Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Təhsildə qlobal trendlər

 

Yeni dövrdə bilik qazanma anlayışları dəyişir. Artıq təhsilalanlar təhsilverənlərdən klassik bilik qazanma metodlarının əvəzində  araşdırmaya  və  öyrənməyə qabil   dəyərlər tələb edirlər. Dünyanın dəyişmə sürəti xüsusilə son 20 il ərzində o qədər artıb ki,  iqtisadi həyatda, sosio-mədəni dəyərlərdə, elm və texnologiyada və həyatın bütün sahələrində dinamik dəyişikliklərə şahid oluruq. Bütün bu dəyişikliklər ali təhsil sektoru, universitet anlayışı və idarəetmə modellərinə, təhsil və tədris texnologiyalarına əsaslı surətdə təsir göstərir. Bütün gələcək düşüncənin yol xəritəsini müəyyənləşdirəcək trendləri təsbit etmək üçün təkcə idarəetmə qurumlarının deyil, həm də insanların çalışma etika və mentalitetinin  dəyişməyə böyük ehtiyac var. Bu gün əsasını Yaponiya fəlsəfəsində tapan faydalı və vaxtı qızıl kimi dəyərləndirərək çalışma anlayışı olan  "karoşi" bütün dünyada  qlobal trend olur. Artıq 7/24 işarəsi həyatımıza çox sürətlə daxil olub. Cloud computing (bulud kompyutinq) adlandırılan yeni bir inkişaf trendi  insana hansısa bir çay kənarında, parkda, dağ başında ağacın altında ofisində olduğu kimi işləmək imkanı verir. Bir daha qeyd edək ki, təhsil insan cəmiyyətinə yeni hədəflərə çatmaq  üçün bir vaxtlar  sinfi mübarizələr tarixində əsas çağırış olan - iş saatlarının azaldılması şüarları ilə inqilabi hərəkat ideyalarından sarsılan kapitalizmin  yeni istehsal münasibətləri və qüvvələri ilə çalışma anlayışını yenidən təsdiqlədi və bu dəfə "time management-7/24" çalışmaq fəlsəfəsi ilə insanları baş-başa buraxdı.

Bəs müasir dünyada   təhsil fəlsəfəsinin  gələcək trendləri ilə bağlı əsas inkişaf meyarları hansılardır?

Bildiyimiz kimi, yaşadığımız  dövrdə  təhsil insan fəaliyyətinin  ən mühüm sahəsidir  və  xüsusilə də ali təhsil sosial və iqtisadi  tərəqqinin ən mühüm faktoruna çevrilib. Bu yanaşma həm də onunla bağlıdır ki, müasir cəmiyyətin ən böyük kapitalı və başlıca dəyəri yeni biliklərə və qeyri-standart  düşüncəyə  sahib olan  insandır.

Hələ XX əsrin  60-cı illərinin ortalarında bir çox alimlər subyektiv olaraq belə qənaətə gəlmişdilər ki, bəşəriyyətin qarşısında duran çoxsaylı  kəskin problemləri  elm-təhsil həll etməyə qadir deyil. Burada söhbət təhsilin böhranı anlayışından, ənənəvi təhsil metodlarının bu böhranı yaratmasından gedirdi. 1968-ci ildə məşhur Amerika alimi Kumbs ilk dəfə olaraq təhsilin həll olunmayan  problemlərindən danışaraq ayrı-ayrı ölkələrdə rast gəlinən bu problem dalğasının müxtəlif inkişaf səviyyələri olan ölkələrdə özünü göstərəcəyini qeyd etmişdir.

Bütün bu yanaşmalara  baxmayaraq, bəşəri inkişafın təhsillə mümkün olduğu çox ciddi qəbul edilən bir gerçəklikdir. Təhsil insanın cəmiyyətdə, ətraf mühitdə və sosial müstəvidə  uğur qazanmasında, azadlıq, sosial ədalət ideallarına çatmasında əsas vasitədir.

Ötən  əsrdə  dünya  iqtisadiyyatdan siyasətə, təhsildən sənətə qədər  hər  sahədə  yaşanan  elm və texnoloji yeniliklərə səhnə olmuşdur. Bu tendensiya yaşadığımız yeni dövrdə xüsusi çalar daşıyır  və yeni keyfiyyət istiqamətləri ilə zənginləşir. "National School Board "assosiasiyasının  raportuna  görə, 

* Dünyanın bilik təməlləri hər 2-3 ildə ikiyə bölünür.

* Hər gün 7000 elmi və texniki məqalə yayınlanır.

* Sənaye cəmiyyətlərində orta dərəcəli məktəblərdən məzun olanlar, öz ata-babalarının bütün həyatı boyunca aldıqları informasiyadan daha artıq informasiya seli ilə qarşılaşırlar.

* Gələcək 30 il ərzində baş verəcək  yeniliklərin,  ötən  300 ildəkindən  daha artıq olacağı proqnozlaşdırılır.

Deməli qloballaşma ilə ortaya çıxan  yeni sənayeləşmə, sürətli dəyişikliklərin yönləndirdiyi təhsil   qlobal çevrədə yeni insan qaynaqlarının  yetişdirilməsini  tələb edir. Yüksək  rəqabət şəraiti insan qaynaqlarının ömürboyu təhsilini şərtləndirir. Yeni imkanlar şəraitində təhsil almağın maliyyə şərtləri çox yüksəkdir. Belə ki, veb əsaslı tədris imkanları uzaqdan təhsilin yeni bir çevrəsi  olaraq buna sistemli bir cavabdır. Çünki bu cür təhsil aşağı maliyyə, tədris mühiti, zaman və məkan baxımından  çevik şərtləri ilə çox əhəmiyyətlidir. Buradan da göründüyü kimi, yaşadığımız əsrə damğasını vuran iki böyük inqilab həyat şərtlərimizi və deməli, təhsilimizin hədəflərini də dəyişir. Bunlardan biri rəqəmsal, digəri isə genetik inqilablardır. Rəqəmsal inqilablar informasiya texnologiyalarından asılılığımızı  artırmaqla, eyni zamanda həyatımızın bütün sahələrində  gələcəyə geniş üfüqlər açır. Eləcə də genetik inqilablar demoqrafik  dəyişikliklərin  əsas  səbəbi olur. Bütün bu dəyişikliklər təhsildə yeni paradiqmaların hansı təməllər üzərində bərqərar olmasına həm zəmin yaradır, həm də yeni şərtlər irəli sürür. Bəs bu paradiqmalar, trendlər hansı müstəvidə formalaşmalıdır?

Bunları aşağıdakı şəkildə belə qruplaşdırmaq olar:

* Müasir dünyada qlobal trendlər ilə beynəlxalq əmək bazarının tələblərini izləmək;

* Alternativ düşüncə, ömürboyu öyrənmə, onlayn təhsil vərdişlərinə yiyələnmə;

* Şəffaflıq, hesabatlılıq, bərabərlik və təhsildə əlyetərlilik.

Düşünürəm ki, təhsil müasir həyatımızda  bu trendlərin hesabına cəmiyyətdə  innovativ, yaradıcı təşəbbüsləri dəstəkləməli, biliyi istifadə etmədə fərq yarada bilmə bacarığına sahib olmalıdır.  Bunun üçün təhsilşünaslar hesablayıblar ki, yeni yüzillikdə beynin təkcə  sol yarımkürəsini inkişaf etdirmək yetərli deyil. Bildiyimiz kimi, insan beyni  iki yarımkürədən ibarətdir. XX əsr boyunca təhsildə xüsusilə sol beyni, İQ ilə ölçdüyümüz beyin kütləsini inkişaf etdirmək hədəflənmişdir. Analiz etmə, rasional düşünmə, məntiqi təfəkkür daha çox sol beynin aktivindədir.

Ancaq XXI əsrdə  artıq beynin sağ yarımkürəsi, yəni hissedən beyin son dərəcə önəmlidir. Araşdırmalar göstərmişdir ki, sağ beyin xəyal gücünü, spontanlığı, sintez etməyi, yaradıcılıq təşəbbüslərini  özündə daha işlək hala gətirən beyin qismidir və bu beyin yarımkürəsi  inkişaf etdikcə, sol beyin  öz potensialından  daha  çox istifadə edir.

Hər iki beyin yarımkürəsindən  istifadə etmək və  bu fəaliyyəti birgə sinxronlaşdırmaq  müasir təhsilin qarşısında duran ən mühüm məqsədlərdən biridir.  Bununla da sosiumun yeni kreativ və ya meta bacarıqlara  sahib olması təhsildə əsas hədəflərdən hesab olunur. Bir daha qeyd edim ki, burada əsas diqqət özünü idarəetmə və yeni  bacarıqların  qazanılması prosesinə yönəldilməlidir. Təhsildə meta bacarıqlar dedikdə öyrənməyi öyrənmək, özünü idarəetmə - yəni sosial ünsiyyət vərdişləri kimi keyfiyyətlər başa düşülür. Bu yanaşmada  edukoloqlar  yaşadığımız əsrdə  təhsilin əsas missiyasını  dərk etmək üçün aşağıda  adları  qeyd olunan modellər və oriyentirlər üzərində müzakirələr aparırlar:

* Təhsildə proaktiv yanaşma;

* Problem əsaslı öyrənmə;

* Öyrənən məktəb modeli, self servis təhsil xidmətləri;

* Postmodern düşüncə mühiti;

* Beyin təməlli öyrənmə və sair yanaşmalar.

Təhsil mütəxəssisləri  artıq indiyədək  təhsildə dəbdə olan əzbərçi  formanın alternativlərinin geniş tətbiq modellərini təklif edirlər. Deməli, yeni paradiqmaya uyğun olaraq  öyrədən və öyrənənlərin rollarını bu missiyaya uyğun formalaşdırmaq zərurəti ortaya çıxır. Məşhur Eynşteynin də  qeyd etdiyi kimi, "uğur istifadə etdiyimiz alətlərdə deyil, yanaşmalardadır". Təhsildə  bu yanaşmalardan ən önəmlisi informasiya texnologiyalarıdır.

Son illərdə dünyada çox sürətli dəyişikliklərin baş verdiyi, reallaşdırılan yeniliklərin ictimai, siyasi və iqtisadi sahədə təsirini göstərdiyi müşahidə olunur. Məsələn, informasiyanın toplanması, işlənməsi, ötürülməsi, istifadəsi və yeni informasiya istehsalına yönələn hər sahədə informasiya və kommunikasiya texnologiyasında dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Bu dövrün səciyyəvi xüsusiyyəti, ictimai həyatımızdakı ümumi ab-havaya uyğun olaraq təhsil anlayışında da bəzi dəyişiklikləri zəruri edir. Çünki informasiya cəmiyyətinə çatmaq yolundakı prosesdə informasiya əsaslı dəyişikliklər insanların təhsildən gözləntilərini də müxtəlifləşdirərək dəyişdirmişdir. Ənənəvi təhsil anlayışının kifayət etmədiyi günümüzdə, bütövlükdə təhsildə - təhsil proqramlarının məzmununda köklü yeniliklər və bir sıra dəyişiklikləri hesablamaq  bir zərurət olaraq qarşımıza çıxır.  

Qeyd edək ki, 21-ci əsr ali təhsil sistemi bilik və informasiya texnologiyalarına bağlı olaraq formalaşmaqdadır. Və bu yanaşmada "təhsil" yerinə "öyrənmə" anlayışı ön plana keçir. Təhsil təsirli bir aktdır. Daha açıq bir ifadə ilə, təhsildən söz açıldığında bir tərəfin aktiv, digər tərəfin isə passiv olduğu bir vəziyyət müzakirə obyektidir. Tarixən ənənəvi təhsil sistemində tərbiyəvi, passiv vəziyyətdə olan tələbəyə bilik vermək  üsulu əsas olmuşdur. Halbuki "öyrənmə",  fərdin  bilavasitə  öz  səyləri ilə bilik qazanmağa çalışmasıdır. Müasir bilik cəmiyyətində "E-təhsil" (e-learning) olaraq adlandırılan təhsil metodunda problemə əsaslanan öyrənmə (aktiv təhsil) demək olar ki, bilik və informasiya texnologiyalarının köməyilə həyata keçirilir.

Yuxarıda da ifadə edildiyi kimi, ənənəvi təhsil sistemi tərbiyəvi/öyrədici mərkəzlidir. Ənənəvi təhsil sistemində təsbit olunan  məqamlardan  biri müəllim-tələbə münasibətlərində qarşılıqlı təsirin (interactivity) olması zərurətidir. Burada diqqət yetiriləsi əsas  nöqtə bu interaktivliyin miqyası, keyfiyyətə təsiri  nəticəsində mümkün olacaq öyrənmə aktıdır. Ənənəvi təhsil sistemində interaktivliyin keyfiyyətinin artırılması üçün gərəkli multimedia təchizatının bütün dərsliklər səviyyəsində istifadə olunmaması əsas problemlərdəndir. Ancaq bilik çağında bilik və informasiya texnologiyalarındakı ağlasığmaz inkişaf sayəsində bilik əldə etmənin asanlaşması və xərclərin azalması səbəbilə ənənəvi "tərbiyəvi əsaslı" (instructor based) təhsil sisteminin yerini çox sürətli bir şəkildə "təhsil əsaslı" (learned based)  e-təhsil sistemi tutur. Paradiqma artıq öyrədici əsaslı təhsildən öyrənən əsaslı bir müstəviyə doğru dəyişir. Öyrənən əsaslı təhsil (learner based education) olaraq adlandırılan yeni paradiqma virtual təhsil (virtual education), uzaqdan təhsil (distance education) və ya qarışıq öyrənmə (blended learning) ilə birlikdə ənənəvi təhsil sistemində paradiqma dəyişikliyinə yol açmışdır.

E-təhsil (e-Learning), texniki bir təriflə, e-öyrənmə; İnternet, intranet, extranet və ya digər İnternet-əsaslı texnologiyalar ilə həyata keçirilən sinxronizə (eyni vaxtda) və asinxronizə (eyni vaxtda olmayan)  öyrənmə metodlarına verilən addır. Daha sadə bir tərif vermək lazım gələrsə, müxtəlif texnologiyaların (İnternet, intranet kimi informasiya şəbəkələri, CD-ROM, cib telefonu və s.) istifadə edilərək bilikləri və öyrətmə materiallarının istifadəçilərə çatdırılmasıdır. E-təhsil, görüntülü və səsli ünsürlərlə zənginləşdirilmiş öyrənmə mövzuları və bunları dəstəkləyən müxtəlif testləri təqdim edə bilən, məsələ ilə əlaqədar lazımi informasiyanın əldə edilməsini asanlaşdıra bilən və ən önəmlisi interaktiv şərait yarada bilən bir öyrənmə sistemidir.

Kompüterlərin informasiyanı səsli, görüntülü və mətn əsaslı təqdim etməsi nəticəsində tələbələr görərək, eşidərək və oxuyaraq öyrənə bilirlər. Belə olanda hər öyrənmə qrupuna mənsub tələbəyə uyğun bilik verilir və klassik sinif şəraitində  olduğundan daha uzunmüddətli bir öyrənmə həyata keçirilir.

"Techonomy - 2010" konfransında çıxış edən  Bill Gates gələcək illər ərzində öyrənmə prosesinin necə olacağına dair öz proqnozlarını irəli sürərək qeyd etmişdir ki, "heç bir universitet gələcəkdə  tələbələrinə  ehtiyac duyduğu tədris  qaynaqlarını öyrətməkdə İnternetlə  yarışa bilməyəcək. Gates universitet təhsilinin  gələcək beş il içində beşqat daha önəmsiz olacağını, yeni e-təhsil dərs qaynaqlarını  gəncləri  maarifləndirmədə önəmli rol qazanacağını bildirmişdir.

Bill Gatesin fikrincə, e-təhsildə öyrədən və öyrənən arasındakı ünsiyyət iki yolla aparıla bilər:

Eyni vaxtda (sinxronizə):  Öncədən müəyyən edilən proqrama görə öyrədənlə öyrənən İnternet vasitəsi ilə birbaşa ünsiyyət qurub təhsil fəaliyyətlərini davam etdirə bilər. Əgər öyrənənlərin sayı bir neçə olursa, görüntülü konfrans keçirilə bilər. Hər iki halda da ikitərəfli bir ünsiyyət və interaktivlik yaranır.

Eyni zamanlı olmayan (asinxronizə) ünsiyyət: Öyrənənin öz istədiyi zamanda CD-ROM istifadə etməsi və ya təqdimatçı tərəfindəki sistemə girməsidir. Hər iki halda da öncədən hazırlanmış və öz içində qarşılıqlı təsirlənməsi olan proqramların izlənə bilməsidir.

Dünya miqyasında  e-təhsilin qət etdiyi miqyası rəqəmlərin dili ilə qısaca olsa da  ortaya qoymağa çalışaq. International Data Corporation (IDC) adlı qurumun verdiyi statistikaya görə, bütün dünyada peşəiçi təhsil sektorunun rəqəmsal həcmi 2004-cü ilin sonundan etibarən 60 milyard dollara yaxındır və bunun 6,6 milyard dollarını e-təhsil fəaliyyətləri təşkil etməkdədir. E-təhsil bazarının 2012-ci ildə 50 milyard dollara çatacağı təxmin edilir. ABŞ-dakı Phoneix Online Universitetinin araşdırmasına görə, ümumilikdə e-təhsil bazarı 2002-ci ildəki 10,3 milyard dollarlıq səviyyəsindən 2006-cı ildə 83,1 milyard dollara çatmışdır.

Ənənəvi  təhsil məfhumunu, sənaye inqilabının ən böyük kəşflərindən biri olan "fabrik" nişanı təmsil edir. Beləcə müasir dərketmədə məktəb də fabrik kimi istehsalçı bir qurum olaraq dərk edilir. Təhsil məfhumunun ehtiva etdiyi bu yeni "davranışlar nəzəriyyəsi" qısa zamanda bir sıra davranış modelləri ilə həyata keçirilmişdir. Fabrik simvolunun müasir  məktəbə necə tətbiq edildiyi aşağıdakı bir nümunə ilə izah edilir.

"Məktəb fabrik kimi nəzarət mərkəzində təşkilatlanmış bir orqan olaraq nəzərdə tutulur. Zəng zamanı, bərabər bölgüyə ayırır. Təxminən bir saata yaxın müəllim suallar verir, şagirdlər cavablandırır, zəng çalınır, kitablar səs-küylü şəkildə bağlanır. Səs-küylə qarışıq danışıq və gülüş səsləri sinifləri və dəhlizləri doldurur, dəqiqələr keçir və başqa bir zəng çalınır, izdiham yavaş-yavaş sıraların içinə yayılır, sonra gülüş və danışıqlar, səssizlik, "Yadınızdadırsa, keçən dərsimizdə..." Yeni bir dərs başlamışdır.Təhsilə tətbiq etməyə çalışılan fabrik anlayışı, məktəbi əmələ gətirən komponentlərin (şagird-müəllim-idarəçi) rollarına da təsir etmişdir. Bu anlayış sinif içərisində müəllimi usta, şagirdi isə fəhlə olaraq görməyimizə yol açır. Şagird, təsir edilən, dinləyən, icazə  verildikdə danışan, həmişə nəzarətdə saxlanılan və əzbər gücü ilə ölçülən bir öyrənçi rolunda çıxış edir. Müəllim isə sinif adlandırılan müəyyən bir müddət içərisində və onlara verilən proqram çərçivəsində informasiya ötürən, əzbər şablonları hazırlayan və onları ölçən (yəni şagirdlərə verdiyinin nə qədərini geriyə aldığını) müəyyən standartların xaricinə çıxa bilməyən öyrədəndir.

Məktəb idarəçisi isə iyerarxik bir quruluş içərisində məktəb idarəetməsinə (müəllim-şagird) nəzarət edən, bürokratik işləri izləyən, müəllim və şagirdlərə qarşı məsafəli, bir çox hallarda yenilik əleyhdarı, dəyişikliyə müqavimət göstərən, hər şeyi özünün bildiyini iddia edən və "məktəb" adlı sistemi təkbaşına idarə etməyə çalışan məktəbin rəhbəri mövqeyindədir.

Günümüzdə təhsilə hakim olan "davranışlar nəzəriyyəsinə" zəmin hazırlayan bu fabrik simvolundan yuxarıdakı rollara əlavə olaraq bir sıra davranış örnək və nümunələri meydana gəlmişdir. Bunların demək olar ki, hamısı bu gün təhsil prosesinin əvəzolunmaz amilləri olaraq görülən müxtəlif alətlərdir. "Standartlaşdırılmış ölçmə testləri və imtahanlar, fabrik silsiləvi istehsalından qaynaqlanan silsilə istehsal və məhsul sayına bənzər məzun və daha çox diplom, mərkəzi və iyerarxik məktəb idarəsi, bürokratik məktəb prosesi, növbəli sistemdən qaynaqlanaraq dəqiq xətlərlə müəyyən edilmiş vaxt istifadəsi (məktəb müddəti, dərs saatları, tənəffüs fasilələri), fərdlər üçün başqaları tərəfindən düzənlənmiş dəyişik təhsil növləri, təhsil pillələrinin kəskin xətlərlə bir-birindən ayrılması  müəyyən bir sırada və nizamda bu mərhələlərdə yüksəlmə, təhsil proqramlarının konkret cizgilərlə müəyyənləşmiş olması bunlardan sadəcə bəziləridir".

Türkiyənin məşhur təhsil tədqiqatçısı İrfan Ərdoğan  bu dəyərləndirmələri dəstəkləyərək bunları irəli sürmüşdür:

"Mövcud təhsil paradiqmasının təşkilati quruluşu sənaye inqilabının izlərini daşıyır. Məktəblər hələ də sənayeyə əsaslanan cəmiyyətlərin formalaşması nəticəsində meydana gələn informasiya və bacarıq ehtiyacını təmin edir. Yəni məktəblər hələ emalatxana kimi dərk olunmaqda, bir aparat olaraq görülməkdədir".

Sənaye tipli quruluş məfhumu təhsil sisteminin idarəvi quruluşuna da bilavasitə təsir edərək mərkəzi, bürokratik və ağır işləyən mexanizmlərlə hörülmüş bir nəzarət-idarəetmə təşkilatı əmələ gətirmişdir. Təhsildə keyfiyyətin inkişafı yerinə kəmiyyət göstəriciləri müvəffəqiyyət sayılmış, məktəblərdə "öyrətmə" məfhumunun yerini "öyrənmə" anlayışı almışdır. Fərdə həyat bacarıqları  qazandırma prosesi olaraq ehtiva edilən  təhsil məfhumu daha dar, məhdud və çərçivəli dəyərlər anlayışı kimi dərk olunmuşdur. Beləliklə, əsrlər boyu  təhsil-tərbiyə işində, üzərində daha çox düşünülən, çalışılan öyrənmək deyil, öyrətməyə üstünlük verildiyini görürük.

Sənaye inqilabının və onun nəticəsində formalaşan, mexaniki təhsil anlayışının vəzifə və məsuliyyəti XX əsrin ilk yarısında özünü daha qabarıq ehtiva edirdi . Fərdlərə oxuma, yazma, hesab öyrətmək, yurdu, dünyanı tanıtmaq və  onları yaxşı bir vətəndaş olaraq yetişdirmə vəzifəsini daşıyan təhsil sistemi yeganə bir model hesab olunurdu. Ancaq 1970-ci ildən sonra təhsil sadəcə, oxuma, yazma, hesab kimi bəzi təməl sahələrdə vərdiş əldə etmə, bacarıq qazanma formasından  daha artıq məna kəsb etməyə başladı. Bunun nəticəsi olaraq təhsil düşünmə, yaşama zənginliyi təmin etmə hədəfinə yönəldi. Nəticədə təhsildəki yuxarıda da bəhs edilən ənənəvi paradiqmaların sıxışdırılması prosesinə start verildi. Tək ölçüdən çox ölçüyə keçən və müxtəlifləşən, informasiya və düşüncəni əsas alan yeni təhsil paradiqması aşağıdakı müqayisədə daha aydın bir şəkildə ifadə olunur. 

 
Sənaye Cəmiyyəti Təhsil Paradiqması İnformasiya Cəmiyyəti Təhsil Paradiqması
Siniflərdə keçilən dərs Fərdi araşdırma
Passiv mənimsəmə Şəyirdlik
Yalnız çalışma Qrupla öyrənmə
Hər şeyi bilən müəllim Rəhbər olan müəllim
Dəyişməyən məzmun Sürətli dəyişən elastik məzmun
Eynicinslilik Müxtəliflik
 

XX əsr insanını  XXI əsrdə  daha böyük dəyişikliklər gözləyir. Hətta bu dəyişikliklər keçmişdəkindən elə fərqlənir ki, Gibsonun ifadə etdiyi kimi, "Son otuz ildəki təcrübələrdən çıxarılan dərs, heç kimin gələcəyə avtomatik pilota bağlanmış kimi proqramlanmış bir şəkildə gedə bilməyəcəyini göstərir".

Təhsildə gələcəyə yönəlik tələbatlar cədvəlində də göstərildiyi kimi təhsilin məqsədinə, öyrənmənin təbiətinə, elmi informasiyanın dəyərinə dair ortaya çıxan yeni yanaşmalar təhsilin çağdaş öhdəliklərini zəruri edir. Burada əsas diqqət ediləcək odur ki, bizim də əhatə olunduğumuz sənaye cəmiyyətinin təhsil yanaşması müasir informasiya cəmiyyətinin tələblərindən  geri qalır. Bu səbəbdən inkişaf etmiş ölkələrin təhsil sistemləri, məsələn, Yaponiyada təhsilin bütün iştirakçıları ilə birlikdə müzakirə edilir və islahatlar həyata keçirilir.

Bu məsələdə İngiltərənin keçmiş baş naziri Bleyerin bir fikri diqqəti cəlb edir: "İngiltərənin XVIII əsrdə sərvəti torpaq idi. XIX və XX əsrdə torpağın yerini fabriklər və sərmayə aldı. XXI əsrdə isə sərvətimiz insan olacaqdır. İnsan potensialını sərbəstləşdirməli, istedadlara vurulmuş zəncirləri qoparmalıyıq".

İnformasiya toplumunun yeni istehsal şərtləri, ictimai həyatın ənənəvi anlayışlarını dəyişdirdiyi kimi təhsil anlayışında da dəyişiklikləri zəruri etmişdir. Bu prosesdə təhsilin  ümumi hədəfi belə ümumiləşdirilə bilər: Təhsil- İnsanda fərdi öyrənmə yolu ilə, zehni imkanlarını inkişaf etdirməsi və dəyişən mühit şəraitinə uyğunlaşa biləcəyi informasiya, bacarıq və davranışları hər zaman yeniləməsi üçün uyğun öyrənmə mühitinin yaradılması prosesidir.  

Cəsarət VALEHLİ,
İctimai televiziyanın "Açıq dərs" proqramının  moderatoru,
AMEA-nın doktorantı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov