Qlazqo
Universiteti (University of Glasgow)
Şotlandiyanın Qlazqo şəhərində yerləşir və Böyük
Britaniyanın dörd ən qədim təhsil ocaqlarından
biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Qlazqo
Universiteti 100 ən yaxşı ali məktəb arasında
79-cu yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Qlazqo Universiteti 128-ci,
"QS World University Rankings"in açıqlamasına
görə isə 77-ci yerdə qərarlaşıb.
Tarixi
1451-ci ildə Şotlandiyanın Qlazqo şəhərində
universitet yaradılır. Həmin il universitet kral
II Ceymsin təklifi ilə papa V Nikolayın
bullasını alır və fəaliyyətə başlayır. İlk
vaxtlar Qlazqo Universitetinin binası qədim
Qlazqo kilsəsində yerləşir. 1460-cı ildə
xeyriyyəçi lord Hamilton Hay-Strit küçəsinin
şərqində, Blekfrayars kilsəsindən şimalda ali
məktəbə geniş torpaq sahəsi bağışlayır və 400 il
ərzində həmin sahə universitetin əsas ərazisi
olur. Sonrakı illərdə ali məktəbin ərazisi və
fəaliyyət sahəsi genişlənməkdə davam edir.
1560-cı
ildə Şotlandiya Reformasiyasının səbəb olduğu
siyasi çaxnaşma zamanı Mariya Stüartın tərəfdaşı
olan Qlazqo Universitetinin kansleri
arxiyepiskop Ceyms Biton ali məktəbin arxivindən
bir çox qiymətli əşyaları, o cümlədən Meys
bullasını götürərək Fransaya qaçır. Uzun müddət
keçdikdən sonra 1690-cı il avqustun 28-də
universitetin direktoru Ceyms Fall Parisdəki
Şotland Kollecinə gələrkən bullanın burada
olduğunun şahidi olur. Qlazqo Universiteti
1738-ci ildə bullanın və digər qiymətli
əşyaların geri qaytarılması ilə bağlı Şotland
Kollecinin rəhbərliyinə müraciət edir, lakin
kollec rəhbərliyi və tarixçi Tomas İnnes
əşyaların itirildiyini bəyan edirlər.
Bütün baş vermiş neqativ hadisələrə baxmayaraq,
Qlazqo Universiteti inkişaf etməkdə davam edir.
1757-ci ildə universitetin Makfarleyn
Rəsədxanası, sonra isə Şotlandiyanın ilk kütləvi
muzeyi olan Hanterian Muzeyi və Bədii Qalereyası
tikilir. Bu məkan Şotlandiya İntibahı və sənaye
inqilabının mərkəzinə çevrilir. Lakin tədricən
Hay-Strit ərazisinin şərqi sıx
məskunlaşdığından, Qlazqo Universiteti qərbə
doğru inkişaf etməyə başlayır. Beləliklə,
1870-ci ildə universitet əvvəlki ərazidən 5 km
qərbdə Uest-İnddə yerləşən Gilmorehill (o
dövrlərdə Qrinfild adlanırdı) ərazisinə köçür.
Memar Corc Gilbert Skott qotik üsluba uyğun
olaraq universitetin kampusunun tikintisinə
başlayır. Gilmorehill kampusunun ən böyük
tikilisi Hayt-Strit kampusundakı əkiz
dördbucaqların təkrarlanması olur. 1879-cu ildə
Gilbert Skottun oğlu Oldrid kampusda 4
dördbucaqlı binanın tikintisini həyata keçirir
və hazırda həmin tikili - böyük Byut Holl
imtahan və buraxılış gecələrinin keçirilməsi
üçün istifadə olunur. İngiltərədə yerləşən
Vestminister sarayından sonra Böyük Britaniyada
İntibah memarlığına aid ikinci ən böyük bina bu
kampusda yerləşir.
Artıq
XX əsrdə Qlazqo Universiteti hüquq, tibb,
baytarlıq, stomatologiya, texnika, sosial
elmlər, qədim və müasir dillər, ədəbiyyat,
ilahiyyat, tarix və digər sahələr üzrə tam
ixtisas verən dövlət universitetinə çevrilir.
Sənaye inqilabı dövründə ali məktəbin müəllimi
Con Anderson işləyən kişi və qadınların peşə
təhsili alması ilə bağlı universitetdə yeni
layihələr həyata keçirir. C.Anderson bu işlərin
davam etdirilməsi məqsədilə öz vəsiyyətnaməsində
Anderson Kolleci yaradılmasını qeyd edir.
1964-cü ilədək fəaliyyət göstərən kollec həmin
ildən Stratklayd Universitetinə çevrilir.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu tədris ilində Qlazqo
Universitetinin illik gəlirləri 439471000
funt-sterlinq olub. Həmin vəsaitin 158696000-i
maliyyə şurası qrantları, 83441000-i təhsil
haqqı və təhsil sazişləri, 129163000-i tədqiqat
qrantları və sazişləri, qalanlarını isə digər
vasitələr hesabına əldə olunan gəlirlər təşkil
edib. Bu tədris ilində ali məktəbin ümumi
xərcləri 432169000 funt-sterlinq olub. Həmin
məbləğin 243048000-i əməkdaşların əməkhaqqı,
22180000-i amortizasiya, qalanlarını isə digər
əməliyyat xərcləri təşkil edib.
Qlazqo Universitetində yerli və Avropa Şurasına
daxil olan ölkələri təmsil edən tələbələrin
bakalavr səviyyəsində illik təhsil haqqı
1820-2895 funt-sterlinqdir. Bakalavr səviyyəsi
üzrə əcnəbi tələbələrin təhsil haqqı təhsil
proqramından asılı olaraq 10500-32000
funt-sterlinq arasında dəyişir. Universitetdə
magistr, PhD səviyyələri üzrə yerli və Avropa
Şurası ölkələrindən olanlar üçün təhsil haqqı
3732-13500, əcnəbi tələbələr üçün isə
10500-32000 funt-sterlinq arasındadır. Burada
təhsil haqqı ildən-ilə artır.
Dünyanın
bir çox universitetlərində olduğu kimi, Qlazqo
Universitetində də tələbələrə çoxlu sayda təqaüd
təklif olunur. Yerli və Avropa Şurası
ölkələrindən olan tələbələr üçün bakalavr
səviyyəsində müxtəlif məbləğli Anqlo-İspan,
Eliahou Dagoor, Şotland-İtalyan, Bakalavr
İstedad, Merçents Haus Səyahət, GU68
Mühəndisləri, magistratura və doktorantura
səviyyələri üzrə isə Anqlo-İspan,
Karnegi-Kameron, Qlazqo Məzun, Henri Drier və s.
təqaüdlər mövcuddur. Ali məktəbin əcnəbi
tələbələri üçün bakalavriat səviyyəsində
Beynəlxalq Excellence (ildə 3000 funt-sterlinq),
GU68 Mühəndisləri (250-500 funt-sterlinq),
magistratura və doktorantura səviyyələri üzrə
isə Yeni Kurs Güzəşt (1000 funt-sterlinq)
təqaüdləri təklif edilir.
Universitet bu gün
Qlazqo Universitetinin binaları Şotlandiyanın
müxtəlif şəhərlərində yerləşir. Ali məktəbin
əsas kampusu Qlazqo şəhərinin Hillhed
rayonundakı Gilmorehilldir. Bersden şəhərində
Qlazqo Universitetinin Baytarlıq Məktəbi və
idman kompleksləri, Damfrisdə Stomatologiya
Məktəbi və Qlazqo, Qərbi Şotlandiya, Açıq
universitetləri tərəfindən idarə olunan Krayton
kampusu (1980-ci ildə açılıb) yerləşir. Bu
kampus əsasən tədqiqatların aparılması üçün
nəzərdə tutulub. Qlazqo və Stratklayd
universitetləri birgə olaraq Qlazqo İncəsənət
Kolleci və Hərbi-dəniz memarlığı
departamentlərini idarə edir. Əsas binadan
qərbdə universitet avenyu və Kalvin çayı
arasında universitetin Tibb, Baytarlıq və
Bioloji Elmlər Kolleci yerləşir. Tibb Məktəbi
Patrik ərazisinə və Qərbi Ümumi xəstəxanayadək
uzanır.
Qlazqo
Universitetində bir neçə məktəb və institutdan
ibarət 4 kollec fəaliyyət göstərir.
İncəsənət Kollecində Humanitar, Kritiki
Tədqiqatlar, İncəsənət və mədəniyyət, Dillər və
ədəbiyyatlar, Ali (magistr və doktorantlar üçün)
məktəbləri, İncəsənət Laboratoriyası Fənlərarası
Elmi-Tədqiqat İnstitutu mövcuddur.
İctimai Elmlər Kollecinə Biznes, Pedaqogika,
Fənlərarası Tədqiqatlar (Damfris kampusu
bazasında), Hüquq, İctimai və Siyasi Elmlər, Ali
(magistr və doktorantlar üçün) məktəbləri, Adam
Smit Tədqiqat Fondu Fənlərarası Elmi-Tədqiqat
İnstitutu daxildir.
Dəqiq və Texniki Elmlər Kollecinə Kimya,
Kompüter Elmləri, Mühəndislik, Coğrafiya və Yer
Elmləri, Riyaziyyat və Statistika, Fizika və
Astronomiya, Psixologiya, Ali (magistr və
doktorantlar üçün) məktəbləri, Tibb Kolleci ilə
birgə fəaliyyət göstərən Nevrologiya və
Psixologiya Elmi-Tədqiqat İnstitutu aiddir.
Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci Həyat
elmləri, Tibb, Baytarlıq, Ali (magistr və
doktorantlar üçün) məktəblərdən, Biomüxtəliflik,
Heyvanların Sağlamlığı və Müqayisəli Tibb,
Xərçəng Tədqiqatları, Ürək-Damar və Tibbi
Elmlər, İnfeksiya, İmmunitet və İltihab,
Molekulyar, Hüceyrə və Sistem Biologiyası, Dəqiq
və Texnologiya Elmləri Kolleci ilə birgə
fəaliyyət göstərən Nevrologiya və Psixologiya
institutlarından ibarətdir.
Qlazqo
Universitetinin kitabxanası əsas binanın
qarşısında Hillhed-Stritdə yerləşir, Avropanın
ən qədim və böyük kitabxanalarından biridir.
1968-ci ildə istifadəyə verilmiş 12 mərtəbəli
binada yerləşən kitabxanada 2,5 milyon kitab,
minlərlə jurnal, dövri nəşr, mikrofilm, xüsusi
kolleksiya və nadir materiallar, əlyazma,
xəritə, şəkil, 30000 elektron jurnal saxlanılır.
Kitabxananın Rusiya və Şərqi Avropa kolleksiyası
bu sahə üzrə Avropanın ən böyük
kolleksiyalarından biridir. Kitabxanadan təkcə
universitetin tələbə və müəllimləri deyil, şəhər
sakinləri, eləcə də istənilən alim və tədqiqatçı
istifadə edə bilər.
Kitabxananın universitetin müxtəlif
kampuslarında kimya, stomatologiya, baytarlıq,
pedaqogika, hüquq və ictimai elmlər üzrə
filialları fəaliyyət göstərir. 2007-ci ildə
Qlazqo Universiteti kitabxanasında Volfson Fondu
tərəfindən maliyyələşən Tarixi Şəkillər
kolleksiyası açılıb. Ali məktəbin arxivi 1451-ci
ildə yaradılıb və həmin dövrdən başlayaraq
arxivdə zəngin material toplanıb.
Eyni zamanda Qlazqo Universitetinin Hanterian,
Zoologiya muzeyləri, Hanterian Bədii Qalereyası,
Makintoş Evi fəaliyyət göstərir. Hanterian
muzeyi tibb işçisi və kollektor Uilyam Hanter
tərəfindən yaradılıb. Muzeydə Şotlandiyada
tapılmış daşlaşmış bitki və heyvan, dinozavr
qalıqları, minerallar, mərcanlar, təkamül
nümunələri, Aralıq dənizi, Şotlandiya, Qədim
Misir, Yunan, Roma tarixinə aid nümunələr və s.
saxlanılır. Hanterian Bədii Qalereyasında
Rembrandt, Stabbs, Şarden, Pissaro, Roden, eləcə
də XIX-XX əsrlərə aid Maktaqqart, Qatri və
Ferqüsson və s. kimi məşhur rəssamların əsərləri
toplanılıb. Makintoş Evində şotland memarı və
dizayneri Çarlz Renni Makintoşun əsərlərindən
ibarət kolleksiya nümayiş olunur.
Digər
qədim Şotlandiya universitetləri kimi, Qlazqo
Universiteti də Universitet Məhkəməsi
(idarəedici orqan), Akademik Senat (tədris
işləri) və Ümumi Şuradan (məsləhətxana)
ibarətdir. Universitetin idarəedici və icraçı
orqanları arasında dəqiq iş bölgüsü mövcuddur.
Universitet kansler, rektor və vitse-kansler (direktor)
tərəfindən idarə olunur. Qlazqo Universitetinin
kansleri şərti olaraq professor Kennet Kalmandır.
O, həmçinin ali məktəbin Ümumi Şurasının
prezidentidir. Universitetin vitse-kansleri və
direktoru professor Muskatelli Anton, rektoru
isə Liberal Demokratlar Partiyasının sabiq
lideri Çarlz Kennedidir.
Ali məktəbdə 6334 nəfər işçi çalışır. İşçilərin
1792 nəfərini idarəetmə, peşə və administrasiya,
1048 nəfərini əsas, 2607 nəfərini müəllim və
tədqiqatçılar, 597 nəfərini texniki, 290
nəfərini isə kliniki heyət təşkil edir.
Qlazqo Universitetində tələbələrin ümumi sayı
21954 nəfərdir. Tələbələrin 16588 nəfərini
bakalavr, 5366 nəfərini isə magistrant və
doktorantlar təşkil edirlər. Burada dünyanın 120
ölkəsindən minlərlə əcnəbi tələbə oxuyur.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 2009-2010-cu tədris ilində Azad
İslam oğlu Qəribov beynəlxalq siyasət, Rəşad
Müsəllim oğlu Həsənov isə iqtisadiyyat və
maliyyə ixtisasları üzrə Qlazqo Universitetinin
magistratura səviyyəsinin məzunu olublar.
Tədris
korpusları kimi universitet yataqxanaları da
Qlazqo şəhərinin şimal-qərbində yerləşir. Burada
4000-ə qədər tələbə tutumuna malik yataqxana
kompleksi mövcuddur. Bütün yataqxanalar
İnternetə qoşulub, tələbələrin rahat hərəkətini
təmin etmək üçün kampusda mikroavtobuslar
işləyir. Merihill ərazisində ali məktəbin
Murano-Strit Holls, Garscube Estate ərazisində
Volfson Holls, Yorkhill ərazisində Kelvino Qeyts
və Kernkross Haus yataqxana kompleksləri
yerləşir. Son zamanlar Douanhilldə yerləşən
Dalrimpl Haus və Horslethill Holls, Şimali
Kelvinsaydda yerləşən Rayt Holl, Park Sirkdə
yerləşən Maklay Holls yataqxanaları bağlanaraq
satılıb. Gilmorehill kampusundakı Stivenson
yataqxanası 1961-ci ildə açılıb. Bu yataqxanada
fitnes mərkəzi, skvoş kortları, sauna və altı
zolaqlı 25 metrlik hovuz mövcuddur. Qlazqo
Universitetində təhsil alan bakalavrlar, əsasən
Kernkross Haus, Kraliça Marqaret, Viktoriya Holl,
Tələbə Mənzilləri, Murano Strit tələbə kəndi
yataqxana komplekslərində qalmağa üstünlük verir.
Volfson Holls yataqxanasında bir otağın qiyməti
ildə 5184, Tələbə Mənzillərində 3199, Kernkross
Hausda 2929, Kraliça Marqaret və Viktoriya Holl
yataqxanalarında 4408, Murano Strit tələbə
kəndində 3636 funt-sterlinq təşkil edir. Damfris
kampusunda magistrant və doktorantlar
yerləşiblər. İkimərtəbəli binalardan ibarət
kompleksdə bir otağın qiyməti həftədə 113
funt-sterlinqdir. Bu məbləğə kommunal, İnternet,
camaşırxana və şəxsi əşyaların sığorta xərcləri
də daxildir. Yataqxanalarda məskunlaşmaq
tələbələr üçün yeni dostlar tapmaq və zəngin
həyat təcrübəsi toplamaq üçün ideal yerdir.
Qlazqo Universitetində "Glasgow University
Guardian" qəzeti, universitet jurnalı, Tələbə
Televiziyası, "Subcity" radiosu fəaliyyət
göstərir. Qlazqo Universiteti Böyük Britaniyanın
iki tələbə təşkilatı və ayrıca Tələbə Şurası
olan azsaylı ali məktəblərindən biridir.
Universitetdə Tələbələrin Nümayəndə Şurası,
Qlazqo Universiteti Təşkilatı, Kraliça Marqaret
Təşkilatı, Yaşlı Tələbələr Assosiasiyası (25
yaşdan yuxarı olan tələbələr üçün), Qlazqo
Universiteti İdman Assosiasiyası, eləcə də
müxtəlif klub və cəmiyyətlər mövcuddur.
Qlazqo Universitetində tələbələrin idmanla
məşğul olmaları üçün 46 idman klubu, 60 məşq
otağı, 25 metrlik sahəsi olan və qızdırılan
hovuz, sauna və buxar otaqları, skvoş, tennis
kortları, kriket ovalı, müxtəlif sintetik hava
ötürmələri, futbol və reqbi, yeriş və qaçış
meydançaları mövcuddur. İdman üzrə yüksək nəticə
göstərən, istedadlı tələbələrə universitet
tərəfindən təqaüd verilir. Garscube Estate
ərazisində Volfson Holls və Texniki Peşə
Məktəbinin yanında universitetin böyük idman
kompleksi yerləşir. Klayd çayının yanında Qlazqo
Qrində universitetin ellinqi (sahildə gəmi
çanağının qurulduğu yer) mövcuddur.
Qlazqo Universitetinin məzunları arasında 6
Nobel mükafatı laureatı, iki baş nazir (Henri
Kempbell-Bannerman və Endryu Bonar Lou), Böyük
Britaniyanın hazırkı müdafiə naziri Liam Foks,
Liberal Demokratlar Partiyasının lideri Menzis
Kempbell, Leyboristlər Partiyasının sabiq lideri
Con Smit, Şotlandiyanın sabiq birinci naziri
Donald Dyuar, Şotlandiyanın birinci nazirinin
hazırkı müavini Nikola Stercen, dahi fizik Lord
Kelvin, iqtisadçı Adam Smit, eləcə də Ceyms Uatt,
Loqi Berd, İosif Blek, Con Boyd Orr, Frensis
Hatçenson, Cozef Lister və b. kimi digər sahələr
üzrə nailiyyət qazanmış şəxslər bitiriblər.
Qlazqo Universitetinin qürur duyduğu məqamlardan
biri də dünya alimlərinin həyatına həsr olunmuş
Avropanın ən böyük kolleksiyasına malik
olmasıdır.
Bütün dünyada insanlar təhsil və tədqiqatlar
vasitəsi ilə liderlik əldə etməyə can atırlar.
Qlazqo Universitetinin də minlərlə müəllim,
tələbə və məzunları həqiqət, ədalət, hörmət
prinsiplərinə əsaslanaraq əməkdaşlıq edir, dünya
elminə və iqtisadiyyatına yeni-yeni nailiyyətlər
bəxş edirlər. Ali məktəbə olan inam buradakı
innovasiya, akademik tələbkarlıq, gərgin iş,
problemlərin yaradıcı həllindən irəli gəlir.
Universitetdə dünya üzrə tanınmış müəllimlərdən
dərs almaq və geniş təcrübə qazanmaq mümkündür.
Qlazqo Universitetində müxtəlifliyə üstünlük
verilir, hər bir əməkdaş və tələbənin elmə
verdiyi nailiyyət yüksək qiymətləndirilir.
Universitet vicdanlı və inadlı işi, yüksək
qətiyyəti hesabına qarşıya qoyduğu bütün
məqsədləri əldə etməyinə əmindir. Qlazqo
Universitetinin şüarı belədir: "Yol, həqiqət,
həyat". Avropanın ən qədim ali məktəblərindən
olan universitet bu günədək uzun yol qət edərək
dünyada həqiqətin aşkarlanmasına, insanların
həyatına xoşbəxtlik və rifah gətirilməsinə
xidmət etməkdədir.
Universitetin məşhur məzunları
|
Henri Kempbell-Bannerman |
Böyük Britaniyanın sabiq Baş naziri |
|
|
Endryu Bonar Lou |
Böyük Britaniyanın sabiq Baş naziri
|
|
|
Liam Foks |
Böyük Britaniyanın müdafiə naziri
|
|
|
Menzis Kempbell |
Liberal Demokratlar Partiyasının lideri |
|
|
Con Smit |
Leyboristlər Partiyasının sabiq lideri |
|
|
Donald Dyuar |
Şotlandiyanın sabiq birinci naziri (siyasi
lider və Şotlandiya hökumətinin rəhbəri) |
|
|
Nikola Stercen |
Şotlandiyanın birinci nazirinin müavini
|
|
|
Derek Barton |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Uilyam Ramsay |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Frederik Soddi |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Aleksandr Baron Todd |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Ceyms Blək |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Con Boyd Orr |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Lord Kelvin |
dahi fizik, bir çox kəşflərin müəllifi |
|
|
Ceyms Vatt |
Şotland mühəndis-mexaniki, buxar
maşınının ixtiraçısı |
|
|
Adam Smit |
siyasi iqtisadiyyatın yaradıcılarından
biri |
|
|
Frensis Hatçenson |
filosof, şotland maarifinin
yaradıcılarından biri |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|