Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - 33

 

Yeni dərs ili qarşısında

 

Bəşəriyyət yarandığı gündən özünün inkişafını təmin etmək üçün həmişə axtarışlar aparmış, yeni mexanizmlər düşünülmüşdür. Bu zaman insanın böyüyüb boya-başa çatması, rəqabətədavamlı şəxsiyyət kimi formalaşması həmişə diqqət mərkəzində saxlanılmışdır. Təhsil bəşəriyyətin bu tarixi inkişaf yolunda ən unikal bir mexanizm kimi meydana çıxmış, insanların əxlaqi, mənəvi və fiziki cəhətdən inkişafını təmin edən bir sistem kimi istifadə olunmağa başlamışdır. Bu gün də təhsil fenomeni cəmiyyətin inkişaf dinamikasını tənzimləyən, onu daha uğurla irəli aparan potensial bir qüvvə kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Təhsil sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur". Görünür, elə bu səbəbdən də XXI əsr özünün görüntüləri ilə "Təhsil əsri" adlandırılmışdır. Ona görə də bütün fəaliyyətlərin təhsilə yönlənməsi, onun humanist prinsiplər əsasında qurulması əhəmiyyətli hesab edilir.

Ölkəmizdə ənənəvi sentyabr konfranslarının keçirilməsi müəllimlərin, bütövlükdə təhsil işçilərinin bir araya gələrək bu günü bayram etməsi, ona dəyər verməsi əslində cəmiyyətimizdə təhsilə olan yüksək münasibəti ifadə edir. Hər ilki konfranslara müəllimlər özlərinin nail olduqları uğurlar və qarşılaşdıqları çətinliklərlə gəlirlər. Problemlərin həlli istiqamətində müzakirələr aparırlar. Onlar həmişə olduğu kimi, bu il də sentyabr konfranslarına toplaşacaq, özlərinin gələcək fəaliyyətlərinin istiqamətlərini müzakirə edərək, müvafiq qərarlar qəbul edəcəklər.

Məlum olduğu kimi, respublikamızda 1999-cu ildən başlayan təhsil islahatları uğurla davam edir. Təhsilin bütün pillələrində, o cümlədən ümumi təhsil sahəsində quruculuq işləri planlı və ardıcıl şəkildə aparılır. Artıq "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq ümumi təhsil sahəsinə aid olan sənədlər yenidən hazırlanaraq istifadəyə verilmişdir. "Ümumtəhsil pilləsinin dövlət standartları  və proqramları (kurikulumları)", "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş medalla təltif olunma Qaydası", "Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş medalların təsviri", "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti" və "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"dən ibarət olan bu normativ-hüquqi sənədlər qlobal dünyanın humanist və demokratik prinsiplərinə uyğun hazırlanmışdır. Bu gün həmin sənədlərin öyrənilməsi təxirəsalınmaz bir vəzifə kimi qarşıda dayanır. Sentyabr konfranslarında onları müzakirə obyektinə çevirmək bu gün sadəcə təhsili idarə edənlər üçün deyil, həm də müəllimlər, bütövlükdə pedaqoji ictimaiyyət üçün əhəmiyyətli hesab edilir.

Müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə təlim nailiyyətlərinə görə şagirdlərin qızıl və gümüş medallarla təltif olunmasından, bununla təlim prosesində stimullaşdırıcı bir şəraitin yaradılmasından önəmli bir hadisə kimi danışılmalıdır. Ötən dərs ilində 37 nəfərin qızıl, 16 nəfərin isə gümüş medal alması, onların hamısının  ali məktəblərə daxil olması, onların təhsildə yüksək nəticələr qazanması və bu nailiyyətlərin əldə olunması üçün müvafiq təlim texnologiyalarının seçilməsindəki peşəkarlıqdan bəhs edilməlidir. Ümumtəhsil məktəbləri üçün kurikulumların hazırlanması və tətbiqi sahəsində ölkəmizdə aparılan işlər mahiyyət etibarilə zamanın təkrar olunmayan və Azərbaycan təhsilini dünyanın mütərəqqi təhsil məkanı ilə əlaqələndirən pedaqoji innovasiyalardır. Bu innovasiyalar məzmununda milliliklə ümumbəşəriliyi birləşdirən, eyni zamanda tarixən əldə olunmuş nailiyyətləri ehtiva edən strukturdur. Onlar müasirlik prizmasında unikal bir sistem kimi diqqəti cəlb edir.

İcbari təhsil mərhələsindən sonra tam orta təhsilin təmayüllər üzrə qurulması, eləcə də istedadlı uşaqlar üçün siniflərin təşkil olunması sahələrində də tədbirlərin həyata keçirilməsi milli təhsilimiz üçün yeni və son dərəcə faydalıdır. Onun uğurla tətbiq olunması və ölkə miqyasında geniş yayılması üçün sağlam müzakirələrin aparılmasına ehtiyac vardır.

Ötən il 9380 yerlik 26 məktəbin istifadəyə verilməsi, məktəblərin müxtəlif avadanlıqlarla təmin olunması, "2008-2012-ci illərdə  Azərbaycan Respublikasında təhsil sisteminin  informatlaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq 27 min nəfərin İKT-nın tətbiqi üzrə  müxtəlif təlim kurslarından  keçməsi, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompüter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə 30 printer verilməsi, Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayının 503-dən 1100-ə çatdırılması, 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3463170 nüsxə dərsliyin çap edilməsi və onlardan 45 adda 1179750 nüsxəsinin  yeni fənn kurikulumları ilə işləyən  siniflər üçün nəzərdə tutulması, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun tədris avadanlıqları və təlim vasitələri ilə təmin olunması üçün ardıcıl olaraq tədbirlərin həyata keçirildiyini göstərir. Onu da qeyd etmək lazımdır ki, 2011-2012-ci dərs ilini  12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaq.

Ölkəmizin tarixində ilk dəfə ibtidai siniflərdə tətbiq olunan yeni kurikulumlarla iş bu il başa çatır. Əvvəlki illərdə olduğu kimi, 2011-2012-ci dərs ilində də ümumtəhsil  məktəblərinin I siniflərində dərs deyəcək 9 min nəfərədək, Naxçıvan Muxtar Respublikasında isə 358 nəfər ibtidai sinif  müəllimi təlim kurslarından keçirilmiş və onlara müvafiq qaydada sertifikatlar verilmişdir.  İbtidai təhsilin nəticəyönümlü məzmununun tətbiqi sahəsində xeyli təcrübə qazanılmışdır. İlk növbədə, şagirdlərin təlim fəallığı artmış, bir subyekt kimi problemlərin həllindəki rolu dəyişmişdir. Bundan əlavə, onların kommunikativ, fiziki, ən başlıcası isə idraki bacarıqlarının inkişafı üçün imkan yaranmışdır. Müəllimin belə bir təhsil sisteminin qurulmasını təmin edən maraqlı tərəflərdən biri kimi funksiyası dəyişmişdir. O, şagirdi öyrənməyə istiqamətləndirmək, onun fəaliyyətini koordinasiya etmək keyfiyyəti qazanmışdır.

Aparılan müşahidələr, keçirilən sorğular yeni sistemin şagirdin idrak fəallığının yaranması, onun sürətlə inkaşaf etməsini aydın şəkildə göstərir. Lakin bu yeni sistemin tətbiq olunması nöqsanlardan da xali deyildir. Ötən il yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti Təhsil Nazirliyi tərəfindən öyrənilərək ümumiləşdirilmişdir. Bu zaman belə məlum olmuşdur ki, "müəllimlərin müəyyən hissəsinin fənn kurikulumlarında təsbit olunmuş məzmunun, standartların reallaşdırılmasında qiymətləndirmə standartlarının tətbiqi, interaktiv təlim metodlarından səmərəli istifadə bacarıqlarının təkmilləşdirilməsinə hələ də ehtiyac vardır". Müşahidə və söhbətlər göstərir ki, bəzi müəllimlər yeni təhsil siyasətinə uyğun olaraq yaradılmış məzmunun xüsusiyyətlərini, onun reallaşdırılması ilə bağlı strategiyaların özünəməxsusluğunu şərh etməkdə çətinlik çəkirlər. Onun xüsusi təlim şəraitində öyrənilməsinə ehtiyac duyurlar.

Bu dərs ilində ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsilin ənənəvi məzmunu tətbiq olunacaqdır. Əvvəlki dərs ilindən fərqli olaraq bu il fakültativ, fərdi və qrup məşğələlərinin hesabına yalnız X sinifdə kimya-biologiya, XI sinifdə isə fizika və fiziki coğrafiya fənlərinin həftəlik saatlarının miqdarı artırılaraq 2 saata çatdırılmışdır. Əslində bu, 1999-cu ildə təsdiq olunmuş Bazis tədris planından cari dərs ilində yenə də istifadə olunacağını diktə edir. Yeni təhsil sisteminə keçidin tədriciliyi hələ bir müddət  bu vəziyyətin davam edəcəyini göstərir.

Bununla belə o da məlumdur ki, artıq ümumtəhsil məktəblərinin kurikulumlarının hazırlanması işi başa çatmış, Azərbaycan Respublikasının təhsil naziri  02 iyun 2011-ci il tarixdə "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında" əmr imzalamışdır. Eyni zamanda V siniflər üçün yeni kurikulumlarla dərsliklərin hazırlanması məqsədilə tender elanı verilmişdir.

Bütün bunlar onu göstərir ki, V-XI siniflərin yeni kurikulumlarla işə başlamalarına çox az bir vaxt qalır. Təbii ki, bu ilkin olaraq fənn müəllimləri, fənn birləşmələri və məktəb rəhbərlərini yeni təhsil proqramlarının (kurikulumların) xüsusiyyətlərini öyrənmələrini zəruri tələb kimi qarşıya qoyur. Hər bir məktəb, hər bir müəllim təxirə salınmadan bu innovasiyanı mənimsəməli və özününküləşdirməlidir.

Keçirilmiş monitorinqlər göstərir ki, hələ də yeni kurikulumlara keçidə ibtidai sinif müəllimlərinin, yaxud kiminsə subyektiv problemi kimi yanaşılır, onun ciddiyyəti və vacibliyi unudulur, arxa plana keçirilir.

İslahatın gedişi prosesində əldə olunmuş təcrübələr göstərir ki, sürətli inkişafın təmin olunması üçün daha çox görülən işlərin mahiyyətinin şərh olunması, onun məqsəd və məramının açıqlanması təkanverici rol oynayır. İslahatların fəlsəfəsinin dərk olunması pedaqoji içtimaiyyətin bu işə daha yaxından səfərbər olunmasını təmin edir. Bu mənada sentyabr konfranslarında müstəqil Azərbaycanın təhsil siyasəti ətrafında müzakirələrin açılması, xüsusən ümumtəhsil sahəsində müəyyən olunmuş vəzifələrin qeyd edilməsi, onun yerinə yetirilməsi istiqamətində məsləhətləşmələrin aparılması zəruri hesab edilir.

Ümumtəhsil kurikulumlarının hazırlanması ölkədə həyata keçirilən təhsil siyasətinin bir qolu kimi diqqət mərkəzində saxlanılır. Bu siyasət mahiyyət etibarı ilə humanist və demokratik prinsiplərə söykənməklə ümumi təhsil məktəbinin yenidən qurulmasına yönəlmişdir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, "Ümumtəhsil təhsil alanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrin müəyyən edilməsinə imkan yaradır". Ümumi təhsil məktəbi Azərbaycan vətəndaşının, milli və bəşəri dəyərlərə məxsus olan, idraki, hissi və fiziki keyfiyyətlərə malik şəxsiyyətin formalaşması istiqamətində fəaliyyət göstərir. Onun bu vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsi şəxsiyyətyönümlü xarakter daşımasından, nəticəyönümlü məzmuna malik olmasından, fəaliyyətini təhsil standartlarına əsasən qurmasından daha çox asılıdır. Çünki belə olan halda ümumi təhsil sahəsində fəaliyyətləri, onların inkişafını daha asan idarə etmək mümkün olur.

Qlobal dünyanın mütərəqqi fikir axını ümumi təhsil məktəbi ilə bağlı bir nöqtədə qovuşur. Bu, hafizə məktəbinin təfəkkür məktəbi ilə əvəz olunması zərurətindən irəli gəlir. Bu gün dünyanın təhsillə bağlı mülahizələr söyləyən təhsilşünas, psixoloq alimləri bu barədə qəti fikir söyləməklə onu müasir inkişaf məkanında ən uğurlu çıxış yolu hesab edirlər. Bununla həm də insanın bir şəxsiyyət kimi təfəkkür mədəniyyətinə malik olmasını cəmiyyət üçün ən yüksək dəyər və insani keyfiyyət kimi qiymətləndirirlər.

Bu təhsil tendensiyası dünyanın inkişaf etmiş demokratik ölkələrində davam etməkdədir. Qlobal dünyanın insanları kimi, bu mütərəqqi yanaşma tərzini əxz eləmək, ən müasir pedaqoji innovasiya kimi onun tətbiqinə nail olmaq üçün müzakirələr aparmağa ehtiyac vardır. Özümüzün təhsil şəraitimizə, potensial imkanlarımıza əsaslanmaqla müstəqil Azərbaycanın intellekt məktəbini hansı təməl üzərində necə qurmalı və onu necə inkişaf etdirməliyik? Təhsil sahəsində müəyyən olunmuş humanistlik, demokratiklik, varislik, bərabərlik, keyfiyyətlilik, millilik və dünyəvilik, səmərəlilik və sair prinsipləri necə həyata keçirməliyik?

Təbii ki, konfrans zamanı keçirilən müzakirələrdə bu suallar ətrafında toplanan fikirlər ümumilikdə təhsil fəaliyyətimizin daha səmərəli qurulmasına əhəmiyyətli təsir göstərə bilər.

Ölkəmizdə aparılan təhsil islahatları yeni pedaqoji təfəkkürün formalaşması ilə müşayiət olunur. Pedaqoji innovasiyalar pedaqoji ictimaiyyətin fikrində, düşüncəsində yeni anlayışlar, eləcə də əməlində fəaliyyətinə yeni yanaşma tərzi kimi formalaşır. Bu təbii proses bəzən qısqanclıqla qəbul olunsa da, baş verir. Hər zaman bu prosesə açıq olmaq, onu təfəkkür süzgəcindən keçirmək, saf-çürük etmək müasir zamanımızın ən vacib keyfiyyətlərindəndir. 

Ümumtəhsil məktəblərində islahatlardan danışılarkən məzmun islahatlarının aparılması, onun reallaşdırılması kimi məsələlərə diqqət yetirilir. Bəzən məzmun islahatlarını "kurikulum islahatları" kimi izah edənlər də olur. Əslində "kurikulum islahatı" daha geniş anlayış olub özündə "məzmun islahatları"nı da ehtiva edir. Təhsilin məzmunu bilik, bacarıq və vərdişlərin sistemindən ibarət olmaqla stabil xarakter daşıyır və nələrin öyrədilməsi sualına cavab verir.

Uzun zamanlar üzərində iş aparılan təlim materiallarına məzmun kimi yanaşılmışdır. Elə buna görə də onların mənimsədilməsi məqsəd hesab edilmişdir. Beynəlxalq ekspertlər belə sistemi "fənnyönümlü", "bilikyönümlü" adlandırmaqla onları dəyərləndirmişlər. Yeni təhsil siyasətinə uyğun olaraq ümumtəhsilin məzmununda dəyişikliklər aparılmışdır. Onun nəticələr formasında verilməsi, təhsildə maraqlı olan bütün şəxslərin fəaliyyətini bu nəticələrə uyğun olaraq qurması məqsədəmüvafiq hesab edilmişdir. Belə bir yanaşma tərzinin meydana gəlməsi, heç şübhəsiz, pedaqogika nəzəriyyəsində təhsilin məzmununu və onun kimi bir sıra anlayışların şərhinə də öz təsirini göstərməsi istisna edilmir.

Dərsliklər təhsilin məzmununun reallaş

dırılmasında xüsusi əhəmiyyət daşıyan və onu tamamlayan resurslardan hesab edilir. Təlim prosesinin təşkil olunmasında, müəllim və şagird əlaqələrinin səmərəli şəkildə qurulmasında dərslik əsas təlim vasitələrindən biri kimi əvəzolunmaz rola malikdir. Ona görə də ölkəmizdə dövlət səviyyəsində hazırlanmış təhsil siyasəti həyata keçirilir. Artıq bir neçə ildir ki, kurikulumların tələblərinə uyğun yeni dərsliklərin hazırlanması sahəsində iş aparılır. Mahiyyət etibarilə bu dərsliklər müasir məktəbin tələblərinə uyğun olaraq intellektual potensialın yüksəldilməsinə yönəldilmiş dərsliklər kimi hazırlanır. I-III siniflərdə yeni dərsliklərin tətbiqi ilə bağlı xeyli təcrübə əldə olunmuşdur. Aparılmış monitorinqlər göstərir ki, bu dərsliklərin tətbiq olunması şagirdlərin fəallığının artırılması, düşünmə qabiliyyətinin inkişaf etdirilməsi, onun yaradıcı şəxsiyyət kimi formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Lakin bununla yanaşı, onların  tətbiq olunmasında bir sıra çətinliklər də vardır. İlkin qənaətlər göstərir ki, bu çətinliklər daha çox həmin dərsliklərin prinsiplərini,  məzmun və struktur xüsusiyyətlərini aydınlaşdırmamaqdan, onların reallaşdırılması istiqamətində uyğun texnologiyaları seçə və təlim materiallarına yaradıcı yanaşa bilməməkdən irəli gəlir. Müzakirələrdə bu məsələnin də gündəmə gətirilməsi, yeni texnologiyalar əsasında təcrübə toplamış müəllimlərin çıxışlarının dinlənilməsi, qabaqcıl təcrübəsinin analitik təhlilinə həsr olunmuş məruzələr ətrafında müzakirələrin aparılması faydalı hesab edilir. İmkan daxilində dərslik müəlliflərinin müzakirələrə qatılması praktik cəhətdən əhəmiyyətli təcrübə kimi qiymətləndirilir.

Bu gün müəllimlərin daha çox ehtiyac duyduğu məsələlərdən biri təlimin strateji məsələləridir. Baxmayaraq ki, ötən əsrin 90-cı illərinin sonundan başlayaraq fəal təlim məsələləri nəzəri və praktik cəhətdən öyrənilir, müəllimlər interaktiv metodlardan istifadə ilə bağlı seminarlarda və işgüzar görüşlərdə iştirak edir, təcrübələr toplayırlar, lakin yeni kurikulumların tətbiq olunması zamanı təlim formalarının, üsullarının seçilməsində, dərsin məzmun və struktur cəhətdən düzgün qurulmasında yenə də çətinliklərlə rastlaşırlar. Əslində belə bir vəziyyətin olması təbii hesab edilir. Çünki islahatın gedişi prosesində yeniliklərin qəbul olunması və tətbiqi ilə bağlı dəyişikliklər tədrici xarakter daşıyır. Orada tələsmək, formal olaraq sürətliliyi təmin etmək o qədər faydalı hesab edilmir.

Müzakirələrdə təlimin strateji məsələlərindən biri kimi planlaşdırmanın əhəmiyyəti, cari və perspektiv olaraq aparılmasının zəruriliyi ilə bağlı fikir mübadiləsi aparılmalıdır. Bu barədə müasir pedaqoji araşdırmalara istinad edilməlidir.

Pedaqoji fəaliyyətin səmərəliliyi və keyfiyyəti onun düzgün planlaşdırılmasından asılıdır. İl ərzində təlim materiallarının hansı ardıcıllıqla, hansı məzmunda və nə zaman reallaşdırılacağı, eləcə də hansı resurslardan istifadə olunacağı müəyyənləşdirilməlidir. Hər bir müəllim özünün fərdi tədris fəaliyyətini bu tələblərə əsasən planlaşdırmalıdır. Bu zaman   tövsiyə olunan müxtəlif tematik planlaşdırma nümunələrinə əsaslanmaq, onlardan yaradıcı şəkildə istifadə etmək olar. Bəzən müəllimlər müxtəlif tədris komplektlərində tövsiyə olunmuş, eləcə də ayrıca hazırlanaraq çap edilmiş planlaşdırma nümunələrini standart kimi qəbul edir, onlar əsasında fəaliyyətlərini qurmağa çalışırlar. Bu, pedaqoji prosesin yaradıcı xarakterinə zidd olan bir hal kimi yolverilməzdir. Məktəblərdə pedaqoji prosesin yaradıcılıq tələb etməsi nəzərə alınmalı, məktəbin, sinfin şəraiti, imkanları əsasında hər bir müəllimin işini fərdi qaydada planlaşdırması təmin olunmalıdır.

Müasir dərsin planlaşdırılması ətrafında da müəllimlərin diskussiyasının qurulması təklif olunur. Orada başlıca olaraq aşağıda qeyd olunan bir necə məsələyə diqqəti yönəltmək vacib hesab edilir:

Birinci, dərs təlimin təşkili forması kimi konkret məqsədə xidmət göstərir və zəruri resurslara istinad edir.

İkinci, dərs konkret standartların və proqram tələblərinin reallaşdırılmasına yönəlir.

Üçüncü, dərs yaradıcı xarakter daşıyır və mövcud imkan və şəraitə uyğun qurulur.

Dördüncü, dərs mütləq mənada standart xarakter daşımır. Məqsəddən asılı olaraq qeyri-standart dərslərdən də istifadə etmək məsləhət görülür.

Konkret məqsədə yönəlmiş uyğun forma, üsul və vasitələrdən ibarət təlim strategiyalarının hazırlanması sahəsində dünyanın inkişaf etmiş ölkələrində geniş təcrübənin olduğu, eyni zamanda müəllimin öz təcrübələrinə əsasən strategiyalar hazırlaya bilmələri məlumdur. Ölkəmizdə aparılan təhsil islahatlarında bu məsələyə diqqətin yönəldilməsi didaktik cəhətdən əhəmiyyət daşıyır. Mövcud şəraitdə müəllimlərimizə bu strategiyaların əhəmiyyəti, mahiyyəti və məzmunu, onlardan istifadə qaydaları barədə bilik və bacarıqlar qazanmaq üçün istiqamət verilməli, bu sahədə müəllimlərin səriştələrinin artırılmasının zəruriliyi qeyd edilməlidir.

Yeni təhsil quruculuğunda müəllim-şagird münasibətlərinin düzgün qurulması bütövlükdə ümumi təhsil sahəsində islahatların istinad nöqtəsi kimi müəllim subyektinə və eləcə də şagird subyektinə, onların qarşılıqlı ünsiyyət fəaliyyətinə düzgün yanaşmaqdan qaynaqlanır. "Məktəb təcrübəsində ən kobud səhvlərə, bir qayda olaraq, elə bu sahədə yol verilir. Müəllimlərin çoxu güzəran təcrübəsinə arxalanaraq "müəllim-şagird(lər)" münasibətini, adətən "yaşlı-uşaq" münasibəti kimi mənalandırırlar... Halbuki müvafiq yaş dövrlərində "müəllim-şagird" münasibətləri "yaşlı-uşaq" münasibətləri kimi deyil, "böyük-kiçik" münasibətləri kimi nəzərdən keçirilərsə, onların formalaşmasında, inkişafında yaş amillərinin rolu dolğun açıqlana bilər" (Ə.Ə.Əlizadə). Bu zaman məktəb müəllim-şagird münasibətlərində qarşılıqlı hörmətin yaranması baxımından daha çox qazanar. Təlim prosesində bu münasibətlər inkişafetdiriciliyin yaranmasına zəmin yaradar. Şagirdin ümumi inkişafı təmin olunar.

Bu gün ümumi təhsilin daha çox prioritet hesab olunan problemlərindən biri şagird nailiyyətlərinin qiymətləndirilməsidir. Bütövlükdə idarəetmə məsələsi kimi anlaşılan qiymətləndirmə həm də zəruri pedaqoji texnologiyalardan biri hesab edilir. Azərbaycanda qiymətləndirmə texnologiyasının, onun sisteminin yaradılması istiqamətində işlər aparılır. İlk dəfə hazırlanaraq hökumət tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" (30 oktyabr 2006-cı il), "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" (13 yanvar 2009-cu il), "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" (03 iyun 2010-cu il) ümumtəhsil məktəblərində qiymətləndirmə fəaliyyətinin normativ-hüquqi əsasını təşkil edir. Orada şagird nailiyyətlərinin qiymətləndirilməsinin fəlsəfəsi, prinsipləri, məzmun məsələləri, forma və vasitələri öz əksini tapmışdır.

Təcrübə göstərir ki, bir çox ibtidai sinif müəllimləri ölkədə həyata keçirilən şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə siyasətin mahiyyətini açıqlamaqda, məktəbdaxili qiymətləndirmənin müxtəlif növlərindən istifadə etməkdə çətinlik çəkirlər. Diaqnostik, formativ və summativ qiymətləndirmənin prosedur qaydalarına tam əməl edə bilmirlər. V-XI siniflərdə dərs deyən müəllimlərin yeni qiymətləndirmə sistemi ilə bağlı praktik bacarıqlar qazanmağa böyük ehtiyacları vardır.

Humanist təhsil sisteminin qurulmasında, irəliləyişlərin əldə olunmasında milli zəminə əsaslanan dünyəvi xarakterli qiymətləndirmə sisteminin yaradılması və onun müvəffəqiyyətlə tətbiq olunması önəmli hesab edilir. Bu günə qədərki aparılmış işlər təbii ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə dünyəvi xarakterli sistemin yaradılması sahəsində atılmış müvəffəqiyyətli addım kimi qiymətləndirilməli, onun inkişaf etdirilməsi, daha geniş miqyasda yayılaraq tətbiq olunması üçün müzakirələr aparılmalıdır. Bu zaman qarşıya çıxan hər hansı bir qiymətləndirmə mexanizmi ilə bağlı çətinliyin aradan qaldırılması üçün fikir mübadilələri aparılmalı və təkliflər verilməlidir.

Məktəblərin məzmun və strukturu dəyişdiyi kimi, onun idarə olunması, tədris-təlim işlərinin daha keyfiyyətli və məhsuldar fəaliyyət göstərməsi üçün istiqamətləndirilməsinə qoyulan tələblər də tamamilə yenidir. Artıq demokratik və humanist  prinsiplərə söykənən məktəb öz fəaliyyətində tamamilə müasir olan yanaşmalara istinad edir. Xüsusilə idarəetmədə tamamilə yeni prinsiplərə istinad olunur. 03 iyun 2010-cu ildə hökumət tərəfindən təsdiq olunmuş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində göstərildiyi kimi, "Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir".

Hesabatlılıq ümumtəhsil məktəblərində müəllimdən başlayaraq məktəbin direktoruna, eləcə də təhsil şöbəsinin rəhbərinə qədər hər kəsin özü və tabe olduğu struktur qarşısında ardıcıl və sistemli olaraq hesabat verməyi tələb edir. Bu, bir neçə cəhətdən faydalı hesab edilir. Əvvəla, hər kəs müəyyən müddətdə nəzərdə tutduğu işi başa çatdırır və onun qəbulu barədə ilkin ekspertiza xarakterli rəyi öyrənir. İkinci, işin növbəti mərhələdə yerinə yetirilməsi ilə bağlı mülahizələr konkretləşir. Üçüncü, nəzərdə tutulmuş işin icra vaxtı, zamanı və keyfiyyəti ilə bağlı diaqnostik qənaətlərə gəlmək olur.

Məsuliyyətin bölüşdürülməsi prinsipi əsasən nizamnamə və əsasnamələrdə müəyyən olunmuş vəzifələrə görə həyata keçirilir. Hər kəsdən tələb olunan fəaliyyət onun məsuliyyət çərçivəsinə tabe edilir. Ona görə də hər kəs öz məsuliyyəti daxilində işləri yerinə yetirməklə, cavabdeh olduğu məsələlərlə bağlı hesabatlar verir.

İnkişafın monitorinqi prinsipi fəaliyyət zamanı sadədən mürəkkəbə doğru bütün mütərəqqi xüsusiyyətləri nəzərə almağa, inkişafı izləməyə, onun daha keyfiyyətlə yerinə yetirilməsinə imkan yaradır. Bu zaman mahiyyət etibarı ilə keyfiyyətin idarə olunmasını təmin etmək mümkün olur. 

Bu prinsiplərin nəzərə alınması tamamilə yeni idarəetmə mexanizmlərinin həyata keçirilməsinə imkan yaradır. Ona görə də müzakirələrdə onların hər birinin üzərində dayanmaq, mahiyyəti və məzmununu açıqlamaq praktik cəhətdən əhəmiyyətli hesab edilir.

Müşavirədə valideyn-məktəb münasibətləri də gündəmdə olmalı, ona fəal münasibət bildirilməlidir. Məlum olduğu kimi, ənənəvi pedaqogikada həmişə ailə, məktəb və şagird əlaqələrindən danışılmış, onun əhəmiyyəti qeyd edilmişdir. Bu məsələ ilə bağlı xeyli təcrübə toplanmışdır.

Artıq XXI əsrdə yeni Azərbaycan məktəbinin şəxsiyyətin  formalaşdırılmasına yönəldilməsi valideynlərlə olan əlaqələrə tamamilə yeni müstəvidə yanaşmağı tələb edir. Valideynlər məktəblə əlaqələrini sadəcə informasiyalar üzərində qura bilməzlər. Onlar məktəblə yaxından əməkdaşlıq etməli, təhsil prosesinin iştirakçısı kimi fəaliyyət göstərməli, nailiyyətlərin əldə olunmasına imkanları daxilində töhfələrini verməlidirlər.

Şəhər (rayon) təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən metodkabinetlərin başlıca vəzifəsi ümumtəhsil müəssisələrinin, eləcə də orada fəaliyyət göstərən müəllimlərin, təhsil işçilərinin işini istiqamətləndirməkdən ibarətdir. Lakin aparılmış monitorinqlər bu strukturun fəaliyyətində xeyli nöqsanların olduğunu, onun təhsil islahatının tələblərinə cavab vermədiyini göstərir. Metodkabinetlər öz fəaliyyətlərini müasir təhsil texnologiyalarından istifadə edilməsi və təhsilin keyfiyyətinin idarə olunması baxımından səmərəli qura, Təhsil Nazirliyi qarşısında hesabatlarını vaxtlı-vaxtında verə bilmir. Ona görə də müzakirələrdə metodkabinetlərin sentyabr konfransının təşkili və keçirilməsi ilə bağlı fəallıqlarının artırılması, gələcəkdə onların məzmun və strukturunun yeni dövrün məktəbinin tələbatlarına uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması məqsədəmüvafiq hesab edilir.

Heç şübhə etmirik ki, sentyabr konfranslarında bu problemlər və pedaqoji ictimaiyyətimizi düşündürən digər məsələlər müzakirə olunacaq, gələcək fəaliyyətimizin daha səmərəli qurulması məqsədi ilə faydalı təkliflər veriləcəkdir.    

Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru, professor,

Ənvər ABBASOV,
Kurikulum Mərkəzinin direktoru, institutun direktor müavini, dosent

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov