Bu
ilin 28-30 iyun tarixlərində Moskvada
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
və Sankt-Peterburq Dövlət Universitetinin birgə
təşkilatçılığı ilə biologiya müəllimlərinin I
Ümumrusiya qurultayı keçirilib. Qurultayda
Rusiyadan, həmçinin digər ölkələrdən 700-dək
biologiya müəllimi, alim və mütəxəssislər
iştirak edib. Həmin tədbirə Bakıdakı 204 nömrəli
tam orta məktəbin biologiya müəllimi,
respublikanın əməkdar müəllimi Almaz Həsrət və
83 nömrəli məktəb-liseyin ali kateqoriyalı
müəllimi Nüşabə Məmmədova da dəvət alıb.
Qurultayda biologiya fənninin tədrisi metodikası,
yeni təlim metodları, müəllim hazırlığı, çağdaş
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi və s. məsələlər müzakirə edilib.
Azərbaycanlı müəllim Almaz Həsrət qurultayın "Metodologiya
və biologiyanın tədrisinin metodikası"
bölməsində "Çağdaş tədris metodları və ən yeni
pedaqoji texnologiyaların tətbiqi" mövzusunda
məruzə edib. Qurultay iştirakçılarının maraqla
qarşıladığı məruzədə respublika Prezidenti
cənab İlham Əliyev tərəfindən ölkəmizdə
təhsilimizin inkişafı istiqamətində aparılan
məqsədyönlü tədbirlərdən, təhsil işçilərinə
göstərilən diqqət və qayğıdan, Azərbaycanda son
illərdə həyata keçirilən təhsil islahatlarından,
kurikulumla tədrisin aparılmasından, Təhsil
Nazirliyinin müasir informasiya-kommunikasiya
texnologiyaları ilə işləməyi bacaran, yaradıcı
müəllimləri aşkar edərək ictimaiyyətə
tanıdılmasından və digər məsələlərdən söz açılıb.
Almaz Həsrət xüsusi olaraq
informasiya-kommunikasiya texnologiyalarının
biologiyanın tədrisində tətbiqi üzərində dayanıb
və şəxsi təcrübəsindən çıxış edərək bunun çox
böyük uğurlu nəticələrə gətirib çıxardığını
bildirib. O, həmçinin qeyd edib ki, şəxsən özü
M.V.
Lomonosov
adına Moskva Dövlət Universitetinin distant
təhsil proqramı çərçivəsində "Biologiyanın
tədrisində İKT-nin tətbiqi" birillik
ixtisasartırma kursunu bitirib və bundan sonra
dərslərində ciddi keyfiyyət dəyişikliyi olub.
Almaz Həsrət daha sonra çıxışında müzakirə
olunan bir sıra məsələlərə də münasibət
bildirərək bununla bağlı öz fikir və
mülahizələrini söyləyib.
Qurultayın gedişində Azərbaycan təmsilçiləri
Rusiyanın, eləcə də digər xarici ölkələrin
müəllimləri ilə görüşlər keçirərək geniş fikir
və təcrübə mübadiləsi aparıblar. Həmin
görüşlərin nəticəsi olaraq məktəblərarası
təcrübə mübadiləsi üçün gələcəkdə birgə
layihələr üzərində işlənilməsi qərara alınıb.
Almaz Həsrət və Nüşabə Məmmədova bundan başqa
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin rektoru, Rusiya Elmlər
Akademiyasının vitse-prezidenti, akademik
V.Sadovniçi və universitetin biologiya
fakültəsinin dekanı, Rusiya Elmlər
Akademiyasının akademiki M.Kirpiçnikov ilə də
görüşüblər. Universitetin rektoru azərbaycanlı
müəllimlərin bu tədbirə maraq göstərməsini,
qurultayda edilən ayrıca məruzəni yüksək
qiymətləndirdiyini deyərək gələcəkdə bu
işbirliyinin davam etdiriləcəyinə ümidvar
olduğunu bildirib.
Samirə KƏRİMOVA |
|