Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Dünya universitetləri

 

Nottingem Universiteti

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə, Nottingem şəhəri  
Yaranma tarixi: 1798-ci il
Tipi: Dövlət
İşçi heyəti: 7828  nəfər
Tələbələrin ümumi sayı: 40829 nəfər
İllik gəlirləri: 510600000  funt-sterlinq
İllik xərcləri: 474600000 funt-sterlinq
Rəsmi saytı: www.nottingham.ac.uk
 

 

Nottingem Universiteti (University of Nottingham) İngiltərənin Nottingem şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Nottingem Universiteti 100 ən yaxşı ali məktəb arasında 91-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Nottingem Universiteti 174-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 73-cü yerdə qərarlaşıb. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlinə əsasən Nottingem Universiteti 74-cü yerə layiq görülüb.  

Nottingem Universiteti Rassell, Universitetlər 21, Satton 13 qruplarının, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Böyük Britaniya Universitetləri Şəbəkəsinin üzvüdür. 

Tarixi 

Nottingem Universitetinin yaranma tarixi 1798-ci ildə fəaliyyətə başlamış yaşlıların tədrisi məktəbi ilə bağlıdır. Belə ki, bu təhsil müəssisəsi Nottingem şəhərində yaradılan ilk ali məktəblərdən hesab olunur. Lakin universitetin əsas tarixi 1877-ci ildə Böyük Britaniyanın baş naziri Uilyam Qladston tərəfindən Nottingem Kollecinin ilk təməl daşının qoyulmasından başlayır. 1881-ci ildə isə kollecin Şekspir küçəsindəki binası Olbani hersoqu şahzadə Leapold tərəfindən açılır. Beləcə, 1881-ci ildə Nottingem şəhərində London Universitetinin əsas hissəsi kimi universitet kollecinin yaradılması Nottingem Universitetinin tarixinin başlanğıcı kimi qəbul oluna bilər. Həmin dövrdə kollecdə ədəbiyyat, fizika, kimya və dəqiq elmlər üzrə dörd professor çalışırdı. Buna baxmayaraq, tez bir müddətdə Nottingem Kollecində yeni fakültələr - 1884-cü ildə Mühəndislik, 1893-cü ildə Fəlsəfə, 1897-ci ildə Fransız dili, 1905-ci ildə Pedaqogika, Fizika və Riyaziyyat, 1911-ci ildə İngilis dili və Dağ-mədən, 1912-ci ildə İqtisadiyyat, Geologiya və Coğrafiya, 1914-cü ildə Tarix, 1923-cü ildə Yaşlıların təhsili, 1925-ci ildə Əczaçılıq  departamentləri  yaranmağa başlayır.

1920-ci illərdə Nottingem Kolleci Nottingem şəhərinin mərkəzindən kənara köçürülür. Kollecin Universitet Parkı adlanan yeni kampusunun tikintisi 1928-ci ildə başa çatır və həmin ilin noyabrında kampusun açılışında kral V Georq iştirak edir. Fəaliyyət göstərdiyi illər ərzində bu ali məktəbdə Albert Eynşteyn, Herbert Uells, Mahatma Qandi və b. dahi şəxslər işləyiblər. Nottingem Kollecində 1916-cı ildən rus dili tədris olunur, 1933-cü ildə bu iş daha da genişləndirilir və Slavyan dilləri (sonradan Slavistika) departamenti fəaliyyətə başlayır. 1933-34-cü illərdə Elektrotexnika, Zoologiya və Coğrafiya departamentləri müstəqil fəaliyyət göstərməyə başlayır. 1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması kollecin inkişafını ləngidir.

İlk vaxtlar Nottingem Kollecinin tələbələri London Universitetinin diplomlarını alıblar. 1940-cı ildə Satton Boninqtondakı Midlends Kənd Təsərrüfatı Kolleci Nottingem Universitetinə birləşdirilir. 1948-ci ildə Nottingem Kolleci Kral xartiyası və universitet statusu aldıqdan sonra diplom və elmi dərəcələr verməyə başlayır.

1956-cı ildə universitetin bir neçə binasının tikintisi başa çatdırılır. 1970-ci ildə universitetin ən yeni Tibb Məktəbi, 1995-ci ildə isə Tibb bacısı və Mamalıq Məktəbi açılır. 1999-cu ildə Nottingem Universitetinin Böyük Britaniyada Yubiley kampusu, Malayziyada Semenyih, 2004-cü ildə isə Çində Ninbo kampusları fəaliyyətə başlayır. 2005-ci ildə Universitet Parkı kampusunun yaxınlığında Kral Çəmən kampusu açılır. 2007-ci ildə Nottingem Universitetinin rəsmi olaraq Baytarlıq Tibbi və Elmlər Məktəbi fəaliyyətə başlayır. Bu, Böyük Britaniyada son 50 ildə müstəqil olaraq açılan ilk Baytarlıq Məktəbi olur.      

Büdcəsi və təhsil haqqı 

2010-cu tədris ilində Nottingem Universitetinin illik gəlirləri 510600000 funt sterlinq olub. Həmin vəsaitin 144400000-ni maliyyə şurası qrantları, 165400000-ni təhsil haqqı və təhsil sazişləri, 104100000-ni tədqiqat qrantları və sazişləri, habelə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Ötən tədris ilində ali məktəbin ümumi xərcləri 474600000 funt-sterlinq olub. Göstərilən məbləğin 273600000-ni əməkdaşların əməkhaqqı, 20000000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.

2011-2012-ci tədris ilində Nottingem Universitetində bakalavr səviyyəsində təhsil haqqı 11900-23300 funt-sterlinq təşkil edib. Magistratura səviyyəsində təhsil haqqı 11990-21630, doktorantura səviyyəsində isə 11990-20500 funt-sterlinq olub.

 Nottingem Universitetində tələbəyə bir ay ərzində 700 funt-sterlinq lazım  gəlir. Bu məbləğə yataqxana, qidalanma, nəqliyyat, kitab, avadanlıq və digər lazımi əşyalar daxildir. Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.  

Universitet bu gün 

Nottingem Universitetinin Nottingem şəhərində 5 tələbə şəhərciyi mövcuddur. Universitet Parkı kampusu şəhərin mərkəzindən qərbdə 1,3 km²  (330 akr) ərazidə yerləşir və ali məktəbin əsas şəhərciyidir. Hayfilds gölünün sahilində yaşıllıqların arasında yerləşən kampus ölkənin ən gözəl yerlərindən biri hesab olunur. Kampus landşaftı və memarlıq üslubuna görə bir çox mükafatların qalibi olub.

Memar Maykl Hopkins tərəfindən işlənmiş Yubiley kampusunun açılışında 1999-cu ildə kraliça II Yelizaveta iştirak edib. Bu kampus Universitet Parkından 1,6 km aralıqda yerləşir. Yubiley kampusunun tikintisi 2004-cü ildə başa çatıb. Kampus müasir və unikal memarlıq üslubu, əsrarəngiz landşaftı ilə seçilir. 

Universitetin Şəhər xəstəxanası kampusu Bestvud kəndi yaxınlığındadır və burada respirator tibb, əhalinin sağlamlığı, insult, onkologiya, fizioterapiya və s. mərkəzlər yerləşir. 2009-cu ildə burada yeni İctimai Səhiyyə İnstitutu, Tütün Tədqiqatları Mərkəzi istifadəyə verilib.

Satton Boninqton kampusu Nottingem şəhərindən 20 km cənubda yerləşir. Burada Biologiya elmləri, Baytarlıq məktəbləri mövcuddur. Kampus Satton Boninqton tarixi malikanəsinin ətrafında, gölün, Botanika bağının yaxınlığında salınıb.  

Kral Çəmən kampusu 2005-ci ildə Lenton Leyndə keçmiş Mərkəzi Müstəqil Televiziya studiyasının yerində yaradılıb. Burada, əsasən, inzibati binalar, Əlyazma və Xüsusi Kolleksiyalar Mərkəzi, televiziya və film studiyaları vardır.

Nottingem Universiteti xarici ölkələrdə bir neçə kampusa malikdir. 1999-cu ildən başlanılan bu strategiya Malayziyanın Semenyih şəhərində açılmış kampusla başlayır. Bu şəhərcik yaşıl təpələrin yaxınlığında 101 akr ərazidə salınıb və Universitet Parkı kampusuna bənzəyir. Daha sonra 2004-cü ildə Çinin Ninbo şəhərində universitetin digər kampusu istifadəyə verilib.

Nottingem Universitetində 5 fakültə fəaliyyət göstərir:

İncəsənət fakültəsi Amerika və Kanada tədqiqatları, Arxeologiya, İncəsənətin tarixi, Klassika, Mədəniyyət, kinematoqrafiya və KİV, Mədəniyyətlər, dillər və regionşünaslıq, İngilis dili, İngiltərə tədqiqatları, Fransa və fransız dili tədqiqatları, Alman tədqiqatları, Tarix, Humanitar elmlər, Musiqi, Fəlsəfə, Rus dili və slavistika, İspan, portuqal və Latın Amerikası tədqiqatları, İlahiyyat və dinşünaslıq departamentlərindən ibarətdir. 

Sosial elmlər fakültəsinə Müasir Çin tədqiqatları, İqtisadiyyat, Pedaqogika, Coğrafiya, Hüquq, Siyasət və beynəlxalq münasibətlər, Sosiologiya və sosial siyasət departamentləri,  Nottingem Biznes Məktəbi daxildir.

Dəqiq elmlər fakültəsinə Biologiya, Bioelmlər, Kimya, İnformatika, Riyaziyyat elmləri, Əczaçılıq, Fizika və astronomiya, Psixologiya departamentləri aiddir.

Maşınqayırma fakültəsində Memarlıq və antropogen mühit, Kimya və mühəndislik ekologiyası, Vətəndaş quruculuğu, Elektrotexnika, Mexanika, material və maşınqayırma texnologiyası departamentləri fəaliyyət göstərir.

Tibb və səhiyyə fakültəsi Biologiya, Biotibbi elmlər, Kliniki elmlər, Cəmiyyətin sağlamlığı, Ginekologiya, Molekulyar tibb, Tibb bacısı, mamalıq və fizioterapiya, Fizioterapiya, Əmək, sağlamlıq və təşkilat, Baytarlıq Tibbi və Elmlər Məktəbindən ibarətdir.

Nottingem Universitetinin bir neçə kitabxanası mövcuddur. Hollvard kitabxanasında humanitar, incəsənət, hüquq və sosial elmlər üzrə kitablar toplanıb. Bu kitabxananın binası Böyük Britaniyanın ən gözəl tikililərindən hesab olunur. Binada kompüter otaqları, konfrans, oxu zalları mövcuddur.

 Universitetin ikinci böyük kitabxanası Corc Qrindir. Kitabxanada dəqiq, texniki elmlər və psixologiya üzrə materiallar saxlanılır. Yalnız tələbə bileti olan şəxslər kitabxananın resurslarından istifadə edə bilərlər.

Qrinfild Tibb kitabxanası Tibb, Tibb bacısı fakültələrinin tələbələri üçün nəzərdə tutulub. Qrinfild kitabxanası Universitet Parkı kampusunun yaxınlığında yerləşir. Bundan əlavə, Tibb bacısı və mamalıq, Fizioterapiya fakültələrinin Derbi və Mensfilddə kitabxanaları fəaliyyət göstərir.

Biologiya və baytarlıq elmləri üzrə kitablar Satton Boninqton kampusundakı Ceyms Kemeron-Gifford kitabxanasında toplanıb. Sadalanan kitabxanalarla yanaşı, universitetin Denis Arnold Musiqi kitabxanası zəngin musiqi partituraları və yazılarına malikdir. Yubiley kampusunda isə Djanoqli Tədris Mərkəzi və yeni Biznes kitabxanası yerləşir. Bu müəssisələrdə pedaqogika, kompüter elmləri və biznes sahələrini əhatə edən materiallar mövcuddur.  

Nottingem Universitetində 15 yataqxana kompleksi fəaliyyət göstərir. Bütün nömrələrdə çarpayı, yazı masası, paltar şkafı və digər mebel mövcuddur. Tələbələrin evlə əlaqə saxlamaları üçün otaqlar telefon və İnternetlə təchiz olunub. Universitet şəhərciklərində yerləşən bu yataqxanalarda 5 minə yaxın tələbə yaşayır. Tələbələrin gündə üç dəfə qidalanması yataqxana haqqına daxildir.

Universitet Parkı kampusunda 12 yataqxana (Ankaster, Kavendiş, Kripps, Derbi, Florensiya But, Hyu Stüart, Lenton və Vortli, Linkoln, Naytinqeyl, Ratlend, Şervud, Uilloubi) yerləşir və burada 3200-dən çox tələbə məskunlaşıb. Yubiley kampusunda Melton, Nyuark, Sautuell yataqxanaları fəaliyyət göstərir. Yataqxanalar ciddi mühafizə olunur, tələbələr üçün təhlükəsizlik və tibbi xidmətlər göstərilir. Universitetə yeni qəbul edilən əcnəbi tələbələrin böyük əksəriyyəti yataqxanalarda otaqlarla təmin edilir. Yataqxanalarda otaqların 1 günlük qiyməti 16-57 funt-sterlinq arasında dəyişir. Portlend binasında Tələbə Təşkilatı, kitab mağazası yerləşir.

Nottingem Universiteti üç orqan - Universitet Şurası, Senat, Məhkəmə tərəfindən idarə olunur. Universitetə şuranın tövsiyəsi ilə Universitet Məhkəməsi tərəfindən seçilmiş kansler rəhbərlik edir. Kansler Universitet Məhkəməsinə sədrlik edir. Nottingem Universitetinin kansleri professor Yan Fujiadır. Eyni zamanda ali məktəbdə vitse-kansler və 6 provitse-kansler fəaliyyət göstərir. Təhsil ocağının vitse-kansleri professor Devid Qrinueydir. Universitet Şurası 35 üzvdən ibarətdir. Nottingem Universitetində, Malayziya və Çin kampusları daxil olmaqla, ümumilikdə 7828  nəfər işçi çalışır. Nottingem şəhərində işçilərin sayı 7035, Malayziyada 465, Çində isə 328 nəfərdir. 

2010-2011-ci tədris ilində Nottingem Universitetinin dünya üzrə bütün kampuslarında ümumilikdə 40829  tələbə təhsil alıb. Belə ki, Nottingem şəhərində universitetin 32999, Malayziyada 3399, Çində isə 4431 nəfər tələbəsi oxuyub.

Nottingem Universiteti həyata keçirdiyi tədqiqatlarla dünyanın diqqətini cəlb edir. Burada professor Piter Mensfild tərəfindən aparılan maqnit-rezonans tomoqrafiyası işi 2003-cü ildə alimin tibb və fiziologiya üzrə Nobel mükafatı almasına səbəb olub. Universitetin iki alimi (Andre Geym və  Piter Mensfild) fizika, Klayv Qrencer isə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Professor Frederik Kippinq sənayedə milyard funt-sterlinq gəlir verən silikon polimerlərin kəşfini həyata keçirib, eləcə də universitetdə 12 teraflop superkompüter istehsal edilib.

Nottingem Universiteti dünyanın sürətlə inkişaf edən böyük universitetlərindən biridir. Beynəlmiləl tələbə və işçi heyətinə malik universitetin məqsədi gənclərin intellektual, peşəkar, şəxsi həyatlarına dəyərli və əvəzolunmaz təcrübə bəxş etməkdir. 

Universitetin məşhur məzunları 

  Tun Razak   Malayziyanın baş naziri  
  Zeynəb Banqura  Syerra-Leone dövlətinin sabiq xarici işlər naziri  
  Sultan Tuanku Cəfər Malayziyanın 10-cu kralı  
  Sultan Raca Azlan Şah Malayziyanın  9-cu kralı  
  Sultan Tuanku Bahiyah Malayziyanın 5-ci kralı  
  Tenqku Tan Sri Əhməd Rithaudden Malayziyanın sabiq müdafiə naziri  
  Lətifə Əl Qaood  Bəhreyn Nümayəndələr Şurasının ilk qadın üzvü  
  Piter Mensfild tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Yan Vilmunt  ingiltərəli embrioloq, klonlaşdırma üzrə mütəxəssis  

                

Universitetin məşhur müəllimləri

  Hyu Qeytskell  Böyük Britaniyanın sabiq maliyyə naziri  
  Maykl Layons "BBC Trust" şirkətinin sabiq sədri  
  Syuy Çjihun  Pekin Universitetinin sabiq prezidenti  
  Andre Geym fizika üzrə Nobel mükafatı laureatı  
  Piter Mensfild fizika üzrə Nobel mükafatı laureatı  
  Klayv Qrencer iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov