Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) "Ümummilli lider Heydər
Əliyev və müstəqil Azərbaycan dövləti"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Təhsil Nazirliyinin və ADPU-nun birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə
universitetin rektoru, AMEA-nın müxbir üzvü,
professor Yusif Məmmədov bildirmişdir ki,
1991-ci il oktyabrın 18-də parlamentdə özünün
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu
bəyan edən Azərbaycan dövlət müstəqilliyini
bütün dünyaya bildirmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət
atributları kimi qəbul edilmiş və onun yarandığı
28 May tarixi Respublika Günü kimi qeyd olunmağa
başlamışdır.
Natiq vurğulamışdır ki, hər bir xalqın əvəzsiz
milli sərvəti olan müstəqilliyin qorunması onun
əldə edilməsindən çox-çox çətin və mürəkkəb
vəzifədir.
Ulu öndər Heydər Əliyev respublikamızda yenidən
hakimiyyətə qayıtdıqdan sonra xalqımızın rifah
halının yüksəldilməsi, ölkəmizin
gücləndirilməsi, iqtisadiyyatımızın, elmimizin,
mədəniyyətimizin inkişaf etdirilməsi və milli
maraqlarımızın qorunması üçün bütün varlığı ilə
çalışmışdır.
Konfransda "Heydər Əliyev və Azərbaycanda
sosial-iqtisadi inkişaf" və "Azərbaycan
Respublikası beynəlxalq mədəniyyətlərarası
dialoqda: Heydər Əliyev Fondu" mövzularında
məruzələr dinlənilmişdir. |