Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - 24

 

Azərbaycanın elm və ədəbiyyat xadimləri

Xalqa bağlı yazıçı, görkəmli alim-müəllim

 

Azərbaycan ədəbiyyatı tarixində sənətkarlar çoxdur. Bunların sırasında filosof şair, mütəfəkkir dramaturq və s. kimi səciyyələndirilənlər az deyil. XX əsrdə yaradıcılığın iki qolunu - elmi və bədii yaradıcılığı özünün fəaliyyətində birləşdirən alim-yazıçılar yetişmişlər: Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Mikayıl Rəfili,  Məmməd Hüseyn Təhmasib, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Atif Zeynallı və b. Bunların sırasında xalq yazıçısı, filologiya elmləri namizədi, dosent İsmayıl Şıxlının öz yeri vardır.

Göy rəngli mürəkkəblə yazılmış avtoqraf 5 noyabr 1968-ci ildə verilib: "Əziz tələbəm Şamxəlil Məmmədova ən xoş arzularla".

Bu sətirlər yazılmış kitabı əziz bir hədiyyə kimi saxlayıram.

Dosent İ.Şıxlı APİ-ni 1970-ci ildə bitirmiş 75 nəfərə (əslində həmin il 150 nəfər məzun olub) xarici ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu. 1969-cu ilin yanvarında 23-cü qrupda həmin fəndən imtahanda 25 nəfərdən 15 nəfər "5" aldı. O vaxtlar dekan müavini işləyən dosent Mürsəl Həkimov: - Ay İsmayıl müəllim, bu qədər "5" olar? - deyə təəccübünü bildirəndə assistentlik edən dosent Məmmədbağır Həyatzadə: - Mürsəl müəllim, müəllim yaxşı olanda olar! - dedi.

İsmayıl müəllim ürək xəstəliyindən sonra işə çıxmışdı. Hamımız onun imtahanına yüksək hazırlaşmışdıq. Bu, gözəl natiq, müdrik pedaqoq və istedadlı yazıçıya filoloq tələbələrin hörmət və ehtiramının ifadəsi idi. 

Həyat yolundan sətirlər

İsmayıl Qəhrəman oğlu Şıxlı 22 mart 1919-cu ildə Qazağın Kosalar kəndində müəllim ailəsində anadan olmuşdur.

1928-ci ildə Qazağın Kosalar kəndində birinci sinfə daxil olmuş İsmayıl Qəhrəman oğlu 6 il sonra Qazax Müəllimlər Seminariyasına qəbul edilmişdir. Əslində bu işdə ona güzəştlər olmuşdur: yaşı çatmayan, boyu balaca İsmayıl o vaxtlar seminariya direktoru işləmiş Mirqasım Əfəndiyevin sayəsində məktəbə qəbul olunmuşdu (direktor onu riyaziyyatdan xüsusi imtahan etmişdi).

Yaşadığı bölgənin mədəni ənənələrindən ruhlanan İsmayıl Şıxlı şeirlərinin çap olunması arzusu ilə yaşayırdı. Seminariyanın direktoru onun şeirlərini Osman Sarıvəlliyə təqdim edib, istedadı varsa, kömək etməsini istəmişdi. Lakin sonralar direktor ona riyaziyyatla məşğul olmağı tövsiyə etmişdi.

Bir il müəllimlik edən İ.Şıxlı 1937-ci ildə Bakıya gəlmiş, Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur.

Repressiya dövrünün ağrı-acılarını sonralar yazıçı belə səciyyələndirmişdir:

"EBu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah başqası gəlirdi. EƏli Sultanlı qorxa-qorxa dərsə gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər müəllimi professor Çobanzadəyə çörək apardığı üçün tutublarE".

İnstitutda oxuduğu zaman məşhur Şıxlınskilər nəslindən olan İsmayıl Şıxlı ilə də maraqlanmışdılar. 1941-ci ildə APİ-ni bitirən gənc müəllim bir il Qazağın Birinci Şıxlı, Daş Salahlı, Kosalar kəndlərində dərs hissə müdiri (direktor müavini), məktəb direktoru vəzifələrində çalışmışdır.

1942-ci ildə müharibəyə gedən İsmayıl Qəhrəman oğlu Qafqaz-Kerç-Belarus-Pribaltika-Şərqi Prussiyadan keçən cəbhə yollarında addımlamış, "Qırmızı ulduz" ordeni və medallarla ordudan tərxis olunmuşdur.

1946-cı ildə o, artıq doğma ali məktəbin aspiranturasında oxuyurdu.

***

İ.Şıxlı "Mehdi Hüseynin bədii nəsri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Bununla yanaşı, İsmayıl müəllim klassiklərimiz barədə, müasirləri olan sənətkarlar haqqında bu gün də öz elmi-nəzəri dəyərini saxlayan məqalələr yazıb çap etdirmişdir.

Məsələn, 1980-ci ildə "Yazıçı" nəşriyyatının çapdan buraxdığı "Xatirəyə dönmüş illər" adlı 365 səhifəlik kitaba İsmayıl müəllimin "Qranit kimi sərt", "Onun səsi qulağımızdadır", "Məmməd Aranlı", "Xatirəyə dönmüş illər", "Həmişə mövzular axtarışındadır" və "Cəbhə gündəlikləri" qələm məhsulları daxil edilmişdir.

Mehdi Hüseyn Azərbaycan ədəbiyyatında bir nasir, bir dramaturq kimi, kino sənətimizdə orijinal ssenarilər müəllifi, ədəbi-tənqidi fikir tariximizdə tanınmış tənqidçi kimi xüsusi yer tutur. İ.Şıxlı kitabdakı "Qranit kimi sərt" adlı məqalədə böyük ədəbi şəxsiyyəti səciyyələndirmişdir.

Əli Sultanlı Azərbaycan ali məktəb tarixində antik ədəbiyyatın tədrisinin əsasını qoymuş qüdrətli tədqiqatçı və çox gözəl bir müəllim kimi yer tutur. O, həm də xeyirxah elmi rəhbər olmuşdur. İ.Şıxlı "Onun səsi qulağımızdadır" adlı məqaləsində bu görkəmli ədəbiyyatşünas alimi, mahir pedaqoqu, "Həmişə mövzular axtarışındadır" adlı yazıda görkəmli yazıçı Əbülhəsən Ələkbərzadəni oxuculara orijinal fakt və detallarla təqdim etmişdir.

Kitabın "Məqalələr, rəylər, çıxışlar" bölümündəki yazılar da ədəbiyyat tariximizi öyrənənlər, bədii mədəniyyətimizi yaradanlar haqqında informasiya tutumu ilə seçilir.

***

İsmayıl Şıxlı XX əsrin 70-ci illərində APİ-də rus və xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilinə nail olmuşdur. O, tədris olunan bütün fənlərin proqramlarını hazırlayıb çap etdirmişdir. Fənlər üzrə dərs vəsaitlərinin hazırlanmasına rəhbərlik etmişdir. İ.Şıxlı bir neçə dərs vəsaitinin nəşrinə nail olmuşdur.

İsmayıl Şıxlı bir alim-tədqiqatçı kimi ədəbiyyatımızın ayrı-ayrı problemləri, ayrı-ayrı görkəmli nümayəndələri haqqında böyük tarixi-ədəbi dəyərə malik məqalə-xatirələr yazıb çap etdirmişdir. Bu baxımdan Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Əli Vəliyev və başqaları haqqında qələmə alınmış sanballı məqalələr həmin sənətkarların bioqrafiyasına, yaradıcılıq yolu və sənət amalına, şəxsiyyətinə işıq salan qiymətli yazılardır. Bunlar yazıçının "Daim axtarışda", "Namərd gülləsi", "Ölüləri qəbiristanda basdırınE" kitablarında toplanmışdır.

Bu qələm məhsulları iki baxımdan dəyərlidir. Əvvəla, müəllif özü yazıçıdır və o, bir sənətkar kimi ya klassik, ya da müasiri olduğu yaradıcı haqqında fikir və düşüncələrini qələmə almışdır. Bu baxımdan Səməd Vurğuna, Mehdi Hüseynə, Mirzə İbrahimova və başqalarına həsr etdiyi məqalə və çıxışlar bu gün və gələcək üçün dəyərlidir.

İsmayıl Şıxlı Səməd Vurğun haqqında məqaləsində yazmışdır: Səməd Vurğunun bir cəhəti onun böyük bir vətəndaş olmasıdır. Səməd Vurğun özünün poetik istedadını vətəndaşlıq ideallarına bağlamağı bacaran ustad bir sənətkardır. Biz onun bütün əsərlərində: istər tarixi dramlarında, istər lirik-epik poemalarında, fəlsəfi əsərlərində, siyasi lirikasında, publisist çıxışlarında böyük bir vətəndaş qəlbinin, şair qəlbinin çırpındığını görürük.

Səməd Vurğunu bir də ona görə sevirik ki, o, təpədən dırnağa qədər xalqına bağlı olan, onunla birgə nəfəs alan sənətkardır.

Bu sətirlər elə sevimli müəllimimiz İsmayıl Şıxlının özünə də aid edilə bilər. O, həyatı, ədəbi-bədii yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. O, öz sözü ilə desək, təpədən dırnağa qədər xalqına bağlı idi.

İsmayıl müəllim xalq şairləri Hüseyn Arif və Qabillə bağlı ədəbi lətifələri toplayıb, kitab şəklində çap etdirmiş, əslində bu sahədə ilkin yol açanlardan biri olmuşdur. Bu gün həmin ədəbi lətifələr eldə-obada Molla Nəsrəddin lətifələri sayağı danışılmaqdadır.

Hər dəfə Kür çayının adı çəkiləndə İsmayıl Şıxlı, onun "Dəli Kür" romanı xatırlanır. Bu gün xalqı içəridən didib parçalayan xəyanətkar lənətlənəndə "sapı özümüzdən olan" ifadəsi və bu sözü kütləviləşdirən xalq yazıçısı, alim-müəllim, millət vəkili olmuş mərhum vətənpərvər-vətəndaş İsmayıl Şıxlı yada düşür.

***

Azərbaycan Yazıçılar İttifaqında məsul katib, sonralar birinci katib kimi çalışmış, bir müddət "Azərbaycan" jurnalının baş redaktoru olmuş İsmayıl Şıxlı milli ədəbiyyatımızın inkişafına qayğı göstərmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu vətənpərvər-soydaş İsmayıl Şıxlı 1995-ci ildə dünyasını dəyişmişdir.

Sənətkarlar ölmürlər. Onlar ulu Yaradanın əziz bəndələri kimi əsərləri ilə yaşayır, ədəbi qəhrəmanları ilə nəsillərin tərbiyəsində iştirak edirlər. 

"Kerç sularında"n  "Dəli Kür"ə qədər 

Qüdrətli nasir, müdrik yaradıcı İsmayıl Şıxlı bədii yaradıcılığa şeir və hekayələrlə başlamış, hələ tələbə ikən mətbuatda çap olunmuşdur. Məktəbdə çalışdığı bir ildə müəyyən ədəbi yazılar qələmə almışdır. Onun yaradıcılığının başlanğıcı 40-cı illərin sonuna düşür.

***

İsmayıl Şıxlı müharibəyə yola düşdüyü gündən ta ordudan tərxis olunana qədər cəbhə gündəliyi tutmuşdur. Bu gündəlik ədəbiyyatımızda xatirə-memuar janrında bəlli olan dəyərli nümunələrdəndir. Gələcək yazıçı gündəlikdə cəbhə yollarının ağrı-acılarını, hadisələri qələmə almışdır. Sonralar İsmayıl müəllim bu cəbhə gündəliyində qələmə alınmış hadisə və təfərrüatlar əsasında "Kerç sularında" kitabında toplanmış hekayələrini, "Odlu çarpazlar" kinossenarisini və eyniadlı pyesi qələmə almışdır.

Həm də təkcə bədii əsərlərində deyil, publisistik yazılarında da İsmayıl müəllim müharibə təəssüratlarını əks etdirən gündəliyindən bəhrələnmişdir. Bədii yaradıcılığa şeirlə başlamış İsmayıl Şıxlının müharibədən sonra qələmə aldığı hekayələr özünün həyatiliyinə, döyüş mənzərələrinin təsvir dəqiqliyinə, insan hiss və duyğularının təbiiliyinə, əsgər psixologiyası nüanslarının qanunauyğun ifadəsinə görə oxucu marağı qazanmışdı. Düşmənə nifrət, döyüşkən ruh,  yaşamaq istəyi, həyat eşqi bu hekayələrin, eləcə də ədəbiyyatşünaslıqda "miniatür povest" kimi dəyərləndirilən "Kerç sularında" əsərində başlıca motivlər kimi təsvir edilib.

"Kerç sularında" gənc yazıçı döyüş dostlarının əhvali-ruhiyyəsini, müharibənin acı həqiqətlərini, insan hisslərini qələmə almışdır. Qara dənizin qaynayan suları, Krım sahillərinə çıxarılmış desantçıların faşistlərlə ölüm-dirim döyüşləri, insanın iradəsi və həyat eşqi motivləri povestdə təbii, real epizod və cizgilərlə təsvir olunmuşdur. Əsərdəki kapitan Aslan, topçu İlyas, miçman Abbas kimi azərbaycanlı döyüşçülərin obrazları məhəbbətlə yaradılmışdır.

Kompozisiya mükəmməlliyi, yığcamlıq, bədii dilin obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı, hadisələrin fəlsəfi-bədii üslubda təsvir və təqdim olunması İsmayıl Şıxlının hekayə və romanlarında başlıca məziyyətlərdəndir. Bu cəhət onun "Qızıl ilan", "Sapı özümüzdəndir", "Allah axırını saxlasın" və s. hekayələrində, "Ayrılan yollar" və "Dəli Kür" romanlarında, vəfatından sonra nəşr olunmuş "Ölən dünyam" əsərində də qabarıq nəzərə çarpır.

"Ayrılan yollar" romanı İsmayıl müəllimin 50-ci illərdə qələmə aldığı irihəcmli əsəridir. Müəllif bu əsərin mərkəzinə, araşdırıcıların da qeyd etdiyi kimi, lirik münasibətlər xətti qoymuşdur. Bu üslub yazıçıya qəhrəmanlarının mənəvi-əxlaqi aləmlərini açıb göstərməkdə real həyati-ədəbi şərait yaratmışdır.

Əsərdəki konflikt, ziddiyyət iki zümrədə birləşmiş adamlar arasında baş verir. Bu zümrənin birində halallığın, düzlüyün, zəhmətsevərliyin timsalı olan traktorçu Mahmud, pambıqçı Zeynəb, Nəsib dayı, aqronom İmran təmsil olunur. Onlar el malına xor baxan kolxoz sədri Kosaoğluna, anbardar Musa və briqadir Kazıma qarşı mübarizə aparırlar.

Bir kənddə, bir torpaq üstündə yaşayıb çalışan insanların yolları ayrılır. Bu ayrılığa səbəb insanın təbiətindəki naqislikdir, dünya malına tamahdır, halal əməyə, düzlük və doğruluğa olan münasibətdir. Müəllif insanın mənəvi aləminin naqisliyini, eybəcərliyini həyatdakı uğursuzluğun, mənəvi iflasın başlıca səbəbi kimi mənalandırmışdır.

"Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağıntılıq olduğundan, otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çərərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. EHəyət-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəmseyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular".

İstedadlı yazıçının sözlə çəkdiyi bu təbiət mənzərələri rənglərlə kətana köçürülsə, panoram bir səhnə alınar. "Dəli Kür"dən alınmış bu sətirlər ana təbiəti, hadisələrin baş verəcəyi kəndin axar-baxarını, yazın gəlişi ilə canlanan, gözəlləşən həyat gözəlliklərini son dərəcə dəqiq, real və obrazlı şəkildə əks etdirir. "Dəli Kür" Azərbaycan ədəbiyyatında mühüm ədəbi hadisə kimi dəyərləndirilmişdir.

XIX əsrin ikinci yarısında Azərbaycan kəndini təsvir edən "Dəli Kür" özünəməxsus kompozisiyası olan dəyərli bir sənət incisidir. Romanda bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar yaradılmışdır.

"Dramatik toqquşmalar, qüvvətli xarakterlər" romanı kimi yüksək dəyərləndirilən əsər o dövrün mürəkkəb tarixi şəraiti haqqında aydın bədii təsəvvür oyadır".

Romanda Qafqazda qabaqcıl fikirlərin yayılması işində mühüm rol oynamış dünyəvi təhsil ocağı Qori Müəllimlər Seminariyasının fəaliyyəti, oranın mütərəqqi fikirli müəllimləri haqqında da yaddaqalan, maraqlı səhifələr, obrazlar vardır. "Dəli Kür" romanı müxtəlif taleli, müxtəlif təbiətli, müxtəlif dünya duyumlu obrazlar qalereyasıdır: Cahandar ağa, Zərnigar xanım, Şamxal, Salatın, Şahnigar, Güləsər, Qoca kişi, Çərkəz, Poçt Əhməd, Molla Sadıq, Allahyar, Mələk və b.

"Azərbaycanfilm" kinostudiyası İsmayıl Şıxlının ssenarisi əsasında "Dəli Kür" bədii filmini çəkmişdir.

İsmayıl Şıxlının "Məleykə xala", "Qızıl ilan", "Namərd gülləsi", "Təyyarə gecikir", "Namus qaçağı", "Görüş", "Deputat" kimi hekayələri böyük oxucu marağı qazanmışdır. Bu hekayələr yazıçı müşahidələrinin məhsulu olub, həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.

"Kerç sularında", "Dağlar səslənir", "Ayrılan yollar", "Dəli Kür", "Mənim rəqibim", "Məni itirməyin", "Daim axtarışda", "Namərd gülləsi", "Ölüləri qəbiristanda basdırınE", "Dostum Hüseyn Arifin lətifələri"  -İsmayıl Şıxlının müxtəlif vaxtlarda Azərbaycanın ayrı-ayrı nəşriyyatlarında buraxılmış kitabları belə adlanır. Və bu gün həmin kitablar oxucuların böyük maraqla mütaliə etdikləri əsərlərdəndir.

Vəfatından sonra çapdan buraxılmış "Ölən dünyam" sənətkarın istedad və qüdrətindən son nişanə kimi oxuculara, tələbələrinə, onun xatirəsini əziz tutanlara dəyərli yadigardır.  

Xatirə yarpaqları 

Böyük insan, əvəzsiz pedaqoq  

Paşa ƏFƏNDİYEV,

filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi 

Azərbaycan Pedaqoji İnstitutunda antik ədəbiyyatdan mühazirələri Əli Sultanlı aparırdı. Dedilər ki, seminar məşğələlərinı başqa müəllim aparacaq. O müəllimi biz səbirsizliklə gözləyirdik. Nəhayət, ucaboylu, qarayanız bir müəllim auditoriyaya daxil oldu. Bu, İsmayıl  Sıxlı idi. İsmayıl müəllim Böyük Vətən müharibəsı iştirakçısı idi. Orada "sapyor" olub, yəni döyüşçülərin hücumundan əvvəl o ərazini minalardan təmizləmişdir. Müharibənın sonuna qədər döyüşüb. Biz oxuyan zaman deyirdilər ki, İsmayıl müəllim ordudan təzəcə tərxis olunub, hətta onu əsgər şinelində də görən olub. Sonralar Böyük Vətən müharibəsi mövzusunda əsərlər də yazdı. Xüsusilə onun həmin mövzuda olan "Konserv qutuları" hekayəsini oxumaqdan doymurduq.

İlk dərsimizdən həmişə üzündə təbəssüm olan, qayğıkeş, mehriban müəllimə məhəbbətimiz qondu. O zaman əlimizdə Əli Sultanlının mühazirələrindən başqa, demək olar ki, heç nə yox idi. İsmayıl müəllim rus dilində oxuduğu mənbələrdən tərcümə edərək əlavə məlumatları bizə yazdırırdı. Dedilər kı, Əli müəllim bir   ay   olmayacaq. Sonradan eşitdik ki, doktorluq dissertasiyası müdafiə etmək üçün   Moskvaya gedib. Onda mühazirələri də İsmayıl müəllim oxumağa başladı. Moskvadan gələndə Əli Sultanlını Azərbaycan Dövlət Universitetinə dəvət etdilər.  Onda İsmayıl Şıxlı axıra qədər mühazirələri də oxumağa başladı. Az bir müddət içərisində İsmayıl Şıxlı həm müəllimlərin, həm də tələbələrin sevimlisi oldu. O,   "Qızıl İsmayıl" adını almışdı. Bu qızıllıq onun bütün fəaliyyətinə aid idi. Deyirdilər ki, İsmayıl müəllim tələbələrə "iki" yazmır. Məsələ bu idi ki, İsmayıl Şıxlının mühazirələri olduqca maraqlı keçir, onun tələbələri yalnız  və yalnız qiymətləri onun dərsini öyrənməklə alırdılar. Əlbəttə, İsmayıl müəllimin mülayimliyi və qayğısı burada mühüm rol oynayırdı. Tələbələr İsmayıl müəllimin dərsini özü qədər çox sevirdilər.

İsmayıl müəllim haqqında, əlbəttə, mənim xatirələrim çoxdur. O, gülərüz, mülayim olduğu qədər də yeri gələndə ciddi və tələbkar idi. O, yumorsuz, zarafatsız keçinə bilməzdi. Mən İsmayıl müəllimin yazıçı kimi məziyyətlərindən danışmayacağam. Bu, böyük bir mövzudur və xüsusi axtarışlar tələb edir.

İsmayıl Şıxlı  böyük  insan,  böyük  sənətkar  və müəllim  idi.  Mən, hər şeydən əvvəl, onu əvəzsiz pedaqoq kimi tanıyıram. Tələbələr də, hər şeydən əvvəl, İsmayıl Şıxlını müəllim kimi sevirdilər. İsmayı1 Şıxlının şərəfinə institutumuzda (indiki ADPU-da) təşkil olunan böyük bir məclisdə müəllim, yazıçılarla bərabər  tələbələr də  öz ürək sözlərini dedilər. Tələbələrdən biri dedi ki, deyirlər İsmayıl müəllim az yazır, bəs biz tələbələr ordusu onun əsərləri deyilikmi?   Söhbət əsnasında İsmayıl müəllim dedi  ki,  mən bədii  əsərlər yazmışam.  Yazıçılar İttifaqında ən ali qulluqda olmuşam, ancaq balalarımı müəllimlikdən aldığım məvaciblə böyütmüşəm.

İsmayıl  Şıxlı mədəniyyət tariximizdə yazıçı, pedaqoq, ictimai xadim kimi özünə şərəfli yer qazanmışdır. 

İsmayıl Şıxlı şəxsiyyəti və "Dəli Kür" 

Nizami CƏFƏROV,

millət vəkili, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi 

İ.Şıxlının həyat və yaradıcılığı üzərində düşünən hər bir tədqiqatçı, birinci növbədə, təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür: bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı olubsa, o qədər ədəb-ərkanlı olub və "nəsildən, kökdən gələn mədəniyyət" öz yerində, eyni zamanda güclü təlim-tərbiyə məktəbi keçmişdirE

İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir və istərdim ki, müşahidələrim dairəsində həmin şəxsiyyəti xarakterizə edim.

Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq lazımdır - İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məişətdə, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epos təbiiliyi, təmizliyi var. Etnoqrafik zənginlik (və müəyyənlik) İ.Şıxlının şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan nə qazanıbsa, nələri mənimsəməyə "məcbur edilibsə", hamısı bu kontekstdə meydana çıxıb, onda cilalanıb və onu cilalamışdır...

Xalq öz gələcəyi üçün təhlükə hiss edəndə keçmişinə üz tutur, keçmişi ilə bu günü arasındakı ən zəif duyulan əlaqələri belə canlandırır. Həm də bir qayda olaraq bugünündə o keyfiyyətə qarşı həssas olur ki, həmin keyfiyyət ona bilavasitə genezisdən gəlir. Azərbaycan xalqı təbii olaraq özünün ən narahat günlərində xalq yazıçısı İsmayıl Şıxlıya, onun şəxsiyyətinə, yaradıcılığına üz tutdu... Və mütəfəkkir yazıçının şah əsəri "Dəli Kür", onun baş qəhrəmanı Cahandar ağa milli ictimai təfəkkürdə bütün gücü ilə bir daha canlandı.

"Dəli Kür" onlarca povestin, romanın düşüncələrdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi - adi bir məktəblidən tutmuş böyük Mehdi Hüseynə qədər "Dəli Kür"lə tanış olan hər kəs öz emosiyasını, heyrətini gizlədə bilmədi. İsmayıl Şıxlı 50-ci illərin sonlarından 60-cı illərin ortalarına - təxminən 10 ilə qədərki "guşənişinlik"dən çıxaraq ədəbiyyatımızın Səməd Vurğundan sonrakı şah əsərini yaratdı... Bu əsərin ilk oxucusu Səməd Vurğun olmalı, yazıçını ilk dəfə o özü təbrik etməli, "Ayə, yaman yazıbsan" sözünü də o deməli idi. Və, nədənsə, mənə elə gəlir ki, İsmayıl Şıxlı "Dəli Kür"ü heç kimin yox, məhz Səməd Vurğunun xeyir-duası ilə yazmağa başlayıb. Əsər üzərində işlədiyi dövrdə də ölməz sənətkarın ruhu həmişə onunla olub. Kim bilir, bəlkə yazıçı xəyalən öz sələfindən məsləhətlər alıb, təhtəlşüur bir qüvvə ilə Səməd Vurğunun işini davam etdirib...

Mənim dərin inamıma görə, İsmayıl Şıxlının "Dəli Kür"ə qədərki yaradıcılığı onu "Dəli Kür"ə gətirib çıxarmır... "Cəbhə yolları"ndan tutmuş "Ayrılan yollar"a qədər yazıçı, demək olar ki, heç bir əsərində "Dəli Kür"ə işarə eləmir. Lakin İsmayıl Şıxlı çox gənc yaşlarında - tələbəlik illərində "Dəli Kür" adlı hekayə yazıb təhsil aldığı ali məktəbin qəzetində çap etdirmişdi. 1962-ci ildə "Azərbaycan" jurnalında (N 5, 6, 7, 8) "Dəli Kür"ün birinci hissəsi çap olunur və ədəbi ictimaiyyətin diqqətini cəlb edir.

"Dəli Kür"ün nəşrindən dərhal sonra çap olunmuş tənqidi məqalələrin, resenziyaların hamısında İsmayıl Şıxlının nə isə qeyri-adi iş gördüyü, ədəbiyyatımıza nəhəng bir əsər bəxş etdiyi ya bilavasitə, ya da dolayısı ilə qeyd olunur, lakin "isti başla" yazılmış həmin yazılarda "Dəli Kür" bütün mürəkkəbliyi ilə şərh olunmur (və əslində oluna da bilməzdi). Sənət barədə artıq köhnəlmiş trafaret təsəvvürlər həm professional, həm də kütləvi (qeyri-professional) təfəkkürü əsəri bütün mürəkkəbliyi ilə başa düşməkdən məhrum edir.

"Dəli Kür" - eposdur, Cahandar ağa isə, hər şeydən əvvəl, epos qəhrəmanıdır... Onu nə keçmiş qəbul edir, nə də gələcək, lakin o əbədidir...

İsmayıl Şıxlının yaradıcılığı onun mükəmməl şəxsiyyətindən ayrılmazdır. Təsadüfi deyil ki, böyük yazıçının araşdırıcıları həmişə "Ayrılan yollar"da, "Dəli Kür"də, "Ölən dünyam"da, hekayələrində müəllifin öz obrazını, xarakterini görməyə qarşısıalınmaz bir ehtiyac hiss etmişlər. Və bu da təsadüfi deyil ki, Azərbaycan ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkündürsə, daha mükəmməl, daha məşhur, daha bədiidir... O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obraz - İSMAYIL ŞIXLI obrazı, qeyri-adi bir metafora - İSMAYIL ŞIXLI metaforası yaratdı. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov