Sentyabrın 6-da Azərbaycan Dillər
Universitetinin İnformasiya Resurs Kompleksində
TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində
islahatlar" mövzusunda seminar keçirildi.
Seminarda ADU ilə bərabər Naxçıvan Dövlət
Universiteti, Gəncə Dövlət Universiteti,
Lənkəran Dövlət Universiteti, Böyük Britaniyanın
Esseks Universiteti, Almaniyanın Leypsiq
Universiteti, Türkiyənin Hacettepe Universiteti,
İtaliyanın Milan Tərcüməçilik İnstitutunun və
Fransanın Strasburq Universitetinin əməkdaşları
da iştirak edirdilər. Tədbiri giriş sözü ilə
açan ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
dosent Jalə Qəribova iştirakçıların nəzərinə
çatdırdı ki, seminarın əsas məqsədi dil
dərslərinin keçirilmə mexanizmini müəyyən etmək
və tədris planını hazırlamaqdan ibarətdir.
Çıxışlarda da seminarın əhəmiyyəti vurğulandı.
ADU-nun tədris işləri üzrə prorektoru,
professor Natiq Yusifov Strasburq və Hacettepe
universitetlərinə səfərlər etdiklərini və
onların bakalavr tədris planı ilə tanış
olduqlarını bildirdi.
Bir neçə gün davam edən seminarlarda
Azərbaycanda tərcümənin tədrisində islahatlar
aparmaq, tədris planlarını, tədris və təlim
prosesini daha da təkmilləşdirmək üçün təhlillər
aparılıb.
Şakir CƏFƏROV |
|