Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi

 

Ötən 25 illik tarixdə qazanılmış təcrübə, perspektivlər 

(Əvvəli qəzetin ötən sayında) 

Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun 31.07.1998-ci il tarixli, 0/111 nömrəli, Təhsil Problemləri üzrə REMM-in 30.07.1998-ci il tarixli, 307/305 saylı məktublarını və eksperimentin nəticələrini nəzərə alaraq nazirlik 12.08.1998-ci il tarixli, 553 nömrəli əmri ilə 1998-99-cu dərs ilindən  həmin məktəbin 1-6-cı siniflərində maraq kursu saatları hesabına "İnformatika və HT-nin əsasları" fənninin tədrisinin təşkilini məqsədəuyğun saymışdı.

1990-cı illərdən başlayaraq orta ümumtəhsil məktəblərində çoxvariantlı proqramlardan istifadəyə üstünlük verilirdi.

1991-ci ildə o zamankı SSRİ Dövlət Xalq Təhsili Komitəsi tərəfindən "İnformatika və HT-nin əsasları" kursu üzrə üç proqram təsdiq edildi və bununla da ilk proqramın vahid metodiki konsepsiyasına, məktəb informatika kursuna yanaşmalarda vahidliyə son qoyuldu.

Proqramların izahat vərəqəsində qeyd edildiyi kimi, müəllimlərə bu üç proqram və onlara uyğun müxtəlif müəlliflər kollektivi tərəfindən hazırlanmış üç sınaq dərs vəsaitlərinin birindən istifadə etmək tövsiyə edilirdi.

Hər üç dərs vəsaiti iki il müddətində (X və XI siniflərdə) 102 saat üçün nəzərdə tutulurdu. Həmin dərs vəsaitlərinin müqayisəli təhlili göstərirdi ki, hər üç dərs vəsaitindəki məsələlərin hamısını bir proqramda reallaşdırmaq mümkün deyil. K.A.Kayminin rəhbərliyi ilə hazırlanan proqramda ilk proqramın nəzəri məsələləri saxlanılmaqla EHM-də işə daha çox diqqət verilirdi və o zaman məktəblərə əsasən BK-0010, "Korvet", "Yamaha", "Aqat" tipli kompüterlər verildiyindən proqram təminatı onlara yönəlirdi. A.Q.Qeynin rəhbərliyi ilə hazırlanan proqramda kurs üç hissəyə - EHM-lə  tanışlıq (16 s.), alqoritmlər və icraçılar (64 s.), informasiya və EHM informasiyanın emalı vasitəsi kimi (34 s.) hissələrə ayrılmış, proqram təminatına tədris elektron cədvəli, mətn redaktoru, "Optima" tətbiqi proqramı və s. daxil edilmişdi.

A.Q.Kuşnirenkonun rəhbərliyi ilə hazırlanmış proqram isə üç variantda (maşınlı, yarımaşınlı və maşınsız) tədrisin aparılmasına imkan verirdi. Alqoritmik konstruksiyalar zəruri məsələlərin həllindən asılı olaraq (praktikadan nəzəriyyəyə) daxil edilirdi.

Lakin bu dövrdə olan sosial-ictimai şərait, demokratiya ab-havası həmin proqramlar üzrə qarşıya qoyulan məqsədlərə çatmağa  imkan vermədi və nəticədə informatikanın ümumtəhsil məktəblərində tədrisi vəziyyəti həyəcan doğurmağa başladı. Əksər hallarda informatikanın ümumtəhsil aspektləri unudularaq, texnoloji aspektlərinə, praktiki proqramlaşdırmaya ("Beyzik", "Paskal", "Si" və s. dillərdə) daha çox fikir verildi.

Respublikamız müstəqillik qazandıqdan sonra məktəblərimizdə informatika üzrə 1990-cı ilədək istifadədə olan proqramların yeniləşmiş variantlarından istifadə edilirdi.

IX və X siniflərdə isə R.Ə.Əliyev, T.M.Əliyev, M.Ə.Salahlı tərəfindən hazırlanmış dərslikdən istifadə edilirdi və 2004-cü ilədək də həmin dərsliyin müxtəlif  nəşrlərindən istifadə olunurdu.

Azərbaycan dilində ilk yeni proqram isə  bu sətirlərin müəllifi-Akif Əliyev və Ramin Mahmudzadə, Əlif Məmmədov, Hidayət Tağıyevin  daxil olduğu qrup tərəfindən 1997-ci ildə hazırlanıb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edildi. Proqramda bütün kursa 128 saat vaxt ayrılırdı (64 saat X sinifdə, 64 saat isə XI sinifdə). Bu yeni proqramda proqramlaşdırmanın öyrədilməsində ənənəvi metodikadan imtina edilirdi. Çünki artıq məktəb təcrübəsi göstərirdi ki, proqramlaşdırmanın alqoritm və riyazi məsələlər (ƏBOB-un hesablanması, tənliklərin həlli və s.) üzərində qurulması yararsızdır.

Proqram aşağıdakı mövzuları əhatə edirdi:

X sinifdə - informatikanın əsasları (7 saat nəzəri, 7 saat praktika), alqoritm və proqramlaşdırma (7s., 7s.), proqramlaşdırmanın əsasları (17s., 17s.).

XI sinifdə - proqramların layihələşdirilməsi (17 s., 17 s.), EHM-in proqram təminatı (17 s., 17 s.).

Hazırlanmış həmin proqramda orta təhsil pilləsini bitirənlərin informatika üzrə hazırlığına verilən tələblərdə (bölmələr üzrə) ilk dəfə olaraq mətn redaktoru, qrafik redaktoru və verilənlər bazasına, elektron cədvələ aid bilik və bacarıqlar da öz əksini tapmışdı.

Təəssüf ki, proqramın istifadə olunduğu bir neçə ildə ona uyğun dərslik hazırlanmadığından müəllimlər ayrı-ayrı dərsliklərdən, xüsusilə rus dilində olan dərsliklərdən istifadə etmək məcburiyyətində qaldılar.

Uzunmüddətli vahid tədris planından istifadə cəmiyyətimizdə gedən demokratik dəyişikliklər nəticəsində öz dövrünü başa vurdu. 1999-cu ilin 15 iyununda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında" 168 saylı sərəncamı imzalandı. İslahatın əsas istiqamətlərində təlim və tərbiyənin məzmununda "Eyeni təhsil texnologiyasının əsas komponentlərindən biri olan multimedia, monitorinq və sair sistemlərin yaradılması məqsədilə təhsil sistemi müəssisələrinin kompüterləşdirilməsi və mərkəzləşdirilmiş informasiya sistemləri proqramını hazırlamaq və təbliğ etmək" qarşıya qoyulurdu. Azərbaycan Respublikası təhsil nazirinin 3 aprel 2000-ci il tarixli 280 saylı əmri ilə ümumtəhsil məktəblərinin yeni bazis tədris planları təsdiq edildi və 2000-2001-ci dərs ilindən bu tədris planı tətbiq olunmağa başlandı. Yeni tədris planının əvvəlkindən ən müsbət cəhəti onda idi ki, məktəblərə geniş səlahiyyət verilir və təhsil sahələrinə müvafiq əlavə saatlar ayırmağa imkan yaranırdı.

Qeyd edək ki,  1982-ci ildə SSRİ Maarif Nazirliyində mikro-EHM-lərin təhsil sisteminə həm tədrisin texniki vasitəsi kimi,  həm də öyrənmə sahəsi kimi tədricən daxil edilməsi haqqında qərar qəbul edilmişdi. Yenidənqurma ərəfəsində məktəb islahatlarının əsasını qoyan  normativ-hüquqi sənədlərdə kompüterləşmə məktəblərin inkişafının vacib istiqamətlərindən biri kimi qeyd edildi. Bu strateji istiqamətin konkret məzmunla doldurulması sahəsində akademik A.P.Yerşovun çox böyük xidmətləri oldu. 1984-cü ilin sentyabrında SSRİ xalq təhsili rəhbərlərinin  təhsil islahatlarına aid iclasında A.P.Yerşovun məruzəsində məktəblərin kompüterləşməsinin ilk illərində (1982-1985) informatika ideya və metodlarının tədricən, mərhələlərlə məktəblərə tətbiq edilməsi  strategiyasına yenidən baxılması məsələsi gündəmə gəldi. Belə ki, A.P.Yerşovun məruzəsindən sonra məlum oldu ki, daha böyük sürətlə  işə başlamaq lazımdır. Ona görə də  hökumət müvafiq qərarlar qəbul etdi və nəticədə  sonrakı altı ayda çox böyük işlər görüldü. Belə ki, IX-X siniflər üçün "İnformatika və hesablama texnikasının əsasları" kursu üzrə  68 saatlıq ilkin proqram hazırlandı, informatika üzrə I hissə dərs vəsaitinin nümunəsi hazırlandı (IX sinif) və  kütləvi şəkildə nəşr edildi, I hissə dərs vəsaiti nümunəsinə aid metodiki vəsait yazıldı və nəşr edildi, 1985-86-cı illərdə 100 min müəllim (SSRİ üzrə) informatika üzrə kurs hazırlığı keçdi, ölkənin pedaqoji ali məktəblərində "İnformatika və hesablama texnikası" mütəxəssislərinin hazırlanmasının təşkilinə başlanıldı,  məktəb kompüterlərinə texniki tələblər  işlənib hazırlandı, başlanğıc informatika (praktikum)  kursuna  uyğun proqram  təminatı işlənib hazırlandı, "AQAT", KUVT-86  bazasında  hesablama kabinetləri yaradıldı, Yaponiyadan "YAMAHA" markalı fərdi EHM-lər alındı və ölkə məktəblərinə paylandı, SSRİ  və müttəfiq respublikaların maarif nazirliklərində, vilayət xalq təhsil şöbələrində, müəllimləri təkmilləşdirmə institutlarında, peşə və orta ixtisas təhsili sistemlərində informatika və hesablama texnikası idarələri və şöbələri  yaradıldı, SSRİ PEA-nin Novosibirsk İnformatika və Hesablama Texnikası Elmi-Tədqiqat İnstitutu yaradıldı və inkişaf etdirildı, "İnformatika i obrazovanie" Ümumittifaq jurnalı, respublikamızda isə "Fizika və riyaziyyat tədrisi" jurnalı istiqamətini genişləndirərək  məqalə müəllifinin də daxil olduğu redaksiya heyətinin  əzmkarlığı ilə "Fizika, riyaziyyat və informatika tədrisi" elmi-nəzəri və metodik məcmuə şəklində fəaliyyətini bərpa edərək nəşr edilməyə başlanıldı, SSRİ Maarif Nazirliyinin, eləcə də müttəfiq respublikaların  təhsil nazirliklərinin  elmi-metodik şurasında  informatika bölməsi yaradıldı, İnformatika üzrə II hissə dərs vəsaiti və ona uyğun müəllimlər üçün metodik vəsait hazırlandı (X sinif), müttəfiq respublika xalqlarının dillərinə tərcümə edildi və kütləvi şəkildə nəşr edildi. Eləcə də pedaqoji mətbuatda  informatika dərslərinə aid metodiki yazılara aid rubrikalar açıldı, informatika kursuna aid ümumi həcmi təxminən 100 saat efir vaxtı olan 20 televiziya dərsi çəkildi və Ümumittifaq mərkəzi televiziyası ilə  nümayiş etdirildi. Yeri gəlmişkən qeyd edim ki, respublika televiziyası informatika üzrə ayda bir dəfə olmaqla birbaşa sinfə veriləcək dərslər təşkil etdi, belə dərslərin aparılması yerli mütəxəssislərə həvalə edildi. Qürur hissi ilə deyim ki, bir il ərzində o dərsləri televiziyada mən aparmışam. Sonralar informatika üzrə stabil dərsliyin hazırlanması üzrə Ümumittifaq müsabiqəsi təşkil olundu. Məktəb hesablama texnikasına aid sanitar-gigiyenik tələblər işlənilib hazırlandı.

O zaman SSRİ-nin tərkibində olduğumuz üçün bütün qərar və göstərişlər təbii ki, bizim respublikamıza da aid idi. Həmin qərarlar çərçivəsində gələcəkdə informatika üzrə pedaqoji kadrlar hazırlamaq məqsədi ilə Azərbaycandan da pedaqoji ali məktəb müəllim və professorlarından ibarət bir qrup riyaziyyatçı alim informatika üzrə kurslara göndərildi. Kurslardan sonra bu alimlər informatika və hesablama texnikasının əsasları fənnindən ali məktəblərdə dərs deməyə başladılar.

Tam siyahısını verə bilmədiyimiz yuxarıda sadalanan tədbirlərin planlaşdırılmasına və görülməsinə baxmayaraq, 1986-1991-ci illərdə respublikamızda  bu fənnin tədrisində  çoxlu problemlər var idi. Bu problemləri  üç qrupa ayırmaq olardı:

* İxtisaslı kadr çatışmazlığı;

* Maddi-texnika bazanın zəifliyi, kompüter texnikasının çatışmazlığı;

* Müvafiq elmi-metodiki vəsaitlərin azlığı.

İnformatika müəllimi kimi kadr çatızmazlığı çox ciddi problem idi. İnformatika müəllimlərinə böyük ehtiyac olduğundan Maarif Nazirliyi  pedaqoji təhsili olmayan  texniki profilli elmi işçiləri, mühəndisləri, riyaziyyatçıları da informatika müəllimi kimi məktəblərdə çalışmağa çağırdı. Bu çağırışa cavab verərək bu gün də  qabaqcıl informatika müəllimlərimiz Sevgüladə Əzizova, Rafiq Qasımov, Mətanət  Əhmədova, Aygün Əzizova,  Cəmalə Nəbiyeva  və başqaları  məktəblərimizdə informatika müəllimi kimi çalışmağa başladılar.  Bu problemi həll etmək üçün   məktəblərin fizika və riyaziyyat müəllimləri seçilərək müvafiq təkmilləşdirmə kurslarına göndərilir və sonradan informatika dərslərinin tədrisi üçün onlara icazə verilirdi. Fənnin spesifikasını bir çox məktəb direktorları da hiss etmirdi. Ona görə də bəzən təkcə riyaziyyat və fizika müəllimləri deyil, dərs saatı az olan digər fənn müəllimlərinə də bu fənni tədris etmək həvalə olunurdu. Ali və orta ixtisas məktəblərində başlanan kadr hazırlığı bir neçə ildən sonra öz bəhrəsini verdi və ildən-ilə bu problem və çatışmazlıqlar aradan tədricən qaldırıldı.

1987-88-ci illərdə artıq bəzi məktəblərdə Yaponiyadan alınmış "YAMAHA" kompüterləri var idi. Bununla paralel olaraq Bakı şəhərindəki Radio Zavodunda iş prinsipinə görə "YAMAHA" kompüterlərinə oxşar "KORVET" elektron hesablama maşınları da istehsal olunmağa başlandı. Bu hesablama maşınları SSRİ-nin digər respublikalarını da təmin edirdi. Bunlar "KUVT KORVET" adlanan 13  ədəd fərdi kompüterdən ibarət dəst  idi, lakin imkanları məhdud idi. Cəmiyyətin bir çox sahələrində artıq çoxfunksiyalı İBM kompüterlərindən istifadə olunurdu.

Odur ki,  Moskvada SSRİ EA və SSRİ Elm və Texnika Komitəsi Amerikadan İBM kompüterlərini almaq qərarı verdi. Lakin bu bahalı kompüterlərlə bütün məktəbləri təmin etmək də çox çətin idi.

ABŞ ilə SSRİ arasında SSRİ məktəblərinə ilk dəfə İBM PC/2 markalı xeyli fərdi kompüterlərinin bağışlanması haqda birgə saziş imzalandı. Bu fərdi kompüter dəstləri sinfi müttəfiq respublikalara paylandı. Məktəblərin say nisbətinə görə  Azərbaycan Respublikasına da təxminən 38 dəst İBM PC/2 kompüter sinfi ayrıldı. İBM firması ilə birlikdə respublikamızın ümumtəhsil məktəblərində həmin kompüterlərin tətbiqi üzrə Ümumittifaq Pilot Layihəsinin rəhbəri, eləcə də bu layihəni dəstəkləyən "AzİNFO" mərkəzinin direktoru  Ramin Mahmudzadə  idi. 1995-ci ilədək həmin mərkəz informatika müəllimlərimizin  metodiki kömək üçün müraciət edə bildiyi yeganə mərkəz idi.

Tədrisdə informatika fənninin inkişafına nəzər salanda  yaddaqalan ən yaxşı hadisələrdən biri də olimpiadalarla bağlıdır. 1987-ci ilin sonunda  informatika üzrə I Ümumittifaq Olimpiadasının keçirilməsi qərara alındı. Respublikamızda isə İnformatika üzrə ilk Respublika Olimpiadası 1990-cı ildə keçirildi. Belə ki, 1989/90-cı dərs ilində əvvəlki illərdən fərqli olaraq məktəblilərin fənn olimpiadalarının  təşkili və  keçirilməsinə xüsusi diqqət və əhəmiyyət verilmiş, bir sıra əməli tədbirlər  görülmüşdü. O zamankı Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin  10 oktyabr 1989-cu il tarixli, 1100 nömrəli əmri ilə ciddi surətdə yenidən işlənmiş "Məktəblilərin fənn olimpiadaları haqqında Əsasnamə"  təsdiq edildi,  olimpiadaların coğrafiyası  daha da genişləndirilərək olimpiada keçirilən fənlərin sayı 4-dən 9-a  çatdırılmış (olimpiada keçirilən fənlərin sırasına informatika da daxil edilmişdi),  olimpiadaların məktəb və rayon (şəhər) turlarında  şagirdlərin VI sinifdən başlayaraq iştirak etməsi nəzərdə tutulmuşdu.

 Hazırda respublikamızda  informatika üzrə olimpiada  geniş vüsət almış, məktəblilər arasında  daha  da populyarlaşmışdır. İndi informasiya və kommunikasiya texnologiyalarına aid digər müsabiqələr də  həm şagirdlər, həm də müəllimlər arasında  keçirilir. Belə ki, 2008-ci ildən şagirdlər arasında "Gənc kompüter istedadları" müsabiqəsi müxtəlif nominasiyalar üzrə, müəllimlər arasında "İnnovativ müəllimlər" müsabiqəsi keçirilir. Lakin informatika üzrə Məktəblilərin Respublika Olimpiadası həm əhəmiyyətinə, həm də dövlət  dəstəyinə görə əsas yer  tutur. Digər tərəfdən, bu olimpiadanın qalibləri İnformatika üzrə Beynəlxalq Olimpiadada respublikamızın şərəfini qoruyurlar.

Məktəblilərimiz İnformatika üzrə Beynəlxalq Olimpiadada 1994-cü ildən iştirak edir. Nailiyyətlərimiz aşağıdakı cədvəldə verilmişdir: 

 

No

Qaliblərin adı, soyadı Olimpiadanın keçirildiyi ölkə İl Qazanılan medal
1 Seyidli Elnur Bolqarıstan 1996 Bürünc
2 Neştun Denis Cənubi Afrika,  Keyptaun 1997

Bürünc

3 Həsənov Tofiq ABŞ 2003 Gümüş
4 İbrahimov Maqsud Yunanıstan 2004 Bürünc
 

Məsul katib kimi olimpiadanın münsiflər heyətinin sədri  Ramin Mahmudzadənin uzun illərdir ki, bu olimpiadaların yüksək səviyyədə təşkili və istedadlı uşaqların seçilməsinə  böyük qayğı və gərgin əmək sərf etdiyinin şahidi olmuşam.

İnformatikanın yalnız yuxarı təhsil pilləsində tədrisinin kifayətləndirici olmaması bir çox alim-pedaqoqlara, hətta ilk informatika proqramını işləyib hazırlayan qrupun rəhbəri A.P.Yerşova da aydın idi.

1990-cı ilin əvvəllərindən, yəni inormatika kursunun tədris planına daxil edilməsindən cəmi 5 il sonra informatika təliminin yeni strukturu haqqında müxtəlif eksperimentlər aparılmağa başlanıldı. Yeni strukturun əvvəlkindən əsas fərqi onda idi ki, təlimin məzmunundakı bir sıra vacib məsələlər aşağı sinif şagirdləri üçün də nəzərdə tutulurdu.

Hələ 90-cı illərdə məktəb təhsilinin müxtəlif pillələri üçün informatika üzrə təlimin məzmununun formalaşdırılmasına yanaşmalar informatika təliminə aşağı siniflərdən başlamaqla fasiləsiz təhsil tendensiyasına yönəlmişdi.

Məktəb informatika kursunun ilk proqramının  işlənməsində əsas 3 (üç) bazis anlayışına-informasiya, alqoritm və EHM-ə istinad edilmişdi. EHM-də praktiki işlərin aparılmasının təşkilindən asılı olaraq X sinifdə kursun həcmi və məzmunu iki variantda (tam və qısa) aparılırdı. EHM-i olan məktəblərdə əlavə 34 dərs saatı EHM-də müxtəlif riyazi və fiziki məsələlərin həllinə, kompüterlərdə iş və onların proqram təminatının tətbiqi vərdişlərinin qazanılmasına verilirdi.

Kursun bu ilk variantının ətraflı məntiqi-didaktik təhlili müəllimlər üçün xüsusi hazırlanmış iki hissədən ibarət kitablarda verilmişdi.

İlk proqramda konkret təlim məqsədi kimi şagirdlərin kompüter savadlılığının (KS) yüksəldilməsi qarşıya qoyulmuşdu. Lakin müəllimlər üçün hazırlanmış ilk metodik kitabda kompüter savadlılığının yüksəldilməsinin şagirdlərin alqoritmik mədəniyyətinə (AM) "maşınla" bağlı komponentləri əlavə etmək yolu ilə mümkünlüyü təhlil edilirdi. Başqa sözlə, alqoritmik mədəniyyətdən kompüter savadlılığına AM Þ KS �  keçidi təbii idi.

İlk proqramın tətbiqindən heç bir il keçməmiş məlum oldu ki, məktəb informatika kursunun tədrisi  məqsədlərini belə məhdudlaşdırmaq olmaz və yaxın gələcək üçün bu məqsədlər genişləndirilməlidir. Yeni məqsəd şagirdlərin informasiya mədəniyyəti (İM) ilə bağlı idi. Onda informatika üzrə təhsil məqsədlərini AM Þ KS Þ İM Þ sxemi ilə vermək olar.

Sxemin sonundakı (E) məqsədlərin ildən-ilə genişlənməsinin zəruriliyini göstərir. Məsələn, müasir dövrdə məktəb informatika kursunun əsas məqsədlərindən biri şagirdlərin yeni informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə tanışlığıdır. Yəni bu məqsədi həmin sxemə artıq əlavə etmək olar.  AM Þ KS Þ İM Þ İKT Þ Onu da qeyd edək ki, məktəb informatika kursunun tədrisi məqsədlərinə belə təshihlər edilməsi təkcə informatika elminin inkişafı ilə deyil, həm də digər  amillərdən asılıdır. Gələcəkdə də belə yeni məqsədlər ola bilər.

1990-cı ilədək hazırlanmış və istifadə edilən proqramlarda kursun məzmunu üç fundamental anlayışa - informasiya, alqoritm, EHM-ə əsaslanırdı.

Ona görə də yeni şəraitə uyğun informatika proqramının hazırlanması zərurəti nəticəsində məqalə müəllifi-Akif Əliyev və Ramin Mahmudzadə, Nəbi Mahmudov, Oqtay Nəbiyevin  daxıl olduğu müəlliflər qrupu tərəfindən ümumtəhsil məktəblərinin yeni informatika proqramları hazırlanıb təsdiq edildi və  tətbiqinə başlanıldı.

Yeni proqram müasir tipli kompüter texnikası olan ümumtəhsil məktəblərinin V, X-XI sinifləri üçün nəzərdə tutulmuş, həmçinin ümumtəhsil məktəblərinin eksperiment aparılan I sinifləri üçün informatika (məsələ və oyunlarda) kursunu əhatə edirdi. Həmin proqramlara uyğun dərsliklər olmadığından fənn müəllimləri əvvəlki dərsliyin sonradan yenidən işlənmiş nəşrlərindən və rus dilində olan dərs vəsaitlərindən istifadə etmək məcburiyyətində idilər.

R.Ə.Əliyev, T.M.Əliyev, M.Ə.Salahlının IX-X siniflər üçün hazırladıqları dərslikdə alqoritmlər, kompüterin hesabı və məntiqi əsasları, proqramlaşdırmanın əsasları, Beyzik proqramlaşdırma dili, əməliyyat sistemləri haqqında geniş məlumat verilirdi. Lakin yeni proqramda olan məzmun tam əhatə olunmurdu. Ona görə də yeni dərsliyin hazırlanması zərurəti yaranırdı.

Azərbaycan Respublikası Təhsil Nazi

rliyi tərəfindən 2005-ci ildə təsdiq edilmiş "2005-2006-cı dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planı"nda "Riyaziyyat və informatika" təhsil sahəsi üzrə informatikaya X və XI  siniflərdə  həftədə 1 saat olmaqla cəmi 2 saat vaxt verilmişdi. Lakin tədris planına dair  qeydlərin 5-ci bəndində və 2.9-cu  alt-bəndində həmin dərslərə əlavə saatların necə ayrılması haqqında və eləcə də ixtisaslı kadrları və  müvafiq kompüter texnikası olan məktəblərin I  və V siniflərində fənnin tədrisi tövsiyə olunurdu.

Ona görə də yeni tədris planına uyğun informatika proqramının hazırlanması zərurəti nəticəsində Ramin Mahmudzadə, Akif Əliyev, Nəbi Mahmudov, Bilal Hüseynov, İradə Səfərovanın  daxıl olduğu müəlliflər qrupu tərəfindən ümumtəhsil məktəblərinin I-XI sinifləri  üçün yeni informatika proqramları hazırlanıb Təhsil Nazirliyinin  30 dekabr 2004-cü il tarixli, 978 saylı əmri ilə  təsdiq edildi və  tətbiq edilməyə başlanıldı.

Sonrakı illərdə də ayrı-ayrı lisey və məktəblərdə ilk təşəbbüslər olmuş, Bakı şəhəri Nəsimi rayonunun 41 nömrəli məktəbində V sinifdən (Təhsil Nazirliyinin 11.09.2001-ci il tarixli, 46-14-4546/16 nömrəli məktubu), Xətai rayonu R.Məmmədov adına 269 nömrəli məktəbdə I və V siniflərdə (məktəb direktorunun Azərbaycan Respublikası Təhsil   Problemləri  İnstitutunun direktoruna 25.06.2002-ci il tarixli, 35 nömrəli məktubu) informatikanın məqalə müəllifinin də daxil olduğu qrupun tərtib etdiyi eksperiment proqramla tədrisinə başlamışdılar.

Lakin bütün bu təşəbbüslər müvafiq elmi-metodiki araşdırmalar olmadan aparıldığından uğurla nəticələnməmiş, yeni tədqiqat, dərslik və didaktik vəsaitlərə ehtiyac yaranmışdı.

2005-ci idə V siniflər üçün  ilk dəfə Azərbaycan dilində informatika dərsliyi məqalə müəllifinin də daxil olduğu müəlliflər qrupu tərəfindən hazırlanıb istifadəyə verildi və bu dərslik indi də istifadə olunur.

2006-cı ildən başlayaraq informatika fənni I sinifdən tədris edilməyə başlandı və R.Mahmudzadə, İ.Sadıqov və başqalarının daxil olduğu müəlliflər qrupu tərəfindən I-IV, VI-XI siniflər üçün informatika dərslikləri, eləcə də müvafiq metodiki vəsaitlər hazırlanıb şagirdlərin istifadəsinə verilmişdi.

Təhsil Sektorunun İnkişafı Layihəsinə əsasən,"Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" komponenti çərçivəsində "Kurikulum islahatı" alt-komponenti üzrə icra planına uyğun olaraq Təhsil Nazirliyinin  08.02.2006-cı il tarixli, 87 nömrəli əmri ilə bütün fənlər, o cümlədən informatika fənn kurikulumunun və müvafiq qiymətləndirmə standartlarının  hazırlanması məqsədilə işçi qrupu yaradıldı. Qrupa BDU-nun kafedra müdiri Ələkbər Əliyev, alimlərdən Ramin Mahmudzadə, Zemfira Tağıyeva, Əlövsət Əliyev, Firudin Ağayev, Bilal Hüseynov, metodistlərdən Akif Əliyev, Hidayət Tağıyev, fənn müəllimlərindən Aygün Əzizova, Mətanət Əhmədova, Fatma Hacıyeva, Valid Məhərrəmov və başqaları daxil idi. Həmin qrup  I-IV siniflər üçün informatika fənn kurikulumunu hazırladı, nazirliyin müvafiq əmri ilə 2007-2008-ci tədris ilindən həmin kurikulum  eksperiment qaydasında  bir neçə məktəbdə tətbiq edilməyə başladı. 2008-2009-cu tədris ilindən başlayaraq bütün ümumtəhsil məktəblərinin I siniflərində həmin kurikulum tətbiq edilməyə başlanıb və hər il  ardıcıl olaraq  hər sinif üçün bu kurikuluma uyğun Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və başqaları daxil olan müəlliflər qrupu tərəfindən hazırlanmış dərslik, işçi dəftəri və metodik vəsaitdən istifadə olunur. Növbəti dərs ilində  IV siniflər yeni kurikulumla tədrisə davam ediləcəkdir. 2009-cu ildə isə V-XI siniflər  üçün informatika fənn kurikulumu hazırlanaraq layihə şəklində "Azərbaycan müəllimi" qəzetinin 12 iyun 2009-cu il tarixli nömrəsində çap edilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, fənnin tədrisində olan problemlərdən biri məktəblərin texnika ilə, informasiya və kommunikasiya texnologiyaları ilə  təminatı idi.

Əvvəla respublikamızda ilk dəfə yalnız 1991-ci ildə elektron poçt xidmətindən istifadə olunmağa başlanıb. İnternet bağlantısı Rusiyanın "Relcom" şirkətinə məxsus  kanallar vasitəsilə həyata keçirilib. İnternet bağlantısının sürəti isə  cəmi 9600 Kbit/s  olub, "Relcom" şirkəti özü isə Avropanın EUNet şəbəkəsi vasitəsilə İnternet şəbəkəsinə 2Mbit/s sürətlə bağlanırdı.

1995-ci ilin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyasının ASU laboratoriyasında Azərbaycanda ilk dəfə olaraq İnternetə qoşulma həyata keçirilib. İnternet bağlantısı üçün Türkiyə kanallarından istifadə edilib və bağlantının sürəti 9600 Kbit/s olub. İndi ölkəmizin  bir çox elmi-tədqiqat institutlarını, elm, təhsil müəssisələrini birləşdirən AZRena şəbəkəsinin özəyi də məhz  AMEA-nın həmin qurumu tərəfindən qoyulub.

1996-cı ildə İntrans şirkəti tərəfindən  Azərbaycanda ilk dəfə olaraq  kommersiya məqsədli İnternet  xidmətləri təklif edilməyə başlanıb və İnternetə  qoşulmaq üçün Rusiyanınn kanallarından istifadə edilib. İlkin dövrlərdə  qoşulma sürəti 64 Kbit/s olub.  Məktəblərimizin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sistemi yox idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" bu istiqamətdə atılmış ən əhəmiyyətli addım oldu.

 Üçillik Proqram çərçivəsində  2005-2007-ci illərdə 3693 məktəb 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 28661 masa, 23346 stul ilə təchiz olunmuş, 1722 kompüter sinfi yaradılmışdır. 1851 dəst şəbəkə avadanlığı quraşdırılmışdır. Proqrama müvafiq olaraq 14 minə yaxın müəllim  İKT üzrə treninqlərdən keçmişdir. V-XI siniflərdə hər 29 şagirdə  1 kompüter nisbəti təmin edilmişdir.

 Ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan tarixi, biologiya, fizika və kimya fənləri üzrə elektron tədris resursları (multimedia CD) və əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırılmışdır. Bununla da Azərbaycan təhsil sistemində İKT infrastrukturunun inkişafı və İKT-nin tətbiqinin müasir standartlar səviyyəsinə çatdırılması prioritet istiqamətə çevrilmişdir.

Beynəlxalq təşkilatlarla əməkdaşlıqla yanaşı, Təhsil Nazirliyi İKT-nin təhsil sistemində tətbiqi üzrə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən də yararlanır. "Helwett Packard" (HP) şirkətinin maliyyə dəstəyi ilə 2006-cı ilin iyununda Təhsil Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyanın Belfast şəhərində "Elektron təlimi sahəsində innovasiyalar" mövzusunda keçirilən beynəlxalq seminarda iştirak etmişdir.

"İntel" şirkəti uzun illərdir ki, dünyada İKT-nin təhsil sistemində səmərəli tətbiqinə yönəlmiş proqramlar həyata keçirir. "Gələcək üçün təhsil" "İntel"in dünyada həyata keçirdiyi 7 innovasiya proqramından biridir. Proqram ümumtəhsil, texniki peşə məktəblərinin və pedaqoji ali  məktəblərin müəllimlərinin ixtisasının artırılmasına yönəlmişdir. Bu proqram dünyanın 37 ölkəsində uğurla həyata keçirilir. Rusiya və Ukraynadan sonra Azərbaycan MDB məkanında 3-cü ölkədir ki, bu proqrama qoşulmuşdur.

 2005-ci ildə Mingəçevir şəhərində "KÜR" Elektron Avadanlıqları Zavodu yaradılmış və indi məktəblərimiz həmin zavodun istehsal etdiyi kompüterlərlə təmin olunur.

 İKT yalnız ümumi orta təhsil sistemində deyil, ali təhsil müəssisələrində də geniş tətbiq olunur. Hazırda kadr hazırlığını İKT üzrə bacarıqlar aşılamadan həyata keçirmək mümkün deyildir. İndi respublikamızın ali və orta ixtisas məktəblərində informasiya və kommunikasiya texnologiyaları  sahəsində ixtisaslar üzrə kadrlar hazırlanır. Bakı Dövlət Universitetində, ADNA, ADPU, AMİ və digər ali məktəblərdə, Bakı Kompüter Kollecində informatika ixtisası üzrə həm müəllim, həm də mühəndis kadrları hazırlanır. 

Respublikamız müstəqillik qazandıqdan sonra İKT üzrə qanunvericilik bazası da genişləndirilmış, Prezident fərman və sərəncamları ilə  bir sıra sənədlər qəbul edilmişdir.

Beləliklə, ötən 25 il ərzində informatika üzrə məktəb kursu daim yeniləşir və təkmilləşdirilir. Perspektivdə isə görüləsi hələ çox işlər var. Apardığımız araşdırmalar aşağıdakı  təklifləri irəli sürməyə imkan verir:

1. İnformatika kursunun məzmunu və tədrisi yolları daim yeniləşdirilməli və tətbiqi proqram təminatından asılı olaraq zənginləşdirilməlidir.

2. İnformatika kursunun həm kurikulumu, həm  də proqram-metodiki sistemi daim təkmilləşdirilməli və yeniləşdirilməlidir.

3. Müəllimlərin hazırlığının məzmunu həm ali və orta ixtisas məktəblərində, həm də ixtisasartırma mərhələsində daim yeniləşməli və zənginləşdirilməlidir. Xüsusilə ali məktəblərin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə müəllim hazırlığının məzmununa informatika üzrə daim yeniləşən biliklərin daxil edilməsi vacibdir.

4. İnformatika üzrə fasiləsiz təhsil konsepsiyası, fənnin kurikulumu istiqamətlərində işlər davam etdirilməlidir.

5. Məktəblərin İnternetə qoşulması işi davam etdirilməli, İnternetdən istifadə zamanı uşaqların təhlükəsizliyi məqsədilə  arzuolunmaz kontentin filtrasiyasından istifadə edilməlidir.

Sonda qeyd edim ki, informatika sahəsinə  daim dövlət qayğısının göstərilməsi bu sahədə  müəllimlərimizin  gələcəkdə də yeni uğurlar qazanmasına inam yaradır. 

Akif ƏLİYEV,
Təhsil Nazirliyinin TİMS
şöbəsinin baş məsləhətçisi,
[email protected]

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov