Artıq
bir neçə ildir ki, təhsil sistemində yeni
kurikulumların tətbiqinə başlanıb. Hər bir
ibtidai sinif müəllimi kimi mən də dərslərimi
yeni təlim modelinin tələblərinə uyğun qurmağa
çalışıram. Bu barədə topladığım təcrübəni bir
dərsin nümunəsində oxuculara təqdim etmək
istərdim. Birinci sinifdə həyat bilgisi fənni
üzrə "Sağlamlığımı qoruya bilirəm" mövzusunun
tədrisi zamanı qarşıma qoyduğum məqsəd
şagirdlərdə sağlamlığın qayğısına qalmaq
bacarığı aşılamaq və sağlamlıqlarının onların
özlərindən asılı olduğunu başa salmaqdır.
Bu mövzunun tədrisi nəticəsində şagirdlər sağlam
həyat tərzinin şərtlərini (təmizlik, düzgün
qidalanma, yuxu və istirahət) sadalayır, hava
durumuna görə geyim əşyalarını fərqləndirir,
özünə qulluq və zəruri şəxsi gigiyena
qaydalarına riayət etməyi öyrənir.
Dərsin gedişi zamanı böyük və kiçik qruplarla iş
formasından, müzakirə üsullarından və müxtəlif
resurslardan - dərslik, şəkil, iş dəftərləri, iş
vərəqləri və meyvələrdən istifadə edirəm.
Dərsin birinci-motivasiya mərhələsində problemin
qoyulması üçün şagirdlərə "Nə üçün qışda qalın
geyinirik" sualı ilə müraciət edirəm.
Onların cavablarından sonra (hava soyuq olur,
qar yağır, qalın geyinirik ki, xəstələnməyək və
s.) yeni sualı səsləndirirəm:
-
Xəstələndikdə nə baş verə bilər?
Sinifdə aparılan frontal sorğudan sonra məlum
olur ki, xəstələnməmək üçün uşaqlar
sağlamlıqlarının qayğısına qalmalıdırlar.
Beləliklə, dərsin tədqiqat sualı yaranır:
"Sağlamlığınızın qayğısına qalıb onu qoruya
bilirsinizmi?".
Şagirdlər
bu suala müxtəlif cavablar verirlər;
təmizkarlıqla, düzgün qidalanmaq, yatmaq,
istirahət etmək və idman etməklə.
Sonra verilən cavabların hər biri ilə bağlı
şagirdlərlə sorğu aparıram və onların öz
fikirlərini ifadə etməsinə çalışıram.
Tədqiqatın aparılması mərhələsində sinifdəki
şagirdlər 3 qrupa bölünür və qruplara iş
vərəqləri paylayıram. Hər qrup bir az əvvəl
səslənən fikirlərə əsasən verilən tapşırıq
üzərində işləyir.
Sonra hər qrupdan bir nümayəndə işlərinin
nəticələrini təqdim edir.
Növbəti informasiya mübadiləsi mərhələsində
qruplar gəldikləri nəticələri müzakirə edirlər
və hər bir qrup digərinin cavablarına
münasibətini bildirir. Mən ayrı-ayrılıqda
onların işlərini qiymətləndirirəm və uşaqlar
fərqlənən qrupdakı yoldaşlarını alqışlayırlar.
Mən istiqamətverici suallarla müzakirəni davam
etdirirəm. "Sağlam qalmaq üçün düzgün oxumaq
qaydalarını da bilməliyik. Bu qaydalar
hansılardır?".
Şagirdlərin verdiyi cavablardan sonra hər bir
qrup öz tapşırığına uyğun tapmaca deyir, şeir
söyləyir və ya mahnı oxuyur.
Növbəti mərhələdə dərsdə mənimsədilən
informasiyanı müzakirə etmək məqsədilə
şagirdlərlə frontal sorğu keçirirəm və
ümumiləşdirmə apararaq nəticələri
sistemləşdirirəm.
Bu zaman verilən biliyin möhkəmləndirilməsi
məqsədilə hər bir şərtə uyğun müxtəlif əyani
vəsait, rəsm və plakat nümayiş etdirirəm.
Sonra şagirdlərə dərsliyin müəyyən
səhifələrindəki rəsmləri cümlələr qurmaqla
təsvir etməyi tapşırıram. Birincilər hər rəsmə
aid bir neçə cümlə qururlar və beləliklə kiçik
mətnlər yaranır. Uşaqlar bu işə böyük maraq
göstərirlər və yoldaşlarının cümlələrindəki
fikri həvəslə davam etdirirlər. Nəticədə
gigiyena qaydaları, ilin fəsilləri, geyimlərdən
fəsillərə uyğun istifadə olunması və s. ilə
bağlı səslənən fikirlərə əsasən şagirdlər bu
dərsdə öyrəndiklərini daha dərindən mənimsəyir
və yadda saxlayırlar.
Dərsin yaradıcı tətbiqetmə mərhələsində
birincilərə iş dəftərindəki çalışmaları yerinə
yetirməyi tapşırıram. Sonda uşaqların uyğun
sözləri tapıb yazmaqla gördükləri işi fərdi
qiymətləndirirəm.
Elnarə KAZIMOVA,
Lənkəran şəhər
5 nömrəli tam orta məktəbin müəllimi |