Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Dünya təhsili

 

Küveytin təhsil sistemi

 
 

Küveyt dövləti

 
   
Ərazisi:  17819 kv.km.   
Əhalisi: 3,5 milyon nəfər 
Paytaxtı: Küveyt şəhəri
Dövlət dili: Ərəb dili 
Pul vahidi:  Küveyt dinarı
 

  

Təhsil sistemi 

Cənub-Qərbi Asiyada yerləşən Küveytdə XX əsrin əvvəllərində, neft ehtiyatları kəşf olunmazdan öncə yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi.

İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.

1936-cı ildə daha mütəşəkkil təhsil sistemi formalaşdırmaq üçün Təhsil Şurası yaradıldı. 1939-cu ildə hökumət təhsili tam olaraq nəzarətə götürdü və 1945-ci ilə qədər 17 dövlət məktəbi fəaliyyətə başladı.

İkinci dünya müharibəsindən sonra neft sənayesi inkişaf etdikcə hökumət sosial-ictimai sahələrə böyük miqdarda investisiya qoymağa başladı. Təhsilin prioritet sahə kimi qəbul olunması bu sahədə yüksəlişə zəmin yaratdı. 1962-ci ildə qəbul olunmuş konstitusiyada təhsil xərclərinin dövlət tərəfindən təmin olunması və tədris müəssisələrinin tam olaraq dəstəklənməsi müddəası əksini tapdı. 1965-ci ildə ilk dəfə olaraq ölkədə icbari təhsil tətbiq edilməyə başladı. 1967-ci ildə isə hökumətin yardımı ilə özəl təhsil müəssisələrinin əsası qoyuldu.

Küveytdə məktəbəqədər təhsil 1 il, ibtidai təhsil 5 il, əsas təhsil 4 il və orta təhsil 3 il davam edir. Ölkə vətəndaşlarının 6 yaşdan 14 yaşa qədər ibtidai və əsas təhsil alması icbari hesab olunur.

Dövlət təhsilinin bütün pillələri, o cümlədən ali təhsil pulsuzdur. Küveyt məktəblərində şagirdlər II sinifdən ingilis dilini öyrənməyə başlayırlar.

Küveytdə 1145 məktəbəqədər və orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 664-ü dövlət, 481-i isə özəldir. Şagirdlərin (məktəbəqədər-orta təhsil pilləsi üzrə) üçdə iki hissəsi dövlət müəssisələrində təhsil alır. Hazırda Küveyt məktəblərində 591359 şagird təhsil alır ki, bu da ölkənin ümumi əhalisinin 20 faizini təşkil edir.

Küveytin təhsil müəssisələri statusuna görə üç yerə bölünür: dövlət, özəl və keyfiyyətyönümlü təhsil müəssisələri. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Dövlət məktəblərində birinci sinifdən başlayaraq qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər.

Özəl təhsil müəssisələri əsasən Küveytdə öz ailələri ilə yaşayan və bu ölkəyə işləmək üçün gəlmiş əcnəbilər üçün təsis olunub. Küveyt hökuməti özəl məktəblərə yardım məqsədilə hər il 5,6 milyon Küveyt dinarı həcmində vəsait ayırır.

Dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə qızlar və oğlanlar birlikdə təhsil alır. Özəl təhsil sisteminə aşağıda sadalanan məktəb kateqoriyaları aiddir: özəl ərəb məktəbləri, əcnəbi özəl məktəblər (Britaniya, Amerika, Hindistan və s.) və mədəni institutlar (təlim, peşə və iş sahələri üzrə ixtisaslaşmış müəssisələr).

Keyfiyyətyönümlü təhsil sistemi dini təhsil, xüsusi təhsil, yaşlıların təhsili və peşə təhsili olmaqla 4 yerə bölünür. Dini təhsil əsas və orta təhsil pillələrini əhatə edir. Küveytdə 81 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Xüsusi təhsil fiziki qüsuru və təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub. Yaşlıların təhsili isə yaşlı nəslin savadsızlığının aradan qaldırılmasına xidmət edir. Peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının yerli texniki işçi qüvvəsinə olan ehtiyacının ödənilməsi, müxtəlif sahələr üzrə tələb olunan kadrlar hazırlanması, onların ixtisaslarının artırılmasından ibarətdir.

2005-ci ilin statistik məlumatlarına görə, Küveytdə savadlılıq səviyyəsi 93 faizdən yuxarı olub. YUNESKO-nun 2009-cu il üzrə müəyyənləşdirdiyi insan inkişafı indeksində Küveyt 31-ci yerdə qərarlaşıb. Dövlət xərclərinin 13 faizinin təhsilə sərf olunduğu Küveyt bununla bütün ərəb ölkələri arasında liderliyi ələ alıb.

Xüsusilə qeyd edilməlidir ki, Küveyt məktəblərində olduqca zəngin kitabxanalar fəaliyyət göstərir. Hər bir məktəb kitabxanasındakı kitabların sayı 230000-3000000 arasında dəyişir. Hökumət hər bir məktəbin və kitabxananın vahid elektron məlumat şəbəkəsinə qoşulmasını təmin etmək məqsədilə "Təhsil şəbəkəsi" layihəsini həyata keçirir. 

Məktəbəqədər təhsil 

2005-2006-cı tədris ilindən yeni sistemin tətbiqi ilə əlaqədar Küveytdə uşaqlar 2 illik məktəbəqədər təhsilə cəlb olunurlar. Ölkədə məktəbəqədər təhsil pulsuzdur. Küveytdə həmçinin əcnəbi vətəndaşların 4-6 yaşlı uşaqları üçün nəzərdə tutulmuş çoxsaylı bağçalar da fəaliyyət göstərir.

Bütün bu təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Odur ki, məktəbyaşlı uşaqların valideynləri övladlarının bağçalara verilməsinə ciddi maraq göstərirlər. 

İbtidai təhsil 

Küveytdə ibtidai təhsil 5 yaşdan başlayır və 5 il davam edir. İbtidai təhsil bütün Küveyt vətəndaşları üçün pulsuz və icbaridir. 2007-ci ildə uşaqların 98,5 faizi ibtidai təhsilə cəlb olunub. Dövlət ibtidai təhsil müəssisələrində yalnız yerli vətəndaşların övladları və əcnəbi ərəblər oxuya bilər. Uşaqlar ibtidai təhsil pilləsində özəl məktəblərdə də oxumaq imkanına malikdirlər. Özəl məktəblərdə cinsi ayrı-seçkiliyə yol verilmir, oğlanlarla qızlar birlikdə təhsil alırlar. Ölkə üzrə müvafiq yaş qrupundakı uşaqların demək olar ki, hamısı ibtidai və orta təhsilə cəlb olunub.

Ölkədə tədris ili sentyabrın ortalarında başlayır və iyunun ortalarında başa çatır. Tədris həftəsi şənbə günündən çərşənbə gününə qədər davam edir. 

Əsas və orta təhsil 

Küveytdə əsas təhsil pilləsi 4 il davam edir. Qeyd etdiyimiz kimi, ölkədə əsas təhsil də icbari və dövlət məktəblərində pulsuzdur.

Əsas təhsilini uğurla başa vurmuş şagirdlər daha sonra 3 il tam orta təhsil ala bilərlər. Ölkə üzrə özəl orta təhsil məktəblərində oxuyanlar 8-12 faiz təşkil edir. Orta məktəbləri bitirdikdən sonra şagirdlər müvafiq peşə ixtisaslarına yiyələnmək üçün peşə kollecində və ya ali məktəblərdə təhsillərini davam etdirə bilərlər.

Qeyd olunduğu kimi, Küveytdə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Özəl təhsil müəssisələri əsasən əcnəbilər üçün təsis olunub. Dövlət məktəblərindən fərqli olaraq özəl orta məktəblərdə də qızlar və oğlanlar birlikdə təhsil alırlar.

Əcnəbi məktəblər də tədris prosesini ölkədə qəbul olunmuş fənn kurikulumlarına uyğun şəkildə qururlar. Nazirlik belə məktəblər qarşısında ərəb dili, İslam dini, tarix, coğrafiya və mədəniyyət sahələri üzrə kurslar təşkil etməyi vacib şərt kimi qoyur.

Əcnəbi ərəb uşaqları üçün özəl məktəblərə hökumət tərəfindən daha böyük dəstək verilir. Belə ki, onlar məktəb tikmək üçün torpaq sahəsi və pulsuz dərsliklərlə təmin olunur. Qeyri-ərəb məktəblərinə də hökumət tərəfindən köməklik göstərilsə də, bu məktəblərdə müvafiq əcnəbi ölkələrin kurikulumu əsasında tədris aparılır.

Küveyt vətəndaşlarının müəyyən bir hissəsi öz uşaqlarının özəl məktəblərdə təhsil almasında maraqlıdır. Çünki özəl məktəblərdə təhsilin keyfiyyəti dövlət məktəbləri ilə müqayisədə daha yüksəkdir. Küveytdə özəl məktəblərin əksəriyyəti xarici sponsorlar tərəfindən maliyyələşir. Ən nüfuzlu özəl məktəblər sırasına Bayan İkidilli Məktəbi, Amerika Beynəlxalq Məktəbi, Amerika-Küveyt Məktəbi və Fransız Məktəbi daxildir. 

Texniki peşə təhsili 

Küveytdə, əsasən XX əsrin ikinci yarısından peşə təhsili müəssisələrinə ehtiyac yaranıb. Neft ehtiyatlarının aşkara çıxarılması, neft emalı və ixracı ilə əlaqədar olaraq tətbiqi təhsilin əsası qoyulub. XX əsrin 50-ci illərində dövlət tərəfindən peşə təlimi mərkəzləri yaradılmağa və neft sənayesinə lazım olan işçi qüvvəsinin hazırlanması üçün proqramlar təşkil edilməyə başlandı. Daha sonra Təhsil Nazirliyi ixtisaslı kadrlara artmaqda olan ehtiyacın ödənilməsi üçün çoxsaylı ixtisaslaşmış müəssisələr təsis etdi. Digər nazirliklər tərəfindən də müvafiq təlim mərkəzləri və institutların əsası qoyuldu.

Belə müxtəlif profilli və çoxsaylı müəssisələrin fəaliyyətinə nəzarət etmək, onların işini əlaqələndirmək üçün 1972-ci ildə Texniki və peşə təhsili şöbəsi və Mərkəzi təlim şöbəsi (müxtəlif nazirliklərin təlim mərkəzlərinin, eləcə də institutların fəaliyyətini tənzimləyir) yaradıldı. Sonrakı illərdə bu qurumlar ləğv edilərək Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi yaradıldı. Küveytdə texniki peşə təhsili bu qurum tərəfindən həyata keçirilir.

Küveytdə 2 il yarım davam edən peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının inkişafından irəli gələn yerli texniki işçi qüvvəsinə olan ehtiyacın aradan qaldırılması, tələb olunan kadrların hazırlanması, onların ixtisaslarının artırılması və ölkənin insan resurslarına olan ehtiyacının ödəməsindən ibarətdir. Maraqlıdır ki, son illərdə qadınların tələblərinə uyğun olan yeni peşə proqramlarının tətbiqi ilə əlaqədar müxtəlif ixtisaslara yiyələnən zərif cins nümayəndələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. 

Ali təhsil 

Küveytdə 4 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya Küveyt Universiteti, Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi nəzdində Əsas Təhsil Kolleci, Teatr Sənəti üzrə Ali Təhsil İnstitutu və Musiqi Sənəti üzrə Ali Təhsil İnstitutu daxildir.

Ölkənin ali təhsil müəssisələri arasında xüsusi nüfuzu ilə seçilən Küveyt Universiteti yetişdirdiyi peşəkar mütəxəssislərlə tanınır. Bu tədris ocağında yüksək səviyyəli texniki kadrlar hazırlanır, iqtisadi səmərəliliyi artırmağa xidmət edən layihələr reallaşdırılır.

Yarandığı vaxt iki fakültə ilə fəaliyyətə başlayan Küveyt Universiteti hazırda inkişaf edərək beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələrindən biridir. Universitetdə incəsənət, təbiət elmləri, dövlət idarəçiliyi, hüquq, mühəndislik və neft-qaz, tibb, təhsil, şəriət və islamşünaslıq, ictimai elmlər, stomatologiya fakültələri fəaliyyət göstərir.

Bundan əlavə, ölkədə müxtəlif biznes, dəftərxana işi, kompüter və dil sahələri üzrə əyani və qiyabi formada təhsil verən bir neçə özəl ali məktəb də fəaliyyət göstərir.

Küveyt ali məktəblərində əcnəbi tələbələr də oxuya bilərlər. Bir şərtlə ki, onların qiymətləri universitetlərin qəbul tələblərinə uyğun olsun.

Dövlət tərəfindən maliyyələşən yaşlıların təhsili də Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi tərəfindən təşkil olunur.

Küveyt dövləti, həmçinin bir neçə ali dini məktəbə, Musiqi Akademiyasına və Müəllimlər İnstitutuna maliyyə dəstəyi verir.

Ərəb Açıq Universiteti Küveytin ən böyük özəl ali təhsil müəssisəsi hesab olunur. Bütün özəl ali təhsil müəssisələrində oxuyanların təxminən yarıdan çoxu Ərəb Açıq Universitetində təhsil alır. Onu da qeyd edək ki, özəl ali təhsil müəssisələrində oxuyanların əksər hissəsi yerli vətəndaşlardan ibarətdir.

Bundan əlavə, Küveytdə Ali Təhsil Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilmiş bir çox diplomdansonrakı özəl kolleclər və universitetlər də vardır. Körfəz Elmlər və Texnologiya Universiteti, Küveyt Avstraliya Kolleci, Küveyt Amerika Universiteti, Körfəz Amerika Universiteti belə təhsil müəssisələrindəndir. 

Elmi tədqiqatlar 

Küveytin inkişafında elm və texnologiyanın son nailiyyətlərinin tətbiqi, elmi tədqiqatların nəticələrinə qoyulmuş investisiyalar mühüm rol oynayıb. Bütün bunlar cəmiyyətin ümumi səviyyəsinin yüksəlməsinə, xüsusilə də gənclər üçün yeni imkanların yaradılmasına və onların potensialının genişləndirilməsinə səbəb olub. Ölkənin elm və texnologiya strategiyasının əsas inkişaf prinsipini dünyanın qabaqcıl təcrübəsindən uğurlu şəkildə yararlanmaq, inkişaf etmiş cəmiyyətin təşəkkülündə müasir elmi metodlardan istifadə təşkil edir.

Küveytdə bir sıra ixtisaslaşmış elmi qurumlar fəaliyyət göstərir. Onlar ölkənin elmi inkişaf istiqamətlərini müəyyənləşdirir və elmi tədqiqatlara verdikləri töhfələrə görə kifayət qədər tanınırlar. Bu sıraya Küveyt Elmin İnkişafı Fondu, Küveyt Elmi Tədqiqat İnstitutu və Elm Klubunu aid etmək olar.

Küveyt Elmi Tədqiqat İnstitutu elm və texnoloji tədqiqatlar, məsləhətləşmələr, elmin iqtisadi və ictimai inkişafa tətbiqi sahəsində mühüm rola malikdir. 1967-ci ildə təsis olunmuş Küveyt Elmi Tədqiqat İnstitutu müstəqil fəaliyyət göstərən hökumət qurumudur. Bu qurumun həyata keçirdiyi proqramlar, layihələr müsbət nəticələr verir və bir çox sahələrdə uğurla tətbiq olunur. Küveyt Elmi Tədqiqat İnstitutu yeyinti sənayesi, kənd təsərrüfatı, kimya, energetika sahələrində bir sıra uğurlu layihələrə imza atır.

Küveyt Elmin İnkişafı Fondu müvafiq sahədə Küveytin ən məşhur təşkilatlarından biri hesab edilir. Bu fondun təsis olunmasının təşəbbüskarı Əmir Şeyx Jaber Əl-Əhməd Əl-Sabah olub. Fonda Küveyt əmiri sədrlik edir. Küveyt Elmin İnkişafı Fondu müxtəlif elmi qurumların həyata keçirdiyi elmi tədqiqat layihələrinin maliyyələşməsində mühüm rol oynayır. Fond tərəfindən elmi tədqiqatların inkişafı üzrə Küveyt Mükafatı, Müəlliflər və Tərcüməçilər Mükafatı, Ali məktəbi fərqlənmə ilə bitirən tələbələrin stimullaşdırılması mükafatı təsis olunub.

Elm Klubu elmli, savadlı və tədqiqatyönümlü gənc nəslin formalaşmasında aparıcı rola malikdir. Bu qurum gənclərin gələcəyin alimlərinə çevrilməsi üçün stimul verir. Elm Klubu gənc alimlərin astronomiya elmi sahəsində hazırlanmasına böyük töhfələr verən rəsədxanaya malikdir. Elm Klubu Küveyt Elmin İnkişafı Fondu və Küveyt Elmi Tədqiqat İnstitutu tərəfindən maliyyələşdirilir. 

Təhsilin idarə olunması 

Küveytdə təhsilin idarə olumasında iki nazirlik iştirak edir. Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyi vahid strategiya əsasında ölkə təhsilinin inkişafı üçün həyata keçirilən tədbirlərin uğurla nəticələnməsi üçün cavabdehlik daşıyırlar.

1962-ci ildə yaradılmış Təhsil Nazirliyi Küveytin ən böyük dövlət qurumlarından biridir. Təhsil Nazirliyi məktəbəqədər, ibtidai, əsas və orta təhsil pillələrinin idarə olunmasını yerinə yetirir.

Məlumdur ki, ali təhsilin inkişafı hər bir müasir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. 1988-ci ildə yaradılmış Ali Təhsil Nazirliyi ölkədə tətbiqi və universitet təhsili, elmi tədqiqat ilə bağlı məsələlərə, bu sahələri inkişaf etdirməyə məsuldur. Ali Təhsil Nazirliyi, həmçinin ali təhsili tətbiqi təhsil və universitet təhsili istiqamətləri üzrə inkişaf etdirmək üçün strategiya və planları müəyyənləşdirir, işçi qüvvəsinin hazırlanması üçün plan və proqramlara nəzarət edir, müxtəlif ali təhsil müəssisələri və onların qurumlarının arasında elmi tədqiqat fəaliyyətini əlaqələndirir. Ali Təhsil Nazirliyi kolleclər və ali təhsil müəssisələrində həyata keçirilən elmi tədqiqatların qeydiyyatını aparır və onlardan səmərəli istifadə olunmasının üsullarını araşdırır. Ali Təhsil Nazirliyinin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər həmin ölkələrdə oxuyan küveytli tələbələrin təhsilinə nəzarət edilməsində mühüm rola malikdir. 

Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
 

Yazının hazırlanmasında Küveytin Təhsil və Ali Təhsil nazirliklərinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov