Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Təhsilimiz onlarla fəxr edə bilər

 

Azərbaycan kimya elminin uğurlu gələcəyinə etibarlı zəmin yaradan gənclər 

Vaqif ABBASOV,

AMEA-nın müxbir üzvü, professor 

Azərbaycan xalqı bütün tarixi boyu istənilən elm sahəsində dünyaya çox böyük şəxsiyyətlər bəxş edib. Kimya elmi də bu sahədə istisna deyil. Son 120 ildə Azərbaycanın dünya şöhrətli kimya elmi məktəbi yaranıb və onun uca zirvəsi akademik Yusif Məmmədəliyevdir. XX əsrin əvvəllərində Mövsüm bəy Xanlarov və Sadıq Hüseynovla başlayan Azərbaycan kimya elmi məktəbi əsrin ortalarında dünya elminə akademiklər Yusif Məmmədəliyev, Rüstəm İsmayılov, Murtuza Nağıyev, Əli Quliyev,Vahab Əliyev, Mark Dalin, Soltan Mehdiyev, Toğrul Şaxtaxtinski, Bahadur Zeynalov, Musa Rüstəmov, Məhərrəm Məmmədyarov, Sahib Əliyev, Həbib Şaxtaxtinski, Ayaz Əfəndiyev, Nadir Seyidov, Ramiz Rzayev, Kamil Sadıqov, Vaqif Fərzəliyev, Ağadadaş Əliyev, Abel Məhərrəmov, Siyavuş Qarayev kimi görkəmli alimlər bəxş etmişdir. İndi bu alimlərin hər birinin tanınmış elmi məktəbi var. 

XX əsrdə Azərbaycan kimya elminin inkişafında akademiyanın müxbir üzvləri Məmməd Mövsümzadə, Məcid Mərdanov, Xuda Məmmədov, Şamxal Məmmədov, Bilal Dadaşov, Paşa Rüstəmov, Yunus Qəmbərov, Rəfiqə Əliyeva, Fəzilə Səmədova, Nazil Canıbəyobv, Akif Əzizov, Dilqəm Tağıyev, Fuad Əliyev, Mübariz Əhmədov, Abbasqulu Quliyev, Mustafa Salahov, Adil Qəribov və başqalarının böyük xidmətləri olub və bu gün onların çoxu ölkəmizdə öz kimya məktəblərinə rəhbərlik etməkdə davam edirlər.

Azərbaycanın neft-kimya elmi və bütövlükdə kimya elmi özünün inkişaf səviyyəsinə görə dahi Yusif Məmmədəliyevə borcludur.

Rus alimləri tərəfindən "Alkilləşmənin kralı" adlandırılmış Yusif Məmmədəliyevin çox istiqamətli tədqiqatları əslində ölkəmizdə kimya elminin müasir istiqamətlərinin təməli olmuşdur. Y.Məmmədəliyevin yüksəkoktanlı benzin komponentinin alınma texnologiyasını yaratması İkinci Dünya müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsində müstəsna rol oynamışdır.

Onun dünya şöhrətli tələbəsi akademik Əli Quliyevin yaratdığı Aşqarlar Kimyası İnstitutu ölkəmizdə üzvi sintezin, xüsusən də incə üzvi sintezin bir elmi istiqamət kimi formalaşması və inkişafında müstəsna rol oynamışdır.

Hazırda ölkəmizdə fəaliyyətdə olan kimya institutlarının əksəriyyəti dünya miqyasında nüfuza malik elmi mərkəz olan Neft-Kimya Prosesləri İnstitutunun tərkibindən ayrılaraq formalaşmışdır.

Əslində adları qeyd edilən alimlər və kimya üzrə çoxlu elmlər doktoru və professorlar Azərbaycanda təkcə kimya elminin yox, həm də neft və qaz emalı, neft-kimyası sənayelərinin də formalaşmasında, inkişafında öz töhfələrini vermişlər.

AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professor Abbas Çayxorski və professor Telman AğadamskiAdlarını qeyd etdiyim və etmədiyim görkəmli kimyaçılar yüzlərlə yüksək səviyyəli alimlər yetişdirməklə, eyni zamanda kimyaçı kadrlar hazırlanması sahəsində və bununla təhsilin inkişafına da əvəzsiz xidmət etmişlər

Təsadüfi deyil ki, bu gün həmin alimlərin çoxu BDU, NDU, SDU, GDU, ADNA, ADPU-da kimyaçı kadrların hazırlanması sahəsində uğurlu fəaliyyət göstərirlər.

Azərbaycanın elə alimləri də olub ki, SSRİ-də qapalı mövzular üzrə işlər apardıqlarından onların adları ictimaiyyətə məlum olmayıb və bu gün də çox az məlumdur. Belə alimlərimizdən biri də görkəmli kimyaçı alim, kimya elmləri doktoru, professor Abbas Çayxorski olmuşdur.

Abbas Çayxorski 1941-ci  ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1946-cı ildə Sankt-Peterburq Universitetində yeni yaradılan radiokimya fakültəsinə oxumağa göndərilmiş və oranı "əla" qiymətlərlə bitirdikdən sonra Çelyabinskdə, Kurçatovun yanında işləməyə başlamışdır. Bütün həyatını neptunium kimyasına həsr edən Abbas Çayxorski SSRİ-də atom silahının yaradılmasında xüsusi xidmətlər göstərib. O, 12 il SSRİ-də atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlət komissiyasının sədri olub.

Abbas Çayxorski özünün aldığı elmi nəticələr və digər görkəmli alimlərin nəticələrinə əsaslanaraq daha mükəmməl elementlərin dövri sistemi cədvəlini yaradıb. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının müəllifidir.

O, 1997-ci ildə ABŞ-a, oğlunun yanına köçərkən (sağlamlığı ilə əlaqədar olaraq) Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum etmiş və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam almışdır. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ona fəxri doktor adı vermişdir.

"Neptunium kimyası" monoqrafiyasının müəllifi olan Abbas Çayxorski xalqımızın və elmimizin fəxr edə biləcəyi alim idi. O vəsiyyət etmişdir ki, vəfat etdikdə onu Bakıda köhnə qəbiristanlıqda qohumlarının yanında dəfn etsinlər. Əslən Basarkeçər rayonunun Çaxırlı kəndindən olan dünya səviyyəli alimimiz 2009-cu ildə vəfat etmiş və onun külü vətəninə gətirilərək köhnə qəbiristanlıqda dəfn edilmişdir.

Bu gün müstəqil Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edir.

Hələ keçən əsrin 70-ci illərindən ulu öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyev müstəqil olacaq ölkəmizin bu günü üçün yüksək ixtisaslı kadrlar hazırlanması işinə çox böyük diqqət yetirirdi. Müstəqillik illərində elm və təhsilə diqqət və qayğı daha da artır. Bu diqqət və qayğı sayəsində kimya elminə çox istedadlı gənclər gəlməkdədir. Fəxrlə deyə bilərəm ki, məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri kimi 19 illik fəaliyyətimdə yüzlərlə belə istedadlı gənclərlə görüşmüş, onların uğurlu inkişafının şahidi olmuşam.

Qeyd edim ki, bu uğurlar çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının təhsilə xüsusi qayğısı, Təhsil Nazirliyinin uğurlu təhsil islahatları sayəsində mümkün olmuşdur.

1997-ci ildə mənim təşəbbüsüm və beynəlxalq və dünya kimya olimpiadalarına hazırlıq mərkəzi yarandı və istedadlı şagirdləri bu mərkəzə hazırlığa dəvət etdik. Uğurlar özünü çox gözlətmədi.

1998-ci ildə Beynəlxalq Mendeleyev kimya olimpiadasında Rüfət Əzizov bürünc medala layiq görüldü və Moskva Dövlət Universitetinə (MDU) imtahansız qəbul olundu. 1998-2010-cu illərdə şagirdlərimiz beynəlxalq və dünya kimya olimpiadalarında 80-dən çox qızıl, gümüş və bürünc medallar qazandılar və onlardan 21 nəfəri Moskva Dövlət Universitetinə imtahansız qəbul olundu və demək olar ki, onların hamısı bu universitetin ən sevimli tələbələri oldular. Onların böyük uğurlarında pedaqoji elmlər doktoru M.M.Abbasovun, N.A.Abışovun, İ.Q.Nəzərovun, N.Şıxəliyevin, X.Əsədovun,  Y.Abdullayevin böyük əməklərini qeyd etmək istərdim. Bu uğurlarda "Çağ" Öyrətim İşlətmələri Şirkətinin, Təhsil Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə əməkdaşlarının çox böyük rolu olmuşdur. Şagirdlərimizin dünya miqyaslı yarışlara hazırlıq işləri indi də davam edir.

Təhsilimizin dünya miqyasında şərəflənməsində öz töhfələrini vermiş bir neçə gənci xüsusi qeyd etmək istərdim.

Vüsal Məmmədəli oğlu Şəfiyev 1982-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2000-ci il Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qızıl mükafatçısı kimi Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub.

2005-ci ildə MDU-nu müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycana  qayıdıb, həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) aspiranturaya daxil olub. Aspiranturaya qəbul olduğu vaxtdan bir il sonra ABŞ-ın Florida Universitetinin Kimya Mühəndisliyi fakültəsində magistr dərəcəsi üzrə təhsil almaq üçün dəvət alıb. Oxuduğu institutdan məzuniyyət götürərək Florida Universitetində magistr dərəcəsi almış və 2008-ci ildə oranı müvəffəqiyyətlə bitirərək yenidən vətənə qayıdıb, BP şirkətində kimya mühəndisi vəzifəsində çalışmağa başlayıb. Eyni zamanda elmi işini davam etdirərək 2010-cu ilin yanvarında kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. Azərbaycanda oxuduğu müddətdə bir neçə beynəlxalq elm yarışmalarına (2009 və 2010-cu illər Beynəlxalq Çevrə Olimpiadası, 2009-cu il  Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası, 2010-cu il 44-cü  Beynəlxalq Mendeleyev Kimya Olimpiadası) münsif olaraq dəvət alıb.

Rüfət Eyvaz oğlu Əzizov Lənkəran Özəl Türk Liseyini bitirib. 1998-ci ildə kimya üzrə respublika olimpiadasında birinci yerə layiq görülüb, həmin ildə Belarusda keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medala layiq görülüb və Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib və orada aspiranturada saxlanılıb. 2007-ci ildə dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2006-2008-ci illərdə Böyük Britaniyada Beynəlxalq Peşəkar Sertifikasiya sertifikatı alıb. 2009-cu ildən Xəzər Mühəndisləri İctimai Birliyinin sədridir. 2005-ci ildən BP şirkətində Material, korroziya, inspeksiyalar, texniki bütövlük üzrə baş mühəndis işləyir. 2008-2009  və 2010-cu illərdə BP şirkətinin müxtəlif nominasiyalarda "İlin mühəndisi" mükafatına layiq görülüb. 15 elmi məqalənin müəllifidir. 2011-ci il aprelin 21-də respublika Prezidenti İlham Əliyev cənablarının ölkə gənclərinin nümayəndələri ilə görüşündə iştirak edib.

Sənan Zabit oğlu Eminov 1994-2000-ci illərdə Bərdə şəhəri 3 nömrəli məktəbdə, 2000-2005-ci illərdə Mingəçevir Özəl Türk Liseyində təhsil alıb.

2003, 2004, 2005-ci illərdə respublika kimya olimpiadasının qızıl medallarına layiq görülüb.

2003, 2004, 2005-ci illərdə uyğun olaraq Yunanıstanda, Almaniyada və Tayvanda keçirilən dünya üzrə kimya olimpiadalarının bürünc və qızıl medallarına layiq görülüb. Tayvan olimpiadasında nəzəri suallara 100% düzgün cavab verdiyi üçün eyni zamanda dünya kubokuna da sahib olub. Bu, Azərbaycan məktəblilərinin bütün fənlər üzrə dünya olimpiadalarında iştirak tarixində ən yüksək nəticədir. O, 2000-ci ildə Ankaradakı Orta Doğu Texniki Universitetinə daxil olub, orada bir il təhsil alandan sonra Almaniyanın Bremen şəhərindəki Yakobs Universitetinə dəvət alıb və 2010-cu ildə həmin universiteti uğurla başa çatdıraraq iki ixtisas üzrə diplom alıb.

2010-cu ildə İngiltərənin İmperial Kollecinə dəvət alıb və hazırda orada magistraturada oxuyur. İmperial Kollecin rəhbərliyi onu doktoranturada saxlamaq qərarını qəbul edib.

İsmayıl Teyyub oğlu İsmayılov 1991-1996-cı illərdə Bakı şəhərindəki 115 nömrəli məktəbdə, 1996-1997-ci tədris ilində 83 nömrəli liseydə, 1997-2001-ci illərdə iqtisadiyyat təmayüllü Özəl Türk Liseyində oxuyub.

2001-ci ildə kimya üzrə respublika olimpiadasının gümüş medalına, Moskvada keçirilən 35-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının bürünc medalına layiq görülüb. 2001-ci ildə Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub. 2008-ci ildə universiteti müvəffəqiyyətlə bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Zərif Kimya Texnologiyası Akademiyasında saxlanılıb. 2011-ci il iyunun 10-da neft kimyası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək. İ.İsmayılov 16 elmi əsərin müəllifidir və əsərlərinin əksəriyyəti Rusiya Federasiyasının ən nüfuzlu jurnallarında nəşr olunub.

Sadiq Əyan oğlu Ağazadə Astara şəhərində doğulub. Birinci sinifdən altıncı sinfə qədər Astara şəhərindəki 2 nömrəli məktəbdə, yeddinci sinfi Krasnoyarsk şəhərində, VIII-XI-ci sinifləri Bakı şəhərindəki 160 nömrəli məktəbdə oxuyub. Onuncu və onbirinci siniflərdə oxuyarkən məktəblilərin kimya olimpiadalarının respublika turlarında uyğun olaraq gümüş və qızıl medala layiq görülüb. Onbirinci sinifdə oxuyarkən Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanaraq Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub. Elə həmin ildə Macarıstanda kimya üzrə dünya olimpiadasında gümüş medal qazanıb.

Birinci və ikinci kursda ilboyu dərslərə yüksək səviyyədə hazırlaşdığından kimya imtahanlarından azad edilib. 2010-cu ildə "Fizika tverdoqo tela" jurnalında (Moskva) elmi məqaləsi çıxıb. Bakıda Mendeleyev Kimya Olimpiadasının beynəlxalq münsiflər heyətinin üzvü olub.

Məmməd Faiq oğlu Mirzəliyev 1996-2002-ci illərdə Quba rayonu Qəçrəş kənd orta məktəbində, 2002-2007-ci illərdə isə Quba Özəl Türk Liseyində oxuyub. 2004 və 2005-ci illərdə respublika kimya olimpiadalarında uyğun olaraq üçüncü və dördüncü yerlərə, 2005-ci ildə Türkiyədə keçirilən İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında gümüş medala, 2006-cı ildə respublika olimpiadasında gümüş medala layiq görülüb, 2006-cı ildə İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qızıl medala layiq görülüb. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə daxil olub. Sonra 2008-ci ildə yenidən imtahan verərək Türkiyənin Ağdəniz Universitetinin tibb fakültəsinə daxil olub. Hazırda III kursda oxuyur, dərs əlaçısıdır.

Elşad Əhməd oğlu Abdullayev 1991-ci ildə Bakıdakı 196 nömrəli məktəbə daxil olub, 1993-cü ildən 1996-cı ilə qədər 281 nömrəli məktəbdə təhsilini davam etdirib, 1996-cı ildə Bakı Özəl Türk Liseyinə daxil olub və 2001-ci ildə məktəbi bitirib.

1999-cu ildə respublika kimya olimpiadasının gümüş, 2000-ci ildə bürünc, 2001-ci ildə qızıl medallarını alıb.

2000 və 2001-ci illərdə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının müvafiq olaraq gümüş və bürünc medallarına layiq görülüb.

Beynəlxalq olimpiadanın qalibi kimi Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olub.

O, universitetdə yalnız "əla" qiymətlərlə oxuyub. Universiteti bitirərkən əldə etdiyi nailiyyətlərə görə Elşad Abdullayev "Ən yaxşı tələbə" adını qazanıb və "Rusiya İntellektual Resursları" siyahısına daxil edilib.

Rusiya Federasiyasında təhsil aldığı müddətdə Azərbaycanın həmin ölkədəki səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresinin tələbələr arasında keçirdiyi tədbirlərin fəal iştirakçısı olub və buna görə də Konqresin Fəxri fərmanı ilə mükafatlandırılıb.

2006-cı ildə Elşad Abdullayev ABŞ-ın Luziana Texnologiya Universitetinə mühəndislik üzrə aspirantura proqramına daxil olub. Universitetdə oxuduğu müddətdə 25-ə qədər beynəlxalq konfransda məruzələrlə çıxış edib. 2009-cu ildə Nevada ştatında Las Veqasda Qərb Örtüklər simpoziumunda ən yaxşı texniki poster mükafatı ilə mükafatlandırılıb və Amerika Kimyaçılar Cəmiyyətinə üzv qəbul edilib.

On elmi məqaləsi dərc olunub.

2010-cu ildə Elşad Abdullayev kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Birləşmiş Millətlər Təşkilatı 2011-ci ili "Beynəlxalq kimya ili" elan edib. Bunun səbəbi elm və texnologiyalar əsri olan XXI əsrin başlanğıcında şagirdlərdə təbiət elmlərinə, o cümlədən kimyaya marağın azalması ilə bağlıdır. Bu vəziyyət ölkəmizdə də müşahidə olunur. Çox böyük və sürətlə inkişaf edən neft və qaz sənayesinə, neft emalı və neft kimya komplekslərinə malik ölkəmiz üçün gələcəkdə yüksək səviyyəli kimyaçılar, kimya mühəndisləri, kimyaçı texnoloqlar, kimyaçı ekoloqlar çox lazım olacaq. Bu problemi həll etmək üçün nə etməliyik?

1. Azərbaycanın qabaqcıl kimya müəllimləri V.Əliyev (Bakı), M.M.Abbasov (Bakı), H.Qədirov (Yardımlı), T.Talıbov (Tovuz), Əhməd Əhmədovun (Qəbələ) və b. qabaqcıl iş təcrübələrini kimya müəllimləri arasında yaymaq lazımdır.

2. Təhsil Nazirliyinin saytında nüfuzlu müəllimlərin təcrübələrlə müşayiət olunan "açıq dərs"lərini yerləşdirmək yaxşı olar.

3. Məktəblərin kimya laboratoriyaları ilə təmin olunması işi daha da sürətləndirilməlidir.

4. Kimya müəllimləri hazırlayan universitetlərimizdə mütləq olaraq kimyanın tədrisi metodikası kafedraları yaradılmalı, həmin kafedralara yalnız tədris metodikası üzrə mütəxəssis olan müəllimlər cəlb olunmalıdır.

5. Elektron dərsliklərin daha mükəmməl variantları hazırlanmalı və şagirdlərin istifadəsinə verilməlidir.

6. Kimyadan fakültativ məşğələlərin təyinatı üzrə istifadəsinə xüsusi diqqət yetirilməlidir.

7. Müəllimlərə kömək üçün kimyadan maraqlı və əyləncəli təcrübələr toplusu yaradılmalıdır.

8. Məktəblilərin kimya ilə bağlı obyektlərə səyahətlərinin təşkili işi bərpa olunmalıdır.

9. Şagirdlərin kimyəvi biologiyaya maraqlarını artırmaq üçün kimya və biologiya üzrə beynəlxalq və dünya olimpiadalarının qaliblərinin (qızıl, gümüş və bürünc medal alanların) təkcə kimya və ya biologiya ixtisasları üzrə mütəxəssislər hazırlayan universitetlərə yox, həm də tibb universitetinə də imtahansız qəbul olmalarına aid məsələ öz həllini tapmalıdır. Bu, şagirdlərdə beynəlxalq və dünya olimpiadalarına marağı və rəqabəti artırar, şagirdlər ölkəmizi daha yaxşı təmsil edə bilərlər.

10. Görkəmli kimyaçı alimlərin məktəblilərlə sistemli görüşləri təşkil olunmalıdır və hər bir kimyaçı alim ən azı bir məktəb ilə mütəmadi əlaqə saxlamalıdır, şagirdlərin təbiət elmlərinə marağının artırılmasında kimya müəllimlərinə kömək etməlidir.

11. Kütləvi informasiya vasitələrində kimya əleyhinə məlumatların verilməməsi sahəsində jurnalistlər məlumatlandırılmalı, ekoloji problemlərin səbəbləri təhlil olunarkən əsassız olaraq problemin mövcudluğu kimya ilə əlaqələndirilməməli, cəmiyyətdə kimya xofu yaradılmamalıdır.

12. Kimyanın müasir cəmiyyətdə müstəsna müsbət rolu haqqında məlumatların populyar dildə cəmiyyətə çatdırılması sahəsində işlər genişləndirilməlidir.

Təhsil kimi müqəddəs işdə hər bir kəs öz köməyini əsirgəməməlidir.  Təhsil-elm-texnologiya-sivilizasiya inkişaf sisteminin birinci pilləsinin təhsil olduğu və digər mərhələlərin məhz onun üzərində inkişafı unudulmamalıdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov