Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

Azərbaycanın təhsil nazirləri

Həmid bəy Xəlil oğlu Şahtaxtinski

 

Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy Xəlil oğlu Şahtaxtinski 1880-ci il martın 12-də Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub.  Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş Milli Şuranın üzvü olan Həmid bəy İstiqlal Bəyannaməsinin qəbuluna səs vermiş, 1918-ci il dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü kimi milli dövlətçilik tarixinə imza atmış böyük tarixi şəxsiyyətlərdən biridir.

O, həm görkəmli təhsil təşkilatçısı, böyük maarifçi kimi də milli təhsil tariximizə öz şərəfli adını həkk edib, Xalq Cümhuriyyətinin 2, 3, 4-cü hökumət kabinetlərində maarif nazirinin müavini, 5-ci Hökumət Kabinetində isə (24.12.1919-01.04.1920) maarif və dini etiqad naziri kimi Azərbaycanın milli təhsil salnaməsinə şanlı səhifələr yazmışdır.

Həmid bəy Xəlil oğlu Şahtaxtinski ilk təhsilini mollaxanada alıb. Naxçıvan 3-cü dərəcəli şəhər məktəbini bitirən Həmid bəy İrəvan Müəllimlər Seminariyasına daxil olub, 1899-cu ildə oranı uğurla bitirib. Yüksək istedadı ilə seçilən Həmid bəy seminariyada saxlanılıb, rus və Azərbaycan dilləri müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Seminariyadakı pedaqoji fəaliyyətlə yanaşı, o, Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi azərbaycanlılar arasında maarifin yayılmasına köməklik göstərib.

Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid bəy Şahtaxtinski, oradakı Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsil illərində həmin universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılmış "Azərbaycan Həmyerliləri" təşkilatının (xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy Sultanov və başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi fəaliyyətə başlayıb. 1912-ci ildə həmin universitetin hüquq fakültəsini bitirən Həmid bəy Gəncəyə gəlib, şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib.

1914-cü ildə Gəncə quberniyasının xalq məktəbləri inspektoru vəzifəsinə təyin edilən Həmid bəy maarifçiliklə yanaşı, Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardımçısı (müavini) vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916-cı ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifədə vəkillik fəaliyyətini davam etdirib.

1917-ci ildə Rusiyada baş verən Fevral çevrilişindən sonra Həmid bəy həmin ilin payızında yaradılan "İttihadi-İslam" ("İslam Birliyi") partiyasına üzv olub. Həmin ilin avqustundan Çənubi Qafqaz Təhsil Dairəsi üzrə inspektor kimi təhsilin idarə olunmasında fəal iştirak edib.

Həmid bəy Şahtaxtinski Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan və Müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçdükdən sonra (16.06.1918) ölkənin maarif və dini etiqad naziri vəzifəsindən istefa verənədək (05.04.1920) Azərbaycanın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyük əmək sərf edib. Azərbaycanın ümumtəhsil məktəbləri üçün milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Komissiyasının üzvü kimi də təhsil quruculuğu və əlifba islahatları işinə əvəzsiz töhfələr verib.

Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Nazirlər Şurasının qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski rəhbərlik edib, qurultayda geniş nitq söyləyib.

Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təkliflər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məzmunca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik islahatı üzrə Dövlət Proqramı hazırlamaq məqsədilə 1919-cu il noyabrın 7-də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılıb.

Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlanması işinə böyük töhfələr versə də, Aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin islahat proqramını axıradək reallaşdırmaq mümkün olmayıb.

Həmid bəy Şahtaxtinski bunlarla yanaşı, Bakı Dövlət Universitetinin yaradılmasında xüsusi xidmətlər göstərib, universitetdə rus dili və ədəbiyyatından dərs deyib, bir müddət prorektor kimi tədrisin təşkilinə böyük əmək sərf edib.

Sovet hakimiyyəti illərində də Həmid bəy universitetdə prorektor (1920-1925) kimi fəaliyyətini davam etdirib, Bakı Xalq Maarifi şöbəsinin nəzdindəki ikiillik Müəllimlər İnstitutunda dərs deyib. O, 1928-ci ildə Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirib, Azərbaycan Tibb İnstitutunda (1930-1940) professor kimi çalışıb.

Həmid bəy əslən Şahtaxtı kəndindən olan xalası qızı Səkinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Leyla, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı yüksək təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı, Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.

Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski soyadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli dövlət xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim, müəllim kimi və digər sahələrdə doğma xalqa hər zaman layiqincə xidmət ediblər. Onlardan İsa Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtlı, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həbibulla bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski və Aleksis Şahtaxtinski nəinki Azərbaycanda, eləcə də dünyada xalqımızı layiqincə təmsil edərək, öz dövrlərinin nüfuzlu simalarından olublar.

Repressiya dalğası onu 1941-ci ildə yaxalayıb. Həmid bəy Şahtaxtinski 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində dünyasını dəyişib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov