Ölkəmizin
hər yerində olduğu kimi, Naxçıvan Muxtar
Respublikasında da, o cümlədən Naxçıvan Dövlət
Universitetində 15 sentyabr - Bilik günü xüsusi
təntənə ilə qeyd olundu. Universitetin rektoru,
akademik İsa Həbibbəyli və rektorluq
nümayəndələri ali məktəbin yeni tədris ilinə
bir çox yeniliklərlə qədəm qoymasının şahidi
oldular. Tarix-filologiya fakültəsində yeni
yaradılmış "Heydər Əliyev və Azərbaycan
ədəbiyyatı" bölməsində Azərbaycan
dövlətçiliyinin və ədəbiyyatının parlaq
səhifələri, ümummilli liderin ədəbiyyata, elmə
və ziyalılığa yüksək ehtiram və qayğısı tərənnüm
olunur.
Memarlıq və mühəndislik fakültəsində
"Elektroenergetika mühəndisliyi" ixtisasının
yeni tədris bazası, müasir texniki
avadanlıqlarla təchiz olunmuş energetika və
istilik texnikası laboratoriyaları bu ixtisas
üzrə təhsil alacaq tələbələr üçün mükəmməl
təcrübi baza rolunu oynayacaq. Fakültə
nəzdindəki rəssamlıq emalatxanalarında gedən
coşqun yaradıcılıq prosesi, yeni sənət əsərləri
ilə tanıslıq tədbir iştirakçılarında xoş
təəssüratlar oyatdı. CİSCO akademiyasının
nəzdində yaradılan, yeni nəsil texniki
avadanlıqlarla təmin olunmuş
informasiya-kommunikasiya texnologiyaları
laboratoriyası, habelə memarlıq və incəsənət
tarixi kabinetində və sərgi salonundakı yeni
eksponatlar haqqında məlumat verildi.
Rektor, akademik İsa Həbibbəylinin müəllim və
tələbələrlə tədris prosesində, auditoriyalarda
görüşməsi, səmimi təbrikləri onlarda xoş bayram
ovqatı, ruh yüksəkliyi yaratdı.
Birinci kurs tələbələri müasir tipli, maksimum
şəraitə malik tələbə yataqxanası, Sosial Xidmət
Mərkəzindəki ərzaq, geyim və kitab mağazaları,
yeməkxana ilə tanış oldular. Builki rəssam
məzunların əl işlərindən ibarət sərginin
açılışında rektor universitetin təsviri sənətin,
Naxçıvan rəssamlıq məktəbinin inkişafındakı
xidmətlərindən, sərgilənən rəsmlərin sənət
məziyyətlərindən danışdı.
İncəsənət fakültəsinin "Aktyor sənəti"
ixtisasının tədris bazası ilə tanıslıq zamanı
rektor, akademik İsa Həbibbəyli bu ixtisasın
yeni açılmasına baxmayaraq universitetin teatr
ənənəsinə, zəngin səhnə təcrübəsinə malik
olduğunu, müxtəlif mədəniyyət kollektivlərinin
xarici qastrollar zamanı böyük uğurlar
qazandığını vurğuladı.
Birinci kurs tələbələri ilə keçirilən görüşdə
rektor, akademik İsa Həbibbəyli çıxış edərək
tələbə adını qazanmış gəncləri səmimi təbrik
etdi. O, Azərbaycanda ümummilli lider Heydər
Əliyevin elm, təhsil strategiyasının səylə davam
etdirilməsindən, bu sahədəki böyük uğurlardan
söz açdı, ölkə başçısı İlham Əliyevin və muxtar
respublika rəhbərliyinin elmin, təhsilin
inkişafına göstərdiyi diqqət və qayğını yüksək
qiymətləndirdi.
Universitetdə görülmüş genişmiqyaslı işlərdən və
əldə edilmiş nailiyyətlərdən söz açan rektor bu
təhsil ocağının gələcək uğurlarında yenicə
tələbə adı qazanmış gənclərin də böyük rol
oynayacağına əminliyini bildirdi, onlara elmdə
və təhsildə nailiyyətlər arzuladı. Natiq tələbə
gənclərə milli mənəviyyatımızı, o cümlədən qədim
tariximizi, ana dili və ədəbiyyatımızı sevməyi
və dərindən mənimsəməyi, müstəqil Azərbaycanın
çiçəklənməsi naminə ümummilli lider Heydər
Əliyevin ideyalarını sədaqətlə yaşatmağı,
gəncliyə göstərilən diqqət və qayğıdan yetərincə
bəhrələnməyi tövsiyə etdi.
Birinci kurs tələbələri adından çıxış edən
Prezident təqaüdçüləri - 685 balla Müalicə işi
ixtisasına daxil olmuş Sara Əzizova, 677 balla
hüquqşünaslıq ixtisasına daxil olmuş Ramazan
Abdullayev, mülki və təsərrüfat hüququ ixtisası
üzrə magistratura pilləsində təhsil alacaq
Türkan Gülməmmədova, digər yüksək balla qəbul
olmus tələbələr hədsiz sevinclərini və xoş
təəssüratlarını çatdırdılar.
Universitetin qocaman müəllimi, Naxçıvan Muxtar
Respublikasının əməkdar müəllimi, biologiya
elmləri namizədi Əli Məmmədov ilk dəfə
auditoriyaya qədəm qoyacaq tələbələrə xeyir-dua
və tövsiyələrini çatdırdı. Banqladeş
Respublikasının vətəndaşı, beynəlxalq
münasibətlər ixtisasının II kursunda təhsil alan
MD. Khaizur Zaman xarici tələbələr adından
tələbə adını qazanmış gəncləri təbrik etdi.
Tədbirin sonunda yüksək bal toplayan tələbələrə
tələbə biletləri təqdim olundu. Bilik günü
tədbirləri əsl bayram ovqatı ilə yekunlaşdı.
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat
şöbəsinin müdiri |