Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Zəhmətkeş alimin şərəfli həyat yolu

 

Dünyanın inkişaf etməkdə olan ölkələrindən biri kimi Azərbaycanın bütün nailiyyətlərinin əldə olunmasında onun təhsil sistemi önəmli rol oynayır. Ən qabaqcıl innovasiyalara istinad etməklə müasir cəmiyyətimiz üçün lazım olan bir təhsil sisteminin qurulması istiqamətində işlər aparılır. Yeni təhsil sisteminin qurulmasında fəallıq göstərən, özünün fəaliyyəti ilə pedaqoji ictimaiyyətin avanqardına çevrilən insanlar bu işlərə yaxından qoşulur, Azərbaycanda unikal təhsil sisteminin yaranmasında öz var qüvvələrini əsirgəmirlər. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Məhəmməd oğlu Abbasov belə şəxslərdəndir. O, 1951-ci ilin yayında Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. Orta təhsilini Kövər və Malbinəsi kənd məktəblərində alıb. 1967-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin)  filologiya fakültəsinə daxil olub. Akademik Feyzulla Qasımzadə, EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə, professorlar Məhəmmədhüseyn Təhmasib, Əziz Əfəndizadə, Əbdül Əlizadə kimi görkəmli alimlərdən dərs alıb.

Ə.Abbasov 1971-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yevlax rayonuna qayıdıb, əvvəl kənd, sonra şəhər məktəbində müəllim, daha sonra rayon təhsil şöbəsində metodist kimi fəaliyyət göstərib. Bu dövrdə o, ilk növbədə, fəal müəllim kimi özünü göstərə bilib. Dərs dediyi şagirdlər inşa yazı müsabiqələrində yüksək yerlər tutublar. Buna görə də o, 1975-ci ildə "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunub. Eləcə də bir təhsil, maarif işçisi kimi fəallıq göstərib, müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilib yayılmasında, təbliğ olunmasında uğurlu nəticələr qazanıb. Bundan əlavə, o, eyni zamanda müəyyən filoloji məsələləri öyrənməyə də səy göstərib, maraqlı nəticələrə gəlib. Professor M.Təhmasibin məsləhəti və tövsiyəsi ilə folklorşünaslıq sahəsində araşdırmalar aparıb, şifahi xalq ədəbiyyatı materialları toplayıb, 1970-71-ci illərdə "Böyük sənətkar", "Aşıq Ələsgər novator sənətkardır", "Yuxular və insanlar", "Xalqın bayatı inciləri" və s. məqalələrlə mətbuatda çıxışlar edib. Ənvər Abbasov bir müəllim kimi ədəbiyyatla, dillə, eləcə də onların tədrisi məsələləri ilə bağlı yenilikləri ardıcıl olaraq izləyib, onlara münasibətini bildirib.

1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun işə qəbulla bağlı  müsabiqə elanı dərc olunur. Ə.Abbasov həmin elana əsasən sənədlərini instituta təqdim edir və müsabiqədən keçir. Görkəmli alim, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi metodikası şöbəsində fəaliyyətə başlayır. 1989-1990-cı illərdə baş elmi işçi, 1990-2000-ci illərdə institutun elmi katibi, Əziz Əfəndizadə dünyasını dəyişdikdən sonra isə eyni zamanda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri (1996-2000) vəzifəsində çalışıb. 2000-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavinidir.

Ə.Abbasov institutda işləməklə yanaşı, müəllimlik fəaliyyətini davam etdirmiş, kimya-biologiya təmayüllü liseydə, Qafqaz Universitetində, Bakı Qızlar Universitetində dərs demişdir. O, indi də müxtəlif universitetlərdə tələbələrlə, müəllimlərlə, pedaqoji ictimaiyyətlə ardıcıl olaraq ünsiyyət saxlayır, mühazirələr oxuyur.

Məlum olduğu kimi, Azərbaycan dili respublikamızın həm təlim Azərbaycan dilində, həm də digər dillərdə olan məktəblərində tədris edilir. Ənvər müəllimin araşdırmaları həmişə aktuallığı ilə seçilmişdir. Xüsusən Azərbaycan dilinin qeyri-Azərbaycan məktəblərində öyrənilməsi və onun dövlət dili kimi mənimsənilməsi işində elmi-metodik əsasın müəyyənləşdirilməsi nəzəri cəhətdən əhəmiyyət daşımışdır. Hələ ötən əsrin 70-ci illərinə qədər bu sahədə xeyli boşluqların olduğu aydın hiss edilirdi. 1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fəaliyyətə başlayan Ənvər müəllim bilavasitə bu problemə cəlb olunur. O, "Rus məktəblərinin IV-VII siniflərində Azərbaycan dili təlimi məzmununun təkmilləşdirilməsi" mövzusunda tədqiqat aparır. Həmin tədqiqatların davamı olaraq, təlim rus dilində olan məktəblərin II-XI sinifləri üçün Azərbaycan dili proqramını layihə şəklində hazırlayaraq geniş müzakirəyə təqdim edir. Proqramda iki mühüm cəhət onu ənənəvi proqramlardan fərqləndirirdi: respublikada təlim rus dilində olan məktəb şagirdlərinin Azərbaycan dilini bilmə səviyyəsinin nəzərə alınması və proqramda onun ifadə olunması; proqramda şagirdlərin bilik, bacarıq və vərdişlərinin müəyyən olunması. Əslində, bu xüsusiyyətlər, ümumiyyətlə, təlim rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin istər məzmun, istərsə də texnoloji cəhətdən digər problemlərinin həll edilməsinə imkan yaradırdı. Ona görə də Ənvər müəllim təlim rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və sistemli araşdırmalar aparır. "Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun təkmilləşdirilməsi" (1980), "Rus məktəbləri üçün Azərbaycan dili proqramını təkmilləşdirməyin əsas prinsipləri haqqında" (1981), "Ali məktəblərin rus qruplarında Azərbaycan dili" (1983), "Rus məktəbləri üçün Azərbaycan dili dərsliklərinin xüsusiyyətləri haqqında" (1988), "Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatın tədrisinə dair" (1989), "Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili üzrə qrammatik materialların öyrədilməsi" (1990), "Təlim rus dilində olan məktəblərin II siniflərində Azərbaycan dilinin təşkilinə dair" (1990), "Ali məktəblərin rus qruplarında Azərbaycan dili təliminin problemləri" (1996), "Təlim rus dilində olan məktəblərdə Azərbaycan dilinin öyrədilməsi məsələləri" (1999), "Təlim rus dilində olan məktəblər üçün Azərbaycan dili dərsliklərinin nəzəri problemləri" (1999) adlı əsərlərini yazıb çap etdirir. "Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun linqvistik-didaktik problemləri (IV-VIII siniflər)" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. Özünün metodik müddəalarının hazırladığı proqram və dərsliklərdə reallaşdırılmasına nail olur. "Təlim rus dilində olan məktəblərin II-X sinifləri üçün Azərbaycan dili proqramı" 1981-ci ildə çap olunur, geniş müzakirə edilərək 1983-cü ildə qəbul edilir. Həmin proqram müxtəlif vaxtlarda təkmilləşdirilərək çap edilməklə bu vaxta qədər istifadə olunmaqdadır.

Eyni zamanda o, professor Ə.P.Əfəndizadə ilə V sinif üçün "Azərbaycan dili", dosent M.Aslanovla X sinif üçün "Azərbaycan dili" dərsliklərini yazır. Həmin dərsliklər bu gün də təlim rus dilində olan məktəblərimizdə istifadə edilməkdədir.

Ə.Abbasovun elmi yaradıcılığında ümumtəhsil məktəblərində Azərbaycan dili təlimi problemlərinin araşdırılmasına ayrıca diqqət yetirilir. İlk növbədə, məzmunun öyrənilməsinə önəm verilir. O, 90-cı illərin əvvəlindən başlayaraq ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili proqramının hazırlanmasına fəal şəkildə qoşulur. Əvvəl professor Tofiq Hacıyevin, sonralar professor Yusif Seyidovun rəhbərliyi ilə hazırlanmış həmin proqramın ərsəyə gəlməsində müəlliflərdən biri kimi iştirak edir. Proqram 1992, 1999, 2002-ci illərdə çap olunur. Mütəxəssislər bu proqramı Azərbaycanın müstəqilliyi dövründə hazırlanmış ana dili proqramı kimi dəyərləndirir, onun həm linqvistik, həm də metodik baxımdan üstün cəhətlərini qeyd edirlər.

Müasir zamanda milli inkişafın təmin olunması işinin əsas istiqamətlərindən birini ana dili dərslikləri, onların özünəməxsus mündəricəsi təşkil edir. Bəzən bu zərurət ana dili dərsliklərində Azərbaycan dilinə məxsus çoxlu dilçilik anlayışlarının verilməsi kimi başa düşülür. Əslində isə ümumtəhsil məktəbləri üçün ana dili dərsliklərində nitq inkişafının, nitq mədəniyyətinin formalaşdırılması üçün potensial imkanın olması, onun təfəkkür fəallığını stimullaşdıra bilməsi ən müasir tələbdir. Təbii ki, bu tələb müasir olduğu qədər həm də yaxın və uzaq keçmişimizdə yaranmış dərsliklərdəki müsbət elementlərdən biri kimi dəyərlidir. Bu gün onun nə dərəcədə inkişaf etdirilməsi bu işi yerinə yetirən hər bir kəsin müvəffəqiyyəti, nailiyyətidir. Professor Ə.Əfəndizadə öz zamanında Azərbaycan dili dərsliklərini induktiv, yaxud deduktiv yolla qurulduğu üçün uşağın məntiqini inkişaf etdirmək baxımından faydalı hesab edirdi. 1971-ci ildən başlayaraq onun əvvəl 4-cü, sonralar 5-ci siniflər üçün yazdığı "Azərbaycan dili" dərsliyində həmin metodik müddəaları yüksək peşəkarlıqla reallaşdırmışdır. Sonralar Ənvər müəllim bu ənənəni davam etdirmiş, həmin dərsliyin idrak fəaliyyəti ilə bağlı imkanlarını daha da genişləndirmişdir. Azərbaycanın görkəmli dilçi alimləri Tofiq Hacıyev, Nizami Cəfərov və Nizami Xudiyevlə birgə müəllifi olduğu ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün "Azərbaycan dili" dərsliyində (2004) də intellektual səviyyənin inkişafı ilə bağlı ənənələrin davam etdirilməsi, milli mənəvi dəyərlərin mənimsənilməsi baxımından nəzəri metodik bazanın möhkəmləndirilməsini diqqət mərkəzində saxlamışdır.

Ə.Abbasov "Azərbaycan dili dərslərinin nəzəri problemləri" (1996), "Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan dili təliminin inkişaf istiqamətləri" (1997), "Azərbaycan dili proqramının xüsusiyyətləri" (1998), "Azərbaycan dilindən yeni proqramın xüsusiyyətləri" (1999), "Orta ümumtəhsil məktəblərinin V-XI siniflərində Azərbaycan dili təlimi məzmununun təkmilləşdirilməsi" (1999), "Azərbaycan dili təlimi məzmununa dair üç məsələ barədə" (2000), "Azərbaycan dili dərslikləri necə olmalıdır?" (2011) kimi məqalələrində daha çox Azərbaycan dili təlimi məzmunu ilə bağlı məsələlərə aydınlıq gətirməklə onun başlıca xüsusiyyətləri, fəlsəfəsi ilə əlaqədar açıqlamalar vermişdir.

Azərbaycanda şagirdlərin qiymətləndirilməsi ilə əlaqədar konstruktiv təkliflər 1990-cı illərin ortalarından başlayaraq meydana çıxmışdır. Xüsusilə 9 ballı qiymətləndirmə texnologiyası barədə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda araşdırmalar həmin ildən başlamışdır. Hər fənn üzrə 9 balla qiymətləndirmə normaları hazırlanmışdır. Professor Əziz Əfəndizadənin rəhbərliyi ilə təlim Azərbaycan dilində olan və təlim Azərbaycan dilində olmayan ümumtəhsil məktəbləri üçün Azərbaycan dilindən qiymət normalarını Ənvər müəllim hazırlamış və həmin normalar təsdiq olunaraq respublikanın altı şəhər və rayonunun məktəblərində  on ilə yaxın bir müddətdə tətbiq olunmuşdur.

Ənvər müəllim dil-ədəbiyyat müəllimlərinin problemlərinə yaxından bələd olan metodist alimlərdəndir. O, həmişə onlarla təmasda olmağa, onlara yaxından kömək göstərməyə çalışır. Ötən əsrin 90-cı illərindən başlayaraq dil-ədəbiyyat müəllimləri üçün tövsiyələri Ə.Abbasov hazırlayır, il ərzində onların fəaliyyətinin başlıca istiqamətlərini müəyyənləşdirir, təlim və tədris resurslarının yaradılmasında yaxından iştirak edir.

Ə.Abbasovun elmi yaradıcılığının bir istiqamətini də ümumpedaqoji problemlərlə bağlı araşdırmalar təşkil edir. Bu fikri onun "Demokratik cəmiyyətin demokratik  məktəbi olmalıdır" (1992), "Təhsil islahatı pedaqoji elmlərin müstəvisində" (2000), "Dərslik necə olmalıdır?" (2003), "Təhsil cəmiyyətin tələbatına uyğun olmalıdır" (2004) kimi məqalələri aydın şəkildə təsdiq edir. 1999-2000-ci illərdən başlayaraq Ənvər müəllimin yaradıcılığında bu tendensiya daha da güclənir. Xüsusilə ölkədə təhsil islahatı ilə bağlı dəyişikliklərin getdiyi zamanda ölkənin təhsil siyasəti də yeni bir istiqamət alır, yeni pedaqoji təfəkkür formalaşmağa başlayır.

Təhsil konsepsiyaları, təhsil standartları, onların müasir cəmiyyət üçün  əhəmiyyəti, onlardan istifadə olunması barədə dünya təcrübəsi,  Azərbaycan cəmiyyətinin bugünkü reallıqları və sair təhsil islahatında fəal iştirak edən hər bir adamı, eləcə də  Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru kimi Ənvər Abbasovu düşündürür. O, Azərbaycanda yeni təhsil quruculuğunun həyata keçirilməsi, yeni pedaqoji fikrin formalaşması, kurikulumların nəzəri və praktik  problemlərinin öyrənilməsi, yeni milli və fənn kurikulumlarının hazırlanması istiqamətində tədqiqatlar aparır. Təhsil islahatının həyata keçirildiyi illərdə bu məsələlərlə  ardıcıl və sistemli şəkildə məşğul olur. Yeni pedaqoji innovasiyaların ilkin tədqiqatçısı kimi tanınır. Apardığı araşdırmalarının nəticəsi kimi çap etdirdiyi "Ümumi təhsilin məzmun islahatları: real standartlara doğru" (2005), "Təhsil islahatları və kurikulumların hazırlanması" (2005), "Yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri" (2007), "Şagird nailiyyətlərinin qiymətləndirilməsi (müasir baxışlar və konseptual yanaşmalar)" (2007), "Ümumi təhsil kurikulumlarının növləri" (2008), "Ümumi təhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə" (2009), "Kurikulum pedaqoji anlayış kimi" (2009), "Kurikulum islahatı zamanın tələbidir" (2010) kimi məqalələrində  kurikulum islahatının zəruriliyi, kurikulumun pedaqoji anlayış olması, kurikulumların növləri, fənn kurikulumlarının səciyyəvi cəhətləri, yeni qiymətləndirmə mexanizmləri və sair məsələlərlə bağlı irəli sürdüyü mülahizələrdə bunu aydın görmək mümkündür.

Ə.Abbasovun fəaliyyəti genişdir. O, Təhsil Nazirliyinin, eləcə də digər təşkilatların yaratmış olduğu komissiyaların üzvü kimi verilmiş tapşırıqları layiqincə yerinə yetirir. Eyni zamanda elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak edir. Onun rəhbərliyi ilə 4 nəfər pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 4 nəfər onun rəsmi opponentliyi ilə müdafiə edib.

Ənvər Abbasov 2006-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən N 02.191 dissertasiya şurasının üzvü olmuşdur. Hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən FD 02.061 dissertasiya şurasının üzvüdür.

Ə.Abbasov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Təhsil Problemləri İnstitutunun planına uyğun olaraq kadrların seçilməsi, onların peşəkarlığının inkişaf etdirilməsi istiqamətində aparılan işlərdə səmərəli fəaliyyət göstərir. Kurikulumların hazırlanması üçün potensial imkan və şəraitin yaranması, onların müvəffəqiyyətlə həyata keçirilməsində yaxından iştirak edir. 

Bütün bu proseslərdə Ənvər müəllim həm də müasir təlim nəzəriyyəsi ilə məşğul olan, dünyanın mütərəqqi təhsil texnologiyalarını öyrənən, onlara yaradıcı yanaşaraq ölkəmizdə əldə olunmuş ən yaxşı təhsil texnologiyaları ilə əlaqələndirən, milli, ümumbəşəri və dünyəvi xarakterdə təhsil sisteminin qurulmasında fəal iştirak edən bir təhsil tədqiqatçısı kimi özünü  təsdiqləyə bilmişdir. Bu gün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində aparılmış araşdırmaların rəhbəri kimi Ənvər Abbasovun fəaliyyəti respublikanın hər bir yerindən görünür. Bütün bunların nəticəsi olaraq o, ölkə Prezidenti tərəfindən "Tərəqqi" medalına, "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Ənvər Məhəmməd oğlu Abbasovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 ili tamam olur. Bu münasibətlə onu səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür,  yeni yaradıcılıq uğurları arzulayırıq.  

Abdulla MEHRABOV,
ARTPİ-nin direktoru,
Rusiya Dövlət Təhsil  Akademiyasının həqiqi üzvü,
professor,

Akif ABBASOV,
pedaqoji elmlər doktoru,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
professor
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov