Sentyabrın
23-də təhsil naziri Misir Mərdanov Almaniyanın
Vaynştefan-Trisdorf Tətbiqi Elmlər
Universitetinin professoru, "Kənd təsərrüfatı
sahəsində ilkin peşə təhsilinin inkişafı
layihəsi"nin Almaniya tərəfdən meneceri Herbert
Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayıb və Azərbaycanda peşə təhsilinin
təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən layihələrin əhəmiyyətindən söz açıb.
Bu işin uğurla davam etdirildiyini nəzərə
çatdıran Misir Mərdanov "Kənd təsərrüfatı
sahəsində ilkin peşə təhsilinin inkişafı
layihəsi"ni yüksək dəyərləndirərək, bununla
bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək
göstəriləcəyini bildirib.
Avropa İttifaqı və Azərbaycan hökuməti
tərəfindən maliyyələşdiriləcək layihənin uğurla
reallaşdırılacağına ümidvar olduğunu söyləyən
təhsil naziri birgə işin ölkəmizdə kənd
təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin
təkmilləşdirilməsinə layiqli töhfələr verəcəyinə
əminliyini ifadə edib. Misir Mərdanov bildirib
ki, layihənin həyata keçirilməsi üçün müvafiq
müəssisə seçilməli, həmin müəssisədə nəzərdə
tutulan işlərin reallaşdırılması məqsədilə
lazımi şərait yaradılmalıdır.
Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün
təşəkkür edən "Kənd təsərrüfatı sahəsində ilkin
peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya
tərəfdən meneceri Herbert Strobel layihə üzrə
birgə görüləcək işləri nəzərə çatdırıb. Qonaq
bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr
hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim
hazırlığının təmin edilməsi və əmək bazarının
tələbatının öyrənilməsi bu layihədə nəzərdə
tutulan əsas müddəalardandır. Herbert Strobel
layihənin həyata keçirilməsi üçün müvafiq
müəssisə seçimi, həmin müəssisədə nəzərdə
tutulan işlərin reallaşdırılması məqsədilə
görüləcək işlər haqqında söhbət açıb, layihə
çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli
iş şəraitinin yaradılması və digər məsələlərlə
bağlı fikirlərini bildirib.
Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından
tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin
təşkili və layihənin uğurla həyata keçirilməsi
üçün nəzərdə tutulmuş bir sıra digər məsələlər
ətrafında da müzakirələr aparılıb. |