Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - 23

 

Dünya təhsili

 

İsrail Respublikasının təhsil sistemi

 
 

İsrail Respublikası

 
   
Ərazisi:  20330 kv.km.
Əhalisi: 7,74 milyon nəfər  
Dövlət dili: ivrit və ərəb dili
Pul vahidi:  şekel
 

 

Təhsil sistemi 

İsrail Qərbi Asiyada, Aralıq dənizinin şərq sahillərində yerləşən parlamentli respublikadır. Ərazisinin kiçik olmasına baxmayaraq, yüksək iqtisadi inkişafa nail olub, müasir texnologiyaya əsaslanan sənaye istehsalı ilə tanınıb. Olduqca fərqli coğrafi xüsusiyyətlərinə görə turizm sektorunda nəzərəçarpacaq uğurlar qazanıb.

İsrail təhsil sistemində varislik prinsipinə ciddi şəkildə əməl olunur. Ənənələrə sadiq qalmaqla inkişaf etdirilən təhsil sistemi uşaqları müxtəlif etnik, dini, mədəni və siyasi mənsubiyyəti təmsil edən insanların birgə yaşadığı demokratik, plüralist cəmiyyətin üzvü kimi hazırlamaq məqsədlərinə xidmət edir. İsrail təhsilinin ana xəttini vətənə sevgi, azadlıq və tolerantlıq ideyaları təşkil edir. Ölkənin davamlı inkişafı naminə elmi və texniki bacarıqlara əsaslanan yüksək səviyyəli, əhatəli biliklər vermək İsrail təhsil sistemini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir.

Ötən əsrdə bütün dünyada yaşayan yəhudilərin böyük əksəriyyətinin İsrailə gəlməsi ölkə təhsilinin ehtiyaclarının ciddi şəkildə artmasına səbəb oldu. Məktəb və müəllimlərə olan tələbatın ödənilməsi ilə yanaşı, müxtəlif mədəni mənsubiyyətləri olan uşaqların, gənclərin təhsilə inteqrasiyasını təmin etmək üçün xüsusi vəsaitlər və metodlar hazırlandı. İmmiqrant şagirdlərə əvvəl yaşadıqları ölkədə öyrənmədikləri fənləri, o cümlədən ivrit dilini, tarixini tədris etmək üçün müvafiq kurikulumlar, dərs vəsaitləri hazırlandı və qısamüddətli kurslar təşkil olundu. İmmiqrant uşaqlarla işləmək üçün yerli müəllimlər ixtisasartırma, əcnəbi müəllimlər isə yenidənhazırlanma kurslarına cəlb edildi.

İsrailin Təhsil Nazirliyi təhsil standartlarının gender bərabərliyi, müəllimlərin statusunun yüksəldilməsi, kurikulumların hazırlanması, elm və texnologiyanın inkişafı sahəsində beynəlxalq və müasir pedaqoji təcrübənin tətbiqi proseslərinə rəhbərlik edir. Nazirliyin əsas strategiyası bütün uşaqlar üçün bərabər təhsil imkanının yaradılması və ali təhsil alanların sayının artırılmasından ibarətdir. 

Məktəbəqədər təhsil 

İsraildə uşaqların ictimai mühitə uyğunlaşması və dil baxımından inkişafının möhkəm təməl üzərində qurulması üçün təhsilə erkən yaşlarından başlanılır. 2 yaşlı uşaqların əksəriyyəti, 3-4 yaşlı uşaqların isə demək olar ki, hamısı məktəbəqədər təhsilə cəlb olunub. Əksər proqramlar gündəlik qayğı mərkəzləri, bəziləri isə özəl əsaslı olmaqla yerli idarələr tərəfindən maliyyələşir. Təhsil Nazirliyi əhalinin qismən kasıb hissəsinin təhsil aldığı məktəbəqədər müəssisələr üçün xüsusi vəsait ayırır.

5 yaşlı uşaqlar üçün bağçalar pulsuz və icbaridir. Onlar üçün nəzərdə tutulmuş kurikulum dil və riyazi anlayışların tədrisi, idrak, yaradıcılıq qabiliyyətinin və sosial bacarıqların inkişafını ehtiva edir. Uşaqların təhsil aləminə açılan yolunda daha möhkəm təməl qoyulması üçün məktəbəqədər təhsil kurikulumu Təhsil Nazirliyi tərəfindən idarə olunur və bu sənədin icrasına nəzarət edilir. 

İbtidai və orta təhsil 

Ölkədə 6 yaşından 18 yaşına qədər uşaqlar üçün təhsil pulsuz və icbaridir. Formal təhsil ibtidai məktəblərdən (I-VI siniflər) başlanır, keçid (VII-IX siniflər) və orta məktəblərdə (X-XII siniflər) davam etdirilir. İbtidai məktəbləri bitirən şagirdlərin təxminən 9 faizi internat-məktəblərdə oxuyur.

İsrail cəmiyyətinin milli mənəvi dəyərlərə üstünlük verməsi ölkənin təhsil sistemində də əksini tapır. Ölkədə məktəblər 4 qrupa bölünür. Birincisi, şagirdlərin əksəriyyətinin oxuduğu dövlət məktəbləri. İkincisi, iudaizm dininə, adət və ənənələrinə əsaslanan dövlət dini məktəbləri. Üçüncüsü, ərəb və Druza (Suriya və Livanda İslam dininə əsaslanan dini sekta) tarixinin, dininin, və mədəniyyətinin tədris olunduğu ərəbdilli məktəblər. Dördüncüsü, müxtəlif dini və beynəlxalq təşkilatların dəstəyi ilə fəaliyyət göstərən özəl məktəblər. Son illərdə valideynlərin uşaqların təhsilinə artan marağını nəzərə alaraq bir sıra yeni məktəblər də yaradılıb.

Məktəbdə tədris olunan dərslərin əksəriyyəti icbari akademik fənlərdən ibarətdir. Fənn mövzusu bütün sistem daxilində vahid olduğu halda, hər bir məktəbə Təhsil Nazirliyi tərəfindən təklif edilmiş çoxsaylı dərs və tədris materiallarını müstəqil seçmək imkanı verilir. Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Belə ki, məktəblilərə hər il milli ideyalardan bəhs edən bir mövzu əhatəli şəkildə tədris olunur. Bu sıraya demokratik dəyərlər, ivrit dili, immiqrasiya, Yerusəlim, sülh, sənaye və digər müvafiq mövzular daxildir.

Orta məktəblərin böyük əksəriyyətində təbiət və humanitar elmlər üzrə akademik kurikulum əsasında tədris aparılır. Bu pilləni bitirən şagirdlərə ali məktəbə qəbul imtahanı (matrikul) sertifikatı verilir. Bu sənədlə ali məktəblərə daxil olmaq mümkündür. Bəzi orta məktəblərdə ixtisaslaşdırılmış fənn kurikulumları tədris olunur. Bu proqram üzrə orta təhsil alanlara da ali məktəbə qəbul imtahanı (matrikul) sertifikatı və ya peşə diplomu verilir.

Orta texnologiya məktəblərində texniklər və mühəndislərin 3 səviyyə üzrə təlimi təşkil edilir. Bu tədris ocaqlarında oxuyan şagirdlər ya ali təhsilə hazırlanır, ya peşə diplomları alır, ya da əməli bacarıqlara yiyələnirlər.

Hərbi hazırlıq məktəblərində isə İsrail Müdafiə Qüvvələri tərəfindən tələb olunan spesifik sahələr üzrə kadrlar və texniklər hazırlanır. Qız və oğlanların ayrıca oxuması üçün nəzərdə tutulmuş Yeşiva (yəhudi) orta məktəblərində dini biliklər daha dərindən öyrədilir. Ümumtəhsil məktəblərində isə müxtəlif peşə, o cümlədən mühasibatlıq, mexanika, elektronika, mehmanxana xidməti, qrafika sənəti və digər sahələr üzrə fənlər də tədris olunur.

Orta məktəb yaşındakı şagirdlər həmçinin peşə məktəblərində müxtəlif ixtisaslara yiyələnə bilərlər. Sənaye, Peşə və Əmək Nazirliyi tərəfindən təklif edilən peşə proqramları 3 və ya 4 illikdir. Bu proqramlarda təhsilin ilk 2 ili nəzəri tədrisindən ibarətdir. Sonrakı 1-2 ildə isə həm nəzəri tədrisə, həm də seçilmiş peşə üzrə istehsalat təcrübəsinə yer verilir. Peşə məktəblərində bərbərlik, aşpazlıq, mexanika, makinaçı və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Bundan başqa, İsraildə istedadlı, fiziki, əqli və təlim qüsuru olan uşaqlar üçün xüsusi, eləcə də fərdi proqramlar təklif olunur. Fiziki, əqli və təlim qüsuru olan uşaqlar 3 yaşından 21 yaşına qədər pulsuz təhsillə təmin edilir. 

Ali təhsil 

Hələ İsrail dövlət kimi yaranmamışdan əvvəl-1924-cü ildə İsrail Texnologiya İnstitutu fəaliyyətə başlayıb. 1925-ci ildə təsis olunmuş Yerusəlim Yəhudi Universiteti isə bütün dünyadakı yəhudi alim və tələbələrini ölkəyə cəlb etmək məqsədilə yaradılıb. 1948-ci ildə bu ali məktəblərdə 1600 tələbə təhsil alırdı.

2009-2010-cu ilin statistik məlumatlarına görə, ölkənin ali təhsil müəssisələrində 280000-dən çox tələbə təhsil alıb. Onların 38 faizi universitetlərin, 41 faizi kolleclərin, 21 faizi isə Açıq Universitet vasitəsilə müxtəlif kurslarda iştirak edən tələbələrin payına düşür.

Təhsil prosesinin qurulması və idarəetmə baxımından tam müstəqilliyə malik olan İsrailin ali təhsil müəssisələri müvafiq meyarlara cavab verən bütün abituriyentlərə oxumaq imkanı verir. Yeni immiqrantlar və münasib kvalifikasiyalara malik olmayan tələbələr isə xüsusi hazırlıq proqramında oxuduqdan sonra ali təhsil müəssisələrinə qəbul ola bilərlər.

Bütün ali təhsil müəssisələri Ali Təhsil Şurasına tabedir. Ali Təhsil Şurasına təhsil naziri rəhbərlik edir. Şuranın üzvləri sırasında akademiklər, icma nümayəndələri və bir tələbə təmsil olunur. Şura akkreditasiya məsələlərinə baxır, akademik dərəcələrin verilməsini təsdiq edir, hökumətə ali təhsilin, elmi tədqiqatın inkişafı və maliyyələşməsinə dair məsləhətlər verir.

Ali Təhsil Şurasının Planlaşdırma və Qrantlar üzrə Komitəsi maliyyə, o cümlədən büdcə təkliflərinin verilməsi məsələlərini yerinə yetirir, hökumət və ali təhsil müəssisələri arasındakı əməkdaşlığı təmin edir. Ali təhsil müəssisələrinin büdcəsinin 70 faizi dövlət vəsaitləri, 20 faizi təhsil haqları hesabına formalaşır. Ali məktəblərin maliyyələşməsində özəl mənbələrdən gələn vəsaitlər cəmi 10 faiz təşkil edir.

İsraildə tələbələrin əksəriyyəti 21 yaşında ali təhsil almağa başlayır. Bu, kişilər üçün 1 illik, qadınlar üçün 2 illik hərbi xidmət müddətinin müəyyənləşdirilməsindən irəli gəlir. Hazırda İsraildə 20-24 yaşlı əhalinin yarıdan çoxu ali təhsil müəssisələrində təhsil alır. 

Yaşlıların təhsili 

Təhsil Nazirliyi, eləcə də dövlət və özəl müəssisələr tərəfindən maliyyələşən bir sıra kurslar vasitəsilə yaşlıların təhsilinə geniş imkanlar yaradılır. Böyük şəhərlərdə və bir çox rayonlarda yaşlıların müxtəlif sahələr üzrə peşə təhsili, təlimi və yenidən hazırlanmasını Təhsil Nazirliyi ilə Sənaye, Peşə və Əmək Nazirliyi birgə həyata keçirirlər.

Yaşlılar arasında təhsil və mədəni fərqliliyin azaldılması üçün müxtəlif təhsil formalarından istifadə edilir. Xüsusi hazırlanmış metoddan istifadə etməklə ivrit dilinin müxtəlif səviyyələrdə tədrisi immiqrantların, yaşlıların İsrail həyatına inteqrasiya olunmasını sürətləndirir. 

Tədqiqat və inkişaf 

İsrail tədqiqat və elmi inkişafa ən çox maliyyə vəsaiti yatıran ölkələr sırasındadır. Təsadüfi deyil ki, ötən illər ərzində bir çox İsrail alimləri Nobel mükafatına layiq görülüblər. 2009-cu ildə Ueizmən Elmlər İnstitutunun əməkdaşı Ada Yonat kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə Nobel mükafatçıları sırasına daxil olub.

İsraildə tədqiqat və elmi inkişaf əsasən 7 universitetdə, dövlət tədqiqat institutlarında, tibbi mərkəzlərdə, yüzlərlə mülki və hərbi müəssisələrdə həyata keçirilir. Hökumət və dövlət qurumları tədqiqat və elmi inkişaf üçün lazım olan vəsaitin yarıdan çox hissəsini verir. Bu vəsaitlərin böyük hissəsi iqtisadi inkişafa, əsasən də sənaye və kənd təsərrüfatı sektoruna ayrılır. Müxtəlif səhiyyə və sosial rifah sahələrinə aid tədqiqat işlərinə də kifayət qədər vəsait sərf olunur.

Elmi tədqiqatların böyük əksəriyyəti universitetlərdə həyata keçirilir. İsrail universitetləri hər il çoxsaylı patent əldə edirlər. Bu, universitetlər ilə sənaye sahələri arasındakı praktik əlaqənin yüksək səviyyədə olmasından irəli gəlir.

Hüquqi baxımdan müstəqil qurum olan İsrail Elm Fondu rəqabətli tədqiqatın əsas maliyyə mənbəyidir. İsrail Elm Fondu minlərlə fərdi tədqiqatçıları, xüsusi proqramları maliyyələşdirir. 

Təhsilin idarə olunması 

Təhsil Nazirliyi, əsasən məktəb kurikulumunun hazırlanması, təhsil standartlarının tətbiqi, müəllimlərin fəaliyyətinə nəzarət edilməsi, məktəb binalarının tikilməsi məsələlərinə nəzarət edir. Yerli təhsil idarələri isə məktəblərə texniki xidmətin göstərilməsi ilə yanaşı, təchizat və avadanlıqların alınmasına cavabdehlik daşıyır.

Məktəbəqədər və ibtidai təhsil pilləsində işləyən pedaqoji heyət nazirlik, yuxarı sinif müəllimləri isə yerli təhsil idarələri tərəfindən işə qəbul edilir. Təhsilin 80 faizi hökumət və yerli təhsil idarələri, digər hissəsi isə kənar mənbələr hesabına maliyyələşir.

İsraildə Təhsil Nazirliyi tərəfindən təsis edilmiş xüsusi telekanal - Təhsil Televiziyası fəaliyyət göstərir. Bu telekanalda xüsusi tədris və elmi proqramlar, geniş ictimaiyyət üçün təhsilə həsr olunmuş verilişlər yayımlanır. Bundan əlavə, Təhsil Televiziyası yeni tədris metodlarının hazırlanması istiqamətində universitet müəllimləri ilə əməkdaşlıq edir.

Fasiləsiz təlim xidmətlərinin göstərilməsinə sadiq qalan Təhsil Televiziyasında bütün yaş qruplarını təmsil edən izləyicilərin maraqları nəzərə alınır. Belə ki, məktəbəqədər təhsil üzrə inkişafetdirici proqramlara, gənclər üçün əyləncəli proqramlara və yaşlılar üçün təhsil kurslarına geniş yer verilir. 

Hazırladılar:
Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV

Yazının hazırlanmasında İsrailin rəsmi dövlət saytlarının materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov