Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli Sərəncamına əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması yeni dərs ili ərəfəsində ölkəmizin ictimai-siyasi və sosial həyatında ən mühüm və əhəmiyyətli hadisə olmuşdur. Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm diqqət və qayğıya əyani sübutdur.

Onillik Milli Strategiya həm də "Təhsil əsri" elan edilən XXI əsrin çağırışına layiqli cavab olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin ölkəmizin təhsil sahəsində düşünülmüş və gələcəyə ünvanlanmış islahatların sistemli şəkildə aparılması ideyasına sadiqliyin parlaq təcəssümüdür.

Etiraf olunmalı faktdır ki, təhsil sistemimizin yenidən qurulması ilə əlaqədar 1999-cu ildən başlanan və bu günümüzə qədər məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan vermiş, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaratmışdır. Nəticə etibarı ilə dünya təcrübəsində sınaqdan çıxmış innovasiyaların tətbiqinə geniş meydan açılmış, ötən müddət ərzində hər bir dərs ili  özünəməxsus əlamətdar hadisələrlə zəngin olmuşdur.

Bu mənada 2010-2011-ci dərs ili də istisna deyildir.  Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, ümumi təhsil sahəsində təhsil orqanlarının, ümumtəhsil məktəblərinin, pedaqoji işçilərin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlər, o cümlədən "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)", "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət  sənədlərinin nümunələri və onların verilməsi qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası", "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri", "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti", "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə" hazırlanıb müəyyən olunmuş qaydada təsdiq edilmişdir.

Uzun müddətdən sonra ümumtəhsil məktəb məzunlarının qızıl və ya gümüş medalla təltifinin "Təhsil haqqında" Qanunda təsbit olunmasını və şagirdlərin təhsil əməyinin stimullaşdırılmasına xidmət edən bu işin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri ölkə ictimaiyyəti rəğbətlə qarşılamışdır. Müsbət haldır ki, müstəqil Azərbaycanın təhsil tarixində  ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49 nəfəri respublikanın, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunmuşlar. 

Təhsil Sektorunun İkinci İnkişaf Layihəsində (TSİİL) nəzərdə tutulan tədbirlərə uyğun olaraq, V-XI siniflər üçün fənn proqramları (kurikulumları) təsdiq edilmiş, Sumqayıt  şəhərində və respublikanın 22 rayonunu əhatə edən 3 bölgəsində yeni fənn proqramları (kurikulumları) və dərslik komplektlərinin, şagird nailiyyətlərinin qiymətləndirilməsinə aid müasir modellərin tətbiqi vəziyyətinə həsr olunmuş zona elmi-praktik konfransları keçirilmiş, eyni məzmunlu məsələlər Astara, Biləsuvar, Şəki, Zaqatala, Qazax, Samux, Qusar, Xaçmaz rayonlarında öyrənilərək nəticələri nazirliyin əmri ilə rəsmiləşdirilmişdir. Bunlarla yanaşı, ümumi təhsilin məzmunu, dərslik siyasəti və təlim nailiyyətlərinin qiymətləndirilməsi sahəsində aparılan islahatyönümlü işlərin geniş təbliği və izahı məqsədilə yerlərdə davamlı şəkildə maarifləndirmə  tədbirləri təşkil edilmiş, "Öyrədənlərin öyrədəni" kursları vasitəsilə yerli təlimçilər qruplarının yaradılmasına başlanmışdır. Həmçinin 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək 9 min nəfərədək ibtidai sinif müəllimi təhsil sahəsində fəaliyyət göstərən tender yolu ilə seçilmiş qeyri-hökumət təşkilatları tərəfindən yay dövründə öyrədici təlim kurslarından keçirilmiş və onlara müəyyən olunmuş  qaydada sertifikatlar verilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş məktəblilərin ümumrespublika inşa yazı müsabiqəsi, ölkəmizdə dördüncü dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri, obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə pedaqoji kadrların vakant yerlərə işə qəbulunun yeni model üzrə mərkəzləşdirilmiş qaydada aparılması, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin 180 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, indiki dövrdə ümumtəhsil məktəblərinin idarə olunmasında mühüm rola malik VMA-ların şəbəkəsinin nəzərəçarpacaq dərəcədə genişlənməsi, təhsil tariximizdə ilk təşəbbüs kimi "Təhsil ensiklopediyası"nın hazırlanmasına başlanması da ötən dərs ilinin ən yaddaqalan hadisələrindən olmuşdur.

Bunlarla yanaşı, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili nəzərdə tutulduğundan gələcəkdə bu işin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq üçün Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey nazirliyin əmri ilə pilot müəssisələr elan olunmuş və 2011-2012-ci dərs ilindən həmin məktəblərin müsabiqə əsasında komplektləşdirilmiş X siniflərindən başlayaraq tam orta təhsilin eksperiment qaydasında müəyyən edilmiş təmayüllərlə təşkili qərara alınmışdır.  Bu məqsədlə xüsusi tədris planları və proqramları təsdiq olunmuş, pilot siniflərində dərs deyəcək müəllimlərin seçimi aparılmışdır.

Təhsil Nazirliyinin "İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə" 22 iyun 2010-cu il tarixli əmrinə uyğun olaraq, 2010-2011-ci dərs ilində Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseydə, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyada, Quba rayonu A.Məmmədov adına təbiət  fənləri təmayüllü 2 nömrəli məktəb-liseydə, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli, Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli, Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli, Şəki şəhəri 19 nömrəli və Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli məktəblərdə yaradılmış xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün V lisey siniflərində uğurlu nəticələr əldə edilmiş, təhsilin innovasiyalar zəminində təşkili istiqamətində müsbət təcrübə toplanmışdır. 2011-2012-ci dərs ilində həmin müəssisələrdə V və VI xüsusi lisey sinifləri fəaliyyət göstərəcək, bu proses növbəti dərs illərində  ardıcıl davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə gənclərin avanqard rolunun gücləndirilməsi sahəsində yürütdüyü xoşməramlı siyasəti rəhbər tutaraq, son onillikdə aparılan təhsil islahatlarının nəticəsində formalaşmış istedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması üzrə nazirliyin 15 iyul tarixli, 1436 nömrəli əmri ilə xüsusi Fəaliyyət planının təsdiqi də ötən dərs ilinə aid diqqətçəkən tədbirlərdən biridir.

2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilmişdir. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilmişdir.

2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaqdır. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunmuşdur. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilmişdir. Eyni zamanda ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı  şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na  əsasən, 2011-ci ildə 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, keçən dərs ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçirilmiş, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompüter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə 30 printer verilmiş, Azərbaycan  Təhsil  Şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı    503-dən 1100-ə çatdırılmışdır.

O da qeyd olunmalıdır ki, 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda  3463170 nüsxə dərslik çap edilmişdir. Onların 45 adda   1179750 nüsxəsi yeni fənn proqramları (kurikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə  tutulmuşdur.

Bütün bunlarla yanaşı, həmçinin etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır. Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabatvermə,  məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalmışdır.

Rayon və şəhərlərdə bir sıra məktəb direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd münasibət göstərir, xüsusilə yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb hesabatına daxil edilməklə adlarının sinif jurnalına yazılması faktları vardır  ki, bu da son nəticədə maliyyə pozuntusuna gətirib çıxarır.

Əksər məktəblərdə şagird nailiyyətlərinin monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir. Ona görə də məktəb rəhbərlərindən bir çoxunun dərs illəri ərzində şagirdlərin təlim göstəricilərindən hətta xəbərləri belə olmur.

Məktəb şəbəkəsinin optimallaşdırılması sahəsində zəruri tədbirlərin görülməməsi, kadr siyasəti düzgün aparılmadığından məktəblərdə lüzumsuz olaraq xeyli artıq müəllim saxlanması, xüsusən, ibtidai sinif müəllimi sıxlığının yaranması, eləcə də aparat və metodkabinet əməkdaşlarının böyük əksəriyyətinin müasir təhsil innovasiyalarını mənimsəməməsi yerli təhsil orqanlarının fəaliyyətindəki ciddi qüsurlardan  hesab edilir.

Qeyd olunanlarla əlaqədar mövcud vəziyyəti obyektiv qiymətləndirməklə 2011-2012-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə  

ƏMR EDİRƏM: 

1. 2011-ci il 5-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin.

2. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.

3. Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin (əlavə olunur).

4. Konfransların plenar iclaslarında "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər)  təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə olunsun.

5. Məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, eləcə də "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı təmin olunmaqla plenar iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi masa" formasında təşkili, təhsil şöbəsi (idarəsi) müdirinin məruzəsinin cədvəl,  sxem və qrafiklər əsasında hazırlanıb ekranda müvafiq slaydlarla müşayiət edilməsi məqsədəuyğun hesab olunsun.

6. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil edilsin:

- məktəbəqədər təhsil müəssisələrinin müdirləri;

- məktəb direktorları;

- ayrılıqda olmaqla məktəb direktorlarının müavinləri;

- ayrılıqda olmaqla fənlər üzrə metodbirləşmə rəhbərləri;

- məktəb kitabxanaçıları;

- praktik məktəb psixoloqları;

- uşaq birliyi rəhbərləri.

7. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın  sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.

8. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):

8.1. Bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə metodik tövsiyələr hazırlayıb avqustun 20-dək pedaqoji mətbuatda dərc etdirsin.

8.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb nazirliyə təqdim etsin.

9. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda nazirliyin nümayəndələrinin iştirakı barədə təkliflərini 2 həftə müddətinə rəhbərliyə təqdim etsin.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 avqust 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov