Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Dünya universitetləri

 

Emori Universiteti

 
  Yerləşir:  ABŞ,  Corciya ştatı, Atlanta şəhəri  
Yaranma tarixi: 1836-cı il
Tipi: Özəl
İşçi heyətinin ümumi sayı: 23653 nəfər
Tələbələrin ümumi sayı: 13381 nəfər
İllik gəlirləri: 3142791000 ABŞ dolları
İllik xərcləri: 3133354000 ABŞ dolları  
Rəsmi saytı: www.emory.edu
 

  

Emori Universiteti (Emory University) ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən özəl elmi-tədqiqat müəssisəsidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Emori Universiteti 100 ən yaxşı ali məktəb arasında 90-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Emori  Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 61-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 107-ci yerdə qərarlaşıb. 

Tarixi 

1836-cı ildə Nyuton qraflığından bir qrup metodist yeni şəhər və kolleclər yaratmaq fikrinə düşür. Metodizmin yaradıcıları Con və Çarlz Ueslinin bitirdikləri Oksford Universitetinin şərəfinə şəhər Oksford adlandırılır. Yeni yaranan kollecə isə məşhur amerikalı metodist yepiskop Con Emorinin şərəfinə Emori Kolleci adı verilir.

1783-cü ildə Corciya ştatının qanunvericilik hakimiyyətinin "Təhsil kolleci və seminariyası" qanununa əsasən Emori Kolleci fəaliyyətə başlayır. 1835-ci ildə Corciya ştatının rəhbərliyi Kovinqton şəhərində əmək məktəbi yaradır. 1836-cı il dekabrın 10-da Corciya ştatının Baş Assambleyası Emori Kollecinə xartiya verir. İki il sonra, sentyabrın 17-də ali məktəbin prezidenti İqnati Alfonso Fyu, 3 müəllim və 15 nəfər tələbə ilə kollecdə dərslər başlanılır.

Emori Kollecində hökm sürən ciddi mühit XIX əsrin sonlarınadək davam edir. Kollecin nizamnaməsində tədris dövründə tələbəyə təhsil ocağını və şəhəri tərk etmək qadağan olunur. 1890-cı ildə Uorren Kandlerin kollecə rəhbərlik etdiyi dövrədək burada ali məktəblərarası idman yarışlarının keçirilməsi qadağan olunur. Kollecdə hesab edirdilər ki, idman tələbəni təhsildən yayındırır.

Vətəndaş müharibəsi dövründə Emori Kolleci qısa müddətə bağlanır. 1866-cı ildə Emori Kolleci yenidən fəaliyyətə başlasa da, universitetin kitabxanası dağıdılmış, avadanlıqlar isə yox dərəcəsində idi. Yalnız dövlət qrantı hesabına ali məktəb bərpa oluna və fəaliyyətini davam etdirə bilərdi.

Bütün cənub ştatları kimi Corciya ştatı da Vətəndaş müharibəsindən sonra maliyyə böhranından çıxmağa can atırdı. Həmin dövrdə bu ştatdakı ali məktəblərin maddi durumu heç də ürəkaçan deyildi. Emori Kolleci də ilk inkişaf mərhələsinə 1880-ci ildə qədəm qoyur. Həmin il ABŞ-da bayram günü kimi qeyd edilən Minnətdarlıq günündə Emori Kollecinin prezidenti Attikus Heyqud quldarlığın ləğv olunması barədə minnətdarlıq nitqi söyləyir. Bu çıxış Nyu-Yorkun Bruklin rayonundan olan bankir və metodist Corc Seneyin diqqətini cəlb edir və universitetə maliyyə yardımı ayrılmasına şərait yaradır. C.Seney universitetə borclarını qaytarmaq üçün 5000, tikinti işləri üçün 50000, yeni fond yaratmaq üçün isə 75000 ABŞ dolları bağışlayır. Heyqudun prezidentliyi dövründə universitetdə bir çox texniki və peşə fənn fakültələri açılır, müxtəlif proqramlar qəbul edilir.

Heyquddan sonra kollecə rəhbərlik edən İsaak Stayls Hopkins tərəfindən bu təhsil müəssisəsində Texnologiya departamenti yaradılır. 1919-cu ilin sentyabrında Atlantada fəaliyyət göstərən İlahiyyat, Hüquq, Tibb, Biznes məktəbləri Emori Kollecinə birləşdirilir və kollec universitet statusu alır.

Emori Universitetinin inkişaf tempi 1979-cu ildə Robert və Corc Vudraffların universitetə 105 milyon ABŞ dolları bağışlamasından sonra köklü surətdə dəyişir. Həmin dövrdə bu məbləğ ABŞ ali məktəblərinə bağışlanmış ən böyük vəsait idi. Bundan sonra universitet sürətlə irəliləyir.  

Büdcəsi və təhsil haqqı 

2010-cu ildə Emori Universitetinin illik gəlirləri 3142791000 ABŞ dolları olub. Bu vəsaitin 344975000 ABŞ dollarını federal qrant və sazişlər, 448689000 ABŞ dollarını təhsil haqqı və təhsil sazişləri, 137460000 ABŞ dollarını tibbi xidmət, 60648000 ABŞ dollarını köməkçi müəssisələr, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib.

Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 3133354000 ABŞ dolları olub. Bu məbləğin 1867293000 ABŞ dolları əməkdaşların əməkhaqqı, 159236000 ABŞ dolları amortizasiya, 11625000 ABŞ dolları tələbələrin təqaüdü və yardımlar, qalanları isə digər əməliyyat xərcləri olub. 2010-cu ildə Emori Universitetinin İanə fondunun gəlirləri təxminən 4700000000 ABŞ dolları təşkil edib.

2011-2012-ci tədris ilində Emori Universitetində oxumaq üçün tələbəyə təhsil haqqı daxil olmaqla ümumilikdə 55992 ABŞ dolları lazım gəlir. Belə ki, tələbələrə təhsil haqqı üçün 41164-45098, yataqxanada qalmaq üçün ildə 6988, qidalanmaq üçün 4640, kitab və dərs ləvazimatları üçün 1100, nəqliyyat xərcləri üçün 2100 ABŞ dolları gərəkdir. Bu ali məktəbdə təhsil haqqı tələbənin qəbul olunduğu kollec və məktəbdən asılı olaraq dəyişir. 

Universitet bu gün 

Emori Universitetinin əsas kampusu Atlanta şəhərinin kənarında Druid Hills adlanan 600 akr ərazidə yerləşir. Bu ərazidə dünya üzrə məşhur "Coca-Cola", "Home Depot", "AT&T Mobil", "UPS", "Delta Air Line", "Turner Broadcasting" kimi şirkətlərin qərargahları mövcuddur. Atlanta şəhərinin əsrarəngiz yerləri kimi dünyada ən böyük örtülü akvariumu, Bədii muzeyi, CNN mərkəzini qeyd etmək olar. Universitetin kampusunda tikilən yeni binalar ekoloji təmizliyə və energetika tələblərinə cavab verir. Kampusun yaşıllaşdırılması üzrə universietdə xüsusi işlər aparılır. Yeni tikili üçün kəsilən hər bir ağacın yerində mütləq başqası əkilir. Universitetin bağlarında müxtəlif meyvə və tərəvəzlər becərilir, tələbə və müəllimlərin qidalanmasında həmin məhsullardan istifadə olunur. Eyni zamanda kampusda palıd, maqnoliya, şaftalı, zoğal və şam ağacları çoxluq təşkil edir, kiçik çaylar axır. Druid Hills kampusunun landşaftı memar Frederik Lo Olmsted, Con Portman, Maykl Qreyvs  və Henri Hornbostel tərəfindən hazırlanıb. Kampusun mərkəzi universitetin "Quad" (Dördbucaq) adlanan hissəsi hesab olunur. Hər yaz "Quad" ərazisində tələbələrə diplomların verilməsi mərasimi keçirilir. Buradakı çəhrayı və boz mərmərdən inşa edilmiş qədim binalar Milli Tarixi Yerlər Reyestrinə daxil edilib. Universitetin prezidentinin rezidensiyası Lulvoter Hausda meşəlik və qazonların arasında yerləşir. DUC adlanan yerdə kafelər, poçt bölmələri, yataqxanalar mövcuddur.

Druid Hills kampusunda tələbə, müəllim və digər əməkdaşlara nəqliyyat xidmətini "Kliff transfer" göstərir. Alternativ nəqliyyat növü kimi velosipedlərə üstünlük verilir. Kampus ərazisində akademik binalar və yataqxanalarla yanaşı Karlos muzeyi, kitabxanalar, Luluoter qoruğu, Karter Mərkəzi, Uinşip Xərçəng İnstitutu binaları yerləşir. 

Emori Universitetində aşağıdakı kollec və məktəblər fəaliyyət göstərir:

Emori Humanitar və Dəqiq Elmlər Kolleci universitetin ilkin olaraq yaradılan bölmələrindən biridir. Kollecdə Afrika, Amerika, Qədim Aralıq Dənizi, Şərqi Asiya, Təhsil, Katolik, İngilis, Fransız, İtalyan, Alman tədqiqatları, İncəsənətin tarixi, Klassika, Rəqs, Antropologiya, Müqayisəli ədəbiyyatşünaslıq, Kreativ yazı, Film və media, Tarix, Humanitar elmlər, İqtisadiyyat, Ekologiya, Biologiya, Kimya, Səhiyyə və fiziki təhsil, Qlobal səhiyyə, mədəniyyət və cəmiyyət departamentləri mövcuddur.

Universitetin Oksford Kolleci Atlanta şəhərindən şərqdə yerləşir və tələbələr burada bakalavr səviyyəsinin iki kursunda təhsil alırlar. İkinci kursdan sonra tələbələr Emori Humanitar və Dəqiq Elmlər Kollecinə və ya Goisueta Biznes, Nell Hocson Vudraff Tibb bacısı məktəblərinə qəbul ola bilərlər. Kollecdə Afrika-Amerika, Asiya və Asiya-Amerika, Şərqi Asiya, Ərəb, Katolik tədqiqatları, Klassik mədəniyyət, Musiqi, Rəqs və hərəkət, Tarix, Çin dili və ədəbiyyatı, İngilis dili, Yəhudi dili, Sanskrit, Tarix, Müqayisəli ədəbiyyatşünaslıq, Astronomiya, Beynəlxalq münasibətlər, İqtisadiyyat və tarix, İqtisadiyyat, riyaziyyat və kompüter elmləri, Tətbiqi səhiyyə, Geologiya, Antropologiya və din, Antropologiya və insan biologiyası, Psixologiya, Fəlsəfə, Memarlıq, İncəsənətin tarixi, Biologiya, Kimya, Əczaçılıq, Qadın tədqiqatları departamentlərindən ibarətdir. 

Goisueta Biznes Məktəbinin proqramları biznes üzrə liderlər yetişdirməyə yönəlib. Məktəb biznes sahəsi üzrə BBA, BMA, PhD proqramları təklif edir.   

Laney Diplomdan Sonrakı Təhsil Məktəbi universitetin digər kollec və məktəbləri ilə əməkdaşlıq edərək 40-dan çox doktorluq, magistr proqramı təklif edir. Tələbələr humanitar, ictimai, dəqiq elmlər, biznes, tibb, biotibbi mühəndislik, ilahiyyat sahələri üzrə tədqiqatlarını davam etdirirlər.

Hüquq Məktəbi din, beynəlxalq münasibətlər hüququ, feminist hüquqşünaslıq, hüquq nəzəriyyəsi, qanunvericilik və təcrübə sahələri üzrə tədqiqatlar aparır. Məktəb təhsilin üç səviyyəsi üzrə proqramlar təklif edir.

Tibb Məktəbi 19 kliniki bölmə (Anesteziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə və profilaktik tibb, Ginekologiya və mamalıq, Gematologiya və tibbi onkologiya, Tibb, Neyrocərrahiyyə, Nevrologiya, Oftalmologiya, Ortopediya, Otolarinqologiya, Patalogiya və laborator tibb, Pediatriya, Psixiatriya, Radiasiya onkologiyası, Radiologiya, Bərpa tibbi, Cərrahiyyə) və 8 əsas fakültədən (Biokimya, Biotibbi mühəndislik, Biotibbi informatika, Sitologiya, İnsan genetikası, Mikrobiologiya və immunologiya, Farmokologiya, Fiziologiya), eləcə də Biostatistika Məsləhət, Nevrologiya, Yaşlıların sağlamlığı, Zədələrin idarə olunması, Neyrodegenerativ xəstəliklər, Cərrahiyyə anatomiyası və texnika, Emori Vaksinasiya mərkəzlərindən ibarətdir. Məktəbdə elmi nəzəriyyə və tədqiqat, xəstələrin müalicəsi və digər təcrübə işləri aparılır.    

Nell Hocson Vudraff Tibb Bacısı Məktəbi tibbi-sanitar yardım, tibbi xidmət sahələri üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. Məktəb tələbələrinin təcrübəsi və tədqiqatların həyata keçirilməsi məqsədi ilə 300-dən çox müxtəlif kliniki müəssisə ilə əməkdaşlıq edir. Məktəbə Qlobal Sağlamlıq, Uinşip Xərçəng, Nevrologiya Təşəbbüsü, Kliniki Atlanta və Translyasiya institutları, Alsheymer Xəstəliklər Mərkəzi daxildir. 

Rollins İctimai Səhiyyə Məktəbi biostatistika, davranış elmləri və sanitar təhsil, ətraf mühitin gigiyenası, epidemiologiya, qlobal səhiyyə və səhiyyənin idarə olunması siyasəti üzrə tədqiqatlar aparır. Məktəb Davranış elmləri və sanitar maariflənmə, Biostatistika və bioinformatika, Ətraf mühitin gigiyenası, Epidemiologiya, Səhiyyə siyasəti və idarə olunması, Hyubert qlobal səhiyyə departamentlərindən ibarətdir. 

Kandler İlahiyyat Məktəbi Birləşmiş metodist kilsəsinin 13 seminariyasından biridir. Məktəbin tələbələri magistratura və doktorantura səviyyələrini Emori Biznes, Hüquq və İctimai Səhiyyə Məktəblərində davam etdirə bilərlər.

Emori Universitetinin kitabxana sistemi Robert Vudraff, Əsas və səkkiz sahə kitabxanasından ibarətdir. Kitabxana sisteminə ümumilikdə 3,7 milyon cild kitab, 56000-dən çox elektron jurnal daxildir. Robert Vudraff kitabxanasında humanitar, sosial və dəqiq elmləri əhatə edən kitablar saxlanılır. Əsas kitabxanada Şatten qalereyası, Kompüter Öyrənilməsi Mərkəzi, Metison oxu zalı və Asa Qriqqs Kandler tarixi kitabxanası mövcuddur. Universitetdə Biznes, Kimya, Tibb elmləri, Hüquq,  MARBL (Əlyazma, arxiv və nadir kitablar), Merian Heylbran Musiqi və multimedia, Oksford Kolleci, Pitts İlahiyyat sahə kitabxanaları fəaliyyət göstərir.

Emori Universitetinin prezidenti professor Ceyms Vaqner, prorektoru isə Erl Lüisdir.  Universitetdə ümumilikdə 23653 nəfər işçi çalışır. İşçilərin 12563 nəfərini universitetin professor-müəllim heyəti, 11090 nəfərini isə ali məktəbin tibb müəssisələrindəki işçi personalı təşkil edir. Ali məktəbin əməkdaşları arasında onlarla Nobel, Pulitser mükafatı laureatları, Quqqenheym, Fulbrayt təqaüdçüləri, ABŞ Milli Elmlər Akademiyasının üzvləri mövcuddur.

2010-2011-ci tədris ilində universitetdə 13381 nəfər tələbə təhsil alıb. Tələbələrin 7231 nəfəri bakalavr, 6150 nəfəri isə magistr və doktorant olub.

Emori Universitetində 20-dən çox yataqxana və onlarla yeməkxana-restoran fəaliyyət göstərir. Universitet tələbələrinin 70%-dən çoxu yataqxanalarda məskunlaşır. Universitetdə əsasən I-II kurs tələbələrindən yataqxanada qalmaq tələb olunur. Universitet şəhərciyində ən adi yataqxanalardan başqa lüks mənzillər də vardır. Hazırda birinci kurslar üçün 4 yataqxana kompleksi mövcuddur (Nyu-Turman, Fyu, Evans, Lonqstrit-Mils).

Emori Universiteti Corciya ştatında elmi tədqiqatlar üçün ən çox maliyyə yardımı ayıran ali məktəb kimi tanınır. Universitetin akademik proqramları humanitar və dəqiq elmlər, biznes, hüquq, ilahiyyat, səhiyyə və digər sahələrin inkişafına yönəlib. Nizamnaməsində "Təhsil ictimaiyyətin və ayrıca hər bir şəxsin həyatında mənəvi gücdür" yazılan Emori Universiteti daim yeniliklər axtarışındadır və bütün dünyada ən müasir tədqiqatlar aparan elmi-tədqiqat müəssisəsi kimi böyük nüfuza malikdir.

Universitetin məşhur məzunları 

  Alben Berkli   ABŞ-ın 35-ci vitse-prezidenti  
  Ferris Brayant   Florida ştatının 34-cü qubernatoru  
  Lado Qurgenidze  Gürcüstanın sabiq baş naziri  
  Li Honq-ku  Koreyanın 26-cı baş naziri  
  Melvin Tompson    Corciya ştatının sabiq qubernatoru  
  Robert Elliot   sabiq ABŞ siyasətçisi və federal hakimi  
  Luis Harlan ABŞ tarixçisi, Pulitser mükafatı laureatı  
  Klod Sitton "Nyu-York Tayms" qəzetinin redaktoru, Pulitser mükafatı laureatı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov