Hər
ilin yay aylarında balaca oxucular üçün
"Göyərçin"in kitabxanası" seriyasından yeni-yeni
toplular nəşr edən "Göyərçin" jurnalı bu il də
öz ənənəsinə sadiq qalıb. "Göyərçin" jurnalı öz
yay nömrələrinin əvəzində balaca oxucular üçün
üç yeni kitab hazırlayaraq nəşr edib. Bu
kitablar "Qızılsaçlı gözəl", "Arı adam", "Bulaq
suyu" adlanır. "Qızılsaçlı gözəl"də dünya
xalqlarının nağılları, "Arı adam"da Tofiq
Mahmudun, "Bulaq suyu"nda isə Azərbaycan xalq
yazıçılarının uşaqlar üçün yazdıqları əsərlər
toplanıb.
"Qızılsaçlı gözəl" kitabında verilən "Üç
cəngavər və üç qız", "Kimsəsiz oğlan",
"Çoxbilmiş oğlan", "İki axmaq", "Qara kitab
məktəbi", "Kəklik və dovşan", "Macnanın
vəsiyyəti", "Qurd, ilbiz və arılar", "Sərçənin
nağılı", "Qızılsaçlı gözəl" adlı nağıllar
tərbiyəvi əhəmiyyətə malik folklor
nümunələridir. Bu nağılları dilimizə Rafiq
Yusifoğlu tərcümə etmişdir.
"Arı adam" kitabında isə "Göyərçin" jurnalının
sabiq baş redaktoru, uşaqların və böyüklərin çox
yaxşı tanıdığı mərhum yazıçımız Tofiq Mahmudun
hekayələri öz əksini tapmışdır. Bu kitabda onun
hekayələrindən seçmə nümunələr toplanmışdır.
Həmin hekayələr belə adlanır: "Çinar ömrü", "Arı
adam", "Səyahət", "Bir tənbəlin taleyi",
"Gözəllik", "Qudurğan qurbağa", "Lovğa sarı
çiçək", "İki dost", "Yenə də səfərdə". Topluda
Arı adamın dünyaya səyahətə çıxmağından, yolda
rastlaşdığı nadan insanları düz yola
gətirməsindən, qarşılaşdığı hadisələrdən,
ayrı-ayrı macəralardan bəhs olunur.
"Bulaq suyu" kitabında Azərbaycan
xalq yazıçılarının müxtəlif dövrlərdə yazıb
"Göyərçin"də çap etdirdikləri əsərlər
toplanmışdır. Əzizə Cəfərzadənin "Məstan və
dərman", "Şirin olasan", Anarın "Əlifba", Əli
Vəliyevin "Bulaq suyu", "Ananın sözünə qulaq
as", İsmayıl Şıxlının "Niyə getdi?", Mirzə
İbrahimovun "Mehribanın dəftəri", Süleyman
Rəhimovun "Tülkünün dostluğu" və s. əsərləri
uşaq təfəkkürünə uyğun nəsr nümunələridir.
"Arı adam" və "Bulaq suyu" kitabları
na Rafiq Yusifoğlunun yazdığı ön söz,
rəssamlardan İlqar Mehdiyev, Mətanət Aslanova,
Leyla Salamova, Aytən Şirzadova, Altay Quliyev,
Fidan Axundova, Afər Mehdiyeva və Kübra
Salamovanın çəkdikləri illüstrasiyalar bədii
mətnlərin daha dərindən qavranılmasına yardımçı
olacaqdır. Ümidvarıq ki, "Göyərçin"in
kitabxanası" seriyasından çap edilən "Qızılsaçlı
gözəl", "Bulaq suyu", "Arı adam" kitablarında
toplanan əsərlərdəki incə, şirin yumor, axıcı
üslub, maraqlı süjet xətti nəinki azyaşlı
uşaqların, hətta böyüklərin də marağına səbəb
olacaqdır.
Günel ALMAZ |
|