Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Dünya universitetləri

 

Sürix Universiteti

 
  Yerləşir: İsveçrə Konfederasiyası, Sürix şəhəri  
Yaranma tarixi: 1833-cü il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 5382 nəfər
Tələbələrin ümumi sayı: 26168 nəfər
İllik gəlirləri: 1182700000 İsveçrə frankı
İllik xərcləri: 1166400000 İsveçrə frankı
Rəsmi saytı: www.uzh.ch
 

 

Sürix Universiteti (University of Zurich) İsveçrənin Sürix şəhərinin mərkəzində yerləşir və ölkənin ən böyük ali məktəbidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sürix Universiteti 100 ən yaxşı ali məktəb arasında Naqoya Universiteti ilə birlikdə 92-ci yerdə sıralanıb. Sürix Universiteti 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə 90-cı yerdə, "QS World University Rankings"in reytinq cədvəlində isə 101-ci yerdə qərarlaşıb. Bu ali məktəb "QS World University Rankings"in 2011-2012-ci tədris ili üzrə tərtib etdiyi reytinq cədvəlində 106-cı yeri tutub.    

Tarixi 

1833-cü il aprelin 29-da Sürix şəhərində fəaliyyət göstərən İlahiyyat, Hüquq və Tibb kollecləri yeni yaradılmış Fəlsəfə fakültəsi ilə birləşdirilir. Bu birləşmə nəticəsində Sürix Universiteti yaradılır.  Yeni açılmış bu universitet Avropada kral və ya kilsə tərəfindən deyil, dövlət tərəfindən yaradılmış ilk ali məktəb olur. Fəaliyyətinin ilk ilində universitetə 161 tələbə, 55 müəllim qəbul olunur.

1847-ci ildən universitetdə qız tələbələrə fəlsəfə mühazirələrində iştirak etmək icazəsi verilir, 1866-cı ildə isə ilk qız doktorant qəbul edilir. 1859-cu ildə fakültələr humanitar və dəqiq elmlər sahələrinə bölünür. 1901-ci ildə universitetin bu sahə üzrə ən qədim fakültəsi olan Baytarlıq fakültəsi yaradılır. 1905-ci ildə universitetin tələbələrinin sayı sürətlə artaraq 1000 nəfəri keçir. 1909-cu ildən başlayaraq Albert Eynşteyn Sürix Universitetində iki il nəzəri fizika öyrənir və PhD səviyyəsi alır.

 1912-ci ildə Sürix Universitetinin adı rəsmi olaraq təsdiqini tapır. Bir il sonra universitetin professoru Alfred Verner kimya üzrə Nobel mükafatına layiq görülür. 1914-cü ildə Sürix Universiteti memar Karl Mozer tərəfindən inşa edilmiş yeni binaya köçürülür. Həmin bina əsrarəngiz incəsənət nümunələrindən hesab olunur. 1923-cü ildə universitetin ilk nəşri - "Sürix tələbəsi" dərc edilməyə başlanır.  1933-cü ildə Sürix Universiteti təntənəli surətdə yaranmasının 100 illiyini qeyd edir.

İkinci Dünya müharibəsində Sürix Universiteti çətin vəziyyət yaşasa da, tez bir zamanda öz inkişaf mərhələsinə qədəm qoyur. Bu inkişafın nəticəsi olaraq 1949-cu ildə universitetin professoru Valter Rudolf Hess tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülür. Universitetin tələbələrinin sayı tədricən artır, maddi-texniki bazası möhkəmləndirilir, yeni tədris proqramları qəbul olunur.

1975-ci ildə universitetin Toksikologiya İnstitutu açılır. 1970-1980-ci illərdə universitetdə bir neçə dəfə tələbə nümayişləri keçirilir və gərginlik yaşanır. 1985-ci ildə universitetdə İnformatika fakültəsinin tələbələrinin sürətlə artması müşahidə olunur. İki il sonra universitetin professoru Aleks Müller fizika üzrə Nobel mükafatına layiq görülür. Artıq 1988-ci ildə ali məktəbin tələbələrinin sayı 20000-i keçir. Onların əksəriyyətini Biznes və iqtisadiyyat, Psixologiya və Pedaqogika fakültələrinin tələbələri təşkil edir. 1992-ci ildə universitetdə Hüquq, İqtisadi tədqiqatlar və Politologiya fakültələri fəaliyyət göstərir. Universitet Şərqi Avropa ali məktəbləri ilə əməkdaşlığa başlayır.

1996-cı ildə Sürix Universitetində bir sıra islahatlar həyata keçirilir, müəllimlərin əməkhaqqı və tələbələrə təklif olunan kreditlərin məbləği artırılır. 2 il sonra ali məktəbdə Nevrologiya, Dəqiq Elmlər və Beynəlxalq Tədqiqatlar mərkəzləri yaradılır. 2001-ci ildə Sürix Universiteti və İsveçrə Federal Texnologiya İnstitutu əməkdaşlıq haqqında rəsmi sənəd imzalayırlar. Bir il sonra hər iki ali məktəb "Expo 02" milli sərgisində iştirak edir və nəhəng "Ada-intellektual məkan" layihəsini həyata keçirir. 2006-cı ildə Sürix Universiteti nüfuzlu Avropa Tədqiqat Universitetləri Liqasına üzv seçilir. 2008-ci ildə Avropanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri olan Sürix Universiteti yaranmasının 175 illiyini qeyd edir. 

Büdcəsi və təhsil haqqı 

2010-2011-ci tədris ilində Sürix Universitetinin gəlirləri ümumilikdə  1182700000 İsveçrə frankı olub. Həmin vəsaitin 562500000-ni Sürix kantonunun (İsveçrədə inzibati ərazi bölgüsü) ayırdığı yardım, 245300000-ni digər federal kantonların yardımları, 225600000-ni İsveçrə Milli Elm Fondunun ayırdığı, 103200000-ni universitetin göstərdiyi xidmətlər, 24700000-ni təhsil haqqı, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. 

Ali məktəbin xərcləri isə ötən tədris ilində 1166400000 İsveçrə frankına bərabər olub. Bu məbləğin 711100000-ni əməkdaşlar üçün, 452100000-ni müxtəlif kommersiya və təmir-tikinti işləri üçün ayrılan vəsait, qalanlarını isə digər məsrəflər təşkil edib.

2011-2012-ci tədris ilində Sürix Universitetində tələbələrin təhsil haqqı bakalavr və magistratura səviyyələrində 640-690, doktorantura səviyyəsində isə 140 İsveçrə frankı təşkil edir. Əcnəbi tələbələr göstərilən təhsil haqqından başqa əlavə olaraq 100 İsveçrə frankı ödəyirlər. Eyni zamanda təhsil haqqından əlavə bütün tələbələr semestr ərzində universitetə 49 İsveçrə frankı ödəməlidirlər. Bu məbləğin 6,50 İsveçrə frankını universitetin Təqaüd Fondu, 15 İsveçrə frankını kitabxana, 25 İsveçrə frankını İdman Təşkilatı, 2,50 İsveçrə frankını isə Tələbə Təşkilatı üzvlüyü üçün yığılan vəsait təşkil edir.

Sürix Universitetində 1 ay təhsil almaq üçün tələbəyə təxminən 1700-2000 İsveçrə frankı lazım gəlir. Həmin vəsaitə otaq (istilik sistemi daxil olmaqla 550 İsveçrə frankı), telefon və İnternet (200 İsveçrə frankı), dərs ləvazimatları (50-150 İsveçrə frankı), qidalanma (400 İsveçrə frankı), tibbi sığorta (250 İsveçrə frankı), nəqliyyat (80 İsveçrə frankı), eləcə də şəxsi xərclər (220-250 İsveçrə frankı) daxildir.

Sürix Universitetində ailə büdcəsi ildə 86000-300000 İsveçrə frankına bərabər və bu məbləğdən aşağı olan tələbələr təqaüd almaq hüququna malikdirlər. Sürix Universitetinin Əcnəbi Tələbələr üçün Həmrəylik Fondu maliyyə durumu çətin olan və yüksək təhsil nəticələri göstərən əcnəbi tələbələrə ayda 650 İsveçrə frankı dəyərində subsidiya ayırır. İsveçrə dövləti tərəfindən əcnəbi tələbələrə İsveçrə Federal təqaüdü təklif olunur. İsveçrə Federal təqaüdü magistrant və doktorantlar üçün nəzərdə tutulur. Bu təqaüdün məbləği tələbənin semestr ərzində göstərdiyi nəticələrdən asılı olaraq artırılır.   

Universitet bu gün 

Sürix şəhəri İsveçrə Konfederasiyasının ən böyük şəhəridir və ölkənin şimal-qərbində Sürix gölünün ətrafında yerləşir. Limmat çayı şəhəri iki yerə ayırır. Şəhər okeanik və rütubətli kontinental iqlimə malikdir. 2 milyona yaxın əhalisi olan şəhər dünyanın ən iri maliyyə mərkəzlərindən hesab olunur. Burada çoxlu sayda maliyyə institutları, nəhəng banklar, eləcə də elmi-tədqiqat mərkəzləri yerləşir. Sürix dünyanın ən keyfiyyətli həyat tərzinə malik və ən varlı şəhərlərindəndir. Şəhərin görməli yerlərindən Sürix gölünü, Sürix, İsveçrə milli muzeylərini, Rietberq, Tram, Guild muzeylərini, Qrossmünster, Fraumünster, Müqəddəs Pyotr kilsələrini, Zoologiya, Botanika, Çin, Uotilberq bağlarını, eləcə də çoxlu sayda gözəl memarlıq nümunələrini qeyd etmək olar. Sürix mədəniyyət, opera, balet, teatr şəhəridir.  

 Sürix Universitetinin binaları bütün Sürix şəhəri üzrə paylanıb.  Tibb Tarixi İnstitutu və Muzeyi universitetin bir hissəsidir.

Sürix Universitetində 6 fakültə və 1 məktəb fəaliyyət göstərir:

İlahiyyat fakültəsi islahatçı ilahiyyatçılar hazırlayır. Fakültə ilahiyyat və dinşünaslıq üzrə tədqiqatlar həyata keçirir. Fakültədə "Əhdi-ətiq", "Əhdi-cədid" (İncilin və başqa xristian dini kitablarının adı), Kilsənin tarixi, Dini etika, Praktiki ilahiyyat, Dinşünaslıq, Yaxın Şərqin dini tarixi, Qədim xaçpərəstlik, Qədim yəhudi dini, İncilin öyrənilməsi, Yəhudi dili və ədəbiyyatı, Hermenevtika, Dini təhsil, Dini fəlsəfə, Dinşünaslıq, Sistematik və praktiki ilahiyyat, Etika proqramları öyrədilir.

Hüquq fakültəsi universitetin nüfuzlu fakültələrindən biridir. Burada elmi təcrübə və qanun məsələləri üzrə tədqiqatlar aparılır, hüquq ixtisası üçün önəmli hesab edilən baza biliklər əldə olunur. Məktəbdə bakalavr, magistrant, PhD səviyyələri təklif olunur.

İqtisadiyyat fakültəsi iqtisadiyyatın öyrənilməsi üzrə yeni elmi nəzəriyyə və metodların işlənməsi, onların öyrənilməsi məqsədini daşıyır. Eyni zamanda məktəb iqtisadiyyat, siyasət və digər elmi sahələr üzrə idarəetmə ixtisasları təklif edir. Bakalavr, magistrant və PhD səviyyələri üzrə məktəbdə İqtisadiyyat, Menecment, Bank işi və maliyyə, İnformatika proqramları təklif olunur. Fakültənin nəzdində İqtisadiyyat, Menecment, Bank işi və maliyyə, İnformatika institutları fəaliyyət göstərir.

Riyaziyyat və dəqiq elmlər fakültəsinə Qeyri-üzvi kimya, Fizika, Təkamül biologiyası və təbiətdən istifadə, Coğrafiya, Riyaziyyat, Molekulyar biologiya, Bitkilərin biologiyası, Sistematik botanika, Üzvi kimya, Fiziki kimya, Nəzəri fizika, Paleontologiya bölmələri, Antropologiya Muzeyi daxildir. Universitetin Tibb Məktəbi ilə Riyaziyyat və dəqiq elmlər fakültəsi birgə Biokimya, Molekulyar Onkologiya, Fiziologiya institutları, Texnologiya İnstitutu ilə birlikdə Neyro-İnformatika İnstitutuna sahiblik edir. 

İncəsənət fakültəsi 1833-cü ildə yaradılıb. Həmin dövrdə fakültədə fəlsəfə, klassika (yunan və latın dilləri və mədəniyyətləri), tarix kimi humanitar sahələr əhatə olunur. Sonradan fakültəyə filologiya, sosiologiya, incəsənət, musiqi və digər elmlər əlavə olunur, filologiya və tarix fənlərinin diapazonu genişlənir. Hazırda bu fakültə universitetin ən sürətlə inkişaf edən fakültələrindən biridir. Fakültənin Ümumi dilçilik, Ümumi və müqayisəli ədəbiyyatşünaslıq, Slavistika, Alman, İngilis, Hind-Avropa, Hindologiya, Şərqi Asiya (Yaponiya və Çin), Fəlsəfə, Psixologiya, Pedaqogika, Tarix, Klassika, Filologiya, Şərqşünaslıq, Musiqi, Sosial antropologiya, Film tədqiqatları  departamentləri, Arxeologiya və Arxeoloji Kolleksiyalar, Kompüter Linqvistikası, Orta və Peşə Təhsili, Xüsusi Təhsil, Bədii Tarix, Siyasi Elmlər, Kommunikasiya və KİV, Sosiologiya institutları, Fonetik laboratoriyaları fəaliyyət göstərir. 

Vetsuisse fakültəsi 3 departament, 11 institut və Sürix Baytarlıq xəstəxanasından ibarətdir. Bunlar Kiçik heyvanlar (Kiçik heyvanların tibbi, Kiçik heyvanların cərrahiyyəsi, Diaqnostik vizualizasiya, Radioloji onkologiya, Klinik zoopark, ev və çöl heyvanları, Kiçik heyvanların reproduksiyası, Oftalmologiya bölmələri), Atçılıq (Atların cərrahiyyəsi, İdman tibbi, Daxili tibb, Sümük-əzələ tədqiqatları, Anesteziologiya bölmələri), Heyvandarlıq (Gövşəyən heyvanlar, Reproduktiv tibb, Təcili yardım və tibbi ehtiyatlar, Tibbi laboratoriya bölmələri) departamentləri; Baytarlıq, Baytarlıq Biokimyası və Molekulyar Biologiya, Baytarlıq Fiziologiyası, Heyvanların Qidalanması, Baytarlıq Bakteriologiyası, Parazitologiya, Virusologiya, Baytarlıq Epidemiologiyası, Baytarlıq Patalogiyası, Farmakologiya və Toksikologiya, Qida Məhsullarının Təhlükəsizliyi və Gigiyena, Heyvandarlıq Laborator Elmlər institutlarıdır. Fakültədə təkcə heyvanların xəstəlikləri deyil, insan sağlamlığı, ətraf mühitin patogen mikroorqanizmlərdən mühafizəsi, heyvan və insanların xəstəliklərinin biotibbi tədqiqatları öyrənilir.

Tibb Məktəbi bu sahə üzrə İsveçrənin ən böyük məktəbidir. Məktəbə Anatomiya, Angiologiya, Oftalmologiya, Biokimya, Dermatologiya, Endokrinologiya, diabet və kliniki qidalanma, Qastroenterologiya və hepatologiya, Kliniki mamalıq, Ginekologiya, Gematologiya, Ailə tibbi, Ürək-damar cərrahiyyəsi, İmmunologiya, İnfeksion xəstəliklər və epidemiologiya, Kardiologiya, Çənə-üz cərrahiyyəsi, Kliniki əczaçılıq və toksikologiya, Neonatologiya, Nefrologiya, Neyrocərrahiyyə, Nevrologiya, Nüvə tibbi, Qulaq, burun, boğaz və boyun cərrahiyyəsi, Onkologiya, Farmakologiya və Toksikologiya, Fiziologiya, Plastik cərrahiyyə, Pulmonologiya, Psixiatriya və psixoterapiya, Radio-onkologiya, Döş, zədə cərrahiyyəsi, Urologiya, Transplantasiya, Stomatologiya, Pediatriya departamentləri, Anesteziologiya, Biotibbi Etika, Biotibbi Mühəndislik, Diaqnostik və Müdaxilə Radiologiyası, Eksperimental İmmunologiya, Kliniki Kimya, Kliniki Patalogiya, Tibbi Genetika, Tibbi Mikrobiologiya, Tibbi Molekulyar Genetika, Virusologiya, Molekulyar Onkologiya, Nevropatalogiya, Tibbi Məhkəmə, Reproduktiv Endokrinologiya, Revmatologiya və Fiziki Tibb, İctimai və Profilaktik Tibb institutları, Sürix Uşaq, Psixiatriya  xəstəxanaları daxildir.

Sürix Universitetində bakalavr səviyyəsində dərslər əsasən alman dilində keçilir. Lakin son zamanlar ingilis dilində tədris olunan proqramların sayı artmaqdadır. Dəqiq elmlər və biznes sahələri üzrə ingilisdilli proqramlar çoxluq təşkil edir.

Universitetin kitabxanası Əsas, Mərkəzi və bir neçə köməkçi kitabxanalara bölünüb. Əsas kitabxanada dəqiq elmlər, riyaziyyat və tibb sahələrini əhatə edən kitablar toplanıb. Bu kitabxana İrçel elmi, İrçel tədqiqat, Careum tibb bölmələrindən ibarətdir. Mərkəzi kitabxana geniş kütlə üçün nəzərdə tutulub. Kitabxanadan təkcə Sürix Universitetinin tələbələri deyil, şəhər sakinləri və digər ali məktəblərin tələbələri də istifadə edə bilərlər. Bu kitabxanada bütün sahələrə aid kitablar vardır. Ümumilikdə universitetin kitabxanalarında 5 milyon cilddən çox kitab mövcuddur. Sürix Universitetinin fakültələrinin və Tibb Məktəbinin, institutlarının da şəxsi kitabxanaları fəaliyyət göstərir.

Sürix Universitetinin strateji məsələləri ilə ali məktəbin rektoru, akademik məsələlər, elmi tədqiqatlar, tədris, fakültə, Tibb Məktəbinə aid olan işlər və digər məsələlərlə isə üç vitse-rektor məşğul olur. Universitetin maliyyə, insan resursları və infrastruktur məsələlərinə inzibati işlər üzrə direktor nəzarət edir. Sürix Universitetinin rektoru professor Andreas Fişer, tibb və dəqiq elmlər üzrə vitse-rektoru Daniel Uayler, hüquq və iqtisadi elmlər üzrə vitse-rektoru Eqon Frank, humanitar və sosial elmlər üzrə vitse-rektoru Otfrid Carren, maliyyə, kadr və infrastruktur məsələləri üzrə direktoru isə Ştefan Şnayderdir. Universitetin əməkdaşlarının ümumi sayı 5382 nəfərdir. Əməkdaşların 507 nəfəri professor, 2897 nəfəri elmi-pedaqoji, 1977 nəfəri isə inzibati-texniki işçilərdir. Sürix Universitetinin 15-dən çox professoru Nobel mükafatına layiq görülüb.

Sürix Universitetində ümumilikdə 26168 nəfər tələbə təhsil alır. Tələbələrin 14754 nəfərini qızlar təşkil edirlər. Ən çox tələbə İncəsənət fakültəsində qeydə alınıb (12482). Tələbələrinin sayına görə ikinci yerdə Hüquq (3720), üçüncü yerdə isə (3228) Riyaziyyat və dəqiq elmlər fakültəsi durur.

Sürix Universitetinin yataqxanaları yoxdur. Tələbələrin məskunlaşması məsələsi ilə digər müxtəlif müəssisələr məşğul olur. Yaşayış yerlərinə tələbat çox olduğundan tələbələr əvvəlcədən axtarışa başlamalıdırlar. Sürix Universitetinin tələbələri ilk olaraq İsveçrə Federal Texnologiya İnstitutunun yataqxanalarından istifadə edə bilərlər. Tələbələrə xidmətlər təklif edən müxtəlif agentliklər yataqxana bülletenləri çap edir. Burada agentliklərin təklif etdiyi mənzil və evlər, onların qiymətləri, qoyulan şərtlər haqqında məlumatlar öz əksini tapır.

 Sürix Universiteti bəşəriyyətin mədəni, sosial, iqtisadi inkişafında ən mühüm rola malik elmi-tədqiqat mərkəzinə çevrilmək, Avropa və dünya kontekstində bu sahədə aparıcı yer tutmaq məqsədini daşıyır. 

Universitetin Nobel mükafatına layiq görülmüş müəllimləri 

  Emil Teodor Koxer tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Karl Landşteyner tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Henrik Kar Piter Dam   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Corc Uold tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Hamilton Smit  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Erik Uieschaus tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Rolf Zinkernagel tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Maks fon Laue fizika üzrə Nobel mükafatı laureatı  
  Ervin Şredinger fizika üzrə Nobel mükafatı laureatı  
  Karl Aleks Müller  fizika üzrə Nobel mükafatı laureatı  
  Uolter German Nernst  kimya üzrə Nobel mükafatı laureatı  
  Albert Hofmann kimya üzrə Nobel mükafatı laureatı  
  Piter Debye kimya üzrə Nobel mükafatı laureatı  
  Lavoslav Stepan Rujiçka kimya üzrə Nobel mükafatı laureatı  
  Laynus Polinq kimya üzrə Nobel mükafatı laureatı  

 

Universitetin Nobel mükafatına layiq görülmüş məzunları

  Albert Eynşteyn fizika üzrə Nobel mükafatı laureatı  
  Vilhelm Konrad Rentgen fizika üzrə Nobel mükafatı laureatı  
  Alfred Verner  kimya üzrə Nobel mükafatı laureatı  
  Pol Karrer kimya üzrə Nobel mükafatı laureatı  
  Teodor Mommzen ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Valter Rudolf Hess tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov