Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Azərbaycanın əməkdar elm  xadimləri

Folklorşünaslıq salnaməmizin canlı bələdçisi

 

Paşa Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Müəllim ailəsində doğulmuş Paşa Əfəndiyevdə uşaq yaşlarından mütaliəyə böyük maraq olub. Əməkdar müəllim Şərif Əfəndiyevin kitabxanasındakı "Atalar sözləri", "Aşıqlar", "Koroğlu", "Nizami əsərlərinin el variantları"nı həvəslə oxuyan gənc filologiyaya meyilli olub.

Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olub. O dövrün qüdrətli müəllimlərindən dil, ədəbiyyat və tarixE elmləri üzrə dərs alıb. Ali məktəbi bitirən gənc müəllim fakültə elmi şurasının qərarı ilə aspiranturada saxlanılıb. Professor Mikayıl Rəfilinin rəhbərliyi altında "Koroğlu" Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır" adlı dissertasiya üzərində araşdırmalar aparıb.

Dissertasiya işi tamamlanıb müdafiəyə buraxılıb, lakin bədxahlar tapılıb. Onun tədqiqatı rəy üçün akademiyaya göndərilib. Və heç yerdə çalışmayan gənc həm maddi, həm də mənəvi çətinliklərə dözməli olub. Az sonra hər şey yoluna düşüb. Respublika mətbuatında məqalələrlə çıxış edən Paşa Şərif oğlu tezliklə ali məktəb müəllimi kimi tanınıb.

Paşa Əfəndiyev 1962-1966-cı illərdə Azərbaycan Pedaqoji İnstitutu Filologiya fakültəsinin qiyabi şöbəsinin dekanı olub. 1981-1982-ci illərdə həmin fakültənin əyani şöbəsinin dekanı kimi çalışıb. 1983-cü ildən 1988-ci ilə kimi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 80 illiyi münasibətilə ona əməkdar elm xadimi fəxri adı verilib. 

İlk tanışlıq 

1966-cı ilin sentyabr ayının əvvəlləri idi. Hələ bir-birinə əməlli-başlı isinişməmiş I kurs tələbələri auditoriyaya hər təzə gələn müəllimə bir özgə maraqla baxır, onun haqqında nəsə bir şey öyrənmək istəyirdilər. "Azərbaycan şifahi xalq ədəbiyyatı" kursundan mühazirə deyən müəllim haqqında bunu öyrəndik ki, dosentdir, Qax rayonunun İlisu kəndindəndir. Orta boylu, arıq bədənli, sarışın müəllim bizə bir az qaraqabaq təsiri bağışladı. Amma ilk dərsindən hamımızı ovsunladı. Hələ uşaq ikən babalarımızdan eşitdiklərimizi, nənələrimizin danışdıqları nağıl və əfsanələri, atalar sözləri və bayatıları açıqlayan mühazirələr o qədər şirin, o qədər maraqlı olurdu kiE Mühazirə və seminarlarda ana laylalarının ülviyyətinə bələnir, nağıllı uşaqlıq illərinə dönür, babaların düzümünün, nənələrin yozumunun sirrinə yiyələnirdik.

Beləcə dörd ay gəlib keçdi. Birinci semestrdə verdiyimiz zaçotlardan biri "Azərbaycan folkloru"ndan oldu. İllər ötüb keçdi. Ali məktəbi bitirdik. Hərəmiz taleyin hökmü ilə bir yerdə işə başladıq.

Mənim taleyim elə gətirdi ki, Paşa Əfəndiyevlə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında görüşdük. Orta məktəbdə bir il müəllim kimi işlədikdən sonra ordu sıralarında qulluq edib qayıtmışdım. Redaktor Şahin Səfərov məni redaksiyaya işə götürmüşdü. Bir gün Paşa müəllimi redaksiyada gördüm. Görkəmli maarifçilərimizin folklorşünaslıq fəaliyyəti ilə bağlı məsələləri açıqlayan dəyərli məqalələr gətirmişdi.

E İllər ötdü, folklorla bağlı namizədlik dissertasiyamı oxuyub ona rəy verənlərdən, çətin günlərimdə bədxahlarıma qarşı möhkəm olmağı tövsiyə edənlərdən biri oldu Paşa müəllim. 

Folklorşünaslığımızın müdrik ozanı 

Paşa müəllimin xoşbəxtliyi ondadır ki, həyatını Azərbaycan folklorunun tədqiqi, tədrisi və toplanılması kimi bir fəaliyyətə həsr edib.

"Folklor yaddaşdır. Etnos bütün tarixi ilə folklorda ilk növbədə yaddaşlaşır. Folklorun ilkin funksiyası da məhz yaddaşla bağlıdır. O, yaddaş olaraq yaranmış və bütün inkişaf tarixi boyu bu funksiyasından məhrum olmamışdır. Folklorla hər hansı ünsiyyətdə olmaq milli  mənəvi yaddaşla, qan-gen yaddaşı ilə təmasa girmək deməkdir. Bu təmas insanı, ilk növbədə, doğma olanla üzləşdirir. Ona görə də folklorla təmas insan üçün şirin, hərarətli, məhrəm olur. Və elə bu, fikrimizcə, folklorla ünsiyyətdən doymazlığın, qopa bilməməyin əsasında durur. Folklorşünas alimlərin çoxunun elm aləminə gəlişi məhz bu cür baş vermişdir" - "Yaddaş və şəxsiyyət" kitabından alınmış bu sətirləri şərhə ehtiyac yoxdur.

Paşa Əfəndiyevin xalq ədəbiyyatı sahəsində ilk tədqiqatı milli qəhrəmanlıq məktəbimiz olan "Koroğlu" ilə bağlıdır.

O, "Koroğlu" dastanını təhlil müstəvisinə gətirməklə Azərbaycan xalqının qəhrəmanlıq tarixinin eposda ifadəsinin təsbitini nəzərdə tuturdu. Tədqiqatçı araşdırmalarını "Koroğlu"nun mətni, onun nəşri və öyrənilməsi; Eposun tarixi və ictimai əsasları; "Koroğlu"da vətənpərvərlik ideyaları; "Koroğlu"nun dili, üslubu və mənası - fəsillərində ümumiləşdirmişdir.

"Koroğlu"nu bir mətn-janr olaraq epopeya kimi dəyərləndirən P.Əfəndiyevin əsərinin opponentlərindən biri olmuş M.H.Təhmasib dissertasiyanın müsbət tərəflərini qeyd etməklə iradlarını bildirmiş, xüsusən elmi-tədqiqat işinin dilinin aydın və səlis olduğunu göstərməklə yazmışdı: Ümumiyyətlə, əsər görkəmli bir axtarış, inadlı bir tədqiqat məhsuludur. EBu sahədə atılmış ilk addım, yazılmış ilk əsərdir.

Pedaqoq-alim 60-cı illərin ortalarından başlayaraq folklorşünaslıq tariximizi araşdırıb.

"Azərbaycan folklorşünaslığı tarixi" doktorluq dissertasiyasının "Folklor və klassik Azərbaycan poeziyası" və "Xalq yaradıcılığı nümunələrinin ilk qeydə alınmaları" bölmələri "Qədim və orta əsrlərdə Azərbaycan folkloruna maraq" fəslini təşkil edir.

Əsasən arxiv materialları əsasında yazılmış "XXI əsrdə Azərbaycan folklorşünaslığı" adlı ikinci fəsil rus mətbuatında təqdim olunmuş milli folklor nümunələrimiz əsasında yazılmış, ayrı-ayrı folklor toplayıcılarının işi təsvir və təhlil olunmuşdur.

"Azərbaycan folklorşünaslığı XX əsrin əvvəllərində" adlanan üçüncü fəsildə xalq ədəbiyyatımızın toplanılması, nəşri və öyrənilməsi məsələləri ciddi tədqiq olunmuşdur.

"Xalq yaradıcılığı haqqında Azərbaycan sovet elminin təşəkkülü" adlanan dördüncü fəsil, eləcə də sonrakı fəsillər - "Azərbaycan folklorşünaslığı 30-40-cı illərdə", "Azərbaycan folklorşünaslığı 1950-1960-cı illərdə" "gərgin alim hünəri"nin nəticələridir, "arxivlərdə keçmiş ömürdür, şifahi yaddaşın elmi kodla inikasının tarixi kontekstdə ümumiləşdirilməsi və dəyərləndirilməsi"dir.

Rəsmi opponentlər - akademik H.Araslı, professor K.Məmmədov, professor X.Əlimirzəyev əsərin aktuallığını və əhəmiyyətini, yeni faktlarla zənginliyini, çoxillik tədqiqatın səmərəli və faydalı nəticəsi olduğunu xüsusi vurğulamışlar.

***

Dünya miqyaslı müvafiq tədqiqatlardan çıxarılan nəticə budur: folklor bədii yaradıcılığın müxtəlif sahələri üçün mənbə olmuşdur, qaynaq rolunu oynayır, indi də mədəniyyət və incəsənətin daimi komponenti kimi mühüm yer tutur.

Azərbaycan ədəbiyyatında folklorizmin klassik nümunələri Nizami, Nəsimi, Füzuli kimi sənət korifeylərinin adı ilə bağlıdır. XX əsr Azərbaycan ədəbiyyatı folklorizminin özül daşını qoyanlar sırasında Cəfər Cabbarlı, Səməd Vurğun yaradıcılığı xüsusi yer tutur.

Cəfər Cabbarlı zəngin ədəbi və musiqi folklorumuzdan sistemli şəkildə istifadə edən sənətkar olmuşdur. İndiyə qədər böyük ədibin yaradıcılığındakı bu və ya digər ədəbi-bədii məsələlər ayrıca tədqiqat obyektinə çevrilmiş, lakin onun irsinin folklorla bağlılığı geniş araşdırılmamışdı. Professor Paşa Əfəndiyevin "Yazıçı" nəşriyyatı tərəfindən 1985-ci ildə çapdan buraxılmış "Cəfər Cabbarlı və xalq yaradıcılığı" kitabı bu baxımdan faydalı və dəyərli əsərdir.

Cəfər Cabbarlı əsərlərində atalar sözləri və məsəllərdən, əfsanə və nağıllardan, dastanlardan, mahnılardan istifadə etmişdir. Cəfər Cabbarlının istifadə etdiyi atalar sözləri və məsəllər obrazın mənəvi-əxlaqi sifətlərini üzə çıxaran vasitələrdirsə, mahnı hiss və emosiyaların daşıyıcısıdır. Dastan və ya əfsanə böyük ədibi narahat edən köklü məsələlərin bədii-estetik həllinə imkan verən qiymətli ədəbi materialdır. Beləliklə, böyük sənətkarın istifadə etdiyi folklor incisinin hər birinin öz bədii-estetik funksiyası vardır. Kitabda bu məsələlər ilk dəfə olaraq geniş şəkildə araşdırılmışdır.

Cəfər Cabbarlının folklor barədə fikirləri onun ədəbi-estetik dünyasının ayrılmaz hissəsidir. Professor P.Əfəndiyev haqlı olaraq qeyd edir ki, ədibin yaradıcılığının xəlqi əsasını, milli və beynəlmiləl qütblərini aydınlaşdırmaqda bu məsələlərin - folklora dair fikirlərin tədqiqi xüsusilə vacibdir.

Kitabda Cabbarlının "Xalq ədəbiyyatı toplaşdırılmalıdır" məqaləsi (həmin məqalə Paşa Əfəndiyev tərəfindən aşkara çıxarılıb oxuculara çatdırılmışdır) və digər yazıları əsasında onun folklora münasibəti araşdırılmışdır. Bu hissədə böyük sənətkarın xalq ədəbiyyatı, aşıq yaradıcılığı, xalq oyun və tamaşalarına (həm də dünya xalqlarının müvafiq folklor janrlarına aid fikirləri də nəzərə alınmaqla) dair fikir, mülahizə və tezis-qeydlərı müasir ədəbiyyatşünaslıq tələbləri baxımından dəqiq və səbrlə təhlil edilmişdir.

Böyük sənətkara məhəbbətdən yaranan, çoxillik axtarışların məhsulu olan əsər orta məktəb müəllimləri, tələbələr, sənətkarlar, nəhayət tədqiqatçılar üçün dəyərli vəsaitdir. Dünya və Azərbaycan folklorşünaslığının nailiyyətlərinə əsaslanmaqla hazırlanmış kitab cabbarşünaslığa layiqli töhfədir.

***

İlk qələm təcrübəsindən ömrünün sonuna qədər folklordan özünəməxsus şəkildə istifadə etmiş S.Vurğun yaradıcılığı ədəbiyyatşünaslıq və folklorşünaslıqda aktual problemlərdən biri kimi araşdırılan folklor və yazılı ədəbiyyat mövzusu üçün obyektdir. Doğrudur, bu problemlə bağlı Cəlal Abdullayev, Vaqif Vəliyev, Bəxtiyar Vahabzadə və başqa müəlliflər tədqiqat, monoqrafiya və məqalələrində söhbət açmışlar. Professor  Paşa Əfəndiyev bu mövzunu geniş miqyasda araşdırmağı qarşısına məqsəd qoymuş, "Yazıçı" nəşriyyatında 7 çap vərəqi həcmində dəyərli bir monoqrafiya çap etdirmişdir.

Paşa Əfəndiyev Səməd Vurğunun publisistikasını dərindən öyrənmiş, şairin elmi, elmi-publisistik məqalələrindəki folklorla, onun janrları və ya poetikası ilə bağlı məsələləri aşkarlayaraq təhlilini vermişdir. Monoqrafiyanın birinci fəslində məhz həmin məsələlərə geniş yer ayrılmış, Səməd Vurğunun xalq ədəbiyyatı barədə  fikirləri şərh və təqdim olunmuşdur. Səməd Vurğunun "Koroğlu" operası, "Koroğlu" dastanı, ayrı-ayrı aşıqlar haqqında elmi-nəzəri əhəmiyyəti olan fikirləri verilmiş, onun ümumiyyətlə xalq yaradıcılığı sahələrinə münasibəti açıqlanmışdır.

Kitabın ikinci fəsli Səməd Vurğun ədəbi irsinin qaynaqlarını aşkarlamaq, xalqın dərin və zəngin sənəti olan aşıq yaradıcılığından bəhrələnməsinin yolları, poetik məqamları, bədii-estetik əhəmiyyəti təsvir edilmişdir.

 Professor Paşa Əfəndiyev sənətkar və xalq yaradıcılığı məsələsinə toxunaraq yazmışdır: "O sənətkarlar öz yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsini zənginləşdirmişdir ki, onlar ilk növbədə mənsub olduğu xalqın həyatını, mənəviyyatını, ideyalarını yüksək poetik şəkildə ifadə etmişlər. Deməli, milli olmayan, yaradıcılığının bütün telləri ilə öz xalqına bağlanmayan sənətkar heç bir zaman xəlqi ola bilməz". 

Kitabın zəngin faktlara istinadən yazılmış fəsillərindən biri "Mahnı qanadlarında" adlanır. Şairin zəngin xəlqiliyi ilə seçilən lirik əsərləri mahnılara çevrilib kütləviləşdirilmişdir.

Paşa Əfəndiyev kitabın beşinci fəslində Səməd Vurğunun xalqın hikmət xəzinəsi sayılan atalar sözləri və məsəllərdən istifadə faktlarından söhbət açmışdır. O, kitabın sonunda yazır: Səməd Vurğun yaradıcılığının Azərbaycan folklor ənənələri ilə bağlılığı, şairin xalq hikməti qaynaqlarından bəhrələnməsi gərgin əmək, ciddi axtarışlar tələb edən geniş və zəngin bir mövzudur. Biz bu qeydlərimizi həmin yolda atılan ilk addım kimi qiymətləndirir və ümid edirik ki, folklorşünaslarımız, ədəbiyyatşünas alimlərimiz daha irəli gedərək yeni-yeni əsərlər yaradacaqlar.

Milli mədəniyyətin bilicisi, onun kulturoloji dəyərlərinin qiymətləndiricisi, böyük və müdrik Səməd Mustafa oğlu Vəkilov P.Əfəndiyevin yaradıcılığına münasibətdə demişdir: "Şifahi xalq ədəbiyyatının tarixi Azərbaycan insanının sosial-mədəni, mənəvi-idraki təkamülünün inkişaf tendensiyalarını öyrənmək baxımından əvəzsiz dəyər daşıyır. Həmin inkişaf təkamülünü elmi şəkildə inikas etmək baxımından professor Paşa Əfəndiyevin "folklorşünaslıq tarixi" mövzusunda yaradıcılığı hələlik əvəzsiz qaynaqdır". 

Şifahi xalq ədəbiyyatının tədrisi sahəsində xidmətləri 

Professor Paşa Əfəndiyev folklorun tədrisi istiqamətində də əməyi olan alimlərdəndir. Azərbaycan şifahi xalq ədəbiyyatından mühazirələr kursunun yaradılması, bu kursun tədris proqramının yaradılması (üç dəfə təkmilləşdirərək çap etdirmişdir) onun bu sahədə gördüyü işlərdəndir.

Paşa Şərif oğlu  "Azərbaycan folklorşünaslığı" mövzusunda ixtisas kursu oxumuş, respublikada şifahi xalq ədəbiyyatından ali məktəb üçün dərsliyi ilk dəfə P.Əfəndiyev dosent İmran Babayevlə birlikdə 1970-ci ildə nəşr etdirmişdir.

"Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliyinin 1970-ci il nəşrinin 39 səhifəsi İ.Babayevə, 227 səhifəsi P.Əfəndiyevə məxsusdur.

Sonralar Paşa müəllim dərslik üzərində yenidən, köklü şəkildə təkmilləşdirmə apararaq "Azərbaycan şifahi xalq ədəbiyyatı"nı 1981-ci ildə nəşr etdirmişdir. 403 səhifəlik bu əsərin nəşri o vaxtlar Azərbaycan SSR Ali və orta ixtisas təhsili naziri olmuş Qurban Əliyevin qayğısı ilə reallaşmışdı.

Sonralar - 1992-ci ildə "Maarif" nəşriyyatında buraxılmış üçüncü nəşr artıq kitabxanalarda nadir nüsxələrə çevrilib.

Professor Paşa Əfəndiyevin şifahi xalq ədəbiyyatı sahəsində fəaliyyəti namizədlik və doktorluq dissertasiyaları ilə, yaxud Molla Cümə irsini toplamaqla məhdudlaşmır.

Paşa müəllimin 2000-ci illərin əvvəllərində çap etdirdiyi "Azərbaycan folklorşünaslığının problemləri" adlı iki irihəcmli məqalələr toplusu onun çoxillik elmi araşdırmalarının nəticələri olaraq yazılmış dəyərli qələm məhsullarıdır.

Filologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitləri əslində xalq yaradıcılığı məsələləri ilə məşğul olanlar üçün faydalı ədəbiyyatlardandır.

2004-cü ildə buraxılmış ikinci kitabın ümumi həcmi 395 səhifədir. Topluda "Koroğlu" dastanı, C.Cabbarlı, S.Vurğun, "Molla Nəsrəddin lətifələri", "Novruz bayramı", xalq poeziyası ənənələri, Molla Cümə, Aşıq Rəfi və b. haqqında məqalələr verilmişdir. Müəllif bu kitaba həmçinin ayrı-ayrı folklorşünas alimlərin kitabları haqqında məqalələrini, dissertasiyaları barədə rəyləri də daxil etmişdir.

Kitabın sonrakı səhifələrində alim dissertasiyalarının yazılması, ixtisaslaşmış müdafiə şuralarında iştirakı, institutdakı tədbirlər haqqında yazıb.

Bu gün Azərbaycan efir məkanında ən uzunömürlü xalq yaradıcılığı verilişi olan "Bulaq" haqqında qələm məhsulu tarixilik baxımından dəyərli bir materiallardır.

"Azərbaycan folklorşünaslığı (1920-ci ilə qədər)", "Azərbaycan folklorşünaslığı (1930-40-cı illər)", "Azərbaycan folklorşünaslığı (1940-60-cı illər)", "Azərbaycan folklorşünaslığı (müntəxəbat)" ali məktəb tələbələrinin, magistr və doktorantların sıx-sıx istifadə etdikləri mənbələrdəndir.

Filologiya fakültəsinin tələbələri üçün buraxılmış "Dastan yaradıcılığı" (1990) kitabında folklorşünas alim qədim türk dastanlarından bəhs etmiş, "Bilqamıs", "Alp ər Tonqa", "Şu", "Göytürk", "Ərgənəqon", "Oğuz xaqan", "Manas", "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanlarından epik silsilə şəklində bəhs etmişdir.

Mütəxəssislərin də qeyd etdiyi kimi, Paşa Əfəndiyevin eposşünaslıq sahəsində fəaliyyəti milli elmimiz üçün çox dəyərli hadisədir.

"63 il institut divarları arasında" adlı avtobioqrafik oçerklər toplusu (Bakı, 2009, 285 s.) 83 yaşlı alim-müəllimin bir növ həyat salnaməsidir. 2002-2007-ci illər arasında qələmə alınmış bu avtobioqrafik əsər 14 bölmədən ibarətdir.

"Müqəddimə əvəzi" adlanan hissə Paşa müəllimin yetirməsi, filologiya elmləri doktoru Mahmud Allahmanlının elmi rəhbərinin həyat yolu, yaradıcılığı haqqında düşüncə və duyumlarının publisistik ifadəsidir.

Sonrakı bölmələrdə əməkdar elm xadimi P.Əfəndiyev doğma İlisu kəndi, onun təbiəti, tarixi, adət-ənənələri, mədəni mühiti haqqında söhbət açıb. Tələbəlik illəri xatirə yarpaqlarına çevrilib, müəllimləri hörmətlə yad edilib. Öz aspirantura dövrünü təsvir edən müəllif məqalə və kitablarının yaranma tarixçələrinə nəzər salır, dekan və kafedra müdiri işlədiyi dövrlərin salnaməsinə üz tutur.

"P.Əfəndiyev tələbələrinin və respublika ictimaiyyətinin təsəvvüründə, ilk növbədə, folklorşünaslıq tarixinin yaradıcısı, Azərbaycan folklor salnaməsinin müəllifidir. Onun adı milli yaddaş salnaməmizlə qırılmaz şəkildə bağlıdır". 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov