Bakıdakı
276 nömrəli məktəbdə 15 sentyabr Bilik gününə
həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin
müəllim-şagird kollektivi ilə yanaşı, Binəqədi
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rafiq
Zeynalov, Binəqədi Bələdiyyəsinin sədri Fəzail
Babayev, Binəqədi Rayon Veteranlar Şurasının
sədri İman Musayev və valideynlər iştirak
edirdilər. Mərasimdə çıxış edən məktəbin
direktoru Bəhram Şiriyev yeni dərs ilinin
başlanması münasibətilə toplantı
iştirakçılarını, xüsusən də birinci sinif
şagirdlərini və onların valideynlərini təbrik
etdi. O, ilk növbədə, təhsilə göstərilən diqqət
və qayğıya görə ulu öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevə dərin
minnətdarlığını bildirdi. Mədəni irsimizin
dirçəlməsi və inkişafında əvəzolunmaz xidməti
olan Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təhsil sahəsində
gördüyü işlərdən danışdı. Məktəbin ötən dərs
ilində əldə etdiyi nailiyyətlər haqqında məlumat
verən B.Şiriyev bildirdi ki, məktəbin
şagirdlərindən 86 nəfəri ali məktəblərə qəbul
imtahanlarında iştirak etmiş, onlardan 49 nəfəri
ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinin
tələbəsi adını qazanmışdır. Elgiz Muradbəyli
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III
qrup ixtisası üzrə keçirdiyi qəbul
imtahanlarında 695 bal toplayaraq respublika
üzrə III qrupda ən yüksək nəticə göstərmiş və
Prezident təqaüdünə layiq görülmüşdür.
Şagirdlərdən Mirqəni Hüseynov 655 bal, Nicat
Mirzəbəyli 630 bal, Aygün Musayeva isə 619 bal
toplamışlar. Ötən dərs
ili müddətində məktəbin şagirdlərindən Xəyalə
Abdullayeva, Günay Ağayeva, Faiq Nəsirov və Rauf
Hacıyev idmanın müxtəlif növləri üzrə
respublikamızı beynəlxalq yarışlarda təmsil
edərək çempion adına layiq
görülmüşlər.Valideynlərin məktəblə birgə
fəaliyyətini yüksək qiymətləndirən və bunun çox
səmərəli olduğunu qeyd edən B.Şiriyev müvafiq
əmrə əsasən 65 yaşı tamam olan və təqaüdə çıxmış
müəllimlərlə də sıx əməkdaşlıq edəcəklərini və
onların tövsiyə və məsləhətlərinə hörmətlə
yanaşacaqlarını nəzərə çatdırdı. Məktəbin
beynəlxalq əlaqələri haqqında söz açan direktor
bildirdi ki, hazırda bu təhsil ocağı Kiprin Ağ
Dəniz Universiteti ilə sıx əməkdaşlıq edir və
təcrübə mübadiləsi aparır.
Tədbirdə çıxış edənlər əlamətdar gün
münasibətilə iştirakçıları təbrik etdilər.
Mərasim ilk zəngin çalınması ilə sona çatdı.
Niyazi RƏHİMOV |
|