Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - 38

 

Dünya təhsili

 

Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi

 
 

Birləşmiş Ərəb Əmirlikləri

 
   
Ərazisi:  83600 kv.km.
Əhalisi: 8,25 milyon nəfər
Paytaxtı: Abu-Dabi şəhəri
Dövlət dili: ərəb dili
Pul vahidi:  dirhəm
 

  

Təhsil sistemi 

Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilib, təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir.

Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir. BƏƏ hökuməti 2009-cu ildə təhsilin və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard ABŞ dolları) vəsait ayırıb.

BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil pilləsindən ali təhsil pilləsinə qədər ölkənin bütün vətəndaşları üçün pulsuzdur. Buraya məktəbli formaları, kitablar, zəruri avadanlıqlar, əlavə vəsait və nəqliyyat vasitəsi ilə təminat da daxildir. Təhsil IX sinfə, yəni 6 yaşdan 15 yaşa qədər icbaridir.

2006-2007-ci tədris ilindən etibarən əcnəbi şagirdlərə də təhsil haqqı ödəməklə dövlət məktəblərində oxumağa icazə verilir. Birləşmiş Ərəb Əmirliklərində müəllim tələbə nisbəti 15:1-ə bərabərdir.

BƏƏ-nin müasir təhsil sistemi əsasən ötən əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu.

Ölkədə təhsilə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artırılsa da, tədris metodları və kurikulum yeni tələblərə cavab vermirdi. Ümumilikdə təhsil sistemi zəif idi. 2006-cı ilin fevral ayında hökumət tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən daimi sinif otaqlarının, kompüter laboratoriyalarının müasir avadanlıqlarla təmin olunması istiqamətində konkret addımlar atılmağa başlandı.

BƏƏ-nin Təhsil Nazirliyi təhsildə texnologiyaları tətbiq etmək, yeni bacarıqları təkmilləşdirmək üçün hazırlanmış və şagirdlərin təhsil imkanlarının artırılmasına yönəlmiş "Təhsil-2020" adlı beşillik silsilə proqramlar qəbul edib. Bu proqramın bir hissəsi kimi, 2003-2004-cü tədris ilindən başlayaraq bütün dövlət məktəblərinin I siniflərində yeni riyaziyyat və inteqrativ təbiət elmləri kurikulumu tətbiq edilir. Yeni kurikulumlarda ingilis dilinin tədrisi digər fənlərin, o cümlədən riyaziyyat və təbiət elmlərinin tədrisinə inteqrasiya edilir.

Birləşmiş Ərəb Əmirlikləri qadınların təhsilə cəlb olunması və onların təhsil imkanlarının artırılması istiqamətində mühüm irəliləyiş əldə edərək BMT-nin Minilliyin Məqsədlərinə çatmaq üçün müəyyən etdiyi tələbləri yerinə yetirib.

Ölkədə təhsilin bütün pillələrində yeni təşəbbüslər dəstəklənir və müvafiq islahatlar həyata keçirilir. Bunlardan biri də K-12 proqramlarının tətbiq edilməsidir. Bu proqramın əsas məqsədi orta məktəb məzunlarının dünya universitetlərində oxumasına tam hazırlıqlı olmasını və qlobal əmək bazarında rəqabət apara bilməsini təmin etməkdir.

Təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlarla yanaşı, BƏƏ hökuməti 2020-ci ilə qədər təhsili milliləşdirməklə təhsil sektorunda çalışan vətəndaşlarının sayının 90 faizə çatdırılmasını əsas hədəf kimi müəyyənləşdirib. Orta təhsil pilləsində reallaşdırılan bütün bu islahatlar ölkənin Təhsil Nazirliyi, Abu-Dabi Təhsil Şurası və Dubay Təhsil Şurası tərəfindən həyata keçirilir.

BƏƏ-də ali təhsil sisteminin idarə olunması ilə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi məşğul olur. Bu qurum həm də ali təhsil müəssisələrinə qəbul aparılmasını və tələbələrin seçdikləri ixtisaslar üzrə yerləşdirilməsini həyata keçirir. 

Məktəbəqədər təhsil 

Birləşmiş Ərəb Əmirliklərində uşaqlar 4-5 yaşlarında məktəbəqədər təhsilə cəlb olunurlar. 2005-ci ilin statistikasına görə, ibtidai məktəblərin I sinfinə qəbul edilən uşaqların 80 faizini məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqlar təşkil edir.

Ölkədə həm dövlət, həm də müstəqil məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Müstəqil bağçalarda tətbiq olunan kurikulum dövlət bağçalarında tətbiq olunan kurikulum ilə eynidir. Həmçinin müstəqil bağçalar üçün inzibati, texniki və tədris heyətinə olan ehtiyacı Təhsil Nazirliyi müəyyənləşdirir.

Məktəbəqədər təhsil pilləsində son illər aparılmış islahatlar nəticəsində Bağçaların İnkişaf Mərkəzləri yaradılıb. Bu mərkəzlər Körfəz regionunda  tədris və inzibati heyətin hazırlanması, eləcə də onların ixtisasının artırılması üçün daimi elmi-tədris bazası hesab edilir. 

İbtidai təhsil 

Ölkədə ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Dövlət ibtidai təhsil müəssisələrində oğlanlar ayrı, qızlar ayrı məktəblərdə oxuyurlar. 2006-cı ilin statistikasına görə, oğlanların 85, qızların isə 82 faizi ibtidai təhsil pilləsinə cəlb olunur.

İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Abu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlayır. Ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.

BƏƏ-də ibtidai təhsildən sonra şagirdlər 3 illik hazırlıq (əsas) təhsili pilləsində oxuyurlar. İbtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini texniki profilli orta məktəblərdə də davam etdirə bilərlər. Həmin məktəblərdə təhsil 6 il davam edir və məzunlara orta texniki təhsil haqqında diplom verilir. 

Orta təhsil 

3 illik hazırlıq təhsilini başa vurduqdan sonra şagirdlər növbəti 3 il müddətində orta təhsil pilləsində oxuyurlar. Əhalinin orta təhsil pilləsinə cəlb olunmasının səviyyəsi ibtidai təhsil pilləsi ilə müqayisədə nisbətən aşağıdır. Belə ki, bu təhsil pilləsinə kişilərin 62, qadınların isə 66 faizi cəlb olunur.

Ölkədə orta təhsilin idarə olunmasına Təhsil Nazirliyi cavabdehlik daşıyır. Dövlət məktəbləri hökumətin ayırdığı vəsait hesabına maliyyələşir və belə məktəblərdə kurikulum BƏƏ-nin inkişaf məqsədlərinə və dəyərlərinə uyğun olaraq tərtib olunur. Dövlət məktəblərində tədris ərəb dilində həyata keçirilir. İngilis dili isə ikinci dil kimi tədris olunur. Həmçinin beynəlxalq səviyyədə akkreditasiyadan keçmiş çoxlu sayda özəl məktəblər də fəaliyyət göstərir.

2006-2007-ci tədris ilinin statistik məlumatlarına görə, ölkənin 1256 dövlət və özəl orta məktəbində 650000 nəfər şagird təhsil alıb. Bu şagirdlərin 60 faizi dövlət məktəblərində oxuyub.

Son illər özəl təhsil sektorunda ciddi inkişaf meyilləri müşahidə olunur. Bu isə özəl məktəblərdə təhsil almaq istəyənlərin sayının kəskin artmasına səbəb olub. Dubay Əmirliyində şagirdlərin 50 faizi, Abu-Dabi Əmirliyində isə 40 faizi özəl məktəblərdə təhsil alır.

Ölkədə xüsusi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində də islahatlar həyata keçirilməkdədir. 2006-cı ildə fiziki və əqli qüsuru olanlar üçün təhsil imkanlarının yaxşılaşdırılması məqsədilə xüsusi akt qəbul edilib. Bu sənədə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət və özəl məktəblərdə digər şagirdlərlə bərabərhüquqlu təhsil almaq imkanı qazanıblar. Bununla yanaşı, bütün ölkədə müvafiq peşə və reabilitasiya mərkəzləri də fəaliyyət göstərir. 

Ali təhsil 

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələrinə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası lisenziya verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir.

Qeyd etdiyimiz kimi, ölkə vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar.

Ölkənin dövlət universitetlərinin sırasına Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti və Ali Texnologiya Kolleci daxildir.

1976-cı ildə Abu-Dabi Əmirliyinin Əl-Əyn şəhərində təsis olunmuş Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur. Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir. Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir.

1988-ci ildə təsis olunmuş Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib. Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır.

1988-ci ildə təsis olunmuş Ali Texnologiya Kolleci hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. 16000 nəfərin təhsil aldığı bu kollec ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir.

Tələbə kontingentinin 10000 nəfərdən çoxu qızlardan ibarət olan Ali Texnologiya Kollecinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.

Özəl ali təhsil müəssisələri arasında Şarcah və Dubay Amerikan universitetləri, Şarcah Universiteti, Acman Elm və Texnologiya Universiteti, Abu-Dabi Universiteti, Əl-Hosn Universiteti daha məşhur və nüfuzludurlar.

1995-ci ildə təsis olunmuş Dubay Amerikan Universiteti həm BƏƏ, həm də ABŞ-da akkreditasiyadan keçib.

BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən Körfəz Tibb Universitetidir. Bu ali təhsil müəssisəsində müxtəlif ölkələrin vətəndaşları cinsi ayrı-seçkilik olmadan təhsil ala bilərlər. 2008-ci ildə təhsil müəssisəsi tədrisin səviyyəsini xeyi yüksəldib və əhatə dairəsini genişləndirərək Avstraliya Həkimlik üzrə Kral Kolleci ilə birgə stomatologiya, əczaçılıq və digər ixtisasların tədrisinə başlayıb.

Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu məktəblərin çoxu öz tədris proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən təsdiq etdirirlər. 

Elmi tədqiqatlar 

Birləşmiş Ərəb Əmirliklərində təhsil və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir. Təcili Kompüter Yardımı üzrə Tədqiqat Mərkəzinin, Məsdər Elm və Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin təşkili bunun bariz nümunəsidir.

Məsdər Elm və Texnologiya İnstitutu Orta Şərqin ilk elmi-tədqiqat yönümlü universiteti hesab edilir. 2009-cu ilin payızında universitetdə ilk dəfə magistratura proqramları həyata keçirilməyə başlanıb. Bu universitetin yaradılmasının əsas məqsədi dünyada təbii yanacaqdan asılılığın azaldılması problemi ilə məşğul olan gənc kadrlar və tədqiqatçılar hazırlamaqdır.

Tədqiqat və təlim müəssisəsi olan Dubay İdarəçilik Məktəbi də elmi-tədqiqatlara geniş yer verir, müvafiq sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirir. Bu təhsil müəssisəsində 2009-cu ildən idarəetmə və dövlət siyasəti üzrə magistratura proqramları tədris olunur.

Beynəlxalq əməkdaşlıq 

Birləşmiş Ərəb Əmirliklərində xarici ölkələrin beynəlxalq səviyyədə tanınmış universitetlərinin filialları da fəaliyyət göstərir. Onların bəziləri xüsusi təhsil zonalarında, 2003-cü ildə yaradılmış Dubay Bilik Kəndində və Akademik Şəhərcikdə yerləşir.

Xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində beynəlxalq səviyyədə tanınmış universitetlər, təlim mərkəzləri, elektron təlim və tədqiqat şirkətləri bir arada cəmləşib. Hazırda bu məkanda 25 beynəlxalq səviyyəli ali təhsil müəssisəsi fəaliyyət göstərir. Buraya Sankt-Peterburq Dövlət Universiteti, Mühəndislik və İqtisadiyyat Universiteti, Uollonqonq Universiteti, Mahatma Qandi Universiteti, Mançester Biznes Məktəbi və digərləri daxildir.

Bundan başqa, Ras-Əl-Xayma Əmirliyində Tafts Universitetinin və Corc Meyson Universitetinin, Dubay Əmirliyində Miçiqan Dövlət Universitetinin və Roşester Texnologiya İnstitutunun, eləcə də Vaşinqton Universitetinin, Boston Universitetinin filialları fəaliyyət göstərir.

700 illik şərəfli inkişaf yolu keçmiş Sorbonna Universitetinin xaricdə ilk filialı məhz 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində açılıb. Burada Sorbonna Universiteti tərəfindən müəyyən olunmuş qaydalara və təhsil standartlarına uyğun tədris aparılır.

Avropa Biznesin İdarəolunması İnst

itutu Abu-Dabi Əmirliyində 2007-ci ildən fəaliyyət göstərməyə başlayıb. Bu təhsil müəssisəsində hazırda 7 icraedici tədris proqramı üzrə mütəxəssislər hazırlanır.

2008-ci ildə Abu-Dabi Əmirliyində Nyu-York Film Akademiyasının filialı təsis olunub. 2010-cu ildən filialda bakalavr dərəcə proqramlarının tədrisinə başlanılıb.

2010-cu ilin payızında Əbu Dabi Əmirliyində Nyu-York Universitetinin müvəqqəti filialı açılıb. Yaxın gələcəkdə bu təhsil müəssisəsi üçün Saadiyat adasında əsas tədris binasının istifadəyə verilməsi nəzərdə tutulur. Təhsil müəssisəsində Orta Şərqdən, Cənubi Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn 2000 tələbənin bakalavr və magistratura təhsili alması üçün hər cür şərat yaradılacaq.

Con Hopkins Universitetinin Blumberq Tibb Məktəbi isə BƏƏ-də tibb üzrə doktorantura proqramının həyata keçirilməsinə yardım edir.

Ölkənin beynəlxalq səviyyədə tanınmış universitetlərində xaricdə oxumaq imkanı olmayan yerli tələbələr də biznes, təbiət elmləri, mühəndislik və kompüter proqramları ixtisası üzrə təhsil alırlar. 

Əlavə təhsil

 Birləşmiş Ərəb Əmirliklərində daimi inkişafa nail olmağın vacibliyini nəzərə alaraq yeni strategiyalar, proqramlar icra edilir və yeni təşəbbüslər dəstəklənir, yüksək keyfiyyətli təhsil standartlarının həyata keçirilməsinə səy göstərilir. Bütün Orta Şərqdə təhsilin inkişafına maneə yaradan əsas faktorlar ingilis dilinin tədrisinə münasib diqqətin verilməməsi, müasir tədris vasitələri, texnologiyaları və metodları ilə qeyri-adekvat təmin olunmaq hesab edilir. Müasir kurikulumun vacibliyini qəbul edən BƏƏ bu sahənin inkişaf etdirilməsi üçün böyük təhsil kampaniyasına başlayıb. Əlbəttə ki, bu kampaniyanın əsasını təhsilin maliyyələşməsi təşkil edir. Odur ki, BƏƏ-də 2009-cu ildə təhsilin və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard ABŞ dolları) vəsait ayrılıb. Bu vəsaitin bir hissəsi növbəti 5 il ərzində  dövlət məktəblərində çalışan 10000 müəllimin ixtisasının artırılmasına yönəldiləcək.

2008-ci ildən Təhsil Nazirliyi Mentorluq Proqramının tətbiqinə başlayıb. Proqrama əsasən 735 dövlət məktəbinin 50-nə Qərb ölkələrində təhsil almış savadlı və ixtisaslı məktəb direktorları təyin edildi. Bu, tədris strategiyasının müasirləşdirilməsi və Qərb ölkələrində tətbiq olunan təlim üsullarının, şagirdyönümlü fəal təlim metodlarının ölkə məktəblərində tətbiqi istiqamətində mühüm bir addım oldu.

Aparılmış son tədqiqatlar deməyə əsas verir ki, ölkədə savadsızlığın hazırkı səviyyəsi 7 faizdən də aşağıdır. Sevindirici haldır ki, hökumətin həyata keçirdiyi stimullaşdırıcı təhsil layihələri sayəsində bu göstərici getdikcə daha da aşağı düşür. Əhalinin yaşlı təbəqələri arasında savadsızlığın ləğvi üzrə müvafiq proqramlar həyata keçirilir və onların müsbət nəticələri cəmiyyətin ümumi inkişafına əlavə təkan verir. Hazırda minlərlə ölkə vətəndaşı bütün regionlarda təsis olunmuş yaşlıların təhsili üzrə 86 mərkəzdə formal təhsil almaqdadır.

Ötən əsrin ikinci yarısından əldə etdiyi sosial-iqtisadi uğurlarla bütün dünyanı təəccübləndirən Birləşmiş Ərəb Əmirlikləri təhsil sektorunda da kifayət qədər nailiyyətlər qazanıb. Təsadüfi deyil ki, ölkə əhalisinin ümumi artım dinamikasında miqrasiya hesabına artım üstünlük təşkil edir. Digər səbəblərlə yanaşı, təhsil almaq üçün ölkəyə gələn əcnəbilərin əksər hissəsinin Birləşmiş Ərəb Əmirliklərində daimi qalmağa üstünlük verməsi də bu məsələdə mühüm rol oynayır. 

Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
 

Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov