Azərbaycan Diplomatik Akademiyası (ADA) bu il
ilk dəfə Beynəlxalq münasibətlər və Biznesin
idarəedilməsi bakalavr proqramları üzrə tələbə
qəbul edəcəkdir. Hazırda akademiyada yalnız
beynəlxalq münasibətlər və diplomatiya ixtisası
üzrə magistratura pilləsi vardır.
İyulun
23-də akademiyada təhsil almaq arzusunda olan
gənclər üçün "açıq qapı" günü keçirilmişdir.
ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Günay
Ziyadova akademiya haqqında təqdimatla çıxış
etmişdir. Bildirmişdir ki, beş il bundan əvvəl
yaradılmasına baxmayaraq, akademiya dünyada
nüfuz qazanmışdır. ADA-da təhsil almaq üçün 61
ölkədən müraciətlər daxil olmuşdur.
Təqdimatda bakalavr proqramları barədə ətraflı
məlumat verilmişdir. G.Ziyadova qeyd etmişdir
ki, bu il bakalavr proqramı üzrə Azərbaycan
vətəndaşları üçün 60 yer ayrılmışdır. Gələn
tədris ilindən bu nüfuzlu ali təhsil ocağının
tələbəsi olmaq istəyənlərin çox olması ilə bağlı
qəbul yerlərinin sayının artırılması nəzərdə
tutulmuşdur. Ali təhsil müəssisələrinə qəbul
imtahanlarında 400-dən yuxarı bal toplayan
abituriyentlər müsabiqədə iştirak edə bilərlər.
Bildirilmişdir ki, qəbul prosesində yerli
abituriyentlərlə yanaşı, əcnəbilər də iştirak
edəcəklər. Belə ki, bakalavr proqramına bu ildən
başlanmasına baxmayaraq, bir sıra Avropa
ölkələrindən, o cümlədən Belçika və Danimarkadan
ADA-ya müraciət edənlər vardır.
Akademiyaya qəbul olunan tələbələr təhsilə
intensiv ingilis dili proqramı (İELP) ilə
başlayacaqlar. Proqramın müddəti bir ildir.
Proqramın sonunda dil səviyyəsini müəyyən edən
test yoxlamasından müvəffəqiyyətlə keçən
tələbələr dördillik bakalavr proqramına davam
edəcəklər.
Akademiyanın Bakıda tikilən kampusunun layihəsi
haqqında videoçarx nümayiş olunmuşdur.
G.Ziyadova bildirmişdir ki, kampusun tikintisini
2012-ci ilin sentyabr ayınadək başa çatdırmaq
nəzərdə tutulur.
AzərTAc |