Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Layihə

Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu)
(3-6 yaş)

 

GİRİŞ 

Məktəbəqədər təhsilin əhəmiyyəti və rolu. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Həyatının ilk illərində fiziki və psixi, idraki, sosial, kommunikativ, estetik inkişafın düzgün təşkilində, uşaqların məktəbə hazırlanması sahəsində məktəbəqədər təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Uşaq bağçası da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmağa qadirdir. Uşağın sosial fəallığı cəmiyyət tərəfindən qəbul edilmiş mədəni ənənələrə uyğun olaraq ətraf aləmə münasibətini ifadə etməyə can atmasında yaranır. Bunların da əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunları və qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı yaranır. Uşaqlar prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmaq kimi bacarıqlara yiyələnirlər.

Uşaq şəxsiyyətinin inkişafı üçün şəraiti yaradan sosial mühitdə ünsiyyətin rolu böyükdür. Ünsiyyət prosesində maddi və mənəvi dünyanın, təbiət, əşya və sosial aləmin dərk olunması, şəxsiyyətlərarası münasibətlərin inkişafı, emosional və iradi mədəniyyətin təşəkkül tapması baş verir. Ünsiyyət yeni sosial mühitə uyğunlaşmaya, komfortu hiss etməyə imkan yaradır. Bunun üçün müvafiq bacarıqların mənimsənilməsi zəruri hesab edilir. Kommunikativ bacarıqlara nail olmaq uşağın sosial vəziyyətini yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə, məlumat verməyə, hisslərini ifadə etməyə, bütövlükdə nitq inkişafına imkan yaradır. İlkin qazanılan bacarıq və vərdişlər, milli mənəvi keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini müəyyənləşdirir. Müasir təhsil modelində məktəbəqədər təhsilə ümumi təhsilin birinci pilləsi, uşaqların məktəb təliminə müvəffəqiyyətlə hazırlığı üçün bərabər imkanların yaradılmasının əsası kimi baxılır.

Bu yaş mərhələsində uşaqlar nəinki bütün uşaqlar üçün ümumi olan xarakter cizgiləri, həm də xüsusi, fərdi psixi və davranış xüsusiyyətləri qazanırlar. Məktəbəqədər yaş dövründə uşaqlarda hərəkətliliyə tələbat güclənir, operativ hafizə inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmazlığı yaranır. Bütün hərəki fəaliyyətlər dərk olunur, dinamik və məqsədyönlü xarakter daşıyır. Fiziki və idraki çalışqanlıq artır. Xarakter, əqli və iradi keyfiyyətlər, motiv formalaşır.

Məktəbəqədər təhsilin məqsəd və vəzifələri. Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli, tələblərə müvafiq qaydada qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Bunlarla yanaşı, uşaqların ümumi inkişafı, onların şəxsiyyətinin formalaşdırılması, təlim-tərbiyənin səmərəliliyinin artırılması, inkişaf və davranışda baş verə biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, "uşaq-uşaq", "tərbiyəçi-uşaq", "valideyn-tərbiyəçi" münasibətlərinin, eləcə də kollektivdə qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.

Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və intellektual potensialının inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

* ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsizliyinin qorunması;

* uşaqlarda sağlam həyat tərzinə aid müvafiq bacarıq və vərdişlərin formalaşdırılması;

* uşaqların fiziki, psixi, emosional, intellektual inkişafının təmin edilməsi;

* uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət hissinin yaranması və inkişafı;

* uşaqlarda şəxsiyyətin formalaşması;

* uşağın tələbat və maraqlarının müəyyən edilməsi, inklüziv təhsildə bu amillərin nəzərə alınması;

* uşaqların məktəb təliminə hazırlanması. 

Məktəbəqədər təhsilin kurikulumunun hazırlanması və onun xarakterik cəhətləri. Məktəbəqədər təhsilin kurikulumu şəxsiyyətyönümlü xarakter daşıyır. Bu sənəddə məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsinə üstünlük verilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Ən zəruri bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır.

Məktəbəqədər təhsilin kurikulumu inteqrativ məzmuna malikdir. Orada müəyyən olunmuş nəticələr həyati bacarıq və vərdişləri ehtiva etməklə daha ümumi xarakter daşıyır. Uşaqların idrak, hissi və psixomotor bacarıqlarının inkişafına yönəldilir. Kurikulumun inteqrativ məzmunda hazırlanması uşaq bağçalarında keçirilən məşğələlərin sayının azaldılmasına, uşaqların zəruri bilik, bacarıq və vərdişlər qazanmalarına və uşaq şəxsiyyətinin formalaşması üçün lazım olan praktik işlərin həyata keçirilməsinə imkan yaradır. Kurikulumda məzmuna uyğun müvafiq strategiyalar verilir. Gözlənilən nəticələrin əldə olunması üçün inteqrativliyin nəzərə alınması və strategiyalardan istifadə olunması faydalı hesab edilir. Uşaqların bir şəxsiyyət kimi fəaliyyətə cəlb edilməsi, onun meyil və maraqlarının nəzərə alınması, uşaqlar və böyüklərlə əməkdaşlığı, yaradıcı və təşəbbüskarlığı xüsusi olaraq nəzərə alınır.

Məktəbəqədər təhsilin kurikulumu həm də nəticəyönümlüdür. Onun məzmunu nəticələr formasında ifadə edilmişdir. Nəzərdə tutulmuş bütün bilik və fəaliyyətlər həmin nəticələrdə əhatə olunmuşdur. Nəticəyönümlülük son nəticəni görməyə, əldə olunacaq nailiyyətləri əvvəlcədən təsəvvür etməyə imkan verir. Bu isə uşaqların inkişafını müşahidə etmək, istiqamətləndirmək və qiymətləndirmə aparmaq baxımından əhəmiyyətlidir.

Məktəbəqədər təhsilin kurikulumu eyni zamanda uşaqyönümlü sənəddir. Məzmun xətləri üzrə bütün nəticələr uşaqlara, onların inkişafının izlənilməsinə yönəldilmişdir. Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən uşaq fəaliyyətinin təmin olunması və formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərə alınmışdır.

Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:

* şəxsiyyətyönümlülük;

* hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması;

* nəticəyönümlülük;

* inteqrativlik;

* tələbyönümlülük;

* millilik və dünyəviliyin nəzərə alınması;

* uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi. 

I.Məktəbəqədər təhsilin məzmunu 

1.1.Ümumi təlim nəticələri

Məktəbəqədər təhsil pilləsinin sonunda uşaq:

* Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.

* Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.

* Böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya edir.

* Təhlükəsizlik qaydalarına əməl edir.

* Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.

* Sadə təfəkkür əməliyyatları yerinə yetirir.

* Əşya və hadisələri sadə şəkildə izah edir, fərziyyələr irəli sürür.

* Vətən haqqında sadə təqdimatlar edir.

* Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.

* Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.

* Sadə əmək bacarıqları nümayiş etdirir.

* Sadə bədii yaradıcılıq qabiliyyətləri nümayiş etdirir. 

1.2. Məzmun xətləri və ona aid təlim nəticələri

Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik

Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki inkişafi, sağlamlığının qorunması və təhlükəsizliyi təmin olunur. Sağlamlığın möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsinin əhəmiyyəti haqqında anlayışlar yaradılır. Uşağın hərtərəfli inkişafı üçün daha səmərəli vasitələrin müəyyən edilməsi, gigiyenik tələblərə cavab verən şəraitin yaradılması (qüvvətli qida, düzgün təşkil edilmiş rejim, fiziki mədəniyyət məşğələləri və s.), bunların qarşılıqlı əlaqədə olmaları, düzgün qamət, hərəkət texnikası, hərəkətli oyunların qaydaları, eləcə də hərəkət vərdişləri ilə yanaşı, uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi təmin olunur.

Təhlükə və çətinliklərə hazırlıq, yol hərəkəti qaydaları, ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın zamanı müraciət qaydalarının mənimsənilməsinə, ekoloji mədəniyyətin formalaşdırılmasına imkan yaranır.

Ümumi nəticələr

Uşaq:

* sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir;

* qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir;

* böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya edir;

* təhlükəsizlik qaydalarına əməl edir. 

İdrak fəaliyyəti

Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrənməyə həvəs və maraq formalaşdırır. Məktəbəqədər yaşlı uşağın idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat şəraitinə uyğunluq mühüm şərt hesab olunur. Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə, sadə danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdakılarla ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar təmasda olduqları əşyaların adlarını, əlamətlərini, necə hərəkət etməsini düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək qabiliyyəti nümayiş etdirir. İdrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini genişləndirir. Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi mühakimə qabiliyyətləri inkişaf edir.

Ümumi nəticələr

Uşaq:

* nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir;

* sadə təfəkkür əməliyyatları yerinə yetirir;

* əşya və hadisələri sadə şəkildə izah edir, fərziyyələr irəli sürür;

* vətən haqqında sadə təqdimatlar edir. 

Kommunikativ fəaliyyət

Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə səmərəli ünsiyyət uşaqda kommunikativ qabiliyyətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir, şəxsiyyətin ahəngdar inkişafını təmin edir. Uşağın yaşıdları ilə ünsiyyəti başqa uşaqların hərəkətlərini qiymətləndirməyə, öz fəaliyyətlərini başqa adamların fəaliyyəti ilə uyğunlaşdırmağa kömək edir. Bu əlaqələr zəminində uşaqda özünütanıma və özünüqiymətləndirmə sürətlənir, yaradıcılıq potensialının üzə çıxmasına imkan yaranır.

Ümumi nəticələr

Uşaq:

* özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur;

* hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir;

* sadə əmək bacarıqları nümayiş etdirir. 

Estetik inkişaf

Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin və zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər və formaların yeni birləşməsi, quraşdırma prosesində müxtəlif modellərin qurulması, yeni hekayə və nağılın, musiqi fəaliyyətində sadə melodiyanın dinlənilməsi, mahnının və uşaq musiqi alətlərində ifa məktəbəqədər yaşlı uşaqların estetik inkişafına kömək edir. Uşaqlarda ətraf aləmin gözəlliklərini düzgün qiymətləndirmək bacarığı təşəkkül tapır. 

Ümumi nəticələr

Uşaq:

* elementar təsviri bacarıqlar nümayiş etdirir;

* musiqi üzrə sadə bacarıqlar nümayiş etdirir;

* sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. 

1.3. Yaş qrupları üzrə məzmun standartları

 
ORTA QRUP
(3-4 YAŞ)

 

1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik

Uşaq:

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.

1.1.1. Gün rejimi üzrə sadə hərəkətləri (gimnastika, oyun, məşğələ, gəzinti, yemək, yuxu) yerinə yetirir.

1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara1 uyğun istifadə edir.

1.1.3. Sadə özünəxidmət hərəkətlərini (soyunmaq, geyinmək, yemək, yuyunmaq) yerinə yetirir.

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.

1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (yemək dəstlərindən-qaşıqdan istifadə etmək; yeyərkən danışmamaq; yeməyi ağzı bağlı çeynəyib udmaq) əməl edir.

 1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (sabundan düzgün istifadə etmək; əlini, üzünü, qulağını səliqəli yumaq və qurulamaq; daraq, burun dəsmalı və ya salfetdən istifadə etmək) əməl edir.

1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya edir.

1.3.1. Əsas hərəkətləri (yeriş və yürüş hərəkətlərini icra etmək; müxtəlif istiqamətlərə uzununa və maneələrin üstündən hoppanmaq; tirin üstü ilə yerimək və iməkləmək; hərəkətləri yerinə yetirərkən müvazinətini saxlamaq; topu, kürəciyi bir-birinə tərəf diyirlətmək və atmaq) yerinə yetirir.

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər2 nümayiş etdirir.

1.3.3. Əşyanı (karandaş, flamaster, plastilin, fırça, top və oyuncaqları) barmaqları arasında düzgün saxlayaraq şəkil çəkmə, yapışdırma, quraşdırma, atıb-tutma kimi hərəkətləri sadə tərzdə yerinə yetirir.

1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə tanıyır.

1.4. Təhlükəsizlik qaydalarına əməl edir.

1.4.1. Sadə təhlükəsizlik qaydalarına (kəsici, deşici, yandırıcı əşyalar və elektrik cihazları ilə, təhlükəli heyvanlar, zəhərli bitkilər, tanış olmayan adamlarla ehtiyatlı davranmaq) əməl edir. 

2. İdrak fəaliyyəti.

Uşaq:

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.

2.1.1. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və reaksiya verir.

2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir.

2.1.3. Sadə nitq etiketlərindən ("bəli", "xeyr", "salam", "sağ ol", "çox sağ ol") istifadə edir.

2.1.4. Danışıq səslərini müxtəlif dil vahidlərində (heca, söz, cümlə) düzgün tələffüz edir.

2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.

2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə yetirir.

2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır.

2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət) görə fərqləndirir.

2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir.

2.2.5. Məkan (irəli, geri, yuxarı, aşağı, alt, üst) və zaman (səhər, günorta və axşam) anlayışlarını fərqləndirir.

2.3. Əşya və hadisələri sadə şəkildə izah edir, fərziyyələr irəli sürür.

2.3.1. Özü və ətrafdakılar haqqında təsəvvürlərini sualların köməyi ilə ifadə edir.

2.3.2. Baş verən hadisələrə aid suallar verir.

2.3.3. Canlı (insan, heyvan, quş, bitki) və cansız (qum, daş, torpaq, işıq) obyektləri tanıyır və adlandırır.

2.4. Vətən haqqında sadə təqdimatlar edir.

2.4.1. Valideynlərini və yaxınlarını, özünəməxsus əşyaları (otaq, çarpayı, paltar, oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər) adlandırır.

 3. Kommunikativ fəaliyyət

Uşaq:

3.1. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.

3.1.1. Kiçiklər, yaşıdları və yaşlılarla ünsiyyət qurur.

3.1.2. Sevimli insanları, xoşladığı məşğuliyyəti fərqləndirir.

3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.

3.2.1. Ünsiyyətdə qoyulan sadə qayda və tapşırıqlara dözümlülük nümayiş etdirir.

3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.

3.3.1. Sadə əmək tapşırıqlarını yerinə yetirir. 

4.Estetik inkişaf

Uşaq:

4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri nümayiş etdirir.

4.1.1. Sadə təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, fırça, yapışqan, plastilin) təyinatına görə istifadə edir.

4.1.2. Sadə rəsmetmə (rənglərdən isti

fadə edərək sadə əşya və təbiət şəkilləri çəkmək), yapma (1-3 hissədən ibarət fiqurlar düzəltmək) və yapışdırma (kəsilmiş formalardan istifadə etməklə sadə kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.

4.1.3. Sadə quraşdırma (tikinti materiallarından sadə modellər düzəltmək) bacarıqları nümayiş etdirir.

4.1.4. Musiqini dinləyir, janrına və xarakterinə görə reaksiya verir, sadə ifaçılıq bacarıqları (sadə mahnılar oxumaq, musiqili-ritmik hərəkətlər etmək) nümayiş etdirir, musiqi alətini (piano, qarmon, dəf, tütək) tanıyır və adlandırır.

4.1.5. Bədii fəaliyyət üzrə müstəqil, sadə yaradıcılıq (təsviri, musiqi fəaliyyəti, bayram və əyləncələrdə iştirak etmək) bacarıqları nümayiş etdirir 


BÖYÜK QRUP
(4-5 YAŞ)

 

1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik

Uşaq:

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.

1.1.1. Gün rejimində nəzərdə tutulan hərəkətləri (gimnastika, oyun, məşğələ, gəzinti, yemək, növbətçilik, yuxu) yerinə yetirir.

1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara3 uyğun istifadə edir.

1.1.3. Özünəxidmət hərəkətlərini (paltarlarını geyinib-soyunmaq, səliqə ilə yerinə yığmaq, xırda məişət işlərini yerinə yetirmək) yerinə yetirir.

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.

1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (yeməyi az-az götürmək və yaxşı çeynəmək; səssiz yemək; qaşıqdan, salfetdən düzgün istifadə etmək) əməl edir.

1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (xarici görünüşünü səliqəyə salmaq; yeməkdən əvvəl və sonra əllərini sabunla yumaq və qurulamaq; daraq, burun dəsmalı və salfetdən istifadə etmək; asqırıb, öskürərkən üzünü çevirib, ağzını və burnunu dəsmalla tutmaq) əməl edir.

1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya edir.

1.3.1. Əsas hərəkətləri (düzgün hərəkət texnikasını gözləməklə yeriş və yürüş; müxtəlif istiqamətlərə hoppanmaq; müxtəlif əşyaların üstü və arası ilə sürünmək; gimnastika nərdivanına dırmanmaq; müxtəlif hərəkətləri yerinə yetirərkən müvazinətini saxlamaq; topu, kürəciyi müxtəlif üsullarla atıb-tutmaq) yerinə yetirir.

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər4 nümayiş etdirir.

1.3.3. Əşyalardan (karandaş, fırça, qayçı, təbaşir, rəngli boya, mozaika, top, oyuncaqlar, plastilin, gil, quraşdırma materialları) istifadə edir.

1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə müqayisə edir və qruplaşdırır.

1.4. Təhlükəsizlik qaydalarına əməl edir.

1.4.1. Sadə təhlükəsizlik qaydalarına (kəsici, deşici, tez sınan, yandırıcı əşyalar, qaz, odun sobaları və elektrik cihazları ilə ehtiyatlı davranmaq; böyüklərin nəzarəti olmadan dərman qəbul etməmək; yol hərəkəti qaydalarına riayət etmək; özünü zədələnməkdən və yıxılmaqdan qorumaq; tanış olmayan adamlar və sahibsiz heyvanlarla, dərman və kimyəvi maddələrlə ehtiyatla davranmaq; təbiət hadisələri zamanı, fövqəladə hallarda situasiyaya uyğun hərəkət etmək) əməl edir. 

2. İdrak fəaliyyəti

Uşaq:

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.

2.1.1. Dinləyib-anladığını verdiyi sual və cavablarla nümayiş etdirir.

2.1.2. 3-4 cümlədən ibarət mətn qurur.

2.1.3. Sadə nitq etiketlərindən ("bəli", "xeyr", "salam", "sağ ol", "çox sağ ol", "bağışla", "nuş olsun") istifadə edir.

2.1.4. Danışıq səslərinin müxtəlif dil vahidlərində (heca, söz, cümlə, mətn) yerini təyin edir.

2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.

2.2.1. Beş dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.

2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq və kvadrat) tanıyır.

2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət, həcm) görə qruplaşdırır və müqayisə edir.

2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlərlə əməliyyatlar (toplama, çıxma) aparır, əşyaların sadə sxemlərini qurur.

2.2.5. Məkana (sağ, sol, qabaq, arxa, irəli, geri, yuxarı, aşağı, alt, üst) görə özünün, əşyanın yerini müəyyənləşdirir və zamana (dünən, bu gün, sabah, səhər, günorta və axşam) görə hərəkətlərin ardıcıllığını təyin edir.

2.3. Əşya və hadisələri sadə şəkildə izah edir, fərziyyələr irəli sürür.

2.3.1. Özü, başqaları və ətraf aləm haqqında fikirlərini ifadə edir.

2.3.2. Baş verən hadisələrə münasibət bildirir, fərziyyələr irəli sürür.

2.3.3. Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq) əlamətinə görə fərqləndirir.

2.4. Vətən haqqında sadə təqdimatlar edir.

2.4.1. Adını, valideynlərinin adını, soyadını, ünvanını, ev telefonunu, milli mənsubiyyətini, dilini, dinini, cinsini sadalayır, özünəməxsus əşyaları qoruyur. 

3. Kommunikativ fəaliyyət

Uşaq:

3.1. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.

3.1.1. Ünsiyyət zamanı mövqeyini qoruyaraq əməkdaşlıq edir.

3.1.2. Ünsiyyət zamanı öz rolunu yaşına müvafiq qaydada tənzimləyir.

3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.

3.2.1. Ünsiyyət prosesində vəzifələrini anlayır və müxtəlif situasiyalarda onu nəzərə alır.

3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.

3.3.1. Fərdi qaydada əmək bacarıqları nümayiş etdirir. 

4. Estetik inkişaf

Uşaq:

4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri nümayiş etdirir.

4.1.1. Təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağızlar, gil və plastilin) təyinatına görə istifadə edir.

4.1.2. Rəsmetmə (verilmiş və müstəqil şeçilmiş mövzular üzrə sadə süjetlər çəkmək), yapma (verilmiş və müstəqil seçilmiş mövzular üzrə bir neçə fiqurdan ibarət sadə süjetlər yaratmaq) və yapışdırma (hazır və kəsdiyi kağızlardan, təbiət və tullantı materiallarından süjetli-dekorativ təsvirlər yaratmaq) bacarıqları nümayiş etdirir.

4.1.3. Sadə quraşdırma (tikinti, tullantı, təbiət materiallarından və kağızdan istifadə edərək müxtəlif modellər düzəltmək) bacarıqları nümayiş etdirir.

4.1.4. Musiqini dinləyərək, janrına, melodiyasına, ritminə, səs tonuna görə fərqləndirir, musiqi alətlərini (piano, qarmon, tütək, dəf, nağara, tar, kamança, metallafon) tanıyır və fərqləndirir, ifaçılıq (mahnı oxumaq; sadə rəqs hərəkətləri və uşaq musiqi alətlərində ifa etmək) bacarıqları nümayiş etdirir.

4.1.5. Müstəqil təsviri, musiqi və konstruktiv fəaliyyət göstərir, bayram və əyləncələrin hazırlanması və keçirilməsində iştirak edir. 

MƏKTƏBƏHAZIRLIQ QRUPU

(5-6 YAŞ) 

1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik

Uşaq:

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.

1.1.1. Fəaliyyətini gün rejiminə uyğunlaşdırır.

1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara5 uyğun istifadə edir.

1.1.3. Özünəxidmət vərdişləri (yatağını, xarici görünüşünü səliqəyə salmaq; təmizliyə riayət etmək) nümayiş etdirir.

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.

1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq; yemək dəstləri -  qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və səliqəli yemək) əməl edir.

1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (saçının səliqəsini, bədəninin, paltarlarının, dırnaqlarının, dişlərinin təmizliyini gözləmək; tez və səliqəli soyunub, geyinmək; paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) əməl edir.

1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya edir.

1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək yerimək və qaçmaq; yerində, uzununa və müxtəlif istiqamətlərə hoppanmaq; müxtəlif əşyaların üstü, altı və arası ilə sürünmək; məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla yeriş və yürüş; gimnastika nərdivanına istiqaməti dəyişməklə dırmanmaq; topu yerə vuraraq irəliləmək; kürəciyi diyirlətmək; qum kisəciyini atmaq) yerinə yetirir.

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər6 nümayiş etdirir.

1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli təbaşir, rəngli boya, mozaika, musiqi oyuncaqları, yapışqan, pazlalar, qayçı, düymə), təbiət, tullantı və tikinti materiallarından təyinatına görə istifadə edir.

1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə ümumiləşdirir və təsnif edir.

1.4. Təhlükəsizlik qaydalarına əməl edir.

1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və əşyalar, dərman və kimyəvi preparatlarla müvafiq qaydada davranmaq; yol hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun yanğınsöndürən, təcili yardım və polisə çağırışlar etmək; özünə və başqalarına ilkin yardım göstərmək; təbiət və fövqəladə hadisələr zamanı ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir. 

2.İdrak fəaliyyəti

Uşaq:

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.

2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət bildirir.

2.1.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.

2.1.3. Sadə nitq etiketlərindən ("bəli", "xeyr", "salam", "sağ ol", "çox sağ ol", "bağışla", "buyurun", "zəhmət olmasa", "nuş olsun", "xoş gəlmisiniz", "yaxşı yol"), jest və mimikalardan istifadə edir.

2.1.4. Verilmiş hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən mətnlər qurur.

2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.

2.2.1. On dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.

2.2.2. Əşyalar içərisindən dairə, üçbucaq, kvadratı seçir, fərqləndirir və müqayisə edir.

2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət və həcm) görə ümumiləşdirir, əşya və hadisələr arasında səbəb-nəticə əlaqələri yaradır.

2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar (toplama, çıxma, bərabər, qeyri-bərabər) və konstruktiv bacarıqlar (planlaşdırma, modelləşdirmə, sxemləşdirmə və simvollaşdırma) nümayiş etdirir.

2.2.5. Məkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamanla bağlı (ilin fəsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) ilkin riyazi əməliyyatlar yerinə yetirir.

2.3. Əşya və hadisələri sadə şəkildə izah edir, fərziyyələr irəli sürür.

2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik davranış) uyğunlaşdırır.

2.3.2. Baş verən hadisələr arasında səbəb-nəticə əlaqələri qurur.

2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış (qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş etdirir.

2.4. Vətən haqqında sadə təqdimatlar edir.

2.4.1. Ailə və vətən haqqında (dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar, milli sərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) sadə təqdimatlar edir. 

3. Kommunikativ fəaliyyət

Uşaq:

3.1. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.

3.1.1. Ünsiyyətini yaşadığı mühitin sosial normalarına (danışarkən qışqırmamaq; təhqir etməmək; nəzakətlə müraciət etmək; başqalarını dinləmək) əsasən tənzimləyir.

3.1.2. Öz hərəkətlərini başqalarının hərəkəti ilə müqayisə edir və qiymətləndirir.

3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.

3.2.1. Ünsiyyət qurduğu insanlar arasındakı fərqlərə (fiziki, irqi, milli, dini, cinsi, sosial) dözümlü yanaşır.

3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.

3.3.1. Fərdi qaydada və kollektivdə əmək bacarıqları nümayiş etdirir.

4. Estetik inkişaf

Uşaq:

4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri nümayiş etdirir.

4.1.1. Təsvir alətləri və vəsaitlərdən (sadə və rəngli karandaş, flamaster, rəngli təbaşir, kömür, rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağızlar, gil və plastilin, molbert, palitra) təyinatına görə istifadə edir.

4.1.2. Rəsmetmə (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında süjetlər yaratmaq), yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə obrazlar yaratmaq) və yapışdırma (müxtəlif kəsmə üsullarından istifadə edərək mövzular, bədii əsərlər, təsəvvürləri əsasında kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.

4.1.3. Verilmiş nümunə və sxemlər əsasında quraşdırma (fərdi və kollektiv şəkildə müxtəlif fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırma bacarıqları nümayiş etdirir.

4.1.4. Musiqini dinləyərək quruluşuna, janrına, melodiyasına, ritminə, səs tonuna, müəyyən hissəsinə görə fərqləndirir, ifaçılıq (solo və xorla oxumaq; musiqili-ritmik hərəkətləri yerinə yetirmək; uşaq musiqi alətlərində tək və ansamblda ifa etmək) bacarıqları nümayiş etdirir.

4.1.5. Müstəqil bədii yaradıcılıq (təsviri fəaliyyət, musiqi və konstruktiv fəaliyyət, rolların ifası) qabiliyyətləri nümayiş etdirir. 

(Ardı var) 


1. Yay vaxtı bütün yaş qrupları üçün ümumi duş qəbul etmə yeməkdən qabaq aparılır. Ayaqları üzərindən gah isti, gah da nisbətən aşağı temperaturda su axıdılır. Ümumi su prosedurlarından bütün bədənə su axıtmağa keçilir. Suyun ilkin temperaturu 34-35�, 2-3 gündən bir 1� azaldılaraq son temperatur 26-24�-dək endirilməlidir. Hava vannası qəbul edərkən havanın temperaturu 23�-dən artıq olmamalıdır.

2. Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik və yaradıcılıq kimi psixi-fiziki keyfiyyətlər inkişaf edir.

3. Ayaqlara su tökülməsi prosedurlarını fərqli temperaturlu su ilə təşkil edilir (34-35�, 2-3 gündən bir 1� azaldılaraq, son temperatur 26-24�-dək endirilməlidir). İsti suyun temperaturunu tədricən +40�-yə qədər qaldırmalı, soyuq suyun temperaturunu isə + 18�-dək aşağı salmaq. Yerli su prosedurlarında havanın temperaturu +20�-dən az olmamalıdır. Ümumi su prosedurlarında suyun ilkin temperaturu 34-35�, 2-3 gündən bir 1� azaldılaraq son temperatur 24-22�-dək endirilməlidir. Hava vannası qəbul edərkən havanın temperaturu 23�-dən artıq olmamalıdır.

4. Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik, yaradıcılıq, sürət, dözümlülük, çeviklik, cəldlik kimi keyfiyyətlər inkişaf edir.

5. Ümumi su prosedurlarında suyun ilkin temperaturu 34-35�, 2-3 gündən bir 1� azaldılaraq, son temperatur 24-22�-dək endirilməlidir. Qış fəslində orta və böyük qruplarda bu proseduru +26� olan su ilə davam etdirmək olar. Hava vannası qəbul edərkən havanın temperaturu 23�-dən artıq olmamalıdır.

6. Uşaq şəxsiyyətinin hərtərəfli inkişafı təmin olunur. Onlarda təmkin, israr, qətiyyət, cəsarət, təşkilatçılıq, təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq və fantaziya etmək kimi qabiliyyətlər inkişaf edir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov