İyunun
23-də Azərbaycan Müəllimlər İnstitutunda ibtidai
təhsilin pedaqogikası və metodikası ixtisası
üzrə ali məktəbi bitirən tələbələrə
kurikulumların tətbiqi üzrə 10 günlük
treninqlərin keçirilməsi ilə əlaqədar
sertifikatların verilməsi mərasimi keçirildi.
Tədbirdə AMİ-nin rektoru, professor Aqiyə
Naxçıvanlı, Təhsil Nazirliyinin Kənd rayonları
üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın
Əhmədov, professor-müəllim heyəti və qonaqlar
iştirak edirdilər.
Tədbirdə çıxış
edən Aydın Əhmədov məzunları təbrik edərək,
onlara gələcək fəaliyyətlərində uğurlar
arzuladı. Bildirdi ki, Azərbaycan Müəllimlər
İnstitutu son illər təhsildə aparılan
islahatlarda yaxından iştirak edərək müsbət imic
qazanmışdır. Müəllim peşəsinin şərəfli və
əziyyətli olmasından söz açan A.Əhmədov ulu
öndər Heydər Əliyevin bu peşə sahiblərinə olan
diqqət və qayğısından danışdı. Qeyd etdi ki, bu
gün Azərbaycan təhsili dünya təhsil sisteminə
inteqrasiya edir və bu işdə kurikulum
islahatlarının öyrənilib tətbiq edilməsi vacib
amillərdəndir. Respublikamızda savadlı,
səriştəli ibtidai sinif müəllimlərinə həmişə
ehtiyac olduğunu bildirən A.Əhmədov builki
məzunların da belə müəllimlərdən olacaqlarına
ümidvar olduğunu bildirdi.
AMİ-nin
rektoru, professor Aqiyə Naxçıvanlı çıxışında
kurikulumun tətbiqinin öyrənilməsinin məzunlara
müsbət fayda verəcəyini bildirdi. Millət vəkili
məzunları təbrik edərək onlara gələcək
həyatlarında uğurlar arzuladı.
Məzunların
kurikulumun tətbiqi ilə bağlı hazırladıqları
səhnəciklərdən sonra ongünlük treninqdə iştirak
etmiş 64 nəfərə Təhsil Nazirliyinin
sertifikatları təqdim olundu.
Sonra
sertifikat alan məzunlarla xatirə şəkli
çəkdirildi.
Niyazi RƏHİMOV |