Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Azərbaycanın elm xadimləri

Alim-vətəndaş ömrünün izi ilə

 

"Ömür dedikləri coşqun çay kimidir" deyən kəs haqlıdır. Hər təzə il gələndə sirli-sehrli insan qəlbində neçə-neçə arzu oyanır, könlümüzdən nələr keçir... Və burası da var ki, ömrün bu keçid məqamında düşünürük: - Bizdən sonra nə qalacaq? İlləri yaşayanlar, sevib seçdiyi peşənin fövqündə durmağı bacaranlar üçün bu sualın cavabının nisgili, ağrı-acısı olmur. Belə bir ömür yaşayıb Bəşir Abbas oğlu Əhmədov... 1932-ci ilin may ayında Tovuz rayonunun axar-baxarlı obasında - Alakol kəndində dünyaya göz açıb. Yeddillik təhsili burada, orta məktəbi indi Gədəbəy rayonuna daxil olan Qoşabulaq kəndində alıb (O vaxtlar kənd Tovuzun inzibati-ərazi bölgüsünə daxil imiş). 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olan B.Əhmədov  ali təhsildən sonra Mərəzə və Əli Bayramlıda (indiki Şirvan) müəllim və məktəb inspektoru işləyib. Arzularının arxasınca Bakıya gəlib, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1961-ci ildə "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi metodikası" adlı namizədlik, 1967-ci ildə "Məzmun və formanın vəhdəti nitq inkişafının əsası kimi" adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bir müddət Pedaqogika İnstitutunda çalışan Bəşir Əhmədov sonralar 1960-66-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda elmi-pedaqoji fəaliyyət göstərmiş, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqogika kafedrasına rəhbərlik etmişdir. 1984-cü ildən o, M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) keçmişdi, kafedra müdiri işləyir, həm də Bakı Ali Pedaqoji Qızlar Seminariyasında çalışırdı. Professor B.Əhmədov 2007-ci ilin iyununda dünyasını dəyişdi. 

İnsan yaşa dolduqca, yan-yörədə səviyyəsiz və başmaq cütləyib ləbbadə tutanlar çoxaldıqca ovunub rahatlıq və təsəlli tapmaq üçün ötənlərə qayıdır, xatirələr aləmində durulub toxtayır. Təsəlli bu olur ki, həyat yollarında səmimi, mərd, zəkalı və xeyirxah, diqqətli və ləyaqətli... insanlarla rastlaşıbsan, onlarla həmsöhbət olubsan, davranış və hərəkətlərindən nəyisə görüb götürmüşsən. Həmin insanların yaxşılığı isə heç vaxt unudulmur. Qarda qoyulan iz əriyir, döşəmədə buraxılan yaş ayaq izi quruyur. Fəqət ən həssas fotolentdən də güclü insan yaddaşında çox şey qalır. Ömründə izi qalan insanlar unudulmurlar.

62 illik ömrümün 40 ilini "Azərbaycan müəllimi" qəzetində çalışmışam. Və bu illər ərzində mənim üçün həyata hazırlıq məktəbi, dünyaya pəncərə olan qəzet redaksiyasında Azərbaycan elminin bir çox korifeyləri, görkəmli nümayəndələri ilə görüşmüş, məqalələrini çapa hazırlamışam.

Bunların sırasında mərhum redaktor müavini Məhyəddin Əbdülovun dostu, ağayana yerişi, məntiqli və yumorla söhbəti ilə seçilən professor Bəşir Əhmədovun öz yeri vardır. O, qəzetin daimi müəlliflərindən idi. 

Dilçi-metodist, pedaqoq axtarışları 

Bəşir Əhmədovun 75 illik ömrünün 50 ili Azərbaycan təhsilinin elmi-pedaqoji məsələlərinin araşdırılmasına, Azərbaycan elmi-pedaqoji kadrlarının hazırlanmasına, Azərbaycan elminin dünya miqyasında tanınmasına sərf olunmuşdu. Bir müdrik kəlam var: Elmin vətəni olmur, aliminsə vətəni var. Professor Bəşir Əhmədovun həyatı Vətənə bağlı alim-vətəndaş, əsl soydaş həyat idi.

Bu həyat "Azərbaycan müəllimi" ilə də əriş-arğac idi. 600-dən artıq əsər çap etdirmiş Bəşir müəllimin kitablarının qeyri-tam siyahısı belədir: "Azərbaycan dili" (rus məktəbləri üçün dərslik), "Azərbaycan dili" (Azərbaycan məktəbləri üçün dərslik), "Pedaqogikadan mühazirə konspektləri", "Pedaqogikanın qanunları və prinsipləri", "Azərbaycan dili tədrisi" (müəlliflər kollektivi), "Ana dili dərslərində şagirdlərin nitqinin inkişaf etdirilməsi", "Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları", "Azərbaycan dilinin qısa etimoloji lüğəti", "Qısa etimoloji lüğət"... Bu kitab və dərsliklərdə, yaxud çoxsaylı qəzet və jurnal məqalələrində müəllifin elmi-pedaqoji və nəzəri şərhini verdiyi məsələlərin əhatə dairəsi və tematikası ilə oxucuları bir daha tanış etmək yerinə düşərdi. Azərbaycan dili təlimi prosesində səslə hərfin, tələffüzlə yazının müqayisəli öyrədilməsinin zəruriliyi ilk dəfə Bəşir Əhmədov tərəfindən elmə gətirilmişdir.

Çoxsaylı qələm məhsullarında əksini tapmış fikir və ideyaları, tezisləri nəzərdən keçirək: fikirlə ədəbi dil normalarının vəhdətdə öyrədilməsi zəruriliyi; söz birləşməsi, frazeoloji vahid və mürəkkəb sözlərin spesifik xüsusiyyətləri; "ifadəli oxu" anlayışının mahiyyətinin açıqlanması; tələbələrin pedaqoji təcrübəsinə yeni baxış; Azərbaycan dili təliminin spesifik obyektiv qanunlarının əsaslandırılması; diferensiasiya və inteqrasiya qanunu; öyrənməyi öyrətməyin zəruriliyi haqqında; pedaqoji prosesin obyektiv qanunlarının müəyyənləşdirilməsi; bütövlükdə pedaqoji prosesin ikitərəfli proses olmasının əsaslandırılması; "pedaqoji sövq" və pedaqogikada "hüceyrə" anlayışının şərhi; tərbiyənin tərkib hissələrinin beş deyil, yeddi olmasının əsaslandırılması; pedaqogika ilə erqonomikanın əlaqəsi; ədəbiyyatın yeni qaydada tədrisi barədə orijinal ideyanın ortaya atılması... Ümumi sayı 60-a yaxın olan belə fikir, ideya və məsələnin qələmə alınması, geniş oxucu auditoriyasına çatdırılması bir insan ömründən keçib. Və bu işlərlə yanaşı, bir elmi rəhbər kimi Bəşir Abbas oğlu neçə-neçə soydaşın pərvazlanmasında, sözün həqiqi mənasında, bir vətəndaş, bir mərd alim, bir soydaş kimi əmək çəkib. Onun rəhbərliyi altında 20-dən çox tədqiqatçı namizədlik və doktorluq dissertasiyası müdafiə edib, 70 nəfərdən çox şəxsin müdafiəsində rəsmi opponent olub.

Professor B.Əhmədov 60-cı illərdən başlayaraq keçmiş SSRİ, indiki MDB məkanında - Moskva, Tbilisi, Aşqabad, Soçi, Yaroslavl,  Orconikidze şəhərlərində keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmiş, müəyyən problemlərin həllinə diqqəti yönəltməyə çalışmışdır. 1998-ci ildə professor Bəşir Əhmədov Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü seçilmişdi. 

Adam var özünə qəsd edər, yüzü yaşasın deyə... 

Doğrudan da, qəlbi xalq üçün döyünən, mənalı həyatını elmin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Bəşir müəllimin fəaliyyətinə nəzər saldıqca adamda elə bir fikir yaranır ki, hörmətli şairimizin yuxarıdakı misraları məhz Bəşir müəllim kimi alim-vətəndaşa həsr olunmuşdur.

B.Əhmədovun ictimai fəaliyyəti də geniş və çoxsahəli idi. O, Azərbaycan Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Təhsil Nazirliyinin elmi-metodik şurasının, Milli Elmlər Akademiyasında Terminologiya Komitəsinin, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şurasının, Azərbaycanda pedaqoji-psixoloji elmləri əlaqələndirmə komissiyası rəyasət heyətinin üzvü olmuşdu. Keçmiş SSRİ dövründə Moskvada pedaqogikanın metodoloji problemləri üzrə elmi şuranın üzvü olmuş və bütövlükdə Zaqafqaziyanı təmsil etmişdi. Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü idi.

Professor B.Əhmədovun Azərbaycan dilçiliyinin inkişafında böyük fəaliyyəti olmuşdur. Azərbaycan dilçiliyində mübahisəli məsələlər olduqca çoxdur. Ən mübahisəli məsələlərdən biri də "fonem" anlayışı ilə bağlıdır. Bəşir müəllim bir çox dilçilərdən fərqli olaraq, fonem anlayışını yüksək abstraksiyanın məhsulu hesab etmiş, konkretlikdən məhrum olduğunu söyləmişdir. "Meyvə" adında meyvə olmadığı kimi, fonem adında da fonem yoxdur. Meyvə alma, armud, şaftalı, gavalı, heyva, nar və s. mühüm əlamətlərin ümumiləşməsindən ibarət olduğu kimi, fonem də a, b, v, q, ğ, s, d-nin mühüm əlamətlərinin abstraksiya səviyyəsində ümumiləşdirilməsindən ibarətdir. Deməli, mənanı fərqləndirən səs tərifinin verilməsi inandırıcı deyil, "A" səsinin beş deyiliş variantı ola bilər, bu variantların hamısında sabit qalan (invariant) əlamətlərin ümumiləşdirilməsi məhz fonem deməkdir.

Professor B.Əhmədovun ən maraqlı fikirlərindən biri feli sifət, feli bağlama və məsdərin fel olmasına etirazı ilə bağlıdır. O, bunları müstəqil (hibrid) nitq hissələri hesab edir və belə bir fəlsəfi müddəaya söykənirdi: elementin ayrılıqda olan əlaməti ilə sistem daxilində olan əlaməti eyniyyət təşkil etmir. Natrium ayrılıqda zəhərləyicidir, xlor da belədir. Amma xörək duzunun tərkibində onlar başqa xassə kəsb edir. Sifətin və felin ayrılıqda olan bir sıra əlamətləri feli sifətdə təzahür edə bilmir (məsələn, təsriflənməmək feldə yoxdur, inkarda işlənə bilmək sifətdə yoxdur, amma bunlar feli sifətdə var).

Var, yox tipli sözləri dilçilər heç bir nitq hissələrinə daxil edə bilmirlər. Bəşir müəllim bunları xəbəri əvəzlik adlandırıb (mərhum professor Ə.Z.Abdullayev Bəşir müəllimdən xeyli sonra bunları predikativ sözlər hesab edib).

Ötən əsrin 90-cı illərində professor B.Əhmədov ən çox sözün mənşəyi problemi ilə məşğul olurdu və 200-dən artıq kəlmənin ilkin mənasını ortaya çıxarmışdı. Onun fikrincə, ağzı göyçək, kəkliyi azmaq və s. birləşmələr əslində ağzı gövşək, gəyriyi  azmaq kimi olub, sonra dəyişikliyə uğrayaraq müasir formasını kəsb edir. O yazır ki, aşıq sözünün eşk sözü ilə əlaqəsi yoxdur. Aşıq - hərəkət (oynamaq, oynaqlıq, gəzmək, bir eldən digərinə gedən...) anlayışı ilə bağlıdır... uşaqların oynadığı aşıq (sümük) ilə eyni mənaya malik olub.

Bəşir müəllim həmin sözləri bir kitab halında 1999-cu ildə "Mütərcim" nəşriyyatında (376 səh.) 1000 nüsxə tirajla çap etdirmişdi. O, öz yazılarında elmə aşağıdakı yenilikləri gətirmişdir.

*Azərbaycan dili təlimi prosesində səslə hərfin, tələffüzlə yazının müqayisəli öyrədilməsinin zəruriliyi.

*Nitqin məzmunu ilə formasının, fikirlə ədəbi dil normalarının vəhdətlə öyrədilməsi zəruriliyi.

*Təlimdə müəllimə həqiqi müstəqilliyin verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir olunması zəruriliyi.

*Şeirin şifahi nitq formaları zəminində yazılması zəruriliyi.

*Söz birləşməsi, frazeoloji vahid və mürəkkəb sözlərin spesifik xüsusiyyətləri.

*"Pedaqoji gerçəklik", "Pedaqoji proses" anlayışının vacibliyi.

*Müəyyən şəxsli təktərkibli cümlənin mahiyyətinin açılması.

*Təyin nəyi təyin edir?

*Mürəkkəb söz və kəmiyyət kateqoriyası məsələsi.

*Məktəb direktorlarına tam səlahiyyətlər verilməsinin züruriliyi.

Dərsin diskussiya şəklində təşkilinin zəruriliyi.

*Təhsillə bağlı inkişafın rəqabətlə bağlı olmasının əsaslandırılması.

*Söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqə məsələsi.

*Felin "Mürəkkəb zaman" anlayışının elmi əsasa malik olmaması.

*Təlim-tərbiyədə islam dininin öyrədilməsi zəruriliyi.

*Durğu işarələrinin dəqiqləşdirilməsi.

Üçcildlik etimoloji lüğət və daha neçə-neçə məqalə və kitablar bu gün dilçilik, dilin metodikası və pedaqogika sahəsində çalışanlar üçün dəyərli mənbələrdəndir. Onun əməllərini iki övladı - pedaqoji elmlər üzrə fəlsəfə doktorları - Xoşqədəm Bəşirqızı və İlham Əhmədov davam etdirirlər.

***

Bəşir müəllim özünə xas təsvir, təhlil və şərh üslubu olan alim idi. Fikirlərini çox anlaşıqlı və məntiqli cəhətdən düzgün ifadə onun bütün əsərlərində özünü göstərir. 1995-ci ildə "Xalq qəzeti"ndə dərc olunmuş "Müzakirə edəkmi?" məqaləsindən bir parçanı yazıya daxil edirəm:

Dissertasiya üzərində işləyən gənclər tədqiqatın metodoloji əsaslarını müəyyənləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar.

Əlbəttə, marksizm-leninizm fəlsəfəsində öz əksini tapmış həqiqətlər az deyil və bizim onları tamam inkar etməyə haqqımız yoxdur. Məsələn, dialektika (bunun əsas müəllifi Hegeldir və marksistlər ona istinad ediblər), onun qanunları bizə bu gün də lazımdır, sabah da lazım olacaq. İnkişaf, onun mahiyyəti, həyata keçirilmə yolları, bu işdə dialektik ziddiyyətlərin rolu, meydana çıxarılmış obyektiv qanunlar sisteminin metodoloji əhəmiyyət kəsb etməsi kimi, fəlsəfi məsələlər indi də əhəmiyyətlidir. Bununla belə, bizim metodologiya sovet dövründəkinin təkrarı ola bilməz. İndi milliliklə bəşəriliyin vəhdəti, hadisələrə sinfi baxımdan yox, ümummilli və ümumbəşəri tərzdə yanaşmaq zəruriliyi ön plana keçməlidir.

Azərbaycan pedaqogikasının metodoloji və ideoloji əsaslarını təkcə, xüsusi və ümumi anlayışlarının dialektikası zəminində müəyyənləşdirməliyik. Dünyanın bütün xalqlarına xas olan əlamətlər (demokratiya, plüralizm, humanizm...) ümumi, müəyyən qrup xalqlara mənsub olan cəhətlər (məsələn, müsbət mənada işlədilən millətçilik) təkcə anlayışına daxildir. Bunların vəhdəti Azərbaycanın milli ideologiyası şəklində təzahür edir ki, bu da  öz əksini türkçülük, islamçılıq və müasirliyin vəhdəti prinsipində tapmışdır. Bu prinsip milli mənafeyimizi əks etdirdiyindən biz onu milli ideologiya kimi qəbul etməliyik... 

Son söz əvəzi, yaxud Xeyirxahlıq nümunəsi 

Oxuculardan özümlə bağlı bu sətirlər üçün, müəyyən mənada qeyri-təvazökarlığa görə, üzr diləyirəm. "Xeyirxahım" qələbə çalmışdı: filologiya elmləri doktoru, professor M.H.Təhmasib "Orta əsrlər dastanlarımızda "Dədə Qorqud" kitabı motivləri" mövzusunda dissertasiyaya iki ildən sonra elmi rəhbər olmaqdan imtina etdi. Mərhum Yaşar Qarayevi elmi rəhbər olmağa razı salan professor (qəbri nurla dolsun) Kamran Məmmədovla qohumum professor Yusif Talıbov ədəbiyyatımızda təmsil janrı mövzusunu tövsiyə etdilər. Bir az keçmiş, sənədlərim və işin planı yoxa çıxdı?! Həyatda möhkəm küskünləşmişdim. Mərhum Əziz Əfəndizadə ilə Ağadadaş Babayev folklor metodikası ilə bağlı dissertasiya mövzusunu şöbədə bəyənib təsdiq etdilər. İnstitutun elmi şurasına təqdim olundu (mövzu təsdiq olunanda da, sonralar da badalaq atanlar az olmadı).

***

25 məqaləm, 2 fakültativ proqramım, 3-4 metodik tövsiyəm çap olunmuşdu. Dissertasiya müdafiəyə buraxılmışdı. Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) müdafiə şurası sədrinin: - Kurator kim olsun - sualına cavab gec verildi.

- Mən olacağam! - Bəşir Əhmədovun səsi idi.

 10 gündən sonra onun çalışdığı instituta getdim. Bəşir müəllim məni rahatlandıran fikirlərini elmi şurada səmimi, aydın və obyektiv söylədi.

- Opponent kim olsun?

Nə Pedaqogika İnstitutundan, nə də Azərbaycan Dövlət Pedaqoji İnstitutundan opponent ola bilməzdi. Onda mən düzdə qalırdım, başqa respublikadan kimsə dəvət olunmalı idi. Yenə də professor Bəşir Əhmədovun mərdanə səsi gəldi: - Mən olacağam.

Etiraz edənə Bəşir müəllimin cavabı tutarlı oldu: - Ədəbiyyatın tədrisi metodikası ilə bağlı 5 elmi məqaləm, 8 çap vərəqi həcmində metodik vəsaitimiz çap olunub. AAK-ın tələblərinə müvafiq qaydada opponent ola bilərəm, - dedi.

Professor Bəşir Əhmədov birinci opponent təsdiq olundu. Bir həftə sonra müdafiə şurasının elmi katibi, dosent İ.İsayev zəng edib nəzərdə tutulmuş alimin birinci opponent olmağa yazılı razılıq verdiyini bildirdi. Avtoreferatı dəyişməli oldum. Bəşir müəllimin cəsarətli çıxışı, xeyirxah addımı nəticəsiz qalmadı.

Bu, professor Bəşir Abbas oğlu Əhmədovun kim bilir neçənci insana növbəti xeyirxahlığı idi...

 Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov