaşayır, onun aradan qaldırılması istiqamətində rəhbərliklə birgə fəaliyyət göstərirlər. Beləliklə, "ailə və bağça" xəttinin kəsişmə nöqtəsində dayanan uşağın ümumi inkişafının təmin olunmasında maraqlı olan hər iki tərəf məqsədlərinə çatmaq üçün bərabər əmək sərf etmiş olurlar.  

Müasir idarəetmənin parametrləri 

 "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nda qeyd olunur ki, "Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında... idarə edilir" (Məktəbəqədər təhsilin dövlət standartı və proqramı. "Kurikulum" jurnalı, 2010, ¹4, səh.130). Bu müəssisələr ciddi elmi-pedaqoji əsaslara söykənməklə fəaliyyət göstərir. Hazırkı şəraitdə onlara istinad etmədən məktəbəqədər müəssisələrin fəaliyyətini müasir tələblər əsasında nizamlamaq mümkün deyildir.

Məktəbəqədər təhsil müəssisələri həcminə görə kiçik olsa da, funksiyasına görə ciddi və məsuliyyətli bir vəzifənin yerinə yetirilməsi ilə məşğul olur. Onun fəaliyyəti dövlətin, eyni zamanda valideynlərin diqqət mərkəzində dayanır. Bunun üçün fəaliyyətlərin istiqamətlərini aşkarlıq şəraitində müəyyənləşdirmək, bu məqsədlə faydalı arzu və təkliflərin nəzərə alınması zəruri hesab edilir. İlk növbədə, maraqlı olan tərəflərin fikirləri əsas götürülür. Eləcə də bağçaların iqtisadi və digər problemlərinin həllində şəffaflığın nəzərə alınması vacib hesab edilir.

Müasir məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində demokratikliyin gözlənilməsi də zəruri prinsiplərdən hesab edilir. Müəssisənin fəaliyyətinin təşkilində, idarə olunmasında, məşğələlərin qurulmasında və s. ona istinad olunması məqsədəuyğundur.  

Kadr və maddi-texniki baza problemi 

Məktəbəqədər təhsil müəssisələri barədə son məlumatlarda pedaqoji kadr hazırlığı səviyyəsinin aşağı olduğu göstərilir. Belə ki, onların bütövlükdə 2,6 %-nin ali, 7,9%-nin isə orta ixtisas təhsilli olması bildirilir. İlkin yanaşmada bu balansın aradan qaldırılması, ali təhsilli mütəxəssislərin sayının artırılması gündəmdə olan problem kimi diqqəti cəlb edir. Onların səviyyələrinin peşəkarlıq baxımından yüksəldilməsi, müasir təhsil siyasətinin tələblərinə uyğun keyfiyyətlərlə zənginləşdirilməsi tələb olunur.

Bundan əlavə, respublikamızda məktəbəqədər təhsil müəssisələrində maddi-texniki bazanın zəif olması və onların təlim-tərbiyə prosesinin səmərəli qurulmasına mənfi təsir göstərməsinin də problem kimi həll olunması aktuallıq kəsb edir.

Bütün bunlarla yanaşı, məktəbəqədər təhsilin problemlərinin elmi əsasda, ardıcıl və sistemli aradan qaldırılması onun elmi-nəzəri əsaslarının tədqiq olunmasını, bunun üçün sistemli pedaqoji, psixoloji araşdırmaların aparılmasını tələb edir. Eyni zamanda bu sahədə elmi-pedaqoji potensialın gücləndirilməsini, zəruri resursların, pedaqoji, metodik ədəbiyyatın yaradılmasını bir vəzifə kimi qarşıya qoyur.

Biz bu yazıda məktəbəqədər təhsilin konseptual problemləri barədə ilkin qənaətlərimizi şərh etdik. Heç şübhəsiz, bu təşəbbüs gələcəkdə də davam etdiriləcək, problemlərin həlli istiqamətində daha geniş və sistemli araşdırmalar aparılacaqdır. 

Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri,
"Kurikulum islahatının
davam etdirilməsi və
kurikulumun tətbiqinə dəstək"
alt-komponentinin koordinatoru
ahmedov@edu.gov.az
 

Ənvər ABBASOV
TPİ-nin direktor müavini,
Kurikulum Mərkəzinin direktoru
anvar_abbasov@mail.ru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov