Şahmat
üzrə səkkiz yaşlı Azərbaycan çempionu ilə
müsahibə
Ölkəmizdə idmana və idmançılara dövlət
tərəfindən yüksək qayğı və diqqət göstərilir.
Məhz bunun nəticəsi olaraq bu gün yeniyetmə və
gənclərimiz idmanın müxtəlif növləri ilə ciddi
məşğul olurlar. Təsadüfi deyildir ki, ölkəmizə
gətirilən medalların sayı ildən-ilə artır,
dövlət bayrağımız möhtəşəm qələbələrimizin
şərəfinə yüksəklərə qaldırılır. Şahmat üzrə
Azərbaycan çempionu Məhəmməd Muradlı da
ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda
layiqincə qorumaq üçün səylə hazırlaşır.
Səkkiz yaşlı Məhəmməd Muradlı idmanı çox sevir.
O, idmanın şahmat növü üzrə məşğul olur.
Məhəmməd Azərbaycan çempionudur. 2003-cü ildə
Bakıda müəllim ailəsində anadan olan Məhəmməd
Qaradağ rayonunda yerləşən 106 nömrəli orta
məktəbin III sinif şagirdidir. Yaşıdlarından
qeyri-adi istedadı və bacarığı ilə fərqlənən 8
yaşlı Məhəmməd şahmat oynamağa 5-6 yaşlarından
başlayıb. Sonralar valideynləri bu idman növünə
həvəsini görüb onu Bakı şəhəri üzrə 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat -Dama İdman Məktəbinə
qoyurlar. Balaca Məhəmməd idman məktəbində
şahmatın sirlərini öyrənməyə başlayır. Onun
uğurları da bundan sonra başlayır.
- Məhəmməd, səndə idmanın şahmat növünə olan
sevgi haradan yarandı və ilk qələbəni necə
xatırlayırsan?
- Anam şahmatı çox sevir və gözəl oynayır. O,
mənim demək olar ki, ilk müəllimim olub. Boş
vaxtlarında həmişə məni öyrədər, etdiyim
səhvləri oyun zamanı deyərdi. Anamla şahmat
oynayaraq bu idman növünü həvəslə sevdim və ilk
sirlərini öyrəndim. Sonralar təxminən 5-6
yaşlarımda sərbəst şahmat oynamağa başladım.
Bütün uğurlarıma görə valideynlərimə və
müəllimimə minnətdaram. İlk məğlub etdiyim rəqib
də elə anam olub.
- Şahmat oynayanda hansı hissləri keçirirsən?
- Oynamağa başlayanda çalışıram ki, heç bir
səhvə yol verməyim. Tələsmədən düzgün qərarlar
vermək istəyirəm. Hər bir rəqib oyunçudan yaxşı
nəsə öyrənməyə çalışıram.
-
Çempion olanda valideynlərin səni hansı hədiyyər
ilə təbrik etdilər?
- Qələbə qazanmaq mənim üçün ən böyük hədiyyədir.
Həmişə istəyərdim ki, qəşəng velosipedim olsun,
valideynlərim məni istəyimə qovuşdurdular.
Şahmat Federasiyasından isə diplom, qızıl medal
və videokamera verdilər.
- Güclü rəqiblərlə mübarizə aparmaq azyaşlı
Məhəmmədə çətin gəlmir ki?
- Hər bir oyuna hazırlaşanda valideynlərim və
müəllimim məni ruhlandırır. Heç yadımdan çıxmır,
Bakı çempionatında evdəkilər mənə "rəqib səndən
güclüdür, ehtiyatlı ol", - dedilər. Həmin
yarışda mən yaxşı nəticə əldə edə bilməmişdim.
Çempion olmaq arzusu hər bir idmançı üçün çox
vacib hallardan biridir. Bu yolda mübarizə
aparmaq lazımdır. Ən böyük arzum Avropa və dünya
çempionu olmaqdır. Gələcəkdə özümü tanınmış və
məşhur şahmatçı kimi görmək istəyirəm.
"Yaxşı cəhətlərindən biri həmişə öz üzərində
işləməsidir"
Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat -Dama
İdman Məktəbinin direktoru Natiq Ələkbərov: -
Azərbaycanın bu gün beynəlxalq miqyasda idman
ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət
təşkil edərək idman sahəsindəki uğurlarımızın
göstəricisidir. Azərbaycanda bütün sahələrlə
yanaşı, idman sahəsinə də dövlətimiz tərəfindən
göstərilən diqqət və qayğıya görə ölkə başçısı
cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu
kimi, idman sahəsində də dünya ölkələri
içərisində öz sözünü deyir. İdmançılarımız dünya
arenalarında ölkəmizi layiqli təmsil edirlər. Bu
gün Azərbaycanın hər bir bölgəsində müasir
standartlara cavab verən idman kompleksləri
fəaliyyət göstərir. Xoşbəxt bir xalqıq ki, bizim
gənc və yeniyetmələrimiz pis vərdişlərə deyil,
məhz idmana maraq göstərirlər.
Məhəmməd
Muradlı haqqında isə onu deyə bilərəm ki, o,
çalışqanlığı, iti zəkası, idmana olan marağı ilə
digərlərindən həmişə fərqlənir. O, şahmat
məktəbinə qəbul olanda bu idman növü haqqında
kifayət qədər anlayışı var idi. Məhəmmədi
irəliyə aparan yaxşı cəhətlərindən biri həmişə
öz üzərində işləməsidir. O, 2011-ci ildə
Azərbaycan çempionu adını qazanmışdır.
Məktəbimizdə olan hər bir şahmatçı haqqında rəy
vermək çətin olsa da, Məhəmməd haqqında onu
demək olar ki, qısa müddət ərzində bu qədər
yüksək nəticəni qazanan bir uşağın böyük
gələcəyi var. İnanırıq ki, o, ölkəmizin adını
həmişə dünya arenalarında uca tutacaq, üçrəngli
bayrağımızı zirvələrə ucaldacaq.
"Onunla işləmək rahatdır"
Məhəmməd Muradlının qazandığı uğurlarda peşəkar
və təcrübəli şahmat müəllimi Eldar Musayevin də
əziyyəti böyükdür. O, yetirməsi haqqında bu
fikirdədir.
- Məhəmməd özünə güvənən, prinsipial, nümunəvi
və nizam-intizamlı bir oyunçudur. O, güclü
yaddaşa malik şahmatçıdır. Onunla işləmək
rahatdır, çünki o, boş vaxtlarında öz üzərində
çalışmağı çox sevir. Şahmatda böyük məsuliyyət,
özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır.
Mən bunların hamısını Məhəmməddə görürəm. Belə
davam eləsə, onu Avropa və dünya çempionu kimi
görmək mümkün olacaq. Hər bir müəllim kimi
mənim də sevincimin hədd-hüdudu yoxdur. Biz ona
güvənirik.
Məhəmməd həm də dərs əlaçısıdır
Bakının Qaradağ rayonunda yerləşən 106 nömrəli
orta məktəbin direktoru Süleyman Şıxəliyev də
Məhəmmədin bütün əxlaqi keyfiyyətləri özündə
birləşdirən, nümunəvi bir şagird olduğunu dedi.
Bildirdi ki, o, yaşının az olmasına baxmayaraq,
bütün məktəb kollektivinin hörmətini qazanıb.
Məhəmməd həm də dərs əlaçısıdır. O, bu il üçünçü
sinfə keçdi. Bütün fənlərdən "əla" və "yaxşı"
qiymətlər alır. Müəllimləri həmişə onun güclü
hafizəyə, iti zəkaya malik olduğunu söyləyirlər.
"Ailəmizin arzusu Məhəmmədi məşhur şahmatçı kimi
görməkdir"
Atası Seymur Muradov: O, ailədə iki bacısından
sonra sonuncu övladdır. Ailəmizin arzusu
Məhəmmədi məşhur şahmatçı kimi görməkdir.
Məhəmməd idmanın şahmat növü ilə yanaşı,
akrobatika ilə də məşğul olur. Biz onun əldə
etdiyi uğurlara ürəkdən sevinirik.
Öyrəndik ki, Məhəmməd bu il Avropa və dünya
çemionatlarında iştirak edəcək. İnanırıq ki, o,
bu mötəbər yarışlarda xalqımızı layiqli təmsil
edərək üçrəngli dövlət bayrağımızı zirvələrə
qaldıracaq.
Bu şərəfli və çətin yolda ona uğurlar
arzulayırıq.
Rəşad ZİYADOV |