Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - 21

 

Azərbaycanın elm və ədəbiyyat xadimləri

Qüdrətli ədəbiyyatşünas, folklor tədqiqatçısı

 

 Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir.  Firudin bəy Əhməd ağa oğlu Köçərli 1863-cü ilin 26 yanvarında Şuşada anadan olmuşdur.  Firudin bəyin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl ziyalı mühiti olmuşdur. Belə ki, onun atası Əhməd ağa savadlı bir şəxs olmuşdur. Belə bir mədəni mühitdə böyüyən Firudin bəy Mirzə Kərim Münşizadənin məktəbində təhsilə başlamış, sonralar Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuş Köçərli 1885-ci ildə təhsilini başa vurduqdan sonra İrəvan gimnaziyasında (1885-1886-cı dərs ili) pedaqoji fəaliyyətə başlamışdır.  Firudin bəy ədəbiyyatımızın ayrı-ayrı nümayəndələrinin əsərləri ilə maraqlanmış, maarifçilik ədəbiyyatı haqqında ilkin araşdırmalar aparmışdır. On il sonra Qafqaz təhsil dairəsi popeçitelinin 30 oktyabr 1895-ci il tarixli əmri ilə F.B.Köçərli Qori Müəllimlər Seminariyasına müəllim təyin edilmişdir. O, Azərbaycanda dünyəvi təhsilin inkişafında, pedaqoq kadrlar hazırlanmasında xüsusi rolu olan Qori Müəllimlər Seminariyasında təlimin yüksək səviyyədə qurulmasında bir müəllim, bir soydaş-vətəndaş kimi şərəf və əzmlə çalışmışdır.  Bütün bunlarla yanaşı, F.B.Köçərli zəngin Azərbaycan ədəbiyyatı nümayəndələrinin tərcümeyi-hallarını öyrənməyə başlamış, əsərlərini toplamaq istiqamətində şərəfli və çətin işi öz üzərinə götürmüşdür. Rusiya imperiyası dağılandan sonra o, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin əmlakını maarifpərvər insanların köməyi ilə Qazağa gətirmişdir. F.B.Köçərli az bir zamanda Qazax Müəllimlər Seminariyasını açmağa müvəffəq olmuş, bu seminariyaya dövrünün tanınmış maarif xadimlərini dəvət etmişdi. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri Firudin bəy Köçərli olmuşdur. O, Gəncədə heç bir əsas olmadan güllələnmişdir.

F.B.Köçərlinin ölümündən sonra onun Azərbaycan ədəbiyyatına dair topladığı materiallar 1925-1926-cı illərdə "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı altında nəşr olunmuşdur. 1978-ci ildə professor Ə.Mirəhmədovun redaktorluğu ilə R.Qənbərqızı F.B.Köçərlinin elmi irsini iki cild şəklində "Azərbaycan ədəbiyyatı" adı ilə çapa hazırlamışdır.

Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsəri "Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində görkəmli yer" tutan, "Azərbaycan ədəbiyyatşünaslığında ilk və mötəbər mənbələrdən biri" (B.Nəbiyev) kimi dəyərləndirilir.

***

Firudin bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Mütəxəssislərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanılması, sistemləşdirilib nəşr olunması ilə bilavasitə bağlıdır. Bu sahədə tarixi xidmətləri olan E.Sultanov, M.Mahmudbəyov, İ.Məhərrəmzadə, A.Şaiq və başqalarının adları-soyadları sırasında F.B.Köçərlinin özünəməxsus yeri vardır.

Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamışdır. Qədim musiqi mədəniyyətimizin beşiyi olan Qarabağda, Şuşada dünyaya göz açmış Firudin bəy Köçərli el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib bilmişdir. Bunun üçün böyük maarifçi-pedaqoq və ədəbiyyatşünas toplayıcılıq işinə başlamış, Aşıq Valehin şeirlərinin, o cümlədən onun məşhur vücudnaməsinin, xalq bayatılarının, uşaq folkloru incilərinin bir qisminin öz dövrünün mətbuatında, oxu kitablarında çapına çalışmışdır. F.B.Köçərli 1912-ci ildə topladığı folklor nümunələrinin "Balalara hədiyyə" adı ilə toplu şəklində nəşrinə nail olmuşdur.

"Balalara hədiyyə" kitabına daxil edilən şifahi ədəbiyyat nümunələrinin mövzuca milli, formaca sadə, ideya-məzmunca tərbiyəvi və təsirli olması tələbini nəzərə alan Köçərli bir pedaqoq kimi inanırdı ki, bu toplunu oxuyacaq "balalar şadlanacaq, bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır, təbiətlərinin iqtizasına müvafiqdir".

Kitabın ön sözündəki aşağıdakı fikirlər bu gün də öz ədəbi-etik, bədii-estetik dəyərini saxlamaqdadır. Bəllidir ki, hər bir uşaq ədəbiyyatı nümunəsi həm də böyüklər üçün də maraq dairəsindədir. Firudin bəy bunu bir pedaqoq və ədəbiyyatşünas kimi həssaslıq və peşəkarlıqla belə dəyərləndirmişdir: Böyük adamların ürəklərinin açılmağına səbəb olacaqdır ki, onlar mütaliə əsnasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.

Əməkdar elm xadimi Paşa Əfəndiyev "Azərbaycan folklorşünaslığının tarixi" adlı irihəcmli dərs vəsaitində yazır: F.B.Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bütün məşhur ədəbiyyat tarixçiləri kimi, o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını çox yaxşıca bilirdi.

Firudin bəy Köçərli şifahi ədəbiyyatın tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el ədəbiyyatının bədii-estetik dəyəri barədə dəyərli fikirlər söyləmişdir. O, "ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı sözlərindən, bayatılardan ibarət" olan el ədəbiyyatını cəmləşdirib çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların başlıca vəzifəsi sayırdı. Deməli, F.B.Köçərli ədəbiyyatın öyrədilməsinə məhz folklor materialları ilə başlamağı zəruri hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğıcıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini "kəmali-şövq və diqqətlə cəm edib, ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları (şifahi xalq ədəbiyyatını - Ş.M.) öyrətməklə başlayır".

Köçərli "millətin hal və şəninə və övzai-məişətinə müxtəss olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət" verən, ağızdan-ağıza söylənən ədəbiyyatı cəmləşdirib çapa verməsək, itib-batıb gedər deyə folklor toplamağı vacib sayırdı.

Firudin bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli fikirləri təkcə bunlar deyil. Atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiyyatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarşılaşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığcam şəkildə toxunmuşdu.

Onun folklorşünaslıq baxımından maraq doğuran fikirləri arasında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir.

Xalqın yaradıcılıq potensialını dəqiq müəyyənləşdirib düzgün dəyərləndirən ədəbiyyatşünas alim "sinədən toxunan nəğmələrdə millət özünə ariz olan qəm və qüssəni və yainki şadlıq və fərəhi və filcümlə onun qəlbini ləbaləb edən növbənöv hissləri uca avaz ilə oxuyub, öz dəruni halətini və batini aləmini cümləyə izhar edir" deyə nəzəri fikirlərini ümumiləşdirmişdir.

Firudin bəy Köçərli həm də folklor nümunələrini toplama işinin ədəbi-nəzəri əsaslarını araşdırmış, prinsiplərini işləmişdir.

Söz sənətinin iki növünün ilk dəfə təsnifatı, növ və janrları barədə ədəbi-nəzəri fikirlər məhz Firudin bəy Köçərli tərəfindən qələmə alınmışdır.

Geniş müşahidə, dərin təfəkkür sahibi olan Firudin bəy Köçərli müasirləri sırasında şifahi və yazılı ədəbiyyat arasında oxşar və fərqli xüsusiyyətləri ilkin olaraq qələmə almışdır. Bu fikirlər indi də öz ədəbi-nəzəri dəyərini saxlamaqdadır. F.B.Köçərli ədəbiyyata "hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi" kimi yüksək sosial-mədəni, tarixi-ədəbi qiymət vermişdir: "Ədəbiyyat millətin aineyi - həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir".

Ədəbiyyata belə qiymət verən böyük ədəbiyyatşünas söz sənətinin iki forması və bunların janrları haqqında mülahizələrini belə ümumiləşdirmişdir: "Ədəbiyyat iki qisimdir: bir qismi ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərdən, bayatılardan ibarətdir".

Bu qisim söz sənətini "ədəbiyyati - lisani və ya əfvahi və yaxud el ədəbiyyatı" adlandıran F.B.Köçərli folklorşünaslıqda qəbul olunmuş iki xüsusiyyəti çox düzgün müəyyənləşdirmişdir: şifahi ədəbiyyatda nəql hekayələri tərtib edən və nəğmələri düzən müəyyən şəxs olmur, bunları yaradan və yoxdan var edən millət özü olur. "Bunlar ağızlara söyləmək ilə ümumxalq arasında yayılıb intişar tapıb və nəsilbənəsil oğula və oğuldan nəvəyə keçməkdə olur".

Firudin bəy Köçərlinin folklor janrları haqqında fikirləri sırasında atalar sözləri və məsəllər barədə mülahizələri də maraq doğurur. Zəngin həyat təcrübəsi və müşahidəsi olan pedaqoq vurğulamışdır: "...Millət həddən ziyadə məsəllər, hikmətamiz sözlər, tapmacalar icad edibdir ki, bunların vasitəsilə öz biliyini, təcrübəsini, hikmətini izhar edir və hər bir ittifaqda münasibi-hal söyləməyini, dünyada dolanmasını, insanlar ilə rəftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dərin mənalı - müfid-müxtəsər kəlam ilə bəyan qılır.

ETürk dilində neçə min hikmətamiz məsələlər var ki, təmamisi təcrübə üzü ilə deyilibdirE". Deməli, ədəbiyyatşünas çox dəqiq və doğru nəticə çıxarmışdır ki, atalar sözləri hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyat təcrübəsi ilə bağlı ümumiləşdirilmiş obrazlı-fəlsəfi xalq sənəti nümunələridir.

Azərbaycan şifahi xalq ədəbiyyatının qədim, zəngin və geniş yayılmış lirik janrlarından biri sayaçı sözləridir. Özünəxas poetikası, bayatı kimi qafiyə sistemi, çoxsaylı nümunəsi olan sayaçı sözlərinin toplanılması və nəşri sahəsində də Firudin bəy Köçərlinin fəaliyyəti böyük olmuşdur. Qarabağ elatında, Köçərlinin doğulub boya-başa çatdığı mədəni mühitdə milli mənəvi dəyərlər üstünlük təşkil etmişdir. Təbiətən zəkalı Firudin bəy Köçərli bu dəyərlərə seyrçi münasibət bəsləməmiş, bunların mahiyyət və məzmununa diqqət yetirmişdir. Bu xalq yaradıcılığı nümunələri sırasında sayaçı sözlərinin xüsusi etnoqrafik və tarixi-etik, bədii-estetik, sosial-iqtisadi əhəmiyyətini dərindən duymuş Köçərli folklor toplayıcılığı və nəşri işində sayaçı sözlərini yazıya almağa önəm vermişdir. Böyük ədəbiyyatşünas qələmə aldığı sayaçı sözlərini yaddaşlardan yazıya almaqla yanaşı, bunları tarixi-mədəni dəyər kimi gələcək nəsillərə çatdırmaq üçün çap etdirməyi lazım bilmişdir.

Qocaman folklorşünas alim P.Əfəndiyev Firudin bəyin sayaçı sözlərinin toplanılması və araşdırılması sahəsindəki fəaliyyətini çox ədalətlə və qədirşünaslıqla belə ümumiləşdirib qiymətləndirmişdir: "EFirudin bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixində sayaçı sözlərinin ilk toplayıcısı və tədqiqatçısı olmuşdur".

***

Firudin bəy Köçərlinin folklorşünaslıq fəaliyyətində aşıq yaradıcılığına aid araşdırmaları da dəyərlidir. Mənbələrdə qeyd edilir ki, Köçərli öz arxivində külli miqdarda aşıq şeiri, dastan parçaları olduğunu yazırdı. Aşıqlar içərisində isə Firudin bəyi daha çox böyük el sənətkarı Aşıq Valeh maraqlandırmışdır.

Maraqlısı budur ki, Aşıq Valehlə bağlı araşdırmalarının nəticələrini F.B.Köçərli SMOMPK-da, "Kars" qəzetində və ən geniş şəkildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında ifadə etmişdir.

F.B.Köçərli "Kərbəlayı Səfi "Valeh" təxəllüs" adlı məqaləsində Valehin Canıoğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri olduğunu, Gülablı kəndində təvəllüd tapdığını, 60-70 iləcən ömür sürdüyünü, oxuyub-yazmağı Şuşa qalasında kəsb etdiyini, "ülumi-maarifə və xüsusən, şeir deməyə artıq dərəcədə meylü həvəsi" olduğunu qeyd etmişdir.

"Kərbəlayı Səfi mərhumun əşari-müxtəlifələrindən birisi də insanın məbudu ana bətnində bir qətrə uyuşmuş qandan maya bağlayıb, müruri-əyyam ilə dünyaya gəlməsini və yer üzündə nəşvü-nüma tapıb körpəlik, uşaqlıq, cavanlıq, kişilik və qocalıq hədlərinə yetişməsini və hər sinnü salın öz halü təbiətinə məxsus müxtəlif övzavü əhvalını, şüglü karını və əhvali-ruhiyyəsiniE" təfsilən rişteyi-nəzmə çəkdiyi kəlam"ı - 31 bəndlik vücudnaməsini əsərinə daxil edən Firudin bəy Köçərli bu şeirin məzmununu icmal etmiş və belə yazmışdır: "Kərbəlayı Səfinin bu "Vücudnamə"si bizim zindəganlığımızın cümlə övzavü keyfiyyətini və nə növ icra etməsini və adabü ayınini bəyan edir".

***

Xəlqilik ədəbiyyatın başlıca ədəbi-estetik və bədii-milli sosial keyfiyyətidir. Əsrləri arxada qoyaraq yazılı vasitələrlə, eləcə də yaddaşdan-yaddaşa ötürülərək hafizələrdə yaşayan şifahi və yazılı ədəbiyyatın mövzu-məzmun aktuallığının və ideya-bədii orijinallığının başlıca qaynaqlarından biri söz sənətinin (eləcə də incəsənətin bütün sahələrinin) məhz milliliyi (bəşəriliklə vəhdətdə), xəlqiliyi və xalqın həyatı, mənəvi dünyası, xalq yaradıcılığı ənənələri ilə sıx bağlı, əlaqəli olmasındadır.

F.B.Köçərli bu baxımdan çox müdrik bir ədəbiyyatşünas kimi həmin məsələni xüsusi nəzərə çarpdıraraq yazırdı: "Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərindəki milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir".

***

Bu və ya digər faktlar, mətbu fikirlər və elmi araşdırmalar göstərir:

* Firudin bəy Köçərli professional ədəbiyyatşünas olmaqla yanaşı, həm də folklorşünaslıq sahəsində ilkin olaraq folklorun başlıca və əsas xüsusiyyətlərini qələmə almışdır;

* ədəbiyyatşünas alim folklorun bir sıra janrlarını, əsas cəhətlərini elmi cəhətdən doğru ümumiləşdirmişdir;

* Firudin bəy folklorşünaslıq baxımından bu gün də elmi-nəzəri dəyərini saxlayan fikirlər söyləməklə yanaşı, həm də yazılı ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin (M.P.Vaqif, Q.B.Zakir və b.) şifahi ədəbiyyatın ayrı-ayrı janrlarından istifadə faktlarını təsvir və təhlil etmişdir;

* folklorşünas-pedaqoq ilk olaraq uşaq folklorunu toplayıb ayrıca toplu şəklində nəşr etdirmişdir. 

Şamxəlil MƏMMƏDOV,
SDU-nun "Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyasının rəhbəri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov