Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ)
təsis edilmişdir. Diasporla İş üzrə Dövlət
Komitəsindən AzərTAc-a bildirmişlər ki,
Kanadanın dünya şöhrətli Vaterloo
Universitetinin bazasında fəaliyyət göstərən
KATİ Azərbaycan üzrə tədqiqatlar sahəsində
aparıcı elmi mərkəz olacaqdır.
KATİ qarşılıqlı maraq doğuran layihələr üzrə
Kanadanın və Azərbaycanın akademik institutları,
xüsusilə Toronto Universitetinin Qlobal
Məsələlər üzrə Munk Kollecinin alimləri,
tələbələri ilə sıx əməkdaşlıq edəcək, Azərbaycan
üzrə tədqiqatlar aparacaq, materiallar nəşr
edəcək, Azərbaycanın nailiyyətlərini, mədəni
irsini təbliğ edəcəkdir.
KATİ-nin əsas hədəflərindən biri də Azərbaycan
İnternet Ensiklopediyasını (ingilis dilində)
yaratmaq və bu yolla ölkəmizin tarixi,
coğrafiyası, ədəbiyyatı, cəmiyyəti,
iqtisadiyyatı, diasporu və mədəni irsini
tanıtmaq, elmi ictimaiyyət, hökumət və mətbuat
işçiləri üçün yüksək səviyyəli konfrans, seminar
və mühazirələr təşkil etməkdir. |
|