Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi

 

Ötən 25 illik tarixdə qazanılmış təcrübə, perspektivlər 

Akif ƏLİYEV,

Təhsil Nazirliyinin TİMS şöbəsinin baş məsləhətçisi,

e-mail: [email protected] 

Respublikamızın ümumtəhsil məktəblərində informatika fənninin tədrisinə başlanmasından 25 ildən artıq vaxt keçir. Bu gün 25 il    əvvələ nəzər salanda fənnin tədrisində qarşıya çıxan problemlər,    ildən-ilə qazanılan uğurlar, fənn üzrə dərslik, proqram və tətbiqi   proqram paketlərinin təkmilləşdirilməsi, bu işdə alim, metodist və  müəllimlərimizin keçdiyi şərəfli yol  qəlbimizi qürur hissi ilə doldurur. Gəlin, həmin illərə bir daha nəzər salaq.

İnformatika bir tədris fənni kimi ümumtəhsil məktəblərinin tədris planına 1985-ci ilin 1 sentyabrından daxil edilib. O zaman bu yeni kurs "İnformatika və hesablama texnikasının əsasları" adı ilə yalnız yuxarı siniflərdə (IX və X siniflərdə) tədris olunurdu.

Son 25 ildə respublikamız həm sovetlər birliyində olarkən, həm də müstəqillik qazandıqdan sonra  təhsil sferasının informasiyalaşdırılmasının optimal yollarının müəyyənləşdirilməsi sahəsində müxtəlif səviyyələrdə qərarlar qəbul edilmiş, elmi tədqiqatlar aparılmışdır.

XXI əsr informasiyalaşmış cəmiyyət əsri olduğundan gənc nəslin informatika və informasiya texnologiyaları sahəsində müəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olması çox vacibdir.

Məhz buna görə də respublikamızda  elektronika və mikroelektronika robotlarının yaradılması və tətbiqi sahələrinin genişləndirilməsi, bu sahələri daha da inkişaf etdirmək üçün  hələ informatika kursu ümumtəhsil məktəblərinin tədris planına daxil edilməmişdən əvvəl-keçən əsrin ortalarından müxtəlif tədbirlər görülməsinə başlanılmışdı.

Kompüter texnikası ən çox kibernetikaya təsir etdiyindən kibernetika elminə respublikamızda da böyük maraq yaranmış və bu sahədə tədqiqatlar aparılmağa başlanmışdı.

Kibernetika sahəsində respublikamızda ilk tədqiqatlar 1952-ci ildə Azərbaycan SSR EA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdı.  Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama Mərkəzi adlandırılmışdı. 1959-1960-cı illərdə  Azərbaycana ilk universal rəqəmli elektron maşınları-"Ural-1","BESM-2" gətirildikdən sonra xalq təsərrüfatı əhəmiyyətli  məsələlərin həlli sahəsində fəaliyyətə başlanıldı. Bu maşınların öyrənilməsi və texniki istismarını təmin etmək üçün o zaman gənc kadrlar olan Telman Əsgərov, Şahid Quliyev, Fərhad Tağıyev və başqaları Rusiyanın Penza şəhərinə elmi ezamiyyətə göndərildi.

1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmiş, 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdı. Keçən əsrin 60-70-ci illərində EHM vasitəsilə mürəkkəb məsələlərin həlli üçün xüsusiləşdirilmiş müəssisələr-hesablama mərkəzləri yaradılmağa başlanıldı. Akademiyada təşkil edilən ilk Hesablama Mərkəzindən sonra ali məktəblərimizdə, ilk dəfə ADU-da, nazirliklərdə, əksər zavodlarda hesablama mərkəzləri yaradılmağa başlandı.

Sonralar, 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində vaxtilə mənim də işlədiyim Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi (AİS şöbəsi) yaradılmışdı. 1982-ci ildən AİS şöbəsi sərbəst hüquqi subyekt kimi fəaliyyət göstərmiş və 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM), 21 may 2002-ci ildə  isə İTEM-in əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olundu.

1984-cü ildən Kibernetika İnstitutunda axşam və qiyabi "Gənc kibernetiklər" məktəbi fəaliyyət göstərməyə başlamışdı. Məktəbdə institutun əməkdaşları hesablama texnikası, proqramlaşdırılma üzrə nəzəri və təcrübi məşğələlər aparmış, olimpiadalar təşkil etmişlər. İnstitutun əməkdaşları gənc texniklər stansiyasında, bir sıra orta məktəblərdə proqramlaşdırma dərnəklərinə rəhbərlik etmişlər.

Respublika Maarif Nazirliyinin və Azərbaycan SSR EA Kibernetika İnstitutunun birgə təşəbbüsü ilə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun bazasında yuxarı sinif şagirdlərinin kompüter savadlılığını artırmaq məqsədilə eksperimental kurslar açılmışdı.

Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda, o vaxtkı S.M.Kirov adına ADU-da, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda, B.Sərdarov adına Xalq Təsərrüfatı İnstitutunda və başqa ali məktəblərdə, elmi-tədqiqat institutlarında, hesablama mərkəzlərində kibernetikaya aid elmi axtarışlar aparılır, bu sahəyə aid yeni fakültə və ixtisaslar  açılırdı.

Məlumdur ki, 1950-ci illərin sonunda akademik A.P.Yerşovun rəhbərliyi ilə Novosibirskdəki bir çox məktəblərdə proqramlaşdırmanın əsasları üzrə eksperimentlər aparılmış və bu təcrübə sonralar geniş tətbiq edilməyə başlanmışdı. 1959-cu ilin sentyabrından Moskva şəhəri, Pervomayski rayonundakı 425 nömrəli məktəbin bəzi siniflərinin bazasında S.İ.Şvarsburdun apardığı təcrübələr nəticəsində  1960-61-ci illərdə belə məktəblərin sayı artdı və 1961-ci ilin iyulunda o zamankı RSFSR Maarif Nazirliyi  riyaziyyat üzrə ixtisaslaşmış məktəblər üçün sənədlərin ilk variantını təsdiq etdi. Bu sənədlər toplusuna məzunların peşə xarakteristikaları, tədris planı, ümumi riyaziyyat kursu üzrə proqram daxil idi. Tədris fənlərinin adı isə "Riyazi maşınlar və proqramlaşdırma", "Hesablama riyaziyyatı" (ilkin variantda "Təqribi hesablamalar") adlanırdı.

1965-1970-ci illərdə məzmunu proqramlaşdırmaya həsr olunmuş və riyaziyyat təmayüllü məktəblər üçün V.M.Monaxov, R.S.Quter, B.V.Ovçinskiy, P.T.Reznikovskiyin dərs vəsaitləri proqramlaşdırma üzrə fakültativ kursların aparılmasında böyük əhəmiyyətə malik oldu.

60-cı illərdə məktəb informatikasının əsasını kibernetika elementlərinin öyrədilməsi istiqamətində nəzəri və eksperimental tədqiqatlar təşkil edirdi. Uzunmüddətli tədqiqatlardan sonra belə bir nəticəyə gəlindi ki, kibernetikanın öyrədilməsi ümumi orta təhsilin məzmununa ayrıca fənn kimi daxil edilməlidir. Lakin tədqiqatçılar yalnız 1970-ci ildə 140 saatlıq (70 saat IX, 70 saat X sinifdə) "Kibernetikanın əsasları" kursunun orta ümumtəhsil məktəblərinin fakültativ kursları siyahısına rəsmi daxil etdirə bildilər. Həmin fakültativ kursun proqramının əsas bölmələri aşağıdakılar idi: Giriş (20 s.), çevrilmələr və informasiya çeviriciləri (82 s.), informasiya və siqnal (24 s.), idarəetmə sistemlərinin qurulması prinsipləri (12 s.), nəticələr (2 s.).

Qeyd edək ki, həmin kursun məzmununa daxil olan avtomatlaşdırma, informasiyanın saxlanması, emalı və çevrilməsi, ötürülməsi anlayışları sonradan məktəb informatika kursunun əsas komponentlərinin formalaşmasında mühüm rol oynadı.

1975-1980-ci illərdə fakültativ kursların sayı artdı və VII sinifdə "Say sistemləri və EHM-in hesabı qurğuları", VIII sinifdə "Alqoritmlər və proqramlaşdırma", IX, X siniflərdə "Kibernetikanın əsasları", X sinifdə "Proqramlaşdırma dilləri" adlı kurslar məktəb fakültativ kurslarının sırasına daxil edildi.  Bu kurslar üzrə İ.N.Antipov, V.M.Monaxov, V.S.Lednev və A.A.Kuznetsov, V.N.Kasatkin və başqaları, M.P.Lapçik  tərəfindən müxtəlif metodiki tövsiyələr hazırlandı.

70-ci illərdə məktəblərarası tədris-istehsalat kombinatlarında (MTK) yuxarı sinif şagirdlərinin hesablama texnikasının tətbiqi sahəsində peşə hazırlığı istiqamətləri artdı. MTK-ların bazasında məktəblilərin hazırlığı istiqamətləri əsasən aşağıdakılar idi: EHM operatoru, elektromexanik, proqramçı-laborant, elektron aparatlarının nizamlayıcısı, hesablama işləri operatoru və s.

70-ci illərin əvvəllərində respublikamızda ilk dəfə orta məktəblərdə-əvvəlcə Bakıdakı 164 nömrəli, sonra isə 134 nömrəli məktəbdə  indiki Bakı Dövlət Universitetinin  dosenti, pedaqoji ictimaiyyətin rəğbətini qazanmış Ramin Mahmudzadə  proqramçılar sinfi təşkil etmişdi. Ali məktəblərdə də artıq informatika sahəsinə xüsusi fikir verilməsinə başlanılmışdı. 1983-cü ildə ilk dəfə respublika ali məktəblərinin tələbə komandası (komandanın rəhbəri R.Mahmudzadə olmuşdur) Minsk şəhərində informatika üzrə olimpiadaya aparılmış və komanda Ümumittifaq olimpiadasında 3-cü yeri tutmuşdu.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984-cü il 12 aprel tarixli 313 nömrəli qərarı ilə SSRİ Maarif Nazirliyinə, Pedaqoji Elmlər Akademiyasına, Dövlət Texniki Peşə Təhsili Komitəsinə, Ali və Orta İxtisas Təhsili Nazirliyinə tapşırılmışdı ki, ümumtəhsil məktəblərinin yuxarı siniflərində, texniki peşə məktəblərində, orta ixtisas məktəblərində hesablayıcı elektron texnikasının əsaslarının öyrənilməsini təşkil etsinlər, belə ki, şagirdlərə kompüterlərdən istifadə etmək vərdişləri aşılansın və onlar xalq təsərrüfatında bu texnikanın geniş tətbiqi haqqında biliklərlə silahlandırılsınlar. Bundan ötrü şagirdlər üçün xüsusi kurs hazırlanmasını, lazımi dərsliklər, dərs vəsaitləri, məktəb kabinetləri və məktəblərarası kabinetlər yaradılmasını, habelə baza müəssisələrinin və başqa idarələrin kompüter texnikasından dərs məqsədləri ilə istifadə olunmasını nəzərdə tutsunlar. Ümumtəhsil məktəblərinin dərs prosesində kompüterlərin tətbiqi ilə bağlı psixoloji-pedaqoji problemləri haqqında 1986-cı ildə Sov.İKP MK-ya və SSRİ Nazirlər Sovetinə məlumat versinlər. 1986-1990-cı illərdə hesablayıcı elektron və mikroprosessor texnikası kabinetləri yaradılsın.

12 aprel 1984-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə keçirilmiş iclasda qəbul edilmiş tarixi qərardan sonra məktəblərimizdə yeni bir dövr - kompüter texnikası ilə tanışlıq dövrü başlandı.

O vaxtdan başlayaraq respublikamızın bəzi məktəblərinə mikrokalkulyatorlar, "Yamaha", "Aqat", "Mir-2" və "Elektronika-DK-28" tipli kompüterlər verildi, yeni kabinetlər yaradıldı.

Bakıdakı 132 nömrəli məktəbdə "Aqat" tipli kompüterlər quraşdırıldı. Məktəbə Moskvanın Lionozov Elektromexanika Zavodunun mütəxəssisləri dəvət olunmuş və hesablama mərkəzi yaradılmışdı.

Azərbaycan Dövlət Universitetində, Azərbaycan Politexnik İnstitutunda, Neft-Kimya İnstitutunda, Xalq Təsərrüfatı İnstitutunda, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Bakı Baza Energetika Texnikumunda, eləcə də bir sıra ali və orta ixtisas təhsili ocaqlarında hesablama texnikasından geniş istifadə olunmağa başlamışdı.

1984-cü ildə hazırlanan "Ümumtəhsil və peşə məktəblərində islahatın əsas istiqamətləri" adlı təşkilati-metodik sənəddə məktəb islahatının əsas istiqamətlərindən biri kimi gənclərin ümumi kompüter savadsızlığının ləğvinin təmini və informatika və hesablama texnikasının əsaslarının tədris prosesinə daxil edilməsi deklarativ olsa da, elan edildi.

1984-cü ilin sonunda A.P.Yerşov və V.M.Monaxovun rəhbərliyi ilə "İnformatika və hesablama texnikasının əsasları" fənninin proqramı hazırlanmağa başlandı və 1985-ci ilin ortalarında o vaxtkı SSRİ Maarif Nazirliyi tərəfindən bəyənildi .

"İnformatika və hesablama texnikasının əsasları" bir tədris fənni kimi ümumtəhsil məktəblərinin tədris planına 1985-ci ilin 1 sentyabrından daxil edildi (keçmiş SSRİ-də). Ümumtəhsil məktəblərində bu fənn yalnız yuxarı siniflərdə (o zaman IX və X siniflərdə) tədris olunurdu.

"İnformatika və HT-nin əsasları kursu üzrə ilk proqramın maşınlı variantı" 1986-cı ildə çap edildi. Kursun iki yuxarı sinifdə tədrisi nəzərdə tutulurdu və kursa 102 saat vaxt ayrıldı.

Maşınlı variantda nəzərdə tutulan məzmuna uyğun bir neçə dərs vəsaitləri, o cümlədən A.Q.Kuşnirenko və b., V.A.Kaymin və b., A.Q.Qeyn və b. tərəfindən hazırlandı və onların geniş müzakirəsi təşkil edildi. Moskvada təşkil edilmiş belə müzakirələrin birində  mən də iştirak etmişəm.

Yeni proqramın məzmunu "İnformatika və hesablama texnikasının əsasları" fənnini ayrıca bir fənn kimi nəzərdə tuturdu və "maşınsız variant"dan çox da fərqlənmirdi.

Lakin ilk rəsmi proqramdan fərqli olaraq burada praktik işlərə daha çox vaxt ayrılmışdı.

Maşınlı variantda ilk proqramın əsas xüsusiyyəti onda idi ki, ilk dəfə olaraq rəsmi sənəddə məktəb informatika kursu üzrə zəruri olan proqram təminatının təxmini siyahısı verilmişdi. Sonrakı illərdə onlardan çoxu müxtəlif variantlarda və məktəblərdə istifadə olunan müxtəlif tip texnika üçün işlənilib hazırlandı

1990-cı ilədək respublikamızın orta ümumtəhsil məktəblərində 1985-1986-cı illərdə A.P.Yerşovun redaktorluğu ilə nəşr edilmiş dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsindən istifadə edilirdi. Müəllimlər isə həmin müəllifin hazırladığı və informatika müəllimləri üçün nəzərdə tutulan vəsaitlərin Azərbaycan dilinə tərcüməsindən yararlanırdılar.

Nazirliyin 26.09.1988-ci il tarixli, 216 nömrəli əmri ilə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu  Türkan qəsəbəsindəki 119 nömrəli məktəbdə (informatika müəllimi Rafiq Qasımov) məktəblərarası tədris-hesablama mərkəzi yaradılmış və 3-cü və 5-ci siniflərdə eksperiment qaydasında "İnformatika və hesablama texnikasının əsasları" fənni tədris edilmişdi. 

(Ardı var)

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov